Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Media Mərkəzi səmərəli iş mexanizmi ilə media məkanının brendinə çevrilməyi bacarıb

Bakı Media Mərkəzi səmərəli iş mexanizmi ilə media məkanının brendinə çevrilməyi bacarıb

22.06.2017 [09:43]

Mərkəzin fəaliyyəti ölkəmizin reallıqlarının - tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və əldə edilən çoxsaylı nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna əhəmiyyət kəsb edir
XXI yüzillik informasiya əsri kimi səciyyələndirilir. İnkişaf etmiş cəmiyyətlərdə informasiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Bu isə mütəmadi surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdirilməsini şərtləndirən amil kimi çıxış edir.
Bununla yanaşı, qloballaşma şəraitində xüsusi olaraq aktuallıq kəsb edən milli təhlükəsizlik məsələlərindən bəhs edərkən informasiya təhlükəsizliyinin təmin olunmasına da xüsusi diqqət yetirilir. Çünki milli təhlükəsizliyin təmin olunması bilavasitə informasiya təhlükəsizliyi ilə bağlıdır. İnformasiya təhlükəsizliyi isə öz növbəsində bu sahədə peşəkar fəaliyyət mexanizminin formalaşdırılması və İKT-nin imkanlarından səmərəli istifadə olunması ilə sıx əlaqədardır.
Qloballaşma şəraitində informasiya resurslarından səmərəli istifadə olunması strateji vəzifə kimi müəyyənləşdirilib
Xüsusi mübadilə və idarəetmə vasitəsi səciyyəsi daşıyan informasiya resurslarından səmərəli surətdə istifadə edilməsi üçün daim yeni mexanizmlər və texnologiyalara istinad edilir. Təbii ki, bütün bunlar yeni sosium növü olan informasiya cəmiyyətinin təşəkkülünü şərtləndirir. Ümumilikdə, klassik mənada informasiya cəmiyyəti dedikdə elə bir sosium növü nəzərdə tutulur ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə, onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Ekspertlər informasiya cəmiyyətinin üstünlüklərindən bəhs edərkən bir sıra nüansları xüsusi olaraq önə çəkirlər. Belə ki, ilk növbədə qeyd edilir ki, bu modern sosium vasitəsilə bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır. İkincisi, informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır. Bu isə həm sosial-iqtisadi inkişaf baxımından, həm də ölkələrin beynəlxalq inteqrasiya prosesinə daha fəal cəlb olunması kontekstində müstəsna əhəmiyyət kəsb edir. Üçüncüsü, bu sosiumda informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir. Beləliklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması və tərəqqisi təmin edilir. Başqa sözlə, inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır. Dördüncüsü, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı təmin edilir. Beşincisi, təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsinə mühüm şərait yaranır. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq inteqrasiya baxımından böyük önəm daşıyır.
İnformasiya resursları ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm vasitədir
Beləliklə, müasir idarəetmə sisteminə malik olan ölkələrdə İKT-nin tərəqqisi və informasiya cəmiyyətinin inkişafı üçün strateji xarakterli tədbirlər həyata keçirilir. Bu isə, öz növbəsində, ölkələrin iqtisadiyyatının inkişafına özünəməxsus töhfələr verir. Müasir dövrün tələbi olan informasiyalı dövlət quruculuğu ayrı-ayrı ölkələrin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bütövlükdə, informasiya cəmiyyətinin təşəkkülü və inkişafı istiqamətində görülən strateji tədbirlər informasiya-kommunikasiya texnologiyalarının tərəqqisini də labüd edir.
Onu da qeyd etmək lazımdır ki, informasiya resurslarından səmərəli istifadə olunması və bu istiqamətdə müasir texnologiyalara istinad edilməsi ölkələrin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Hazırda ayrı-ayrı ölkələr öz reallıqlarını - əldə etdikləri nailiyyətləri, mədəniyyətlərini, tarixləri və milli dəyərlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün informasiya texnologiyalarından fəal istifadə edirlər. Hətta keyfiyyət amilinin təmin olunması üçün bu kontekstdə ciddi beynəlxalq rəqabət müşahidə olunur.
Dünya informasiya məkanında Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür
Şübhəsiz ki, Azərbaycan da bu kontekstdə istisna təşkil etmir. Ölkəmizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün informasiya resursları və texnologiyalarından səmərəli istifadə mexanizminin formalaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Və dövlətin İKT sektorunun inkişafını diqqət mərkəzində saxlaması, bu istiqamətdə məqsədyönlü, ardıcıl tədbirlərin görülməsi böyük əhəmiyyət daşıyır.
Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət proqramları və strateji tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Bu sahələrdən biri də İKT sektorudur. Azərbaycan hökuməti İKT-nin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Hazırkı reallıqlar onu deməyə əsas verir ki, dinamik inkişaf edən bu sektor gələcəkdə Azərbaycanın bölgədə informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilməsinə, ölkənin ümumi intellektual potensialı və imkanlarının yüksəlməsinə xidmət edəcək. Eyni zamanda, kommersiya əhəmiyyəti baxımından əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcək.
O da qeyd edilməlidir ki, dövlətin bu sahəyə diqqəti və investisiya dəstəyi sayəsində İKT sektorunda əldə olunan uğurlar ölkəmizin Avropa və dünya dövlətləri ilə açıq rəqabətə girmək potensialından xəbər verir. Ümumiyyətlə, İKT sektorunun inkişafı konseptual xarakter daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə informasiya cəmiyyətinin inkişafını da sürətləndirir. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi bu baxımdan xüsusi olaraq qeyd edilməlidir. Bu Milli Strategiya Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş Dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı işlərin nəticələrinə əsaslanır. Ümumilikdə, Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Milli Strategiyada müəyyənləşdirilmiş məqsədlər sırasında informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği, dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi, regional və beynəlxalq informasiya məkanına inteqrasiyanın genişləndirilməsi xüsusi yer tutur.
Təbii ki, bu konseptual yanaşma əsasında və mövcud imkanlardan istifadə edərək dünya informasiya məkanında Azərbaycan reallıqlarının təbliğ olunması istiqamətində məqsədyönlü, ardıcıl işlər görülür. Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, əldə etdiyi çoxsaylı uğurlar, eləcə də ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətə uğurla çatdırılır.
Bakı Media Mərkəzinin innovativ fəaliyyəti informasiya təhlükəsizliyinin təmin olunması kontekstində strateji önəm daşıyır
Şübhəsiz ki, bu istiqamətdə həm ayrı-ayrı media təsisatları, həm də müxtəlif qurumlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə prosesə öz töhfələrini verirlər. Bu mənada Bakı Media Mərkəzinin (BMM) informasiya təhlükəsizliyi kontekstində milli maraqların qorunması və Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması kimi ali missiyalara xidmət edən fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Ümumiyyətlə, 2013-cü ildən fəaliyyət göstərən və cari ilin iyun ayının 2-də inzibati binasının rəsmi açılışı olan Bakı Media Mərkəzinin fəaliyyətinə ayrıca diqqət yetirmək lazımdır. Belə ki, peşəkar komandaya sahib olan və ən müasir avadanlıqlarla təchiz olunan BMM müasir informasiya texnologiyaları və resurslarından səmərəli istifadə etməklə uğurlu fəaliyyət mexanizmi formalaşdırıb. Ölkəmizdə davamlı olaraq inkişaf edən və müasir qlobal çağırışlara cavab verərək yeni keyfiyyətdə öz fəaliyyətini davam etdirən media sahəsində yeni və innovativ şirkət olan Bakı Media Mərkəzi ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb. Vurğulayaq ki, qurumun inzibati binasında avadanlıqların nümayiş olunduğu və saxlanıldığı bazalar, foto və videoçəkiliş pavilyonları, işıq avadanlığı üçün xüsusi anbarlar yaradılıb. Mərkəzin montaj otaqları, səsyazma studiyaları və arxivi də müasir texnoloji avadanlıqla təmin edilib.
Onu da qeyd etmək lazımdır ki, Bakı Media Mərkəzi birinci Avropa Oyunlarının, Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatının, Formula-1 yarışlarının, artıq ənənə şəklini almış “Tour d’Azerbaidjan” turnirlərinin, IV İslam Həmrəyliyi Oyunlarının çəkilişlərində və yayımında bu sahədə kifayət qədər təcrübəsi olan Avropa şirkətləri ilə birgə işləməklə öz potensialını nümayiş etdirə bilib. Əminliklə söyləmək olar ki, Bakı Media Mərkəzi öz səmərəli iş mexanizmi ilə milli media məkanında informasiya brendinə çevrilməkdədir. Bundan başqa, bu qurum məqsədyönlü, yüksək keyfiyyətə əsaslanan fəaliyyəti ilə ölkə sərhədlərini aşaraq daha geniş müstəvidə təmsil olunmaq imkanlarını ortaya qoya bilib.
Bakı Media Mərkəzinin fəaliyyəti beynəlxalq miqyasda təqdir olunur
Onu da qeyd etmək lazımdır ki, qısa müddətdə uzun yol qət edərək innovativ əsaslara söykənən fəaliyyət mexanizmi ilə diqqəti cəlb edən Bakı Media Mərkəzinin fəaliyyəti beynəlxalq miqyasda da təqdir edilməkdədir. Təsadüfi deyil ki, mərkəz bu zamana qədər bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Təbii ki, bunu şərtləndirən başlıca amil beynəlxalq standartlara cavab verən keyfiyyətli iş, yaxud səmərəli fəaliyyət mexanizmidir.
Bunlarla yanaşı, Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına verib. Bir neçə il əvvəl Fransanın C&C şirkəti ilə birlikdə hazırlanan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmi “National Geographic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin İkinci Dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilib. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb. Film ingilis və fransız dillərinə də tərcümə olunub. Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” filmi isə 6 xarici dilə tərcümə olunub ki, multikulturalizmin Azərbaycan modeli barədə Avropa ölkələrində geniş təəssürat yarada bilsin.
BMM Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə uğurla çatdırır, milli maraqlarımızın qorunmasına öz töhfələrini verir
Bütövlükdə, Bakı Media Mərkəzinin fəaliyyəti sadəcə ölkə daxilində ictimai-siyasi, mədəni-sosial proseslərə yönəlik deyil. Bu qurum ötən müddət ərzində həm də xarici dövlətlərdə Azərbaycanın güclü təbliğatını aparan, dünya ictimaiyyətini Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandıran təşkilat rolunu oynayıb. Ümumiyyətlə, Bakı Media Mərkəzinin fəaliyyəti ölkəmizin həqiqətlərinin - tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və əldə edilən çoxsaylı nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Bakı Media Mərkəzinin innovativ fəaliyyəti informasiya təhlükəsizliyinin təmin olunması kontekstində strateji önəm daşıyır, Mərkəz Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə uğurla çatdırır, milli maraqlarımızın qorunmasına öz töhfələrini verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 478 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31