Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Okampo - o kimdir?

Okampo - o kimdir?

11.08.2023 [10:28]

Cinayətkarların, insan, uşaq qatillərinin yanında olan “hüquq müdafiəçisi”

Azərbaycanın öz suveren hüquqları çərçivəsində sərgilədiyi davranışlara kölgə salmağa çalışan, o cümlədən respublikamızın Laçın-Xankəndi yolunda Həkəri çayının üzərində cari ilin aprel ayında nəzarət-keçid məntəqəsi qurması, humanitar daşımalar üçün Ağdamdan keçən marşrut təklif etməsi ilə bağlı əsassız iddialar səsləndirən, Xankəndidə hansısa “humanitar böhran” yaşandığını bütün dünyaya car çəkən separatçılar və Ermənistandakı revanşistlər özlərinə ayrı-ayrı xarici ölkələrdə və bəzi beynəlxalq təşkilatlarda tərəfdarlar da tapırlar. Xaricdəki erməni lobbisinin təsiri altında olan həmin tərəfdarlar bəlli  səbəblərə görə ermənilərin yalanlarını məmnuniyyətlə qəbul edərək onların Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesinə pəl vuran manipulyasiyalarına ortaq olurlar. Belələrindən biri də  Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okampodur. O, MediaPart saytında bədnam məqalə dərc etdirib. Aydın görünür ki, sabiq baş prokuror erməni lobbisindən yeni tezislər alaraq növbəti dəfə qərəzli təbliğat  maşınının bir hissəsinə çevrilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev MediaPart saytında yayımlanmış məqaləyə münasibət bildirib. Hikmət Hacıyev Tvitter paylaşımında vəkil Luis M.Okamponun “soyqırım” ittihamlarını ehtiva edən qərəzli anti-Azərbaycan hüquqi hesabat hazırladığını diqqətə çatdırıb.

Sabiq prokurorun qaranlıq keçmişi

Hər kəs hansısa bir iddiada bulunarkən buna onun mənəvi haqqının çatıb-çatmadığı barədə də düşünməlidir. Əgər kim isə bunun fərqində deyilsə, deməli, o, öz gözündə tiri görmür, başqalarının gözündə çöp axtarır. Lap erməni dəyirmanına su tökən Luis Moreno Okampo kimi. Hikmət Hacıyev paylaşımında bildirib ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi cənnətlərində bəzi şirkətləri idarə edirdi.

Həqiqətən də, Luis Moreno Okampo qaranlıq keçmişə malik birisidir. Düzdür, o, həyatının bəzi şübhəli məqamlarını hər vəchlə pərdə arxasında saxlamağa çalışıb. Ancaq cidanı çuvalda gizlətmək mümkün deyil və onun da tutduğu vəzifənin səlahiyyətləri, məsuliyyəti ilə bir araya sığmayan əməlləri barədə məlumatlar geniş yayılıb. Onlardan bəzilərinə diqqət çəkməklə sabiq vəkilin qaranlıq keçmişinə işıq salaq.

Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlərə idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. Bu siyahıda aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-ın həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın adları keçir.

Başqa faktlara keçək. 2012-ci ilin 15 avqust tarixində - BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Okamponun Hollandiyanın ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülüb. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilmişdi. Pul transferləri getdikcə artmağa başladı. Növbəti aylarda 140 min dollar Hollandiyadakı hesaba bir neçə tranşla yenə də Panamadan daxil oldu. Bəlkə də,  Okampo hər şeyi inkar edəcəkdi, əgər jurnalist araşdırmaları onunla bağlı təkzibolunmaz faktları üzə çıxarmasaydı. Beləliklə, əldə edilən məlumatlardan və bəzi sənədlərin jurnalistlər tərəfindən araşdırılmasından sonra Panamadakı “Tain Bay” korporasiyasının arxasında həqiqətən də Okamponun və həyat yoldaşının olduğu təsdiqləndi. Moreno prokuror kimi fəaliyyətini başa vurduqdan sonra aktivlərini təmkinli şəkildə dəyişdirmək istəyirdi. Eyni zamanda, “Tain Bay” Okamponun yeganə ofşor şirkəti deyil. Sənədlər sübut edir ki, keçmiş prokuror həm də Britaniya Virciniya adalarında (BVI) da bir şirkətin sahibidir. Belizdəki “Lucia Enterprises” şirkəti də onun həyat yoldaşına məxsusdur. Okampo ailəsinin nəzarətində olan daha bir şirkət -  “Transparent Markets” Uruqvayda qeydiyyatdan keçib.

Okampoların “vergi cənnətləri”ndə sahib olduqları daha bir neçə şirkətin adını çəkmək mümkündür. Buna lüzum görmürük. Düşünürük ki, yuxarıda sadalanan faktlar beynəlxalq səviyyədə hüquqpozmalara qarşı mübarizədə vəzifə səlahiyyətlərinə görə məsul olan birisinin qanundankənar əməllərini ifşa etmək üçün kifayətdir.

Panama, Beliz və Britaniya Virciniya adaları nahaq yerə “vergi cənnəti” adlandırılmır. Bəhs olunan yerlər işbazlar üçün gizli sövdələşmələr aparmaq,  maliyyə əməliyyatlarını gizlətmək və vergilərdən yayınmaq üçün dünyanın heç bir yerində rast gəlinməyəcək məkanlardır. Okampo ailəsinin öz şirkətlərini bu yerlərdə qurması və onlara distant idarəçiliyi həyata keçirmələri də səbəbsiz deyil. Okampo özü bəhs olunan məkanların qayda-qanunlarına yaxşı bələddir. Axı o, bir vaxtlar Transparency International təşkilatının Latın Amerikası və Karib hövzəsi üzrə prezidenti vəzifəsində çalışıb. Təşkilat uzun müddətdir ki, vergi cənnətlərində maliyyə sirri ilə “mübarizədə” fəaldır. Məlum məkanlarla uzun illəri əhatə edən tanışlıq, burada qurulan əlaqələr Okamponu sehirli bir qüvvə kimi həmin yerlərdə şəxsi biznes qurmağa sövq edib.

Avropa İstintaq Əməkdaşlıq şəbəkəsi Moreno Okamponun Liviyadakı hərbi cinayətkarları dəstəkləməkdə şübhəli bilinən müştərisi olmasi barədə hesabat təqdim edib. Həmin hesabatda Okamonun da adı keçir. O, 2012-ci ildə şübhəli fəaliyyətlə məşğul olan, Qəddafi rejiminə yaxınlığı ilə fərqlənən Liviya neft milyonçusunun lobbiçiliyini edən və həmçinin onun əvvəlki işlərinə müdaxilə edərək pullarını talayan məsləhətçi firma qurub. Onun adı neft maqnatı, bir neçə ölkə tərəfindən korrupsiyada ittiham edilən Həsən Tatanaki ilə hallanıb. Həsən Tatanaki əvvəlcə Liviyada Qəddafi rejimini dəstəkləsə də, sonradan qiyamçı generala dəstək verir və prezident olmaq eşqinə düşür. Qalmaqal isə 2017-ci ildə üzə çıxır.

“Soyqırımı” yalanları

Qeyd etdiyimiz kimi, Hikmət Hacıyev sosial şəbəkə paylaşımında Okamponun “soyqırımı” yalanlarına da diqqət çəkib:  “Xocalı soyqırımının törədilməsində iştirak etmiş Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Serj Sarkisyanın özü İrəvanda Okamponu qəbul edib”, - deyə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vurğulayıb.

Bu görüş İrəvanda 2010-cu ildə Beynəlxalq İnsan Hüquqları Federasiyasının 37-ci Forumu çərçivəsində baş tutub. Ermənistanın sabiq prezidenti görüşlə bağlı “Ölkəmizdə insan hüquqlarının müdafiəsi, eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayətlərin pislənməsi ilə məşğul olan və böyük təcrübəyə malik insanların olması bizim üçün çox vacibdir” məzmulu açıqlama ilə çıxış edib. Bu sözlər, təbii ki, tərifi xoşlayan Okamponun canına yağ kimi yayılıb. Əks halda o, Ermənistanın dövlət başçısı ilə ümumiyyətlə görüşməməli idi və onun “soyqırımı” mülahizələrinə qulaq asmağı özünə rəva bilməzdi. “Serj Sarkisyan kimdir” sualının çoxversiyalı cavabları var. Bunların sırasında uca səslə və nifrətlə deyə biləcəyimiz cavablardan biri də “Xocalı cəlladı” olacaq! Bəli, terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın sabiq dövlət başçısı bir gecənin içində məhv edilən Xocalıda törədilən soyqırımının təşkilatçısı və icraçısıdır. Onun əli Xocalıda günahsız insanların, o cümlədən də vaxtsız həyatlarını itirən uşaqların qanına batıb. Okampo bunu görüşdə Serj Sarkisyanın üzünə deməli və cinayətkarın qanuni şəkildə cəzalandırılmsı yönündə fəaliyyətə başlamalı idi. Ancaq BCM-nin prokurorunun heç tükü də tərpənmədi. Onun görüşdən sonra verdiyi açıqlama “onların fəaliyyəti insan hüquqlarının qorunmasına yönəlib və əsas məqsədlərdən biri sonrakı soyqırımların qarşısının alınmasıdır” məzmununda oldu. Bu məzmunun izaha və daha geniş şərhə ehtiyacı yoxdur. Xocalı qatili Serj Sarkisyan kimdirsə, Okampon da onunla eyni mənəviyyatı bölüşən birisidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31