Allahı zikr, mollaları tənqid edən, səfalət içində ölən ağa oğlu...
23.02.2022 [10:53]
Böyük Cavanşirlər nəslinin şair oğlu
Qədim monqol ordusunda qayda-qanunlara əsasən, sol cinahda döyüşənlər “caban qar”- sol qol, sağ cinahında döyüşənlər isə “baran qar”- sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanilər, Cəlayırlar, Barlasların hakimiyyəti dövründə ordunun aparıcı qolu caban qarlar idi.
Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü. Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Rus üsul-idarəsı dönəmində familiya qəbul edən aristokratlar öz tayfa, kənd, oba adlarını soyadı kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdilər.
İlhamə HƏKİMOĞLU
Bu soy Azərbaycan xalqına onlarla sərkərdə, şair, yazıçı, musiqişünas bəxş edib. Belə tanınmış şəxsiyyətlərdən biri də XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirdir.
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğlu idi.
Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdi. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdi. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir Çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdi. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə, 1828-ci ildə gümüş medalla təltif edilmişdi.
Qasım bəy Zakir, hər şeydən əvvəl, incə ruhlu bir poetik şəxsiyyət, Füzuli və Vaqif şeiri ənənələrini davam və inkişaf etdirən görkəmli lirik şairdir. Onun zəngin ədəbi irsinin böyük bir qismini lirik şeirlər təşkil edir. Bu lirik şeirlərin bir hissəsi klassik şeir üslubunda yazılmış qəzəl, müxəmməs, müstəzad, tərcibənd və tərkibbəndlərdən, digər hissəsi isə heca vəznində yazılmış qoşma, gəraylı və təcnislərdən ibarətdir.
Azərbaycan ədəbiyyatında satiranın bir yaradıcılıq sahəsi kimi təşəkkül tapmasında və inkişafında Qasım bəy Zakir yaradıcılığının xüsusi rolu olub.
Qasım bəyin yaşadığı dövrlərdə dinin tənqid edilməsi, satirik yanaşma özünü ölümə məhkum etmək kimi bir şey idi, amma o bunu edirdi. Müasir ədiblərimiz Qasım bəyin eşq şeirləri yazdığını desələr də, Sufi cərəyanının nümayəndələri Zakirin dərviş ruhlu insan olduğunu, sevgisinin Allaha yönəldiyini iddia edirlər. Əslində Qasım bəyin özünə təxəllüs seçdiyi Zakir adı da Allahı yada salan, zikr edən demək idi. Zakirin gördüyü, qəbul etdiyi din anlayışı ilə, mollaların xalqa təlqin etdiyi din anlayışı çox fərqliydi.
Aşiqə məşuqun didarını görmək
Ziyadədır Kəbə ziyarətindən.
Zakirin satiraları əsas etibarı ilə çarizmin müstəmləkəçi qanun və qaydalarının əleyhinə çevrilmişdi. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlar idi. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda, onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirirdi. Elə məhz bu amil şairin həyatını çətinləşdirmiş, qocalığının səfalət içərisində keçməsinə səbəb olmuşdu.
Müasirlərinin dediyinə görə, o, ucaboylu, xoş simalı, bir qədər tündxasiyyətli insan imiş. Tez əsəbləşsə də, sonra tövbə edib, Allahdan günahlarının bağışlanmasını istəyərmiş.
Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasım bəy Zakir 30-cu illərin sonlarında tamam təsərrüfatçılıqla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. Cəmisi 20 evdən ibarət olan bu kəndin illik gəliri 450 manata yaxın idi. O, kəndlilərlə birlikdə işləyər, onlarla bir süfrəyə oturmaqdan çəkinməzmiş.
Zakir müasirləri arasında dərin hörmət və böyük nüfuz qazanmışdı. Lakin şairi sevməyənlər, onun paxıllığını çəkənlər də var idi. Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün məqam gözləyirdilər. 1849-cu ildə onun düşmənlərinin əlinə belə bir bəhanə keçir.
Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandıraraq təqib etməyə başlayırlar. Zakirin özünü də ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib Şuşa həbsxanasına salırlar. Çar zabiti Tarxan-Mouravov Xındırıstan kəndini öz atlılarına qarət etdirdi və kənd camaatını tamamilə yoxsul vəziyyətə saldı. Bu arada Behbud bəy həbsxanada güllələnir. Şairin qızı Nənəş xanım onun meyitini yaxın adamları vasitəsilə qaladan oğurlayaraq dəfn edir. Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də, onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. M.F.Axundzadə, İ.Qutqaşınlı, İliko Orbeliani də onun sürgündən azad olunması üçün səy göstərdi. Dostlarının səyi nəticəsində şairin gənclik illərindəki fəaliyyəti nəzərə alınmaqla ona “Rus dövlətinə göstərdiyi xidmətlərinə görə” 1857-ci ildən başlayaraq ayda 36 manat təqaüd təyin edilir, lakin təqaüd kağızı Şuşaya çatanda artıq şair vəfat etmişdi. Keçirdiyi mənəvi sarsıntılar, çəkdiyi əzab-əziyyət şairi əldən salmışdı. O, 1857-ci ildə 73 yaşında Şuşada vəfat edir və Mirzə Həsən qəbiristanlığında dəfn olunur.
Şair ölkədə baş verən ədalətsizliyin, haqsızlığın aradan qaldırılması üçün Qafqaz canişinindən, yaxud padşahın-rus çarının özündən kömək gözləməyin mənasız olduğunu anlayır, etirazını öz təmsilləri ilə dilə gətirirdi. İctimai eyibləri, insan təbiətindəki qüsurları bir sıra hallarda üstüörtülü şəkildə əks etdirən şair təmsillərində zülm və zorakılığın əleyhinə çıxır, hiylə, satqınlıq kimi cəhətləri pisləyir.
Zakir yaradıcılığının işıqlandırdığı problemlər bu gün də aktualdır və onun könlündən süzülüb gələn incilər bu gün də insanlara xidmət edir.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

