Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır

20.01.2012 [12:02]

Heç bir dövlətin, xarici qüvvənin, yaxud da münasibətləri daxildən sarsıtmağa çalışan “Yeni Şafak” kimi erməni maraqlarına xidmət edən qərəzli KİV-lərin fəaliyyəti Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əbədiliyini şübhə altına ala bilməz
Türkiyənin “Yeni Şafak” qəzeti Fransa Milli Assambleyasında “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə bağlı Azərbaycanı əsassız və qərəzli şəkildə tənqid edib. İddia olunur ki,  guya Azərbaycan bu məsələ ilə bağlı ondan gözlənilən mövqeyi nümayiş etdirmir.
“Yeni Şafak” qəzetinin mövqeyi reallığı əks etdirmir
Qardaş ölkədə nəşr edilən “Yeni Şafak” qəzetinin sərgilədiyi qərəzli mövqeyi, ona açıqlama verən bəzi Türkiyə millət vəkillərinin qeyri-obyektiv fikirləri dərin təəssüf hissi doğurur. Belə ki, bəhs edilən media orqanın yaydığı informasiyalar reallığı əks etdirmir və tamamilə təxribatçı xarakter daşıyır. çünki məhz “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə, cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi gündəmə gələr-gəlməz Azərbaycan rəsmi səviyyədə bu məsələyə öz haqlı etirazını bildirdi.
Azərbaycan rəsmiləri məsələ ilə bağlı kəskin mövqelərini bildirdilər
Azərbaycan Respublikası Milli Məclisinin dekabrın 23-də keçirilmiş iclasında Fransa parlamentinin qərarı pisləndi. Milli Məclisin sədri Oqtay Əsədov Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi sənədin erməni diasporunun dəstəyi ilə bu ölkədə hakimiyyətdə qalmaq istəyən qüvvələrin çox cılız bir siyasəti olduğunu dedi. Spiker bildirdi ki, bu qərar təkcə Türkiyəyə qarşı deyil, həm də Fransanın və Ermənistanın özlərinə qarşı yönəlmişdir: “Biz çalışmalıyıq ki, Fransa Senatında bu sənəd öz təsdiqini tapmasın. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı qəti mövqeyini bildirmişdir. Biz bu məsələdə təmkinli olmalıyıq. Azərbaycan tərəfi olaraq Senatda bu qanun layihəsinin təsdiq olunmaması üçün qarşı tərəflə işləməliyik”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, 5 respublika qurmuş Fransa demokratiyasına bu cür hərəkətlər yaraşmır. Birinci vitse-spiker qeyd etdi ki, bu cür qərarın qəbul olunmasının məsuliyyətini bütün Fransa xalqına aid etmək olmaz: “Bu, bir qrup vəzifə azarkeşinin, vəzifə hərisinin hakimiyyətdə qalmaq naminə ortaya atdığı bir məsələdir. Bu, birinci mərhələdir. İkinci mərhələdə Türkiyənin qarşısına məsələ qoyacaqlar ki, bu qərarı ya qəbul edirik, ya da siz özünüz “erməni soyqırımı”nı qəbul etməlisiniz”.
öz növbəsində sözügedən məsələyə münasibət bildirən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bəyan etdi ki, Fransa Senatında qondarma “soyqırımı” məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək: “Fransa parlamentində bu məsələnin parlametin gündəliyinə çıxarılması tarixlə bağlı olan hadisənin siyasiləşdirilməsidir. Bu məsələlərlə bağlı tarixçilər araşdırma aparmalı, müzakirələr etməli və insanların yaddaşında tarixi təzələmə anlamında bu məsələ gündəmə gətirilməlidir”.
Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə  “Biz qeyd etmişik ki, bu qərar ədalətli deyil. Bu, əslində, bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir, fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir, Fransa parlamentinin qərarı münasibətlərimizə şübhəsiz ki, təsir edə bilər. Hələlik bu, Fransa parlamentinin bir palatasında qəbul edilən qərardır. Bir qədər gözləmək lazımdır. Əks halda, adekvat addımlar, şübhəsiz ki, atıla bilər” - dedi.
Milli Məclis sədrinin müavini Bahar Muradova dedi ki, Azərbaycan Türkiyənin bütün haqq işində hər zaman qardaş ölkəni dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. B.Muradova Avropa İttifaqına və ona daxil olan ölkələrə də müraciətlə bu qərarın təkcə Fransada yaşayan türklərə və ya azərbaycanlılara qarşı yönəlmədiyini vurğulayıb. Avropa İttifaqına daxil olan ölkələrdə kifayət qədər rəsmi şəxslər və sıravi vətəndaşlar var ki, onlar tarixdə belə bir hadisənin olmadığını və yaxud da belə hadisələrə görə insanların azadlıqlarını məhdudlaşdıran belə bir qərarın yolverilməz olduğunu bilirlər.
Bununla yanaşı, ötən ilin dekabrın ayının 22-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransanın Milli Assambleyasında “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə bağlı məlumat yaydı: “Azərbaycan Respublikası Fransanın Milli Assambleyasında “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə pisləyir”.
Bunun ardınca isə xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki,  Fransa senatının qəbul etdiyi qərar regionda gedən proseslərə ziddir və qeyri-konstruktiv qərardır: “Biz öz tərəfimizdən bu qərarı tənqid edirik və pisləyirik”.
Eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Senatına müraciətində qeyd olunmuşdu: “Bu il dekabrın 22-də Fransa Respublikasının Milli Assambleyasında “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul olunduğu barədə aldığımız xəbər bizi son dərəcə narahat edir”.
Azərbaycan diasporası və ictimai təşkilatlar etiraz etdilər
Həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də Fransa Prezidenti Nikola Sarkoziyə və Fransa Senatının üzvlərinə müraciət ünvanladı. Müraciətdə bölgə dindarlarının, o cümlədən, Azərbaycan müsəlmanlarının ümumi narahatlığı ifadə edilib. İsa Peyğəmbərin “Mühakimə etməyin, mühakimə olunarsınız!” kəlamının yer aldığı müraciətdə Avropa mədəniyyətinin mərkəzi, dünya demokratiyasının beşiyi sayılan Fransanın Milli Assambleyası tərəfindən son dərəcə ziddiyyətli və təhlükəli bir qərarın - qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi təəssüflə vurğulanıb: “...Düşüncə, fikir və ifadə azadlığı əleyhinə yönəldilmiş bu qanun mənəvi diktat vəziyyəti yaradır.
1992-ci ilin fevralında Azərbaycan şəhəri olan Xocalıda erməni təcavüzkarları tərəfindən soyqırımı həyata keçirilərkən Fransa parlamenti etiraz səsini ucaltmamışdı. Halbuki, ən yeni tarixin bu qanlı faciəsinin canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri belə mövcuddur. Xocalı soyqırımı öz ədalətli qiymətini bu günədək gözlədiyi halda, Fransa parlamentinin belə bir addım atması, dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni soyqırımlarına, yeni təcavüzkarlıq aktlarına rəvac verir”.
Bütün bunlarla yanaşı, Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələri də bu məsələyə öz haqlı etirazlarını bildirdilər. Belə ki, öncə qondarma “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına etiraz edən Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Fransa səfirliyi qarşısında aksiya keçirdilər. Daha sonra isə Latviyanın Azərbaycan diasporu Fransa parlamentinin aşağı palatası tərəfindən qondarma “erməni soyqırımı” barədə qanun layihəsi qəbul edilməsi ilə əlaqədar etiraz bildirdi. Eyni zamanda, Daşkənddəki Azərbaycan mədəniyyət mərkəzləri Fransa Milli Assambleyasınınn qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanunu pislədilər. Bütün bunlara paralel olaraq Rusiyanın Azərbaycan diasporu Fransa Senatının qərarını kəskin surətdə tənqid etdi. Həmçinin, ABŞ azərbaycanlıları Fransa Milli Assambleyasının qərarına kəskin etiraz etdilər. Almaniyanın Azərbaycan diasporu Fransa Senatı tərəfindən  belə bir qanun layihəsinin qəbul edilməsini pislədi.
Türkiyə hökuməti və xalqı Azərbaycanın qardaş ölkənin yanında olduğunu bilir
Yuxarıda sadalanan faktlar Azərbaycanın  Fransa Milli Assambleyasında “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşdığını və ona ən yüksək səviyyədə etiraz etdiyini göstərir. Bunu Türkiyə Cümhuriyyəti hökuməti də, Türkiyə ictimaiyyəti də yaxşı bilir və aydın surətdə dərk edir ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi bu problemlə bağlı da Türkiyədən öz dəstəyini əsirgəməyib. Bu, bir daha ona  dəlalət edir ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.
“Yeni ŞafaK” Türkiyə-Azərbaycan Dostluğuna yox, ermənipərəst mərkəzlərin marağına xidmət edir
Amma buna baxmayaraq, Türkiyə və Azərbaycanda bəzi antimilli, antitürk qüvvələr iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışır və ermənilərin maraqlarına cavab verən siyasət yürüdürlər. Həmin qüvvələr öz niyyətlərini müxtəlif vasitələrlə, xüsusilə də bir sıra media orqanları vasitəsilə həyata keçirməyə çalışırlar. Görünür, bu sırada “Yeni Şafak” qəzeti də özünəməxsus missiya daşıyır. Bəhs olunan media orqanı Türkiyə-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə, xalqlarımız arasındakı tarixi əlaqələrə, ortaq dəyərlərə xələl gətirmək üçün həmin qüvvələrin ruporu qismində çıxış edir.
Azərbaycan-Türkiyə dostluğu və strateji müttəfiqliyi sarsılmazdır
Lakin ortaq milli-mənəvi dəyərlərə, tarixi keçmişə, səmimi dostluq və qardaşlıq münasibətlərinə söykənən Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq heç də asan deyil. Bəzi antitürkçü qüvvələrin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə zərbə vurmaq cəhdlərinə baxmayaraq, strateji müttəfiqlik xarakteri daşıyan iki ölkə əlaqələri hər zaman olduğu kimi, bu gün də ən yüksək səviyyədədir. Regionda mühüm siyasi, iqtisadi aktorlar olan Azərbaycanla Türkiyənin müxtəlif sahələrdə qurduğu bərabərhüquqlu və qarşılıqlı-faydalı əlaqələr daim inkişaf etməkdədir.
Bildiyimiz kimi, Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələr elə bir yüksək inkişaf səviyyəsinə çatıb ki, artıq bu əlaqələr iki ölkə münasibətləri çərçivəsindən çıxaraq regional və qlobal əhəmiyyətli əməkdaşlığa çevrilib. İki ölkənin çoxşaxəli iqtisadi əlaqələri içərisində məhz enerji sahəsi üzrə əməkdaşlıq xüsusi çəkiyə malikdir. Azərbaycan-Türkiyə dostluğunun sayəsində regionun inkişafı, o cümlədən, Avropanın enerji təhlükəsizliyinin təmini baxımından böyük önəm daşıyan, bir zamanlar əlçatmaz görünən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri reallığa çevrilib.
2011-ci il strateji tərəfdaşlığın və qardaşlığın təntənəsi ili oldu
Bundan əlavə, 2011-ci il oktyabrın 25-də iki ölkə arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi” mövcud əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sənədlərin imzalanmasından sonra birgə mətbuat konfransında Prezident İlham Əliyev iki ölkənin bu sahədə əlaqələrini yüksək dəyərləndirmişdi: “Enerji məsələlərinə gəldikdə, bu gün enerji və qaz sahəsində imzalanmış sənədlər bizim üçün yeni imkanlar, yeni üfüqlər açır, uzunmüddətli uğurlu əməkdaşlığımız üçün şərait yaradır. Əminəm ki, bu əməkdaşlıqdan həm xalqlarımız, həm də bizim üçün dost olan ölkələr faydalanacaqlar”.
Adıçəkilən layihələrin reallığa çevrilməsi Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının mühüm göstəricisidir. Qeyd edək ki, enerji sahəsində əməkdaşlıq perspektivləri hazırda da olduqca genişdir. Məlum olduğu kimi, əlverişli tranzit mövqeyi olan Azərbaycan çox geniş təbii qaz ehtiyatlarına sahibdir. Bu isə Türkiyə və Avropa İttifaqı ölkələrinin “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşməsinə daha optimist yanaşmasına səbəb olur. Eyni zamanda, Türkiyə tərəfi Azərbaycanın “Şahdəniz-2” qaz yatağının işlənməsində və bu ölkə ərazisi ilə Avropaya ixrac olunan “mavi yanacağın” həcminin artırılmasında maraqlıdır. Hazırda bu sahədə müzakirələr davam etdirilir. ötən ilin sonlarına doğru Azərbaycan qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxaracaq yeni xəttin Trans Anadolu qaz boru kəməri adlanacağı məlum olub. Qeyd edək ki, Trans Anadolu (Samsun-Ceyhan) qaz kəmərinin illik ötürmə gücü ən azı 16 milyard kubmetr təşkil edəcək. Kəmər Türkiyənin şərq sərhədlərindən - Gürcüstanla sərhəddən Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinədək uzanacaq.
Vurğulanması zəruri olan digər məqam budur ki, Azərbaycanla Türkiyə həm də bir çox ortaq maraqlara malik olan real siyasi müttəfiqlər kimi bir-birini müxtəlif məsələlərdə dəstəkləyirlər. Qeyd etdiyimiz kimi, Azərbaycan Türkiyəyə qarşı yönələn qondarma “soyqırımı” iddiaları ilə mübarizədə hər zaman qardaş ölkənin yanındadır. Eyni zamanda, Türkiyə də Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi məsələsində ölkəmizi daim dəstəkləyir və bu ölkənin 1993-cü ildən bu vaxtadək işğalçı Ermənistanla sərhədlərini bağlı saxlaması təcavüzkar siyasətə qarşı dirənişin bariz nümunəsidir.
“Yeni Şafakların” niyyəti baş tutmayacaq. “Bir millət, iki dövlət” prinsipi sarsılmazdır
Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə dostluğunu möhkəm və daimi edən ən başlıca amil bu əlaqələrin yalnız dövlət başçıları səviyyəsində qurulan rəsmi əməkdaşlıqdan ibarət olması deyil, iki ölkə xalqlarının ortaq milli-etnik kökündən, dəyər və ideallarından irəli gələn qardaşlıq münasibətlərinə əsaslanmasıdır. Ulu öndər Heydər Əliyevin də söylədiyi kimi, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə xalqlarını bir-birinə sıx mənəvi tellər bağlayır. Bu səbəbdən də, heç bir dövlətin, xarici qüvvənin, yaxud da münasibətləri daxildən sarsıtmağa çalışan “Yeni Şafak” kimi erməni maraqlarına xidmət edən qərəzli KİV-lərin fəaliyyəti Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əbədiliyini şübhə altına ala bilməz.
HüLYA MƏMMƏDLİ
NURLAN QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 956 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30