Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rəsmi İrəvan əsl niyyətini niyə gizlədir?

Rəsmi İrəvan əsl niyyətini niyə gizlədir?

24.11.2023 [10:32]

Moskvadan forpostuna növbəti xəbərdarlıq...

Nardar BAYRAMLI

Ermənistan hakimiyyəti anti-Rusiya siyasətini gücləndirməkdə davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Rusiyadan Qərb istiqamətinə döndərməyə davam edir və rəsmi Moskvanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın  noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməməsi buna dəlalət edir. İrəvanın Rusiyadan incikliyi onun təhlükəsizliyinin təmin olunmaması ilə əlaqələndirilir. Ona görə də, Paşinyan təhlükəsizlik sahəsində tərəfdaşlarını Qərbdə axtarır. Avropa İttifaqının monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi, Fransadan İrəvana silah tədarükü və s. bunun göstəricisidir.

Lakin öz növbəsində Rusiya Ermənistanın bu mövqeyini xoş qarşılamır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib ki, Ermənistan xarici siyasət vektorunu kəskin dəyişmək niyyətini büruzə verir. O, Ermənistan rəhbərliyinin ölkənin xarici vektorunu dəyişmədən siyasi xəttinin şaxələndirilməsi ilə bağlı bəyanatları əsl niyyətləri gizlətmək cəhdi adlandırıb: “Aydındır ki, söhbət respublikanın xarici siyasət oriyentasiyasında köklü dəyişiklikdən gedir. Bu isə çox aydın şəkildə, Qərbin təklifi və ya təlqini ilə həyata keçirilir. Digər tərəfdən, onlar inanırlar ki, bu yolla həm yardımın, həm də xüsusi münasibətlərin əvvəlki səviyyəsini qoruyub saxlaya biləcəklər, hər cür yolla bunun üstünü örtməyə çalışırlar”.

Qapılar açıqdır

Rusiya XİN-in nümayəndəsi deyib ki, Ermənistanın Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  sammitində iştirak etməmək qərarı təəssüf doğursa da, qapılar açıqdır: “Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə versin. Eyni zamanda, biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər”. O vurğulayıb ki, bu, İrəvan üçün açıq qapılar qoyur və Ermənistana gələcəkdə KTMT-nin fəaliyyətinə qoşulmağa imkan verir.

Zaxarova həmçinin, Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən mülki missiyasının bu ölkənin təhlükəsizliyini təmin etmədiyini vurğulayıb. Onun fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Ermənistanın təhlükəsizliyini təmin etməyə kömək etmiş olardı.

Bakının Fransaya qarşı mövqeyi təəccübləndirmir

M. Zaxarova jurnalistlərin “Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Cənubi Qafqazda müharibə üçün zəmin hazırladığını bəyan edib. Moskva belə bir risk görürmü?” sualına cavab olaraq deyib: “Fransa dünyanın digər yerlərində bərbad olan siyasi reputasiyasını Cənubi Qafqazda dirçəltməyə çalışır. Fransanın hərəkətlərinə Bakının sərt qiymət verməsi bizi heç də təəccübləndirmir. Düşünürəm ki, Bakıda və bir sıra digər yerlərdə Cənubi Qafqazda siyasi reputasiyasını bərpa etməyə uğursuz cəhdlər edən Parisin müdaxiləsindən beziblər. Halbuki, Fransanın reputasiyası dünyanın digər yerlərində və qitələrində olduqca bərbad vəziyyətdədir”.

Onun sözlərinə görə, Cənubi Qafqazda təxribat riskləri qalmaqdadır: “Bu baxımdan, Rusiya Cənubi Qafqazın bütün region dövlətləri, qonşu ölkələrin maraqlarına əsaslanan sabitlik və firavanlıq zonasına çevrilməsi istiqamətində davamlı olaraq çalışır. Bu məntiqlə biz Cənubi Qafqaz üzrə “3+3” regional məsləhətçi platforması çərçivəsində qarşılıqlı əlaqələr qururuq, ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması üzərində işləyirik. Biz dəfələrlə demişik ki, Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədləri tamam başqadır, onlar Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma məkanına çevirməyə çalışırlar. Həmin dövlətlər region ölkələrinin köklü maraqlarına məhəl qoymurlar və regionda təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunması üçün heç bir iş görmürlər”, - diplomat əlavə edib.

Paris Ermənistana yararsız hərbi texnika satıb

Parisin  “Bastion” zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edən Rusiya XİN-in rəsmi nümayəndəsi deyib ki, Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb. Onun sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib. Zaxarova qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür: “Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib”.

M.Zaxarovanın açıqlamalarından da göründüyü kimi, rəsmi Moskva Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazdakı proseslərə müdaxilə cəhdlərini qəbuledilməz hesab edir. Məlumdur ki, Rusiyanın Ermənistana təsir və təzyiq imkanları kifayət qədər genişdir. İlk növbədə, Ermənistanda Rusiyanın beş minə qədər hərbçisi mövcuddur. Gümrüdə yerləşən  Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb.

Əksər ekspertlərin də vurğuladıqları kimi, bu, bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Rusiya Ermənistanı sosial-iqtisadi cəhətdən də tam nəzarətə götürüb. Bu sahələr də Rusiyanın nəzarətindədir. Hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.

Bütün bunların fonunda Paşinyan hakimiyyətinin davranışları Rusiyanın öz forpostuna qarşı müəyyən sərt addımlar atmasına səbəb ola bilər. Ermənistan hakimiyyətinin Qərb tərəfdaşlarının onu nə dərəcədə müdafiə edib-etməyəcəyi isə suallar doğurur. Çünki Qərbin indiyədək öz tərəfdaşlarını təhlükəsizlik sahəsində aldatmasına dair kifayət qədər faktlar mövcuddur.  

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31