Cənubi Qafqazda dünyəvi təhsil verən məktəb - İrəvan Müəllimlər Seminariyası
27.01.2022 [10:18]
İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur: “İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin - İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.
1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır.
Təhsil Nazirliyinə İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb”.
XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu kimi təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu. Artıq məscidlərin nəzdində fəaliyyət göstərən mollaxanalar və mədrəsələr getdikcə tənəzzülə uğrayır, yerini dünyəvi məktəblərə verməyə məcbur olurdu.
Cənubi Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra həyatın bütün sahələri onun tərəfindən idarə olunmağa başladı. 2 avqust 1829-cu ildə Rusiya Maarif Nazirliyi “Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında” qərar qəbul etdi. Cənubi Qafqazda öz ideoloji və siyasi maraqlarını təmin etmək üçün qəbul edilmiş həmin qərarda qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdı. Qərarda 1830-cu ildə başqa şəhərlərlə yanaşı İrəvanda da 100 şagirdlik qəza məktəbinin açılması nəzərdə tutulsa da, həmin il bunun həyata keçirilməsi mümkün olmamışdır. Araşdırmalardan məlum olur ki, İrəvanda ilk qəza məktəbinin 1831-ci ilin mart-oktyabr aylarında açılmasına yenə də ciddi səy göstərilmiş, hansısa səbəblərdən gerçəkləşdirilməmişdir. Belə ki, müəyyən səylərdən sonra İrəvanda ilk qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır.
XIX əsrin 70-ci illərindən başlayaraq Çar Rusiyası tərəfindən Cənubi Qafqazda qəza məktəblərinin təşkili prosesinin sürətləndirilməsi və onların sayının getdikcə artması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatını aradan qaldırılması üçün çar hakimiyyəti Cənubi Qafqazda pedaqoji kadrları hazırlayan müəllim seminariyalarını təşkil etməyə başladı. Rusiya Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına əsasən yaradılan bu tip təhsil müəssisələrindən biri də bu günlərdə 140 ili tamam olan, təhsil tariximizdə əhəmiyyətli dərəcədə böyük rol oynamış, şərəfli bir yol keçmiş İrəvan Müəllimlər Seminariyasıdır.
1891-ci ildə Tiflisdə nəşr etdirilən “Qafqaz təhsil dairəsinin sərəncamları” adlı məlumat kitabında Qafqaz dairəsinin 17 iyul 1881-ci ildə verdiyi 3651 nömrəli sənəd də vardır. Həmin sənəd İrəvan şəhərində müəllimlər seminariyasının açılması barədə Cənubi Qafqazın Baş Maarif İdarəsinə göndərdiyi izahatdır. Həmin izahatda qeyd edilir ki, Rusiya Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli sərəncamını nəzərə alaraq, 1881-ci ilin ikinci yarısı üçün İrəvan Müəllimlər Seminariyasına 14.175 min rubl vəsait ayrılmışdır. 1882-ci il üçün bütöv ştat məsrəfi olaraq 28.350 rubl vəsait nəzərdə tutulmuşdur.
Rusiya Dövlət Şurasının qərarından 1 il sonra 8 noyabr 1881-ci ildə İrəvanda ilk müəllim kadrları hazırlayan təhsil müəssisəsi - İrəvan Müəllimlər Seminariyası açıldı. Görünür, seminariyanın açılmasını ləngidən əsas səbəblərdən biri tədris binasının olmaması idisə, digər səbəb isə müəllim və tələbələrin təhsil ocağına cəlb edilməsi idi.
Seminariya fəaliyyətə başladığı ilk vaxtlarda bir sıra çətinliklərlə üz-üzə qalmışdır. İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk dövrdə tədris prosesi üçün lazımi səviyyədə əlverişli şəraiti olmayan, illik icarə haqqı 5 min rubl olan birmərtəbəli binada yerləşmişdi. Binanın qapısının üzərindən kiçik bir lövhə asılmışdı. Həmin lövhənin üzərində əski ərəb əlifbası ilə bu sözlər yazılmışdı: “Əcəb səadətə çatdıq görüb əsl səidi, bu zülmət içrə göründü gözə “Ziyayi-Rəşidi”.
İrəvan Müəllimlər Seminariyası 1905-ci ildə İrəvanın Daşlı küçəsində inşa edilmiş ikimərtəbəli binaya köçmüşdür.
Seminariyanın ilk fəaliyyət dövrünə nəzər saldıqda, məlum olur ki, cəmi 11 nəfər heyətlə - onlardan 9-u müəllim, 42-si isə şagird olmaqla fəaliyyətə başlamışdır. İrəvan Müəllimlər Seminariyasının ilk direktoru Yakob Stepanoviç Suşevski təyin edilmişdir. Qriqori Qəmbərov ilahiyyət (pravoslav), Axund Məhəmmədbağır Qasızadə ilahiyyat (islam) və Azərbaycan dilini, Andrey Anastasoviç Karamoşko və İvan Avetisoviş Tamamşev rus dilini, Adolf Osipoviç Rayteman gimnastika, K.Bazileviç və Emiley Karl Bayor musiqi fənnini tədris etmişdir. Seminariyada digər iki müəllim də fəaliyyət göstərmişdir. Mixail Aloizov Porçinski isə həkim kimi çalışmışdır. K.Bazileviç musiqi fənnini tədris etməklə yanaşı, eyni zamanda seminariyada kargüzar vəzifəsində də çalışırdı.
Müxtəlif vaxtlarda Yakob Stepanoviç Şuşevski, Aleksey Miropiyev, İvan Andreyeviç Pastuyeviç, Aleksey Martinov Zazuboviç, Sergey Nikolayeviç Streleçkiy, Nikolay Vladimiroviç Öedotov, Valentin Vasilyeviç Dobrotin İrəvan Müəllimlər Seminariyasının direktoru olmuşlar. Adlarını qeyd etdiyimiz bu şəxslərin bəziləri müxtəlif vaxtlarda həm Zaqafqaziya Müəllimlər Seminariyasının, həm də İrəvan Müəllimlər Seminariyasının direktoru olmuşdular.
İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk gündən Azərbaycan şöbəsinin müdiri dövrünün görkəmli alim və pedaqoqu Axund Məhəmmədbağır Qazızadə olmuşdur. Seminariyada Azərbaycan məktəbləri üçün müəllim kadrların hazırlanmasında onun böyük xidmətləri olmuşdur. Universal intellektə malik olan Axund Məhəmmədbağır Qazizadə çalışdığı seminariyada, yaşadığı İrəvanda deyil, Yaxın Şərqdə böyük nüfuza malik idi. O bütün ömrünü, bilik və bacarığını İrəvanda azərbaycanlı müəllim kadrların hazırlanmasına, anadilli məktəblərin yaradılmasına, milli oyanışa sərf etmişdir. Onun seminariyada Azərbaycan dili və şəriət dərslərinin yüksək səviyyədə keçirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, azərbaycanlı gənclərin seminariyaya və başqa yeni tipli məktəblərə, təhsilə, elmə cəlb edilməsində misilsiz xidmətləri olmuşdur. O seminariyada fəaliyyətə başladığı gündən - 1881-ci ildən Azərbaycan dilini, ilahiyy?t fənnini, 1987-ci ildən isə 1818-ci ilə qədər isə təkcə ilahiyyat fənnini tədris etmişdir.
1897-ci ildən başlayaraq 1907-ci ilə qədər seminariyada Rəhim Musarza oğlu Xəlilov, 1902-ci ildən 1907-ci il oktyabr ayının 23-dək Həmid bəy Şahtaxtinski, 1907-ci ildən 1918-ci ilədək isə Mirzə Cabbar Məmmədzadə tədris etmişdir. Seminariyada qısa müddət Məhəmməd Axundov ilahiyyatdan, Həbib bəy Səlimov da idmandan dərs demişdir. Onu da qeyd edək ki, adlarını qeyd etdiyimiz müəllimlər həm də seminariyanın məzunları olmuşdu.
İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il seminariyanı bitirən məzunlardan 5-i azərbaycanlı idi. Ümumiyyətlə, seminariya fəaliyyət göstərdiyi 37 il ərzində 400-ə qədər azərbaycanlı müəllim kadrları hazırlamışdı. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, siyasi xadimlərin bir çox görkəmli nümayəndələri Mirzə Cabbar Məmmədzadə, Həbib bəy Səlimov, Həmid bəy Şahtaxtinski, İbadullah bəy Muğanlinski, Tağı bəy Səfiyev, Fərəməz bəy Mahmudbəyov, Saleh bəy Güllüçinski, Cəlil Mirzəyev, Haşım bəy Vəzirov, Rəşid bəy İsmayılov, Həsən Səfərli, Məmməd bəy Qazıyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, Əhməd Haşımov, Cəfər bəy Cəfərbəyov, Əli İbrahimov və bir çox başqaları həmin seminariyada təhsil almışdırlar. 1918-ci ilə qədər və eləcə də azərbaycanlılar yaşayan müxtəlif şəhərlərdə, kəndlərdə fəaliyyət göstərən ibtidai məktəblərin əksəriyyəti İrəvan Müəllimlər Seminariyasının məzunları tərəfindən təsis edilmişdi. Ümumiyyətlə, milli maarifimizin inkişafında həmin müəllimlərin böyük xidmətləri olmuşdur.
1915-ci il yanvar ayının əvvəlində müvəqqəti olaraq seminariya Şimali Qafqazın Armavir şəhərinə köçür. Seminariyanın nəzdində fəaliyyət göstərən ibtidai məktəb isə fəaliyyyətini əvvəlki kimi İrəvanda davam etdirirdi. Seminariya Armavir şəhərinə köçdükdən sonra Mirzə Cabbar Məmmədzadə pedaqoji fəaliyyətini orada davam etdirmişdir. 1916-cı ilin iyun ayında seminariya yenidən İrəvan şəhərinə köçmüşdür. Təhsil tariximizin şərəfli bir səhifəsini təşkil edən İrəvan Müəllimlər Seminariyası 1918-ci ildə fəaliyyətini dayandırmışdır.
29 noyabr 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti quruldu. Başqa respublikalarda olduğu kimi burada da məktəb və maarif probleminə münasibət dəyişir, məktəblərin dövlət ixtiyarına keçməsi köhnə tipli məktəblərin ləğv edilməsi, yeni tipli sovet məktəblərinin təşkil edilməsi haqqında qərar qəbul edildi. Beləliklə, azərbaycanlı məktəblərinin də yeni məzmunda təşkili istiqamətində ilk addımlar atıldı. Milli dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi və idarə edilməsi, orada təhsil alan şagirdlərin sayının sürətlə artması müəllim kadrlarına olan tələbatı daha da artırırdı. Müəllim çatışmazlığı probleminin aradan qaldırılması işini qaydaya salmaq üçün RK(b)P MK-nin nəzdində fəaliyyət göstərən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, EX MK-nin “Azlıqda qalan millətlər” bürosunun müdiri Mehdi Kazımovun, “Zəngi” qəzetinin redaktoru Mustafa Hüseynovun və başqa qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, siyasi və milli iradəsi sayəsində 13 oktyabr 1924-cü ildə İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Məktəbi yaradıldı. Bu məktəb Cənubi Qafqazda universitet səviyyəsində bir təhsil ocağı idi. Azərbaycanın bir çox görkəmli ziyalıları Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, Səməd Vurğun, Əbdülhəsən, Mikayıl Rəfili, Vəli Xuluflu, Üzeyir Hacıbəyov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Süleyman Rüstəm və başqaları bu təhsil ocağının qonağı olmuşdular.
İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Məktəbinin nəinki Cənubi Qafqazda, keçmiş ittifaq miqyasında yüksək nüfuza malik olmasında, müxtəlif vaxtlarda bu təhsil ocağının direktorları olmuş Mehdi Kazımovun, Bəhlul Yusifovun, Mustafa Mustafayevin, Həbib Məmmədzadənin, Əsgər Cəfərovun və fədakar müəllim kollektivinin misilsiz xidmətləri olmuşdur. Akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Nəriman Əliyev, Əli Fərəcov, Nəzər Paşayev, Fərhad Fərhadov, Cəfər Cəfərov, Yusif Yusifov və başqa görkəmli elm, ədəbiyyat, mədəniyyət, ictimai-siyasi xadimləri bu təhsil ocağının məzunları olmuşdur.
1948-53-cü illərdə Ermənistanda yaşayan azərbaycanlı əhalinin öz tarixi torpaqlarından deportasiyası zamanı təhsil tariximizin ən şanlı səhifələrini təşkil edən, böyük, şərəfli yol keçmiş bu təhsil ocağı da 1949-cu ilin noyabr ayında müəllim və tələbə kollektivi ilə birlikdə Azərbaycanın Xanlar rayonuna köçürüldü, 1971-ci ilə qədər orada fəaliyyət göstərmişdir.
Cəlal Allahverdiyev
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

