Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir milətin taleyində yazılan ad: Heydər Əliyev

Bir milətin taleyində yazılan ad: Heydər Əliyev

09.05.2026 [12:09]

103 il əvvəl dünyaya gəlmiş Ümummilli Lider Heydər Əliyev fenomeni Azərbaycan xalqının tarixində yalnız bir siyasi lider anlayışı ilə məhdudlaşmır –bu, dövlətçilik, milli kimlik və strateji inkişaf modelinin simvolu kimi qəbul olunur. 1993-cü ilin yayında Azərbaycan ciddi siyasi böhran və parçalanma təhlükəsi ilə üz-üzə qalanda Heydər Əliyevin hakimiyyətə dəvət olunması ölkədə sabitliyin bərpasına, vətəndaş qarşıdurmasının qarşısının alınmasına və müstəqil dövlətin qorunmasına həlledici təsir göstərdi.

1991-1993-cü ilin yayına kimi Azərbaycan tarixinin ən mürəkkəb  və kritik mərhələlərindən birini yaşadı. Sovet İttifaqının dağılması fonunda müstəqillik qazanmış ölkə həm daxili, həm də xarici ciddi sınaqlarla üz-üzə qalmışdı. 1991-ci ildə müstəqillik elan olunsa da, ölkədə vahid və sabit siyasi idarəetmə sistemi formalaşmamışdı. Hakimiyyət uğrunda mübarizə, tez-tez dəyişən siyasi rəhbərlik və idarəetmədə təcrübəsizlik dövlət institutlarını zəiflədirdi. Müxtəlif siyasi qruplar arasında qarşıdurmalar ölkəni faktiki olaraq idarəolunmaz vəziyyətə gətirmişdi.

Bu dövrdə Azərbaycan Birinci Qarabağ müharibəsinin ən ağır mərhələsini yaşayırdı. Ordunun zəif təşkilatlanması, vahid komandanlığın olmaması və daxili çəkişmələr nəticəsində bir sıra strateji ərazilər itirildi. 1992-ci ildə baş vermiş Xocalı soyqırımı isə həm humanitar, həm də psixoloji baxımdan xalq üçün böyük faciə oldu.

Sovet iqtisadi sisteminin dağılması ilə əlaqədar olaraq sənaye və kənd təsərrüfatı iflic vəziyyətinə düşmüşdü. İnflyasiya yüksəlmiş, işsizlik artmış, əhalinin həyat səviyyəsi kəskin aşağı düşmüşdü. Qaçqın və məcburi köçkünlərin sayının artması sosial vəziyyəti daha da ağırlaşdırırdı.

Ölkənin müxtəlif bölgələrində mərkəzi hakimiyyətə tabe olmayan silahlı qruplar meydana çıxmışdı. Xüsusilə 1993-cü ildə baş verən Gəncə hadisələri dövlət çevrilişi təhlükəsini real hala gətirdi. Bu hadisələr ölkədə vətəndaş müharibəsi riskini artırmışdı.

Yeni müstəqil dövlət kimi Azərbaycan hələ beynəlxalq münasibətlər sistemində öz mövqeyini tam formalaşdıra bilməmişdi. Xarici siyasətdə qeyri-müəyyənlik və təcrübəsizlik ölkənin maraqlarının effektiv müdafiəsini çətinləşdirirdi. Bir sözlə, 1991-1993-cü illərin ortalarınadək Azərbaycan siyasi xaos, hərbi məğlubiyyətlər, iqtisadi tənəzzül və sosial böhranla üz-üzə idi. Dövlətçilik real təhlükə altına düşmüş, ölkə parçalanma və vətəndaş qarşıdurması həddinə yaxınlaşmışdı. Məhz bu ağır şərait sonrakı mərhələdə ölkədə sabitliyin bərpası və dövlət quruculuğunun gücləndirilməsi zərurətini daha da aktuallaşdırdı...

1993-cü ilin yayında, xalqın təkidli xahişindən sonra ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə dövlət idarəçiliyinin bərpası və sabitliyin yaranması üçün atdığı ilk addımlarından biri mərkəzi hakimiyyətin nüfuzunu bərpa etmək oldu. O, parlament vasitəsilə hüquqi legitimliyi gücləndirdi, idarəetmədə xaosun qarşısını almaq üçün vahid siyasi kurs müəyyənləşdirdi və dövlət strukturlarının fəaliyyətini yenidən təşkil etdi.

1993-cü ilin yayında baş verən Gəncə hadisələri ölkəni vətəndaş müharibəsi həddinə gətirmişdi. Heydər Əliyev siyasi dialoq və kompromis yolu ilə silahlı qarşıdurmanı genişləndirməkdən qorudu, ölkə daxilində sabitliyin ilkin əsaslarını formalaşdırdı.

Silahlı qüvvələrdə pərakəndəliyin aradan qaldırılması əsas prioritetlərdən idi. O, nizamsız silahlı dəstələrin ləğvi, ordunun mərkəzləşdirilmiş şəkildə idarə olunması və peşəkar hərbi strukturun formalaşdırılması istiqamətində addımlar atdı. Heydər Əliyev ölkənin beynəlxalq təcrid vəziyyətindən çıxması üçün aktiv diplomatik fəaliyyətə başladı. Qonşu dövlətlər və böyük güclərə münasibətlərin normallaşdırılması sabitliyin möhkəmlənməsinə xidmət etdi.

Davam edən Birinci Qarabağ müharibəsi şəraitində sabitliyin təmin olunması mümkün deyildi. Bu səbəbdən onun ən mühüm addımlarından biri 1994-cü ildə atəşkəsə nail olmaq oldu ki, bu da ölkədə nisbi sabitliyin yaranmasına şərait yaratdı.

Heydər Əliyevin siyasi sabitliyin bərpası üçün atdığı ilk addımlar sistemli və strateji xarakter daşıyırdı: hakimiyyətin legitimləşdirilməsi, daxili qarşıdurmanın qarşısının alınması, ordunun gücləndirilməsi və diplomatik balansın qurulması . Bu addımlar qısa müddətdə ölkəni xaosdan çıxararaq sabit inkişaf mərhələsinə keçidin əsasını qoydu...

1990-cı illərin əvvəllərində yüksək inflyasiya, istehsalın kəskin azalması və maliyyə böhranı hökm sürürdü. Heydər Əliyevin rəhbərliyi ilə sərt maliyyə-kredit siyasəti tətbiq olundu, dövlət xərclərinə nəzarət gücləndirildi və milli valyuta dövriyyəyə buraxıldı. Bu addımlar inflyasiyanın tədricən azaldılmasına və iqtisadi sabitliyin bərpasına səbəb oldu.

1994-cü ildə imzalanmış Əsrin müqaviləsi Azərbaycanın iqtisadi tarixində dönüş nöqtəsi oldu. Bu müqavilə ilə ölkəyə iri həcmli xarici sərmayələr cəlb edildi, Xəzər dənizinin neft yataqlarının işlənməsi sürətləndi və Azərbaycan dünya enerji bazarına inteqrasiya olundu.

Heydər Əliyev enerji resurslarının dünya bazarına çıxarılması üçün strateji boru kəmərlərinin tikintisinə təşəbbüs göstərdi. Bu siyasət nəticəsində Azərbaycan regional enerji mərkəzinə çevrildi və enerji təhlükəsizliyi sahəsində mühüm mövqe qazandı.

Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid məqsədilə geniş islahatlar həyata keçirildi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişafına şərait yaradılması və rəqabət mühitinin formalaşdırılması iqtisadi fəallığı artırdı. Beynəlxalq maliyyə institutları və xarici dövlətlərlə iqtisadi əməkdaşlığı inkişaf etdirdi. Bu, Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi və ölkənin investisiya cəlbediciliyini artırdı.

Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycanın müstəqil və dayanıqlı iqtisadi modelinin formalaşmasında həlledici rol oynadı. Makroiqtisadi sabitliyin təmin olunması, neft strategiyasının reallaşdırılması və bazar iqtisadiyyatına keçid ölkənin sonrakı inkişafının əsasını qoydu. Bu siyasət nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi tənəzzüldən çıxaraq regional iqtisadi gücə çevrildi.

Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən aqrar islahatlar Azərbaycanın iqtisadi sistemində ən dərin struktur dəyişikliklərdən biri hesab olunur. Bu islahatların əsas məqsədi sovet tipli kollektiv təsərrüfat sistemindən çıxaraq bazar iqtisadiyyatına uyğun, mülkiyyətə əsaslanan kənd təsərrüfatı modelinə keçidi təmin etmək idi.

1990-cı illərin ortalarında kənd təsərrüfatında dərin böhran yaşanırdı: kolxoz və sovxoz sistemləri səmərəsiz idi, istehsal aşağı düşmüşdü. Bu vəziyyəti dəyişmək üçün dövlət səviyyəsində aqrar islahatların hüquqi bazası yaradıldı və torpaq münasibətlərini tənzimləyən qanunvericilik qəbul olundu.

İslahatların ən mühüm addımı dövlət və kollektiv təsərrüfatlara məxsus torpaqların əhaliyə pulsuz və ya güzəştli şəkildə paylanması oldu. Bu proses nəticəsində kənd əhalisi torpağın real sahibi kimi formalaşdı və fərdi təsərrüfatların inkişafına şərait yarandı.

Sovet dövründən qalan kolxoz və sovxozlar mərhələli şəkildə ləğv edildi. Onların yerində fərdi və ailə təsərrüfatları yaradıldı. Bu dəyişiklik kənd təsərrüfatında sahibkarlıq münasibətlərini gücləndirdi və təşəbbüskarlığı artırdı.

Torpaqların paylanması nəticəsində yeni fermer təbəqəsi yarandı. Fermerlər öz məhsullarının istehsalı və satışı üzərində müstəqil qərar vermək imkanı qazandılar ki, bu da kənd iqtisadiyyatında rəqabəti artırdı.

Aqrar islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı tədricən bərpa olundu. Yerli məhsul istehsalının artması idxaldan asılılığı azaldaraq ölkənin ərzaq təhlükəsizliyinə müsbət təsir göstərdi.

Torpaq mülkiyyətinin fərdlərə verilməsi kənd əhalisinin sosial statusunu dəyişdirdi. İnsanlar iqtisadi baxımdan daha müstəqil oldular və kənd yerlərində sosial fəallıq artdı.

Heydər Əliyevin rəhbərliyi altında aparılan aqrar islahatlar Azərbaycanda kənd təsərrüfatının sovet modelindən bazar iqtisadiyyatına keçidini təmin etdi. Torpaqların özəlləşdirilməsi, fermer təsərrüfatlarının yaranması və kənd iqtisadiyyatının liberallaşması ölkənin iqtisadi sabitliyinin möhkəmlənməsində mühüm rol oynadı.

Heydər Əliyevin rəhbərliyi dövründə təhsil siyasəti dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi formalaşdırıldı. Onun yanaşması təhsili yalnız sosial sahə kimi deyil, milli inkişafın və dövlətçiliyin strateji resursu kimi qiymətləndirildi.

Heydər Əliyev təhsili milli təhlükəsizlik və inkişafın əsas amili kimi ön plana çəkdi. Bu dövrdə təhsil sisteminin yenidən qurulması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. 1990-cı illərin sonlarında təhsil sahəsində yeni qanunvericilik bazası yaradıldı. “Təhsil haqqında” qanun və digər normativ sənədlər təhsil sisteminin fəaliyyətini müasir tələblərə uyğun tənzimlədi.

Sovet ideologiyasına əsaslanan təhsil məzmunu dəyişdirilərək milli dəyərlərə və müstəqil dövlətçilik prinsiplərinə uyğunlaşdırıldı. Azərbaycan dili, tarixi və mədəniyyətinin tədrisinə xüsusi diqqət yetirildi.

Ali məktəblərin fəaliyyətində islahatlar aparıldı, qəbul sistemi şəffaflaşdırıldı və rəqabət mühiti gücləndirildi. Bu sahədə test üsulu ilə qəbul mexanizminin tətbiqi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadı.

Heydər Əliyev Azətbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına xüsusi önəm verdi. Xarici ölkələrlə təhsil sahəsində əməkdaşlıq genişləndirildi, tələbələrin xaricdə təhsil imkanları artırıldı. 

Heydər Əliyev dövründə təhsil siyasəti ümumilikdə dövlətin strateji prioritetlərindən biri olsa da, özəl təhsil sisteminin inkişafı bu siyasətin mühüm tərkib hissəsi kimi formalaşdı. 1990-cı illərin sonlarında qəbul olunan təhsil qanunvericiliyi özəl təhsil müəssisələrinin yaradılmasına hüquqi zəmin formalaşdırdı. Bu, ilk dəfə olaraq Azərbaycanda qeyri-dövlət təhsil sektorunun legitim fəaliyyətinə şərait yaratdı.

Özəl məktəb və universitetlərin yaranması dövlət təhsil müəssisələri üçün də rəqabət mühiti yaratdı. Bu isə ümumi təhsil keyfiyyətinin yüksəlməsinə təkan verdi. Özəl təhsil müəssisələri daha çevik idarəetmə və yeni metodların tətbiqi baxımından fərqlənirdi. Xarici dillərin tədrisi, beynəlxalq proqramların tətbiqi və müasir tədris üsulları bu sektorda daha sürətlə inkişaf etdi. Özəl təhsil sistemi vasitəsilə beynəlxalq təhsil modelləri Azərbaycana daxil oldu. Bu, ölkənin qlobal təhsil məkanına inteqrasiyasını sürətləndirdi.

Özəl təhsil sistemi Heydər Əliyevin təhsil siyasətində əsas prioritet kimi deyil, təhsil sahəsinin modernləşdirilməsi və bazar prinsiplərinə uyğunlaşdırılması strategiyasının vacib elementi kimi çıxış edirdi. Bu yanaşma nəticəsində Azərbaycanda çoxşaxəli, rəqabətli və inkişaf yönümlü təhsil mühiti formalaşdı...

Heydər Əliyevin adı Azərbaycan tarixində təkcə bir siyasi lider kimi deyil, həm də bir millətin taleyində dönüş yaradan simvolik bir şəxsiyyət kimi yer tutur. Onun fəaliyyəti dövlətçilik, milli kimlik və strateji inkişafın formalaşmasında dərin iz buraxmışdır.

Heydər Əliyevin adı müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən kritik mərhələsi ilə birbaşa bağlıdır. 1990-cı illərin əvvəlində mövcud olan siyasi xaos və dövlət böhranı şəraitində onun qayıdışı ölkənin parçalanma təhlükəsinin qarşısını aldı və sabit dövlət institutlarının yaranmasına şərait yaratdı. Bu baxımdan onun fəaliyyəti bir “dövlətin yenidən qurulması prosesi” kimi qiymətləndirilir.

Onun ideoloji xəttinin əsasını azərbaycançılıq təşkil edirdi.  Bu yanaşma milli birliyin, dilin, mədəniyyətin və tarixi yaddaşın qorunmasına xidmət etdi. Nəticədə Azərbaycan cəmiyyəti vahid milli kimlik ətrafında daha güclü şəkildə birləşdi.

Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dünya siyasətində müstəqil və balanslaşdırılmış mövqe qazandı. Bu, ölkənin beynəlxalq nüfuzunun artmasına və strateji tərəfdaşlıqların genişlənməsinə səbəb oldu.

Heydər Əliyev öz siyasi kursunu davam etdirən İlham Əliyev üçün sabitlik mərhələsinə keçmiş və inkişaf potensialı yüksək olan bir dövlət modeli formalaşdırmışdı. Azərbaycanı “sıfırdan qurulan dövlət” mərhələsindən çıxararaq sabitləşmiş və inkişaf üçün hazır platforma olan dövlət modelinə gətirmişdi. Bu mənada onun siyasi irsi, İlham Əliyevin rəhbərliyi ilə davam edən inkişaf prosesinin institusional və iqtisadi əsaslarını təşkil etdi.

İradə Sərdarova,

Filologiya üzrə fəlsəfə doktoru,

Dillər Universitetinin dosenti,

YAP Nəsimi rayon təşkilatının üzvü

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31