İnsanlıq buxarlanmaq təhdidi ilə üz-üzə...
05.03.2022 [10:43]
Çernobıldan alınmayan dərslər
İlhamə HƏKİMOĞLU
Sonun başlanğıcı
Eynşteyn demişdi ki, III Dünya müharibəsinin necə olacağını bilmirəm, dördüncü müharibədə insanların əlində mütləq daş və dəyənəklər olacaq. Böyük fizik yaxşı bilirdi ki, onun beyin məhsulu olan atom və nüvə silahları bəşəriyyət tərəfindən istifadə olunsa, bu, insanlığın sonu demək olacaq. Deyilənə görə, Eynşteyn Yaponiyaya atom bombaları atıldıqdan sonra kəşfinə görə böyük peşmanlıq keçirmişdi. Görəsən, insanlığın atom bombaları ilə təhdid olunduğu bu günləri görsəydi, o nə edərdi?
Əriyən adamlar
6 avqust 1945-ci il tarixində ABŞ-ın “B29 Enola Gay” təyyarəsi 15 min ton TNT-lik atom bombasını Xirosima sakinlərinin üzərinə atdı. Nəticədə 1945-ci ilin sonuna qədər atomdan ölənlərin sayı 140 mini keçdi. 3 gün sonra, avqustun 9-da Naqasakiyə 21 min ton TNT gücündə atom bombası atıldı. Partlayış nəticəsində 200 min əhalisi olan şəhərin 27 min sakini bir saniyə içində həyatını itirdi. O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb. Bu gün nüvə gücünə malik dövlətlərin istehsal etdikləri nüvə bombaları Xirosima və Naqasakiyə atılan bombalardan 2500 dəfə güclüdür. Atom bombası atılarkən əriyib mərmər pilləkənlərə qarışmış insanlardan geriyə kül də qalmamışdı, indi pillələr üzərində yalnız tünd rəngdə görünən kölgələr o dəhşətin izi kimi saxlanılır. Bu bombalar insanları sadəcə öldürməmişdi, yox etmiş, əritmiş, buxarlandırmışdı.
İnsanların atomdan dinc məqsədlərlə istifadə etmək istəyi də başına bəla oldu, həm də 2 dəfə.
1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında qəza baş verdi. Bu qəza bəşəriyyət tarixindəki ən böyük texnogen fəlakət idi. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Radiasiyanın ətraf mühitə yayılması, təxminən on gün ərzində davam etmişdi.
Yağıntıların düşməsilə ərazinin çirklənməsi baş verirdi. Radioaktiv tullantılar ən çox Skandinaviya ölkələrinə zərər vurmuşdu. İkinci tullantı dalğası Avropa qitəsinin böyük bir hissəsinə zərər vurdu. 300 min insanı köçürmək lazım gəldi.
Çernobıl qəzası nəticəsində 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərləndi. Ukraynada 4400 nəfər həyatını itirdi. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr idi. Hadisə aprelin 26-da olsa da, bir neçə gün bu barədə cəmiyyətə xəbər verilmədi. Qəzadan 5 gün sonra Kiyevdə 1 May nümayişi təntənə ilə keçirildi.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Onlardan 2000 nəfəri sonralar Çernobılda aldıqları şüalanmadan yaranan xəstəliklərdən vəfat ediblər.
İki bənzər fəlakət
25 il sonra, 2011-ci ilin martında Fukusima AES-də partlayış baş verdi. Nüvə hadisələri miqyasında bu radiasiya qəzası ən yüksək - yeddinci səviyyəyə aid edildi. Nüvə elektrik stansiyası 2013-cü ilin sonunda bağlandı.
Çernobıl və Fukusima fəlakətlərinin oxşar və fərqli cəhətləri var idi.
Bu stansiyalardakı reaktorların konstruksiyası fərqliydi. Baxmayaraq ki, Yaponiyada altı reaktordan üçü zərər görmüşdü, bununla belə ətraf mühitin çirklənməsi, Çernobıl hadisəsindən daha az olmuşdu. Fukusimada ətrafa uçan radionuklidlər - sezium, yod və inert qazları, Çernobılda stronsium, plutonium və başqa radionuklidlər yayılmışdı ki, bunlar daha təhlükəli hesab olunur. Fukusimadakı qəzanın nəticələri Çernobıldakının, təxminən, 10%-ni təşkil edirdi.
Çernobıl AES-in əhalinin sıx məskunlaşdığı bölgədə yerləşməsi bu məsələdə son dərəcə ciddi rol oynamışdı.
Fukusima stansiyası okeanın sahilində yerləşirdi. Küləyin və cərəyanların istiqaməti radioaktiv məhsulların 80%-ni atmosferdən okean səthinə daşıdı. Radioaktiv suyun xeyli hissəsi okeana atıldı. Bu su reaktorların soyudulmasında istifadə olunurdu. Onu dənizdən götürür və sonra geri axıdırdılar.
Fukusimadakı qəza dünya okeanının çirklənməsinə böyük zərbə vurdu.
Lakin bu, ilk zərbə deyildi. Nüvə başlığına malik dövlətlərin okean üzərindəki intensiv şəkildə keçirdikləri nüvə partlayışları yetərincə ziyanlı olmuşdu. Fukusimada ölənlərin sayı 1,6 mindən çox, itkin düşənlərin sayı 20 min nəfər təşkil etdi. Radiasiya səbəbilə 300 mindən çox insan evlərini tərk etdi.
Ümumilikdə dəyən maddi ziyan 46 milyard dollardan çox oldu.
Kiçik atom bombasının acı təsiri yarım əsrə qədər təbiətdə qalır. Okeanın diblərindən üzə çıxan nəhəng canlılar, təbiətdə rast gəlinən, mutasiyaya uğramış heyvanlar, insanlığın mübarizə aparıb çarəsini tapa bilmədiyi onkoloji xəstəliklər bu sınaqların, partlayışların acı nəticələridir.
Çernobıl şahidi
Fariz qohumumdur. Çernobıl hadisələri baş verərkən könüllü şəkildə yardıma gedən gənclərdən biri də Fariz İsrafilov olmuşdu. Çernobıl hadisələri ərəfəsində ailəsi toyuna hazırlaşırdı, o isə hərbi komissarlığa yollandı, könüllü kimi Kiyevə getdi.
“Çatan kimi plaşa bənzər paltarlar verdilər, nə baş verdiyini izah etmədilər, sadəcə nəyəsə qol çəkdirdilər bizə. Bunun nə olduğunu geri qayıdanda bildik. Dövlət sirrini qorumaq üçün susmalıydıq. Yerin altında 8 mərtəbəli gizli bina var idi. Bizi ora apardılar. İş müddətimiz yerlərə görə dəyişirdi. Radiasiyanın şiddətli olduğu yerlərdə bir neçə dəqiqə işləyib, bunkerlərə qayıdırdıq. Bəzi yerlərdə 10, bəzi yerlərdə yarım saat işləməli olurduq. Qum torbaları daşıyır, beton tökürdük.
Üçüncü bloku dördüncü blokdan ayırmaq üçün çox qalın beton divarlar yaradırdıq. Dördüncü blokun yuxarı hissəsində də beton işləri aparırdıq ki, sızma dayansın. Mən bir həftə qaldıqdan sonra özümü çox hiss etməyə başladım. Bütün bədənim ağrıyırdı, qusurdum, nə olduğunu anlamırdım. Qulağımdan, burnumdan qan açıldı, dilim tutuldu. Məni geriyə qaytardılar. Moskvada xüsusi xəstəxanalara yerləşdirildik. Mənim kimi radiasiyaya məruz qalmış çox xəstə var idi. Heç yadımdan çıxmır, canlı-cüssəli bir rus var idi. Titrəyir, ağrıdan bağırırdı, onu çarpayıya zəncirləmişdilər. Çarpayı da yarpaq kimi titrəyirdi onunla bərabər. Bir həftə o çarpayının titrəməsi dayanmadı. Gözümün önündə o xəstəxanada çox ölən oldu. İlk baxışda çoxlarında sanki dəri yanığı əmələ gəlmişdi. Nə olduğunu bizə başa salan yox idi”, - deyə o xatırlayır.
Fariz “sağalandan” sonra evə gəlir. Yarımçıq qalmış toy hazırlıqları yenidən başlayır və o, evlənir. Bu toyun ailəsi üçün fəlakət olacağını haradan biləydi? Az müddət sonra həyat yoldaşında onkoloji xəstəlik aşkarlanır. Anadan olan əkizlərinin ikisi də qan xərçəngi ilə dünyaya göz açırlar və tezliklə həyatlarını itirirlər. Farizin 16 yaşına çatmış ikinci övladı isə heç vaxt böyümədi, əlil arabasına möhtac qalmış bu yeniyetmə xarici görünüşünə görə 4-5 yaşlı zəif uşaqdan fərqlənmirdi. Taleyin işinə bax ki, Farizin vasitəsilə radiasiyaya yoluxmuş xanımı və ikinci övladı da həyatlarını itirdi, o isə acılarına rəğmən yaşayır. Əlil arabasına möhtacdır. Ayaqları tutulub, deyilənə görə, xəstəliyinin müalicəsi yoxdur. Bəlkə də şahid kimi qoruyub-saxlayır Allah onu. Ya da başqaları dərs çıxara bilsin deyə.
Dünya isə bu fəlakətlərdən dərs çıxarana bənzəmir.
Dünyanın 9 dövlətinin təxminən 14 min nüvə silahı var. Onlardan bir qismi artıq köhnəldiyi üçün utilizasiyasını gözləyir.
Ən çox nüvə başlığı Rusiyadadır - 6257 ədəd. Bunların 1458-i açıq vəziyyətdədir, 3039-u ehtiyatda saxlanır. 1760 ədəd nüvə başlığının istismar müddəti bitib. ABŞ-ın arsenalında 5550 nüvə başlığı var. 1389-u açıq vəziyyətdə, 2361-i ehtiyatdadır. 1800 nüvə başlığı istismar müddətini başa vurub. Çinin 350, Fransanın 290, Böyük Britaniyanın 225, Pakistanın 165, Hindistanın 156, İsrailin 90, Şimali Koreyanın təxminən 50 nüvə başlığı var. 1945-2018-ci illər arasında ABŞ 1032, Rusiya (SSRİ-ni nəzərə almaqla) 715, Fransa 210, Çin və Böyük Britaniya hərəyə 45, Şimali Koreya 6, Hindistan 3, Pakistan 2 nüvə sınağı həyata keçirib.
Ən çox nüvə sınağını ABŞ keçirib. Bu sınaqlardan təxminən 18-i uğursuz olub, indiyədək atılan, amma partlamayan bombaların içində 3 ədədi sonradan heç tapılmayıb. Yəni haradasa ya okeanın dibindədir, ya da terrorçuların əlində.
Nüvə partlayışından qorunmaq mümkündürmü?
Nüvə partlayışının ilk anından sonra havada şar şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Havada zərbə dalğası yaranır, o, hər tərəfə səsdən iti sürətlə yayılır.
Atom və ya nüvə silahının partlayış episentrində heç bir bunkerə sığınmağın mənası yoxdur. Hətta yerin 70 metr dərinliyində belə.
Təxminən 2 km radiusda hər şey yanaraq kül olur, üçüncü radiusda isə sağ qalmaq şansı var.
Nüvə silahları yer səthinə çatmazdan əvvəl bir neçə yüz metr yüksəklikdə detanasiya etmək qabiliyyətinə malikdir, bu, onun daha çox tələfat və dağıntıya səbəb olması üçün hesablanıb.
Partlayış baş veribsə, mümkün ola biləcək ən tez zamanda (ən geci 15 dəqiqə ərzində) ən yaxındakı tikiliyə daxil olmaq lazımdır. Bu tikilinin kərpic və ya betondan olması arzuolunandır. Divar və pəncərələrdən uzaq durulmalıdır. Nüvə silahının partlayış dalğası mərkəzdən 15 km məsafəyə yayıla bilir. Ən az 24 saat ərzində bayıra çıxmaq olmaz. Partlayış zamanı bina daxilində olan ərzaq məhsulları, su yararlı, açıq havada qalmış qidalar yararsız hesab olunur.
Bəs sonun başlanğıcı necə olacaq?
Əgər nüvə silahları işə düşsə, göyə qalxan radiasiya və qara bulud o qədər çox olacaq ki, Günəşin səthini tutduğu üçün yer kürəsində temperatur 20 dərəcəyədək aşağı düşəcək. Planetdə həyat üçün lazım olan su mənbələri və torpaq ilin bütün fəsli donmuş olacaq, çaylardan və bulaqlardan radioaktiv çirklənmiş sular axacaq. İnsanlıq tam məhv olmasa da, yaşamaq şansları minimallaşacaq. Dağlarda, mağaralarda qapalı təmiz su hövzələrinə yaxın yerlərdə insanlar yaşamağa davam edəcəklər. Təxminən bir əsr ərzində kanserogen aktivlik yüksəldiyi üçün sağ qalan insanların yarısı da onkoloji xəstəliklərdən həyatını itirəcək. Növbəti əsrdə isə yer planeti özünü tədricən radioaktiv çirklənmədən təmizləməyə başlayacaq.
Sağ qalanlar olsa, onların nəsilləri hər şeyə sıfırdan başlayacaq - daşlar və dəyənəklərlə...
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

