Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arutyunyanın terrora çağırışı...

Arutyunyanın terrora çağırışı...

08.08.2023 [10:50]

Antiterror əməliyyatını aktuallaşdırır

Qondarma rejim Qarabağ erməniləri üzərindən manipulyasiya edir

İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır ki, bu istiqamətdə də bəzi mühüm uzlaşmalar göz önündədir. Bu müqavilə iki dövlət arasında ən əsas məsələyə - sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirəcək, hər iki dövlət qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyacaq - əslində, Ermənistan artıq Azərbaycanın detallı şəkildə ərazi bütövlüyünü tanıyıb və ard-arda həm Brüsseldə, həm də Kişinyovda baş tutan təmaslarda bunu rəsmən bəyan edib. Bu isə həm də ona dəlalət edir ki, Ermənistan Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyir və Qarabağla bağlı hər hansı bir məsələni də ölkəmizin daxili işi kimi qəbul edir.

Öz növbəsində, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolu yoxdur. Cinayətkar separatçı qurumun oynamağa çal?şdığı butün oyunlar isə fiaskoya məhkumdur. Dünənə qədər danışıqların “tərəfi” olmaq üçün “mübarizə aparan” qondarma separatçılar artıq məsələnin bitdiyini görür və anlayır. Laçın dövlət sərhəd buraxılış məntəqəsinin yaradılması onların bütün spekulyasiyalarının üzərindən qırmızı xətt çəkmiş oldu. Bu bir daha Azərbaycanın mövqeyinin qəti və dəyişməz olduğunun göstəricisidir - Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələ Azərbaycanın daxili işidir və biz kimsənin diktəsi ilə hər hansı bir təmasda maraqlı deyilik. Əgər Qarabağda yaşayan erməni vətəndaşlarımızla hər hansı bir danışıq nəzərdə tutulacaqsa belə, onun yerini, zamanını, çərçivəsini Azərbaycan müəyyənləşdirəcək.

Separatçı rejim və onun tez-tez dəyişən “başbilənlərinin” isə “Qarabağ arzuları” tükənməz olduğu qədər, gülünc və qeyri-ciddidir. Bir müddət əvvələ qədər Qarabağ separatçılarının adından Vardanyan yalanlar və uydurma fikirlər səsləndirirdisə, artıq bu iddialar Araik Arutyunyanın dilindən “eşidilir”. Vardanyan planının iflası ilə yenidən özünü qondarmaçıların başçısı “sayan” Arutyunyan isə real vəziyyəti görür. Vardanyanın başının dəydiyi daşdan nümunə çıxarmayan Arutyunyan da sərsəm iddiaları ilə özünü gündəmə daşımağa çalışır - o, bu yolla bəzi anti-Azərbaycan dairələrin yenidən marağını cəlb edəcəyini düşünür. Amma bütün cəhdlər əbəsdir. Arutunyanın özünün də etiraf etdiyi kimi vəziyyət əvvəlki deyil - artıq ictimayi rəy də, beynəlxalq aləm də, beynəlxalq qanunvericilik də Azərəbaycanın haqlı, ədalətli mövqeyini dəstəkləyir.

Arutyunyan özünü gündəmə daşımaq istəyir...

Araik Arutyunyanın son müsahibəsi xüsusi “pafosu” ilə seçilsə də, bəzi detallarına görə qondarma “rejim başçısını” “ələ verir” - hiss olunur ki, Arutyunyan baş verəcəkləri dərk edir, Azərbaycanın qəti mövqeyni görür. Bu səbəbdən də Qarabağdakı erməniləri yenidən odun-alovun içinə atmaq arzusunu reallaşdırmaq istəyir. O, utanmadan Laçın postunun qurulmasını “genosid” adlandırır, Azərbaycanın “blokada” tətbiq etdiyini iddia edir. Arutyunyan müsahibəsində bir çox hallarda terrora açıq çağırışlar edir - Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndiriləcək fikirlər səsləndirir. O, heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirir. Arutyunyan açıq şəkildə özünün və ətrafındakı dəstənin, onlara himayədarlıq edən xarici qüvvələrin Qarabağdakı erməniləri girov saxladıqlarını, onların üzərindən manipulyasiya etdiklərini ortaya qoyur. Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar. Bu isə yolverilməzdir.

“Avantürizm xəstəliyindən” əziyyət çəkən Arutyunyan Qarabağ ermənilərinin adından danışmaqla özünü gündəmə daşımağa çalışır. O, özü də anlayır ki, absurd fikirlərinin həyata keçməsi üçün heç bir şansı yoxdur. Azərbaycan isə Arutyunyanın terrora çağırışları ilə bağlı əsaslı addımlar ata bilər - bu şəxs separatizmə dəstək axtarışındadır. Bunu aradan qaldırmaq üçün ortada olan imkanlardan biri də antiterror əməliyyatıdır ki, bu şəxsin terror, qarşıdurma ilə bağlı çağırışlar etməsi, onun istəyi və mahiyyəti tam şəkildə buna əsas verir.

Dünya “artsax”ı tanımır, Azərbaycan torpağı olan Qarabağı tanıyır...

Müsahibədə Arutyunyan qəsdən bəzi fikirlər səsləndirir - çıxışında “artsax”, “artsax xalqı” ifadələrinə tez-tez “təsadüf olunur”. Bu, Arutyunyanın özünəməxsus taktikasıdır - nəzərə alsaq ki, Ermənistanın belə Qarabağı Azərbaycan torpağı kimi tanıdığı halda  Azərbaycanın rəsmən Qarabağ iqtisadi rayonu adlandırdığı əraziləri fərqli “adla” qələmə verməklə şübhəsiz ki, Arutyunyan öz məqsədlərinə nail olmağa çalışır. Arutyuyan bilir ki, bütün dünya bu ərazini Qarabağ kimi tanıyır. Bu isə özlüyündə Arutyunyanın “saman çöpü”ndən yapışmaq cəhdini ortaya qoyur. Belə ki:

- 2020-ci ildə Qarabağ münaqişəsinin yekunlaşması ilə məsələnin hərbi tərəfi bitdisə, ötən ilin oktyabrında Praqa görüşü zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələnin siyasi tərəflərini “həll etdi”;

- Separatçılar və onların havadarlarının bütün çabalamaları əbəsdir - dünya üçün bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini artıq tapıb.

Beləliklə, Arutyunyanın hətta “artsax” görüntüsü yaratmaq arzusu da “ürəyində” qalır. Eyni zamanda, müsahibədə tez-tez vurğulanan bu məsələ xarici ermənipərəst mərkəzlərin oyunlarının tərkib hissəsidir - onlar da qondarma rejimi danışıq tərəfi etmək üçün əldən-ayaqdan gedirlər. Hətta Fransa və digər ölkələr bu uğurda beynəlxalq hüququ belə ayaqlar altına almaqdan çəkinmirlər.

O unudur ki...

Arutyunyan yeni manevrə əl atmağa çalışır - iddia edir ki, guya yaranan “vəziyyət” Ermənistan ilə Rusiya arasındakı “anlaşılmazlıqların” tablosudur. O, Azərbaycan-Ermənistan infrastrukturlarının yenidən işə salınması və ya yenilərinin tikilməsi ilə bağlı yaranmış vəziyyəti “bəyənmir”, bildirir ki, Azərbaycan bundan yararlanır və Qarabağ ermənilərinə “təzyiq göstərməkdə” davam edir.

Bu kimi gülünc iddia yalnız məntiqsiz Arutyunyana məxsus ola bilər - sən demə, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata Arutyunyanın öz “baxışı” var imiş. Bu kimi fikirlər həqiqətən də onun dayaz siyasi təfəkkürünü ortaya çıxarır. Rusiyanın vasitəçiliyi ilə bağlanan üçtərəfli razılaşma ilə bağlı manipulyasiyaya əl atmaq istəyən Arutyunyan Üçtərəfli Bəyanatda öz əksini tapmış qarşılıqlı kommunikasiyaların açılmasını istəmir. Bu isə nə Arutyunyanın nə də bir başqasının mövqeyi ilə “uzlaşdırıla bilməz”. Yəni, Arutunyanın etdiyi boş söz oyunudur. Arutyunyan sadəcə olaraq, cinayətlərini ört-basdır etmək üçün manevr edir. Azərbaycan antiterror əməliyyatına əl atacağı təqdirdə buna heç kim etiraz edə bilməyəcək - çünki bu, Azərbaycanın müstəsna hüququ kimi beynəlxalq konvensiyalarda təsbit olunur...

Erməni vətəndaşlarımız separatçıların girovluğunda...

Arutyunyan Qarabağ ermənilərilə təmas məsələsində də “oxunu daşa” vurur. Qəribədir ki, bu şəxs hələ də anlamır ki, Azərbaycan qondarma separatçı rejimi tanımır - nəinki onunla oturub nəinsə müzakirə etmək fikrində belə deyil. Araik bildirir ki, Qərb üçüncü ölkədə Bakı-Xankəndi görüşünün təşkili üçün səylər göstərdi. Beynəlxalq formata yaxın olduğuna görə təbii ki, bizim tərəfimizdən müsbət cavab gəldi. Azərbaycan isə bu formatdan imtina etdi.

Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı. Bu ilin martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Daha sonra isə bu görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı. Azərbaycanın erməni vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırışı isə qondarma separatçılar tərəfindən manipulyasiya uğramışdı - onlar, bu çağırışı, inteqrasiyanı özləri üçün böyük təhdid saymışdılar və bu kimi görüşlərin baş tutmasına maksimum mane olmaq istəmişdilər.

Bu ilin aprel ayında isə, Ermənistan mətbuatı Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürdüyünü yazmışdı. Təklifin separatçı rejim tərəfindən irəli sürüldüyü bildirilən xəbərdə qeyd olunurdu ki, qondarma separatçı rejim görüşün Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə keçirilməsi təklifini göndərmişdi. Azərbaycan belə bir görüşün keçirilməsinə razı olmamışdı.

Amma Arutyunyan bu təması, danışıqlar prosesini mənimsəməyə çalışır, özünün adına çıxmaq istəyir. Başqa sözlə, “səsin” Qarabağın erməni ictimaiyyətindən deyil, separatçı rejimdən çıxması özü hər şeyi ortaya qoyur və bunun altında bəzi gizli və çirkin maraqlar yatması şübhəsizdir. Qarabağda yaşayan ermənilərin bizim vətəndaşlarımız olması və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesinə cəlb edilməsi birmənalıdır - dövlətimiz özünün humanizmini ortaya qoyub. Bu humanist davranışı mənimsəməyə çalışan Araik və “dostları” ununtmamalıdır ki, Azərbaycan bütövlükdə prosesi nəzarətdə saxlayır. Qarabağda yaşayan sıravi ermənilər isə anlamalıdırlar ki, onların üzərinə qurulan oyunların qurbanına çevriliblər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31