Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

05.10.2016 [10:28]

Tarixən xalqımızın mifoloji təfəkküründə işıq müqəddəs məfhum kimi qəbul olunub və bu gün də belədir. Dilimizdə “Aydınlıq içində olasan”, “İşıqlı günə çıxasan” kimi ifadələrin yaranması və nəsildən-nəslə ötürülməsi, yol gedən nağıl qəhrəmanlarımızın işıq gələn tərəfi özlərinə istiqamət seçmələri də deyilənlərin təsdiqidir.
İndiki dövrdə isə işığın, enerjinin önəmi yalnız məişət tələbatımızın ödənilməsi ilə məhdudlaşmır. Hazırda dünyanın mənzərəsinə nəzər saldıqda bir sıra digər vacib faktorlarla yanaşı, elektrik enerjisinin də dövlətlərin, ölkələrin inkişafı ilə assosiasiya olunduğunu aydın görmək mümkündür. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Belə ki, qısa müstəqillik tarixində respublikamız yeni yaradılan güclər, mükəmməl infrastruktur, paylayıcı şəbəkənin yenidən qurulması, ardıcıl şəkildə həyata keçirilən idarəetmə islahatları və əlbəttə ki, çoxminli peşəkar kadrlar ordusunun zəhməti sayəsində elektrik enerjisinə olan tələbatını tam yerli istehsal hesabına ödəməyə nail olub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində qarşısına yüksək inkişaf hədəfləri qoyan müstəqil Azərbaycanın öz böyük məqsədlərinə çatmasında respublikamızda istehsal olunan elektrik enerjisinin və ondan səmərəli istifadə olunmasının müstəsna rolu var.
Yuxarıda deyilənlər paytaxt Bakının və bölgələrin enerji təminatını həyata keçirən “Azərişıq” ASC-nin missiyası barədə konkret təsəvvür yaradır. “Azərişıq” paytaxtda və bölgələrdə davamlı enerji təminatına nail olmaqla həm əhalinin rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının genişlənməsinə öz töhfəsini verir. Abonentlərin “Azərişığ”ın ünvanına göndərdikləri razılıq məktubları, səsləndirdikləri xoş sözlər müştəri məmnunluğundan xəbər verir ki, bu da çoxminli peşəkar kollektivin qarşısına qoyduğu əsas məqsəddir. Keçilən yol isə, əlbəttə ki, asan və hamar olmayıb.
Azərbaycanda güclü elektrik enerjisi təsərrüfatının möhkəm əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev həm keçmiş sovet dönəmində, həm də müstəqilliyimizin ilk dövrlərində Azərbaycana rəhbərlik edərkən respublikamızın gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyan sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsini həmişə diqqət mərkəzində saxlayıb. Daim Azərbaycanın gələcəyini düşünən Ümummilli lider Öz nüfuzundan istifadə edərək respublikamızda bir sıra iri layihələrin həyata keçirilməsinə keçmiş ittifaq büdcəsindən lazımi qədər vəsait ayrılmasına nail olub. Ulu öndərin böyük səyləri sayəsində belə layihələr həmçinin dərin sosial və iqtisadi əhəmiyyət daşıyan elektrik enerjisi təsərrüfatında da reallaşdırılıb. Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli məhz ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Sonralar Ümummilli lider qürur hissi ilə vurğulayırdı: “Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.
Beləliklə, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda strateji məqsədlərə hesablanan elektrik enerjisi təsərrüfatının möhkəm əsaslarının qurulmasına start verildi. 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan “Araz” Su Elektrik Stansiyası inşa edildi. Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verildi. Lakin ötən əsrin 70-ci illərinin sonunda respublikamız daxili tələbatını ödəmək üçün təxminən 2,9-3,5 mlrd. kVt/saat elektrik enerjisini keçmiş ittifaqın başqa respublikalarından idxal etmək məcburiyyətində qalırdı. Ümummilli lider belə vəziyyətlə barışmadı və respublikanın enerji müstəqilliyinə nail olmaq üçün o dövrdə, bəlkə də, mümkünsüz görünə biləcək işləri həyata keçirməyə müvəffəq oldu. Qısa zaman kəsiyində Şəmkir SES-in və indiki “Azərbaycan” DRES-in inşası həyata keçirildi.
Hər iki strateji obyektin inşası Ulu öndərin birbaşa nəzarəti altında idi. Ulu öndərin “Azərbaycan” DRES-in birinci enerji blokunun işə salınması ərəfəsində - 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, tikintinin gedişi ilə yerində tanış olması, inşaatçılara Öz dəyərli tövsiyələrini verməsi tarixi hadisəyə çevrildi. Qeyd etmək yerinə düşər ki, Ümummilli liderin “Azərbaycan” DRES-ə gəldiyi 20 oktyabr tarixi Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə hər il Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd edilir.
Müstəqilliyimizin ilk illərində ölkəmizdə hakimiyyətdə olan AXC-”Müsavat” iqtidarının yarıtmaz, səriştəsiz idarəçiliyi digər sahələr kimi, elektrik enerjisi təsərrüfatında da ağır vəziyyət yaranması ilə nəticələnmişdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev təsərrüfatın ahəngdar iş rejiminin bərpa olunması, maddi-texniki bazanın möhkəmləndirilməsi, həmçinin idarəetmənin təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirdi.
Bir sıra böyük işlərlə yadda qalan islahatlar tarixinin 10 ili
Ümummilli lider Heydər Əliyevin ölkənin elektrik enerjisi təsərrüfatının möhkəmləndirilməsi istiqamətində başladığı işlər 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Xatırladaq ki, hazırda respublikamızda bütövlükdə 34 elektrik stansiyası fəaliyyət göstərir. Respublikamızda mövcud elektrik stansiyalarından 25-nin 2003-cü ildən sonra tikilməsi və eyni zamanda, mövcud stansiyalarda genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirilməsi Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatının gücləndirilməsinə necə güclü siyasi iradə nümayiş etdirdiyini əyani şəkildə təsdiqləyir.
Artıq Azərbaycanda paylayıcı elektrik şəbəkələrində islahatlara başlanmasının bir sıra böyük işlərlə yadda qalan məhsuldar 10 ili tamam olub. Paytaxtda paylayıcı şəbəkənin qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə yenidən qurulmasına isə Prezident İlham Əliyevin 10 avqust 2006-cı il tarixli müvafiq Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpa edilməsi ilə start verilib. İntensiv şəkildə və yüksək peşəkarlıqla həyata keçirilən orijinal mühəndislik həlləri sayəsində paytaxtın paylayıcı şəbəkəsi, əslində, büsbütün yenilənib və müasirləşib. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb. 2006-cı ildən bəri Bakıda və ətraf qəsəbələrdə mövcud yarımstansiyalar əsaslı şəkildə yenidən qurulub, çoxlu sayda yarımstansiyalar tikilib, müasir texnoloji avadanlıqların tətbiqinə “yaşıl işıq” yandırılıb, bir çox ünvanlarda 110 və 35 kV-luq hava xətləri kabel xətləri ilə, 0,4 kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib. Beləliklə, abonentlər imkan çatan qədər yox, tələb olunan qədər davamlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar.
İslahatların ikinci mərhələsi və yaxud regionlar da davamlı işıq selinə qərq olur
Hazırda paytaxtın enerji paylayıcı şəbəkəsində əldə olunan müsbət təcrübə həmçinin respublikanın bölgələrində də geniş yayılır. Məlumdur ki, Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb. Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilib.
Qısa müddətdə bölgələrin də enerji təchizatında dönüş yarandığını söyləmək mümkündür. Regionların paylayıcı şəbəkəsi sürətlə yenidən qurulur. 2015-ci ildə Gəncədə şəhərin qədim memarlıq üslubunda tikilən yarımstansiya istifadəyə verilib. 2015-ci ildə “Azərişıq” ASC 3 yeni 110 kV-luq yarımstansiya inşa etmişdir ki, onlardan da ikisi regionların (Şəki şəhərində “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy” yarımstansiyaları) payına düşür. “Azərişıq” tərəfindən Xaçmazda 2, Qubada 3, Şabranda 2, Daşkəsəndə 3, həmçinin Qəbələ, Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər birində bir yarımstansiya inşa edilib. Regionlarda müasir standartlara cavab verən 18 rayon enerji təchizatı və satış idarələrinin ofisləri istifadəyə verilib, 10 rayonda (Cəlilabad, Sabirabad, Sumqayıt, Ucar, Şəki, Hacıqabul, Qəbələ, Ağsu, Gədəbəy, Goranboy) isə ofis binalarının tikintisi davam etdirilir. Ayrı-ayrı bölgələrdə 35 kV-luq 400-dək yarımstansiya təmir olunub, 1450 ədəd müasir tipli yeni TM və KTM tikilərək quraşdırılıb, 6500-ə yaxın transformator yarımstansiyalarında təmir işləri həyata keçirilib, 24 000 kilometrə yaxın elektrik verilişi xətləri təmir edilib, 15 000-dən çox yeni dayaqlar quraşdırılıb, 750 kilometr kabel xətti, 2400 kilometr hava xətti çəkilib.
Ümumiyyətlə, “Azərişıq” tərəfindən regionların enerji paylayıcı şəbəkələrində görülən işlərin miqyası kifayət qədər böyükdür. Qısa müddətdə həyata keçirilən tədbirlər sayəsində “Azərişıq” ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-cı ilin I yarımilliyində 11.111 MVA-ya qaldırılıb. 2016-cı ilin sonunadək bu göstəricinin 12 561 MVA-ya çatdırılması nəzərdə tutulub.
Əsas hədəflərdən biri də xidmətin səviyyəsini yüksəltməkdir
Yuxarıda qeyd etdiyimiz kimi, “Azərişığ”ın qarşıya qoyduğu əsas hədəflərdən biri müştəri məmnunluğuna nail olmaqdan ibarətdir. Bu məqsədlə paytaxtda və bölgələrdə abonentlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə abonentlər müasir tipli sayğaclarla təmin olunurlar. 2011-2016-cı illər ərzində paytaxt Bakıda və respublikanın bölgələrində 70 mindən artıq SMS Smart tipli sayğac quraşdırılıb. Belə sayğacların quraşdırılması sayəsində təchizatçı-istehlakçı münasibətlərində insan amilini minimuma endirmək mümkün olub.
Eyni zamanda, “Azərişıq” “ASAN xidmət” mərkəzləri vasitəsilə abonentlərə xidmətin əhatəsini genişləndirməyə çalışır. Hazırda “Azərişıq” Bakı şəhərində 1, 2, 3, 4, 5 saylı və regionlarda Sumqayıt, Sabirabad, Bərdə, Gəncə və Qəbələ “ASAN xidmət” mərkəzlərində müştərilərinə yüksək səviyyəli xidmət göstərməkdə davam edir.Bundan başqa, abonentlər “Azərişığ”ın xidmətlərindən ASC-nin elektron saytı üzərindən online qaydada da faydalana bilərlər.
Mübariz ABDULLAYEV
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31