Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 100 illik ədalətsizliyə son qoyuldu...

100 illik ədalətsizliyə son qoyuldu...

18.10.2023 [09:55]

1923-cü ildə verilən əsassız qərara 2023-cü il cavabı...

Sentyabrın 19-20-də baş tutmuş lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Bu tədbirlər regionda yeni siyasi və hərbi təhlükəsizlik mühiti formalaşdırdı. Azərbaycan dövləti 30 illik separatizmi darmadağın etdi, xuntanın çöküşünü reallaşdırdı. Bu gün tarixi ədalət öz yerini tapır - Azərbaycan qanunlarını pozan, seapartizm və fərqli cinayətlərdə ittiham olunan, özünü “Qarabağın prezidenti” adlandıran şəxslər ölkəmizin ədalət mühakiməsinin qarşısında cavab verir. Bu günlər Azərbaycanın şərəf tarixinin ən mühüm səhiflərindən birinə çevrilir. Oktyabrın 15-də Prezident İlham

Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltması bütövlükdə xalqımız üçün böyük qürurverici anlar yaşatdı. Bu, bizim qələbəmiz, suverenliyimizin bərpası ilə yanaşı, həm də tarixi ədalətin bərpası, tarixi ədalətin öz yerini tapması idi. Prezident İlham Əliyevin apardığı uğurlu xarici-daxili siyasət 100 illik tarixi ədalətsizliyə son qoydu...

Oynanılan oyunlar...

Qarabağın taleyi olduqca keşməkeşli olub - tarixin bir sıra dönəmlərində münaqişə və müharibələrə şahid olan bu tarixi məkan XX əsrin ikinci onilliyindən sonrakı dövrdə adı kimi qara günlər yaşamağa məhkum edildi. 1920 - ci ildə Xalq Cümhuriyyətinin süqutunun ardından, Azərbaycan SSRİ tərkibinə qatıldı. Həmin dövrdə erməni daşnaklarının həm siyasi, həm də hərbi birləşmələri söykəndikləri böyük güclərin dəstəyi sayəsində öz çirkin niyyətlərini biruzə verməyə başladılar. Qısa zaman kəsiyində Azərbaycana qarşı ərazi iddiaları boy göstərdi - yeni qurulmuş Ermənistan SSR-inin əraziləri məhz Azərbaycanın tarixi torpaqları sayəsində böyüdülürdü. Bu işdə sapı özümüzdən olan baltalar - Əliheydər Qarayev və onun kimi daşnak xarakterli, Moskvanın rəğbətini qazanmaq üçün bütün yollara əl atanların da “zəhməti” danılmaz idi. Həmin dövrdə başda ermənilər olmaqla qaragüruh daha çox Qarabağa fokuslanmışdı - 1921-ci il iyul ayının 4-də Qafqaz bürosu plenumunun axşam iclasında RKP MK üzvü Stalinin və büro üzvlərinin (Orconikidze, Maxaradze, Myasnikov, Nazarapetyan, Oraxelaşvili və Fiqatnerin) iştirakı ilə Qarabağın gələcək taleyi müzakirə edilir. Burada Qarabağ məsələsinə iki baxış: 1) Qarabağı Azərbaycan hüdudunda saxlamaq; Bütün əhalinin, erməni və azərbaycanlıların iştirakı ilə Qarabağda sorğu keçirmək, 2) Qarabağın Dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək; sonra sorğunu ancaq Dağlıq Qarabağda keçirmək səsə qoyulur. Plenumda meydana çıxan iki baxışa iştirakçıların səsverməsindən sonra, nəticədə qərara alınır: “Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək, sorğunu ancaq Dağlıq Qarabağda keçirmək”.

Qarabağ “muxtar” oldu...

N.Nərimanov qərarla razılaşmır, bəyənatla çıxış edərək deyir: “Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onun RKP MK-nın qəti qərarına keçirilməsini vacib hesab edirəm. Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!”

Ertəsi gün, yəni 5 iyul 1921-ci ildə RKP MK Qafqaz bürosu plenumu iclasında eyni tərkibli iştirakçılar Qarabağ məsələsini müzakirə edir, səsvermənin nəticəsi olaraq qərara alınır: “Müsəlmanlar və ermənilər arasında milli (sülhün) asayişin vacibliyinin və Yuxarı, həm Aşağı Qarabağın Azərbaycanla daimi olan Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyatı verilməklə, o, Azərbaycan SSR-in hüdudlarında saxlanılsın.

Beləliklə, 1923-cü il iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqda dekret qəbul edildi. Onu da qeyd edək ki, bu barədə tövsiyə qərarı 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdur. Bu məsələ də, eləcə də 1923-cü ilin iyulunda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Xankəndinin adının dəyişdirilib Stepanakert adlandırılması da onu təsdiq edir ki, bölgədə həmişə erməniləşdirmə siyasəti aparılıb.

Bu, 100 ilin tarixidir...

Bəli, lokal antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı və bütövlükdə, Qarabağa nəzarət bərpa olundu. Hələ Sovet İttifaqının qurulduğu ilk illərdə Qarabağ üzərindən oynanılan oyun 100 ildən sonra iflasa uğradı. Xankəndi şəhərində dövlət bayrağımızı ucaldan Prezident İlham Əliyev öz tarixi çıxışında bildirdi ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır: “Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Bəli, 100 ildən sonra Müzəffər Ali Baş Komandan tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycan xalqı özünün tarixi torpaqlarına qovuşmanın verdiyi böyük sevinci yaşayır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31