Şərq Tərəfdaşlığı platforması....
13.12.2023 [10:10]
Bu platforma Avropa İttifaqının regionla əməkdaşlığına töhfə verə biləcəkmi?
Nardar BAYRAMLI
Brüsseldə Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşdə iştirak edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin sədrliyi ilə keçirilən görüşdə, eyni zamanda, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi, Avropa İttifaqı üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri iştirak edib.
Tədbir ali nümayəndə Cozef Bor?elin və kommissar Oliver Varhelyinin çıxışı ilə başlayıb. Görüşdə ŞT çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti, Aİ ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparılıb.
Avropaya potensial ixrac prioritetləri...
Xarici işlər naziri Ceyhun Bayramov tədbir zamanı çıxışında görüşün ŞT çərçivəsində əməkdaşlığın nəzərdən keçirilməsi, habelə növbəti addımlar baxımından mühüm fürsət olduğunu diqqətə çatdırıb. Şərq Tərəfdaşlığı prioritetlərinin regionun reallıqlarına, habelə davam edən regional təşəbbüslərə uyğunluğunun vacib olduğunu bildirən Ceyhun Bayramov bu platformanın düzgün yanaşma və mövcud regional inkişaf tendensiyalarına uyğunlaşma yolu ilə Aİ-nin regionla əməkdaşlığına müsbət töhfə verə biləcəyinə inamını ifadə edib. Azərbaycanın Aİ-Mərkəzi Asiya Strategiyasına uyğun olaraq regional nəqliyyat, enerji və rəqəmsal əlaqəni artırmaq məqsədilə Mərkəzi Asiya tərəfdaşları ilə əməkdaşlığı, o cümlədən onların müvafiq ŞT tədbirlərində potensial iştirakını tam dəstəklədiyi və təşviq etdiyi bildirilib.
Nazir çıxışında Cənub Qaz Dəhlizinin genişlənən potensialına toxunub, əlavə qaz həcmlərinin çatdırılması, eləcə də yaşıl enerjinin Avropaya potensial ixracı prioritetlərimizdən, ölkəmizin “yaşıl enerji” keçidinə qoyduğu sərmayələrdən, habelə Orta Dəhlizin əhəmiyyətindən söz açıb. Orta Dəhlizin rəqəmsallaşdırılmasının şəffaflığın təmin edilməsi və tranzitin asanlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi, rəqəmsal transformasiyanın ŞT çərçivəsində üfüqi prioritet ola biləcəyi diqqətə çatdırılıb. Ölkəmizin COP29 sədrliyinə verilən dəstəyin xüsusi əhəmiyyəti vurğulanıb.
Cozef Borrelə xatırlatma
Qeyd edək ki, Brüssel səfəri çərçivəsində Azərbaycanın XİN başçısı bir sıra ikitərəfli görüşlər keçirib. Ceyhun Bayramovun Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelə görüşü zamanı “Şərq Tərəfdaşlığı” çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub. Görüşdə nazir Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib. O, normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini vurğulayıb. Nazir Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə mövzusu olub.
Azərbaycanın XİN başçısının Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşündə də Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi və cari regional vəziyyət müzakirə edilib. Aİ və Azərbaycan arasında ötən il imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artırdığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanıb.
Ceyhun Bayramov, cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu xüsusda, nazir son dövrlər Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin, eləcə də etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyəti barədə məlumat verən nazir Ceyhun Bayramov, mina təhlükəsinin bu fəaliyyətə, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini vurğulayıb. 2020-ci ilin noyabr ayından bəri 340 vətəndaşımızın mina partlayışının qurbanına çevrildiyi qeyd olunub.
Simon Mordue Aİ-nin vacib strateji tərəfdaşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionda davamlı sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan normallaşma prosesini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.
Ceyhun Bayramov: Aİ-nin Monitorinq Missiyası Ermənistanla Azərbaycanarasında etimada töhfə verə bilmədi
Ceyhun Bayramov, həmçinin çıxışında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb. Bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinin Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğu vurğulanıb. Azərbaycanın öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə ifadə etməsinə baxmayaraq, bəzi Aİ üzv dövlətləri tərəfindən qızışdırıcı ritorikanın və birtərəfli addımların davam etdirilməsindən narahatlıq ifadə edilib. Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərə nail olmadığı, əksinə Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu, Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi daha sabitliyi pozan təşəbbüslərinin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarına və ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə xələl gətirdiyi bildirilib. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istismar etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədləri ilə uzlaşmadığı diqqətə çatdırılıb.
Sonda qeyd olunan çağırışları nəzərə alaraq nazir Ceyhun Bayramov bir daha bütün aidiyyəti tərəfləri Ermənistan və Azərbaycan arasında normallaşmaya zərər verməməyə çağırıb.
Görüşdə digər Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri də çıxış ediblər.
Brüsseldə bir sıra ikitərəfli görüşlər keçirilib
Ceyhun Bayramovla Ukrayna xarici işlər naziri Dmitro Kulebanın görüşündə isə iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb. Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.
Azərbaycanın XİN başçısının Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar, Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis, Sloveniyanın xarici işlər və Avropa naziri Tanya Fayon ilə görüşlərində də ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Brüsselə səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov bir sıra media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə də görüşüb. Görüşdə müasir çağırışlar fonunda ölkəmizin yürütdüyü xarici siyasət prioritetləri, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesi və regional əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

