Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkəmizdə söz və mətbuat azadlığının inkişafı istiqamətində mühüm addımlar atılır

Ölkəmizdə söz və mətbuat azadlığının inkişafı istiqamətində mühüm addımlar atılır

15.02.2017 [10:00]

Prezident İlham Əliyevin mediaya diqqət və qayğısı ölkəmizdə jurnalistikanın inkişafında, bu sahəyə olan marağın daha da artmasında müstəsna rol oynayır
Söz və məlumat azadlığı demokratik dövlət quruculuğunun başlıca prinsiplərindəndir. Bununla yanaşı, bu meyar həm də ölkələrin əsas azadlıq göstəricisi kimi də dəyərləndirilir. Məhz bu səbəbdəndir ki, ölkələrdə demokratiyanın səviyyəsi həm də söz və məlumat azadlığının səviyyəsi, fikir plüralizminin inkişafı ilə ölçülür. Bunun üçün isə ilk növbədə qanun bazasının formalaşdırılması əsas şərtlərdəndir. Bu gün Azərbaycan dövləti söz azadlığının təmini, mətbuatın inkişafı üçün kifayət qədər iş görüb. Müstəqil, azad və peşəkar mətbuatın inkişafı, söz, məlumat və fikir azadlığının təmin edilməsi daxili siyasətin başlıca istiqamətlərindən birinə çevrilib.
Milli mətbuatımız ötən 142 il ərzində mühüm inkişaf yolu keçməklə yanaşı, Azərbaycanda söz və ifadə azadlığının formalaşmasının da əsasını qoymuş oldu. 1918-ci ildə Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yüksək dinamizm qazanan mətbuatımızda yeni fikirlərlə, müasir dünyagörüşünün, milli mənlik şüurunun inkişafına yönəlmiş fəlsəfi baxışlarla yadda qalan ziyalılarımız bu istiqamətdə mühüm bir mərhələni arxada qoymuş oldular. Bu, XX əsrin sonunda daha yüksək səviyyədə təşəkkül tapacaq müstəqil mətbuatın, söz, fikir azadlığının, eləcə də peşəkarlığın, rəngarəngliyin əsasını qoydu.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrdə Azərbaycan mətbuatının bir sıra tanınmış simalarının repressiyaya məruz qalması bu sahənin inkişafını ləngitməklə yanaşı, o dövrün konyunkturasına uyğun olaraq demokratik rəngarəngliyi yox etdi. İstər milli mətbuat, istərsə də ədəbi sahədə tanınan mühüm imzaları 1936-40-cı illər arasında represiyaya məruz qoyan imperiyanın güc maşını ölkəmizin mütərəqqi fikir sahiblərini məhv etməklə bəlli bir zaman kəsiyində milli mətbuatın inkişafında durğunluq yaratdı.
1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycan mətbuatının tarixində yeni mərhələnin əsasını qoydu. Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman doğma dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Təsadüfi deyil ki, məhz Ulu öndərin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Ümummilli liderimizin diqqət və qayğısı nəticəsində həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Həmin dövrdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi.
Heydər Əliyev siyasi kursu müasir Azərbaycan mətbuatının inkişafının əsasını təşkil edir
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanda söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atıldı. Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı təsbit edildi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilir: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Heç şübhəsiz, ölkəmizdə mətbuat azadlığının inkişaf etdirilməsi, insanların söz azadlığı hüququnun qorunmasından danışarkən Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusi olaraq qeyd edilməlidir. Məhz bu Fərman Azərbaycanda mətbuatın azad və müstəqil formada inkişafında yeni mərhələnin əsasını qoydu, kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bir sözlə, bu Fərmanın Azərbaycan tarixindəki yeri həddindən artıq böyükdür. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.
Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyev milli mətbuatın, azad sözün inkişafının qarşısını alan maneələri aradan qaldırmaqla yanaşı, hələ yeni-yeni formalaşan müstəqil Azərbaycan mətbuatının gələcəyinin təminatı ilə bağlı da addımlar atdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbulu müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənədin meydana gəlməsinə şərait yaratdı. Bu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı. 2000-ci ilin martında isə Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin təkmilləşdirilməsi çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, beynəlxalq təcrübəyə əsaslanaraq, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi təşkilati əsaslarının möhkəmləndirilməsi məqsədi ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Daim mətbuata, jurnalistlərə böyük qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarını dondurdu. Bu borclar sonradan ləğv edildi.
Onu da vurğulamaq yerinə düşər ki, Ulu öndərimizin Azərbaycan mətbuatına, jurnalistlərə, o cümlədən azad sözə qayğısı da qarşılıqlı olaraq qələm sahibləri tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın milli mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Ulu öndər Heydər Əliyev 2002-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” seçilib.
Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısı söz azadlığının inkişafını təmin edir
Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Əsası Ulu öndərimz tərəfindən qoyulmuş siyasi kurs Prezident İlham Əliyev tərəifndən uğurla davam və inkişaf etdirilir. Dövlət başçısının mediaya göstərdiyi qayğı yeni dövrün tələblərinə uyğun olaraq yüksəlişin əsasını təşkil edir. Milli mətbuatın yaranmasının 130, 135 və 140 illik yubileylərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, sonrakı dövrdə, demək olar ki, hər il qəzetlərə birdəfəlik yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən Azərbaycanda mətbuatın inkişafına, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi, sonrakı dövrdə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması bu sahədə ciddi dönüşün və irəliləyişin yaranmasına gətirib çıxardı. Məhz KİVDF-nin mütəmadi olaraq keçirdiyi yazı müsabiqələri, o cümlədən Fond tərəfindən KİV-lərə birdəfəlik yardımların ayrılması, KİV-in irəli sürdüyü layihələrə maddi dəstəyin verilməsi ölkəmizdə jurnalistikanın inkişafında, bu sahəyə olan marağın daha da artmasında müstəsna rol oynadı.
Məlum olduğu kimi, Prezident İlham Əliyev hər zaman jurnalistlərin sosial rifah halının yüksəldilməsi məsələsini də diqqət mərkəzində saxlayır. Bu istiqamətdə atılan addımlar media nümayəndələrinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Bu mənada 2010-cu ildə - milli mətbuatımızın 135 illik yubileyi münasibətilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan mühüm Sərəncam xüsusi vurğulanmalıdır. Sərəncamın uğurlu icrası nəticəsində 2013-cü ildə jurnalistlərə yeni evlər verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışında bu tədbirlərin davamlı xarakter daşıyacağını bəyan etdi. Elə həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzalandı və ölkə başçısı jurnalistlər üçün 240 mənzilli yeni binanın təməlqoyma mərasimində iştirak etdi.
Prezident İlham Əliyevin bu diqqət və qayğısı ölkəmizdə azad sözün inkişafına əsl stimul sayılır. Bu mənada jurnalistlər də ölkə başçısının bu diqqət və qayğısını yüksək dəyərləndirirlər. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev 2 dəfə - 2010-cu ildə və 2013-cü ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” mükafatının qalibi olub. Yəni jurnalistlər hər zaman ölkə başçısını özlərinin ən yaxın dostu sayırlar.
Bir sözlə, Azərbaycanda mətbuatın inkişafının, o cümlədən söz azadlığı və plüralizmin yüksək səviyyədə olmasının arxasında illərlə gəlinən yol, formalaşan ənənə dayanır. Bu yolda qarşıya çıxan problemlər isə cəmiyyət-dövlət tandeminin birgə səyi nəticəsində aradan qaldırılır. Bu birgə fəaliyyət nəticə etibarı ilə dövlətin inkişafına, ölkəmizdə söz azadlığının daha da möhkəmlənməsinə xidmət göstərir. Heç şübhəsiz, Azərbaycan mətbuatının inkişaf tarixində açılan bu yeni mərhələ birmənalı olaraq Prezident İlham Əliyevin mediaya, söz azadlığına qayğısını, diqqətini özündə təcəssüm etdirir.
Pərviz SADAYOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31