Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aİ, Rusiya və ABŞ...

Aİ, Rusiya və ABŞ...

20.09.2023 [10:00]

Azərbaycanın doğru yolda olduğunu etiraf etdi

Nardar BAYRAMLI  

Sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolu ilə eyni vaxtda Qarabağın erməni sakinlərinə humanitar yardımların aparılması beynəlxalq birlik tərəfindən də dəstəklənir. Bu, Azərbaycanın növbəti uğuru oldu. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” platformasındakı paylaşımında Laçın və Ağdam yollarından Xankəndiyə humanitar yüklərin eyni vaxtda keçməsini alqışladığını bildirib. Ş.Mişel, həmçinin qeyd edib: “Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır”.

Rəsmi Moskva da hesab edir ki, Qarabağa humanitar yardımların daşınması üçün Laçın və Ağdam marşrutlarının paralel olaraq açılması Bakı və Qarabağın erməniəsilli sakinləri ilə dialoqun başlanmasına, habelə üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsi üzrə ritmik işin bərpasına şərait yaradacaq. Bu barədə Xankəndiyə humanitar yardımın çatdırılmasını şərh edən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xatırladıb ki, sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və RF XİN-in iştirakı ilə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin səyləri sayəsində Laçın və Ağdam marşrutları üzrə regiona ərzaq və dərman preparatları çatdırılıb. M.Zaxarova qeyd edib: “Dinc əhalinin maraqlarına uyğun olaraq, humanitar yüklərin maneəsiz və müntəzəm tədarükünün davam etməsini gözləyirik”. Onun sözlərinə görə, Moskva hesab edir ki, Qarabağda humanitar vəziyyətin yaxşılaşması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair 2020-2022-ci illərdə liderlər tərəfindən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsi üzrə işlərin yenidən başlanmasına şərait yaradacaq. Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Moskva “bütövlükdə, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsində maraqlıdır”.

ABŞ dövlət katibi Antoni Blinken də qeyd edib ki, rəsmi Vaşinqton  humanitar yardımın Laçın və Ağdam yolları ilə Qarabağa eyni vaxtda çatdırılmasını alqışlayır: “Bu yaxınlarda Prezident İlham Əliyevlə müzakirə etdiyimiz yanaşma öz nəticəsini verdi. Bu tədarüklər irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlar aparmağa və region əhalisinə humanitar yardım axınının artırılmasına diqqət yetirməyə təşviq edirik”.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar çoxdankı problemlərin həlli, layiqli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləməyə hazırdır.

Xatırladaq ki, sentyabrın 18-də səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə ərzaq və tibbi ləvazimatlar aparıb. Artıq bu, Ağdam-Xankəndi yolunun açılması deməkdir. Bununla da, Ermənistanın və Qarabağ separatçılarının “humanitar böhran” və “aclıq” şousu iflasa uğradı. Xeyli vaxt idi ki, Azərbaycanın beynəlxalq normalara və suveren hüququna uyğun olaraq Laçın yolu ilə bağlı addımlarını siyasi şouya çevirmək istəyən Ermənistan və onun havadarları guya ölkəmizin Qarabağı “blokadaya” alması barədə beynəlxalq miqyasda qərəzli kampaniya aparırdı. Lakin Laçın yoluna paralel olaraq Ağdam-Xankəndi yolunun istifadəsini təklif edən  dövlətimiz bu məsələdə prinsipial mövqeyini sonadək qorudu və bu məqsədə nail oldu.

Məlumdur ki, Azərbaycan və Ermənistan tərəfinin ABŞ-da keçirilmiş son görüşdə sentyabrın 1-dən paralel şəkildə yolların işə salınacağı razılaşdırılmışdı. Lakın Qarabağdakı separatçı rejim bu razılaşmanı pozur, Ermənistan, onların xaricdəki havadarları, lobbiləri razılaşmanın baş tutmaması üçün əllərindən gələni edirdilər. ABŞ, Fransa kimi ölkələr isə razılaşmanın tələblərinin yerinə yetirilməsinə səy göstərmək əvəzinə, Azərbaycana qarşı təzyiqlərə əl atır, müxtəlif səviyyələrdə yersiz bəyanatlar səsləndirir, yalnız Laçın yolunun açılmasını tələb kimi irəli sürürdülər. Lakin Azərbaycan özünü haqlı mövqeyindən geri çəkilməyərək, hər iki marşrutun paralel olaraq işləməsi təklifində israr etdi. Nəticə isə göz önündədir.

Dövlətimiz nümayiş etdirdi ki, humanitar məsələlərdə daim üzərinə düşəni edir, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarına münasibətdə də heç bir ayrı-seçkiliyə yol vermir. Separatçı qalıqlarının, eləcə də Ermənistan və onun dəstəkçilərinin humanitar məsələni siyasiləşdirib, bundan Azərbaycan təzyiq kimi istifadə etmək niyyəti isə perspektivsizdir. Avropa İttifaqı, Rusiya və ABŞ kimi beynəlxalq aktorların Ağdam-Xankəndi yolunun açılmasını alqışlamaları Azərbaycanın haqlı yolda olmasının etirafıdır.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31