Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regionun ünkişafı üçün Azərbaycan düsturu

Regionun ünkişafı üçün Azərbaycan düsturu

25.07.2023 [10:00]

Hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütün bunlarla yanaşı, müstəqil dövlətimizin gücünün artırılması hər zaman ön planda dayanır.

Yeni reallıqlar yeni hədəfləri müəyyənləşdirir

Bu gün  Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.

44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan  Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Yeni reallıqlar isə regionun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində atılan addımlardan ibarətdir. Azərbaycan bu prosesdə həlledici rol oynayır və bu, regionun inkişaf düsturunun əsasını təşkil edir. Məhz bunun üçün də müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq, Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib.

Prezident: Regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır

Azərbaycan öz mövqeyi ilə sülh quruculuğuna mühüm töhfələr verir. Rəsmi Bakının mövqeyi konkret, qəti və birmənalıdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Xüsusilə də, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır”. Dövlətimizin başçısı deyib ki, öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur. “Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq. Beynəlxalq hüququn fundamental prinsipləri var və onlara riayət olunmalıdır”, - deyə Prezident vurğulayıb.

İlin sonunadək...

Ümumiyyətlə, Azərbaycanın  regionun gələcəyi ilə bağlı mövqeyi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru addımlar atılır. Hazırda sülh prosesində bir neçə beynəlxalq platforma mövcuddur. Bunlar Rusiyanın, Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyə aparılan danışıqlardır. Lakin bu gün Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər. Dövlətimizin başçısının dediyi kimi,  Ermənistan hökumətinin hazırda aydın xarici siyasət strategiyası yoxdur. Bu da onlar üçün ciddi nəticələr yaradacaq.

Hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanıdığını bəyan edib. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda bu haqda bildirib: “Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Əgər bu addım atılsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edilsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür”.

Beləliklə, bölgədə proseslər Bakının müəyyən etdiyi şərtlər əsasında davam edir. Burada əsas hədəfin regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi olduğunu nəzərə alsaq, bu amil  Cənubi Qafqazın inkişaf düsturunu təşkil edir.

NARDAR

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31