Beynəlxalq ictimaiyyət Ermənistandan tələb etməlidir!
10.02.2024 [10:35]
XİN: Azərbaycan beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq istiqamətində səylərini davam etdirəcək
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranması üçün geniş imkanlar açılıb. Bu məqsədlə Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib. Qarşı tərəf isə sözdə sülhdən danışsa da, əməldə tam əksini nümayiş etdirir. Belə ki, rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Nə qədər paradoksal olsa da, 30 il işğalçı siyasət yürütmüş, dəhşətli hərbi cinayətlər törətmiş Ermənistan indi ölkəmizi işğal və digər cinayətlərdə ittiham etməyə çalışır. Bu məqsədlə müxtəlif beynəlxalq instansiyalara müraciət edir, eləcə də ölkəmizə qarşı şər-böhtan kampaniyası aparır.
“Yalan ayaq tutar, amma yeriməz”
Buna misal olaraq fevralın 8-də Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanat səsləndirməsini də göstərmək olar. Belə ki, Mirzoyan guya Ermənistanın “konstruktiv yanaşmalarının heç də həmişə adekvat cavab almadığını” qeyd edərək, Azərbaycanın müvafiq siyasi iradə və aydın öhdəlik nümayiş etdirməsinin vacibliyini iddia edib. O, “Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq və Ermənistan üçün Roma Əsasnaməsini ratifikasiya etməkdə məqsəd Azərbaycanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməkdir” deyərək açıq-aşkar erməni xislətini, erməni riyakarlığını nümayiş etdirib. 30 il torpaqlarımızı işğal altında saxlayan, Xocalı soyqırımını törədən, işğal etdiyi ərazilərdə hər şeyi məhv edən və 1 milyon insanı öz yurdlarında yaşamaqdan məhrum edən bir ölkənin nazirinin bu fikirləri ən azı beynəlxalq ictimaiyyəti aldatmaq və məsuliyyətdən yayınmaq cəhdidir. Əslində isə Mirzoyanın təmsil etdiyi ölkə həmin cinayətlərə görə cavab verməlidir. Onun Haaqadakı çıxışından sonra bu atalar sözü yada düşür: “Yalan ayaq tutar, amma yeriməz”.
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi A.Mirzoyanın məlum açıqlamalarını qətiyyətlə rədd edərək pisləyib. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, A.Mirzoyanın çıxışı Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir. Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib.
Mirzoyanın Haaqa yalanları...
“Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş üzrə 2021-ci il 7 dekabr tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir. Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə-yeksan edilməsinə görə məsuliyyət daşıdığının beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana xatırlanması və bunun məsuliyyətini tələb etməsi vacibdir”,-deyən A.Hacızadə bildirib ki, Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyinin təşviqi, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.
İcma: Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da...
Qərbi Azərbaycan İcması da A.Mirzoyanın bəyanatına münasibətini açıqlayıb. İcmadan bildirilib: “Ermənistanın xarici işlər nazirinin Haaqada etdiyi çıxış onu göstərir ki, ya Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da elə özü onlara gecə-gündüz Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib və bir növ, rol bölgüsü aparıb”. Qeyd olunub ki, Ermənistanın 30 il ərzində beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurması, hətta onlara kinayə ilə yanaşması fonunda bu gün elə həmin erməni diplomatlarının BMT Təhlükəsizlik Şurasından, Beynəlxalq Ədalət Məhkəməsindən, Fransa Senatından, Litva XİN-dən, Rasmus Kanbak, Lindsi Snell kimi irqçi və muzdlu mirzələrdən, saman çöpündən mədəd umması onların düşdüyü acınacaqlı vəziyyətin bariz göstəricisidir.
Beləliklə, A.Mirzoyanın Haaqa yalanları bütövlükdə Ermənistanın məlum destruktiv siyasətinin növbəti təzahürüdür. Əslində, Mirzoyan ölkəsinin Azərbaycana qarşı 30 illik işğalçılığı dövründə törətdiyi cinayətlərə görə hansı cəza gözlədiyini düşünməlidir. Çünki həmin cinayətlər unudulmayıb və dövlətimiz həmin cinayətləri sənədləşdirir və beynəlxalq məhkəmələrə müraciət edəcək.
Roma Statutuna qoşulan İrəvanı nə gözləyir?
Digər tərəfdən, rəsmi İrəvan Roma Statutunu ratifikasiya etməklə hansı vəziyyətə düşdüyünü düşünməlidir. Erməni tərəfi nəzərə almalıdır ki, bu addım Rusiya tərəfindən kəskin etirazla qarşılanıb. Məlumdur ki, Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Həmin il oktyabrın 3-də isə Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib və bu il fevralın 1-də isə rəsmən bu sənədə qoşulan ölkə olub. Hakimiyyət nümayəndələri bu sənədin Rusiyaya qarşı yönəlmədiyini iddia edirlər. Amma məlumdur ki, Ermənistan Roma Statutuna qoşulduqda Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlar bu ölkə tərəfindən də icra olunmalıdır. Hələ İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirmişdi. Çünki Rusiya Prezidenti V.Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (Roma Əsasnaməsi) 15 iyun 1998-ci il və 17 iyul 1998-ci il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Sənədi 139 dövlət imzalasa da, 124 dövlət ratifikasiya etmişdi. Ermənistanla isə onların sayı 125-ə çatdı. Rusiya illər öncə Roma Statutunu imzalasa da, parlamentdə təsdiqləməyib. Ardınca, 2016-cı ilin noyabrında prezident Putin Rusiyanın Roma Statutunda iştirakdan imtinası ilə bağlı sərəncam imzalayıb. Artıq Rusiya rəsmiləri tərəfindən İrəvana dəfələrlə xəbərdarlıq edilib. Ona görə də, Mirzoyan həm də ölkəsinin Rusiya tərəfindən cəzalandırılacağını unutmamalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

