Vücudunun məzarından qalxan ruh
09.05.2026 [09:57]
Lev Tolstoyun “Dirilmə” romanı haqqında
Əlli yaşlarından sonra Tolstoyun düşüncəsində kəskin dönüş baş verdi, “Hərb və sülh”ün, “Anna Karenina”nın müəllifi həyata sevgisini, yaşamağın dadını, insana, insanlığa inamını itirməyə başladı. O vaxtacan ona dişi batmayan şeytan dünyanın ən kamil romanlarını qələmə almış, qalxdığı zirvədən həyata üstdən-aşağı baxan yazıçını şübhə toruna, qorxu tələsinə salıb təntitdi, ölüm xofu ölümə artıq qalib gəlmiş dahini qabağına qatıb əsir-yesir elədi.
Bu əhval sənətkarın yaradıcılığına da təsirsiz ötüşmədi, indiyə qədər yazdıqları, bütövlükdə bədii ədəbiyyat ona puç, mənasız göründü, qərara gəldi ki, bundan sonra ancaq dini-fəlsəfi risalələr, bir də olsa-olsa ibrətamiz hekayələr, uşaqlar üçün nəsihətamiz nağıllar yazsın. Doğrudur, onun ilham köhləni sahibinin bu qəribə qərarına tam da boyun əymədi, hərdən cilovunu qırıb yiyəsini yenidən dağa-daşa saldı, insan ayağı dəyməmiş çöllərdə dolaşdı, keçilməz gədiklərdən aşdı; di gəl, Tolstoy yaradıcılığındakı əvvəlki saf sevgidən, pak məhəbbətdən də əsər qalmadı, sevgi yerini günaha, məhəbbət həyəcanları yerini əzab çırpıntılarına, ilahi eşqin bəxtiyarlığı yerini şəhvətin şeytani vəsvəsəsinə verdi.
Qəribədir ki, bütün bunlar Dostoyevskinin ölümündən sonra baş verdi, elə bil, eyni səmtə getsə də üzünü heç vaxt görmədiyi ən doğma adamından sonra əmələ gəlmiş mənəvi boşluğu doldurmaq üçün Tolstoyun yaradıcılığında dostoyevskiləşmə prosesi işə düşdü, Lev Nikolayeviç özünə xas mövzulardan uzaqlaşıb, geriyə deməzdim, yana addım atdı, “Cinayət və cəza” temasına aludə oldu. Hətta mütaliəsində də dönüş yarandı, artıq gözündə dəyəri qalmamış dünya şöhrətli əsərlərini nəzərdən salıb, ahıl çağında bədii ədəbiyyat adına yalnız Dostoyevskini oxumağa, yalnız onun yaradıcılığından təsəlli almağa başladı. İndən belə Tolstoyun da əsərlərində əzabdan, işgəncədən, mazoxistik mərhəmətdən xali saf məhəbbətə, şəhvətə çevrilmə mexanizmi olmayan məsum sevgiyə, şeytana bulaşmamış duru könülə rast gəlinməyəcək, bundan sonra böyük yazıçı knyaz Andrey Bolkonskiyə, Anna Kareninaya bənzər obrazlar yarada bilməyəcək. İndi onun əsərləri eynən Dostoyevski yaradıcılığının yetkin mərhələsində yazılmış romanlar kimi İncil ehkamlarının sübuta yetirilməsinə həsr olunacaq (zatən ona qədər yazdıqları da dinə-imana söykənirdi, həm də heç bir dəlilə-sübuta ehtiyac duymadan, sadəcə, insan qəlbindəki latent inamı, istifadəsiz müqəddəs duyğuları işlək hala gətirməklə): “İvan İliçin ölümü”, “Kreyser sonatası”, “Sergi ata”, “Şeytan”, “Ağa və nökər”, “Saxta kupon”...
O dövrdə Tolstoyun qaynar gənclik şövqüylə, coşqun həyat eşqiylə yazdığı tək bir işıqlı əsər var - o da yetmiş yaşlarında qələmə aldığı, gün üzünə müəllifinin ölümündən sonra çıxarılmış “Hacı Murad” povestidir. Bu povest yazıçının otuz beş yaşında dərc elətdiyi “Kazaklar”la aşağı-yuxarı eyni illərdə özünü yazdırmalıydı, ancaq nədənsə dəstədən azıb müəllifin qocalığına güc-bəlayla yetişmişdi.
***
Həmin illərdə İsa Məsih təlimini yenidən dəyərləndirən yazıçı gərgin axtarışları nəticəsində belə qənaətə gəlmişdi ki, onun ölkəsində insanlar dindən-imandan tamam uzaq həyat sürürlər, rus cəmiyyəti İncilin sülhə, qardaşlığa çağıran buyruqları əsasında yox, Tövratın qisasa, savaşa səsləyən təcavüzkar əmrləri, ehkamları babında idarə olunur. Dövlət aparatı, ordu, polis, məhkəmə sistemi, dini institut Lev Nikolayeviçin gözündə şəri şərlə sağaltmağa, zorun qarşısını zorla almağa çalışan, hər addımda İncil təlimatlarının əleyhinə gedən azman bir iblisanə mexanizmə, şeytan çarxına çevrilmişdi. Bu məsələlərdə barışmaz mövqe tutduğuna görə çoxu onu radikal anarxizmə, nihilizmə, ateizmə yuvarlanmaqda, patriotizmə xor baxmaqda qınayırdı, iş o yerə çatmışdı ki, pravoslav kilsəsi onun çıxışlarını küfr, sapıqlıq kimi dəyərləndirib dünyanın ən qatı İsa divanəsini dindən kənar elan eləmişdi.
Dostoyevski, əlbəttə, onun kimi davranmazdı, özünü monarxa, kilsəyə qarşı qoymazdı, çarla da, mütləqiyyətin keşiyində duran məbədlə də yanaşı addımlayardı, onlarla rahat uzlaşıb asanca dil tapardı. Dini müharibələri də dəstəkləyərdi, necə ki, sağlığında dəstəkləmişdi; hətta bu məsələdə soyuq davrandığına görə sənətkarlığına heyran qaldığı Tolstoyu ideoloji laqeydliyi ucbatından qınamışdı da.
Yeri gəlmişkən, Tolstoyun təlimini, daha doğrusu, xristianlığın Tolstoy yozumunu günü bu gün də anarxizmə bənzədənlər var. Bu bənzətmədə gerçəkdən pay olsa da, məncə, tolstoyçuluğu anarxizmlə eyniləşdirmək olmaz: əvvəla, anarxistlər dövlət, cəmiyyət, ailə kimi institutlarla yanaşı hər cür dinə, ehkama da xor baxırlar, Tolstoy isə öz məbədini başdan-ayağa İncil ehkamlarının təməli üstündə dikəldib; ikincisi, anarxizm ifrat fərdiyyətçilik, eqoizm üzərində qurulub, Tolstoy isə yüzfaizlik altruizmə söykənən ideal toplum, başqaları uğrunda fədakarlığa müntəzir kamil fərdlərin könül qardaşlığı şəklində ilahi səltənət arzusundadır; üçüncüsü, anarxizmin ali məqsədi mütləq azad fərd, Tolstoyun idealı isə həmin azad fərdlərin qovuşduğu ruhani cəmiyyətdir, yəni Tolstoy anarxizmdən sonrakı mərhələdir, ondan bir baş yuxarıdır, aralarındakı fərq də Buddadan Məsihə qədərdir.
Eyni düşmənlə mübarizəyə qalxmaq eyni hədəfə can atmaq demək deyil. Hər üçü klassik dövlət quruluşunun varlığına son qoymağa çağırsa da, buna qarşı liberal bir, anarxist ayrı, idealist tamam başqa alternativ çıxarır.
***
“Dirilmə” romanı Tolstoy yaradıcılığının yekun mərhələsinin aparıcı əsəridir, bir növ həmin dövrün ədəbi xülasəsidir. Ona qədər uzun müddət iri əsər yazmayan yazıçı üçüncü-sonuncu romanını fasilələrlə on ilə başa gətirib, on doqquzuncu əsrin sonlarında - 1899-cu ilin dekabr ayında, yetmiş iki yaşına adladığı aralıqda tamamlamışdı. Əgər “Hərb və sülh” qəhrəmanlıq (müharibə) epopeyası tərzində, “Anna Karenina” məhəbbət (ailə) dastanı janrında qələmə alınmışdısa, “Dirilmə” əsəri sosial-siyasi roman qəlibindən çıxıb. Əlbəttə, üç romanın üçünün də ideyası, məzmunu xristianlığın ana qaynağı dörd İncildən bəhrələnməklə hansısa qəlibə oturdulub, yəni mövzular, süjetlər, fonlar, zamanlar fərqli olsa da, ideya, məram birdir: istər qanlı savaşlar olsun, istər çılğın ehtiraslar, istərsə də sosial ədalətsizlik, hamısının öhdəsindən gəlməyin bircə yolu var - mömin bəndənin timsalında ən yüksək dərəcəyə çatan mənəvi yetkinlik, Allaha saf inam sayəsində cücərən ümumbəşəri qardaşlıq duyğusunun barı-bəhəri kamil insanlıq.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30

