Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müstəqil Azərbaycan Heydər Əliyev siyasəti nəticəsində uğurla inkişaf edir

Müstəqil Azərbaycan Heydər Əliyev siyasəti nəticəsində uğurla inkişaf edir

26.09.2011 [10:30]

Musa Quliyev: ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında Milli Məclisə Sədr seçilməsi və bundan sonrakı proseslər Azərbaycanın dövlət müstəqilliyinin həqiqi başlanğıc tarixi sayıla bilər
Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçiriləcək. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai, siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP siyasi şurasının üzvü Musa (Urud) Quliyevdir.
Müstəqilliyə gedən yolun heç də asan olmadığını deyən Musa Quliyev hesab edir ki, o zaman SSRİ-nin süqut etməsi tarixi zərurət idi. Onun sözlərinə görə, hələ SSRİ yaranandan onun gec-tez dağılacağını proqnozlaşdıran siyasətçilər var idi:
- Yəni, SSRİ süni surətdə yaradılmış, köhnə çar imperiyasının yeni bir modeli idi. Əslində, 15 respublika SSRİ-nin tərkibinə könüllü daxil olmamışdı. Hamı özünü sovet xalqı hesab etmirdi. Mövcud olduğu 70 il ərzində də SSRİ tərkibinə daxil olan xalqların hər biri öz milli-mənəvi özəlliklərini qoruyub saxlamaq uğrunda gərgin daxili mübarizə aparırdılar. O cümlədən, Azərbaycan xalqı da şərəfli mübarizə yolu keçib. Bu mənada SSRİ-nin dağılması labüd idi. Amma II Dünya müharibəsinin başlanması və bu müharibədə qələbə qazanması SSRİ-nin ömrünü uzadan amillərdən biri oldu. Müharibə olmasaydı, bu dövlət 1960-cı illərdə də dağıla bilərdi. 1970-ci illərin ortalarından isə bu dövlətdə total durğunluq dövrü başladı, daxildən dağılma prosesi getdi. SSRİ rəhbərlərinin həm fiziki, həm də mənəvi qocalması bu dövlətin dağılmasını sürətləndirən amillərdən biri idi.
Mixail Qorbaçov öz idarəçiliyi ilə SSRİ-nin süqutunu sürətləndirdi. 1980-ci illərin sonunda SSRİ-nin dağılmasına siqnal verən millətlərarası münasibətlərin pozulması halları da baş verdi. Fərqanədə məhsəti türkləri ilə özbəklər arasında, sonra qırğızlarla özbəklər arasında baş verənlər buna sübutdur. Azərbaycanda Qarabağ problemi, Pribaltikada və digər yerlərdə baş verən hadisələr daxili və xarici amillərlə bağlı idi. Bütün bunların hamısı SSRİ-nin bir dövlət kimi çat verməsini göstərirdi. İqtisadiyyatın sürətli çökməsi, yenidənqurmanın əslində mənasız olması, öz təsirini göstərdi. Eyni zamanda, xarici amillər SSRİ xalqlarının oyanışına gətirib çıxardı. Həmin proseslərdə Azərbaycan xalqı öz milli xarakterinə uyğun olaraq fəallıq göstərdi. ümummilli bir dirçəliş və müstəqillik yolunda xalqın qısa müddət ərzində səfərbər olunması və mübarizəyə atılması prosesi getdi. Şübhəsiz ki, buna təkan verən amillərdən biri 1988-ci ildən başlamış Dağlıq Qarabağ problemi idi. Ermənilərin separatçı hərəkəti xalqımızın etirazı ilə qarşılanmaqla yanaşı onun milli oyanışına səbəb oldu. Bu proseslər müstəqillik uğrunda mübarizəyə çevrildi. Bir sözlə, SSRİ-nin dağılmasında həm tarixi proses, həm daxili proses, həm də respublikaların müstəqilliyə can atma istəyi var idi.
Azərbaycan xalqı dünyanın ən mübariz xalqı kimi tanındı
M.Quliyev deyir ki, 1988-89-cu illərdə Azərbaycan xalqı dünyanın ən mübariz xalqı kimi tanınırdı. Bununla belə, millət vəkilinin fikrincə, bu zaman milli azadlıq hərəkatının başında duranların siyasi cəhətdən yetkin olmaması, təcrübələrinin, xalqı lazımi məqamda lazımi məcraya yönəltmək bacarığının olmaması müəyyən itkilərə, o cümlədən, 20 Yanvar kimi ağır faciələrə gətirib çıxardı:
- Bütün bunlara baxmayaraq, 1980-ci illərin sonu 90-cı illərin əvvəli xalqımızın milli azadlıq hərəkatı tarixində, milli şüurun oyanmasında mühüm mərhələ kimi tariximizdə qalacaq. Müstəqilliyimizin bərpa olunmasından keçən dövrü üç mərhələyə bölmək istəyirəm: 1993-cü ilə qədər olan dövr, 1993-2003-cü illər və 2003-cü ildən sonrakı dövr. 1993-cü ilə qədər olan dövr bir gəncin həyata atıldığı, müxtəlif sahələrdə uğur qazanmaq istəyi ilə təcrübəsiz, köməksiz və müəllimsiz fəaliyyətinə bənzəyir. O vaxt xalqın arzusu Qarabağda erməni separatçılarının qarşısını almaq, Azərbaycanı müstəqil dövlət kimi qoruyub gücləndirmək idi. Amma təəssüf ki, o zaman xalqın önündə gedən, düzgün siyasət aparan lider yox idi. Bir tərəfdən, hakimiyyətdə olan Ə.Vəzirovla A.Mütəllibov Moskvanın adamları idi. Onlar ancaq Moskvanın göstərişlərini yerinə yetirirdilər, ona görə də xalqın arzularını reallaşdıra bilməzdilər. Digər tərəfdən, meydanlarda insanların önündə gedənlər öz daxillərində parçalanırdılar. Onların heç birinin lazımi siyasi təcrübəsi, səriştəsi, təşkilatçılıq qabiliyyəti olmadığından xalqı düzgün yönləndirə bilmədilər. Ona görə də, 1993-cü ilin ikinci yarısına qədər heç bir uğur qazana bilmədik. 1991-ci ildə müstəqillik bərpa olunsa da, 1993-cü ilə kimi ciddi geriləmələr baş verdi, ölkə dərin böhrana sürükləndi. Bütün bunlardan istifadə edən ermənilər ərazilərimizi ardıcıl işğal etməyə başladılar, Xocalı faciəsi baş verdi. Bütün bunlar qısamüddətli hakimiyyət dəyişiklərinə gətirib çıxardı. 1992-ci ilin martında A.Mütəllibov xalqın etirazlarının qarşısında duruş gətirə bilməyərək istefa verdi. Mütəllibovdan sonra heç bir siyasi təcrübəsi olmayan, universitet rektoru kimi fəaliyyət göstərən Yaqub Məmmədov hakimiyyət başına gəldi və onun rəhbərlik etdiyi qısa dövrdə də hansı uğursuzluqlarımızın baş verməsi hamımızın xatirindədir.
Xalqın ümidi yalnız Ulu öndər Heydər Əliyevə idi
Millət vəkili qeyd edib ki, AXC hakimiyyətə gəldikdən sonra isə xalqın bütün ümidləri heçə endi. Belə ki, Azərbaycan xalqı müstəqilliyə inamını itirməyə başladı. Onun sözlərinə görə, ölkədə çox böyük hüquqi-siyasi, ictimai, sosial gərginlik yarandı. Orduda uğursuzluqlar artdı, 1993-cü ilin aprelində strateji cəhətdən çox mühüm nöqtə olan Kəlbəcər işğal olundu. Bundan sonra AXC hakimiyyəti daxilindəki amorf birlik bir az da parçalandı. Beləliklə, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı:
- Belə bir anda Azərbaycan xalqı ən düzgün və müdrik qərar qəbul edərək Ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Məhz Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi, sonra Gəncəyə gedib vəziyyəti öyrənməsi, artıq bütün ölkənin məsuliyyətini öz üzərinə götürməsi proseslərin məcrasını müsbətə doğru dəyişdi. ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında Milli Məclisə Sədr seçilməsi və bundan sonrakı proseslər Azərbaycanın dövlət müstəqilliyinin həqiqi başlanğıc tarixi sayıla bilər. Məhz bu tarixdən sonrakı illərdə Azərbaycanda dövlət quruculuğu hərəkatı başladı. Məhz Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının (YAP) siyasi platforması həyata keçməyə başladı. 1995-ci ildə Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası qəbul olundu və digər vacib qanunlar qəbul edildi. 1998-ci ildən sonra isə Azərbaycanın inkişaf dövrü başladı. Bu inkişafın əsas şərti iqtisadi inkişaf idi ki, bu da 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə bağlı idi. Biz bu müqavilələrin nəticələrini 2000-ci illərdən görməyə başladıq. İlk növbədə, neft müqavilələri Azərbaycanda ictimai-siyasi, sosial, sabitliyin yaranmasına çox ciddi dəstək verdi. Bu amil iqtisadi sabitliyin yaranmasına dünya dövlətlərinin artıq Azərbaycandakı sabitliyə maraqlı olmasına hüquqi əsaslar yaratdı.
M.Quliyevin fikrincə, ölkəmizin inkişaf mərhələsinə qədəm qoymasında aparılan torpaq islahatları, özəlləşdirmə prosesi də ciddi təkan verib. Onun sözlərinə görə, torpaqların kəndliyə verilməsi prosesinə hələ Ulu öndər Heydər Əliyev Naxçıvanda başlamışdı. Məhz bunun nəticəsində də torpaqların özəlləşdirilməsində Naxçıvan modeli yarandı. Millət vəkili qeyd edib ki, Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra torpaq islahatı həyata keçirdi, kolxoz və sovxozlar ləğv olundu:
- Bu islahatlar nəticəsində kənddə yaşayan hər kəsə sosial statusundan asılı olmayaraq torpaq verildi. Bu çox güclü bir stimul idi. Bundan sonra isə dövlət əmlakının özəlləşdirilməsi prosesinə başlanıldı. Bu, əslində, Azərbaycanın yeni iqtisadi sistemə keçidinin çox ciddi hüquqi əsasları idi. Azərbaycan 70 il ərzində planlaşdırılmış sosializm sistemi şəraitində yaşamışdı. Bazar iqtisadiyyatına keçməyin ən düzgün yolu isə ümummilli lider Heydər Əliyevin göstərdiyi yol idi. Bu yol da özəlləşdirilmədən başlandı. Neft sektorunun Azərbaycan xalqının ümummilli sərvətinin olduğunu nəzərə alan Ulu öndər 1994-cü ildə neft müqavilələrini imzalayarkən dövlət və milli maraqları önə çəkdi. Məhz bunun nəticəsində də artıq 2000-ci illərin birinci yarısında neft müqavilələrinin əyani şəkildə bəhrəsini görməyə başladıq.
Əgər 1998-ci ilə qədər iqtisadi tənəzzülün qarşısını almağa çalışırdıqsa, 2004-cü ildən Azərbaycanda çox sürətli, sıçrayışlı, dünyada analoqu olmayan iqtisadi tərəqqinin şahidi olduq. Bu gün Azərbaycanda balanslaşdırılmış, yeni dövrün tələblərinə uyğun olaraq iqtisadi siyasət həyata keçirilir. Bu da cənab Prezident İlham Əliyevin Heydər Əliyev siyasətinin çox böyük uğurla, modernləşdirərək günün tələblərinə uyğun şəkildə həyata keçirməsinin nəticəsində mümkün olub.
Biz ötən 20 ildə qazandığımız uğurlarla fəxr edirik
“Hər bir dövlətin vəzifəsi xalqına xidmət etmək, insanların rahat, sabitlik, təhlükəsizlik şəraitində yüksək rifahını təmin etməkdən ibarətdir. Müstəqil Azərbaycan dövləti də, onun banisi Heydər Əliyev də, ölkənin Konstitusiyası da bu ali amalı həyata keçirib” deyən M.Quliyevin sözlərinə görə, Azərbaycan dövlətinin bu mübarizələr içərisində keçdiyi gərgin dövlətçilik yolunda son məqsəd xalqımızın xoşbəxt, güvənli və gələcəyə inamlı həyatını təmin etmək idi ki, biz ötən dövrdə bunun şahidi olmuşuq:
- Biz müstəqilliyimizi əldə etdiyimiz ilk illərdə dövlət büdcəsi cəmi 300 milyon dollar olduğu halda, hazırda 20 milyard dollara çatıbsa, bu fakt 20 il ərzində böyük inkişaf deməkdir. Belə bir inkişafı dünyanın heç bir dövləti əldə etməyib. Həmin illərdə əgər əhalinin minimum əmək haqqı və minimum pensiya indiki pulla 1 manat 10 qəpik idisə, indi bu məbləğ 100 manat civarındadır. Yəni bu qədər inkişaf 20 ildə nəinki bizimlə bərabər müstəqilliyini əldə edən postsovet ölkələrinin, ümumilikdə dünyanın az ölkələrinin tarixində olub. Biz bu uğurlarımızla fəxr edirik. Artıq bu gün Azərbaycan həm pensiyaların ödənilməsində, həm müavinətlərin verilməsində, həm orta aylıq əmək haqqının artım tempində, həm büdcədən maliyyələşən təşkilatların əməkhaqlarının artımı tempində və ümumiyyətlə, ölkədə sosial sfera ilə bağlı maliyyə tutumlu proqramların həyata keçirilməsində dünyanın ən qabaqcıl ölkələrindən biridir. Dünyanın nüfuzlu iqtisadi forumlarında Azərbaycanın uğurları ardıcıl olaraq qeyd olunmaqdadır. ölkəmiz hazırda dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir. Cənab Prezidentin söylədiyi kimi bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Hesab edirəm ki, biz buna da nail oluruq.
Məhz bir-birinin ardınca qəbul edilən və uğurla həyata keçirilən yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, gənclərin inkişafı ilə bağlı dövlət proqramları və digər sahələrə dair proqramlar, Azərbaycanda infrastruktur layihələrinin tamamlanması və iri sosialtutumlu, sosialtələbatlı layihələrin həyata keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan iqtidarı qarşıya qoyduğu məqsədləri həyata keçirməkdə israrlıdır. Bu mənada xalqımız öz güzəranında Azərbaycan dövlətinin gücünü həmişə hiss edir. Hər il ölkəmizdə yeni məktəblər, tibb ocaqları tikilir. İndi Azərbaycanın elə bir böyük regionu yoxdur ki, orada müasir diaqnostika mərkəzləri fəaliyyət göstərməsin. Bu gün Azərbaycanda açıq ürək əməliyyatı, orqan köçürülməsi əməliyyatı keçirilir, hansı ki, biz bunları 10 il əvvəl sadəcə arzular kimi təsəvvür edərdik. Bu gün mütəxəssislərimizin səsi dünyanın hər yerindən gəlir. Yüzlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirlər. Güclü diasporumuz formalaşır ki, bu gələcəkdə Azərbaycanın çox ciddi ictimai-siyasi kapitalıdır və uğurlarıdır.
İctimai, sosial həyatımızın o sahəsi yoxdur ki, orada inkişaf olmasın. Bütün vətəndaşlar bu inkişafdan bəhrələnir. Şübhəsiz ki, ölkəmizdə əldə olunan uğurların bazasını ictimai sabitlik və vətəndaş həmrəyliyi təşkil edir. Təbii ki, bu sabitlik və həmrəyliyə Heydər Əliyev siyasəti nəticəsində nail olunub. Bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı ümumvətəndaş siyasəti öz bəhrəsini verir, siyasi mənsubiyyətindən, baxışlarından asılı olmayaraq bütün vətəndaşlar eyni uğurları paylaşır. Bu mənada Azərbaycanda böyük vətəndaş həmrəyliyi var və son illərdə bir sıra ölkələrdə başlayan ictimai-siyasi gərginliyin Azərbaycanda hiss olunmaması həyata keçirilən iqtisadi, sosial siyasətin, siyasi kursun və həmrəylik prinsipinin əyani nəticəsidir və bariz nümunəsidir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 961 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30