Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mövsümi xəstəliklərə yoluxma ARTIB

Mövsümi xəstəliklərə yoluxma ARTIB

27.10.2022 [12:03]

Qrip, risk faktorları və qorunma yolları...

Yeganə BAYRAMOVA

Son günlər mövsüm dəyişikliyi ilə əlaqədar insanlar arasında qrip və ya oxşar xəstəliklərə yoluxanların sayı xeyli artıb. Xəstəlik, əsasən, burun tutulması, boğaz ağrısı, baş ağrısı, qızdırma, halsızlıq və bu kimi simptomlarla özünü büruzə verir.

Qrip nədir?

Qrip, ya da tibbi adıyla “İnfluenza” hər il dünyada təxminən 3-5 milyon insana yoluxan, 250-500.000 insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir. Xəstəliyə səbəb olan influenza virusunun (H 3 N 2 ) quruluşu asanlıqla dəyişə bilir. Bu da virusun immun sistemimizə qaçmağına səbəb olur. Kiçik struktur dəyişikliklər, bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Hər 10-30 ildən bir ortaya çıxan böyük struktur dəyişiklikləri isə pandemiya dediyimiz, bütün dünyanı əhatə edən böyük yoluxmalara yol açır. Tarixdə bilinən ən böyük qrip yoluxmalarından biri Birinci Dünya Müharibəsi zamanında yayılan və müharibənin özündən daha çox ölümə səbəb olan 1918 İspaniya Qripidir.

Qripdə risk nədir? Kimlər risk altındadır?

Qrip hər yaşda olan insanlara yoluxa bilir. Ancaq xüsusilə hamilələr, yaşı 50-dən yuxarı olanlar, 5 yaşına çatmayanlar, ağciyər, ürək xəstəliyi olanlar, eləcə də böyrək, qaraciyər çatışmazlığı olanlar, xərçəng, diabet kimi xəstəliklər və ya orqan transplantasiyası olunan və ağır bədən çəkisinə sahib insanlar kimi immun sistemi zəif olanlar qripin təsirinə daha çox məruz qalırlar. Bu qrup xəstələr qripi daha ağır keçirir və qeyd edilən kateqoriyaya aid olan şəxslərin xəstələnməsi səbəbindən ölüm halları da baş verə bilər.

Yoluxmanın qarşısını necə almaq olar?

Qrip (influenza) virusu damlacıq yoluyla yoluxur. Öskürüb-asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yayılır. Bu səbəblə, qripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb-asqırarkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa, o zaman qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus toxunulan hər yerə yayılır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir. Qripin cəmiyyətdə yayılmaması üçün virusun ən çox yayıldığı xəstəliyin ilk günlərində məktəbə, işə getməyib evdə istirahət edilməlidir. Birgə yaşadığınız şəxslərin də yoluxmamaları üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız və burun tam qapanmalı, otaqlar isə tez-tez havalandırılmalıdır. 

Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də, risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Eyni zamanda bu şəxslərə qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümün səbəbi olan pnevmoniyadan qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

Qrip peyvəndi nə vaxt vurulmalıdır?

Qripə yoluxma halları, əsasən, oktyabr ayından başlayır. Dekabr ayından isə xəstələnənlərin sayı daha da artır. Aprel-may aylarında da yoluxmaya çox rast gəlinir. Ona görə də, qrip peyvəndi oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər.

Geyimin düzgün seçilməməsi

Həkim Şahvələd Məmmədovun “Yeni Azərbaycan”a açıqlamasına görə, bu cür xəstəliklər daha çox insanların iqlim şəraitinə uyğun geyim formasını düzgün seçməməsi ilə əlaqədar baş verir. Həkim bildirib ki, hava dəyişərkən orqanizmin üzərinə müdafiə reaksiyaları üçün çox ciddi bir yük düşdüyünü nəzərə almaq lazımdır: “Bu prosesi sağlam adamlar normal keçirə bilir, amma müxtəlif xroniki xəstəlikləri olan, immunitet sistemində problem olanlar mövsüm dəyişikliyinə hazır olmadıqları üçün müxtəlif problemlər yaşayırlar. Sovet dövründə buna kəskin respirator xəstəlik deyilirdi.

Kəskin respirator xəstəlik qripə bənzər bütün yuxarı tənəffüs yollarının xəstəliklərini özündə cəmləşdirir. Bu adı ona görə ümumiləşmiş qoymuşdular ki, bu, konkret bir xəstəlik deyil. Kəskin respirator xəstəlik o deməkdir ki, yuxarı tənəffüs yollarında normada 15-dən yuxarı infeksiya var. Onlar adi halda xəstəlik törətmirlər. Amma soyuqdəymə olduqda, müqavimət aşağı düşdükdə həmin mikroblar fəallaşır və yuxarı tənəffüs yollarının zökəm, burun axması, asqırma, boğazın şişməsi və s. qripəbənzər əlamətlərlə müşahidə olunan xəstlikləri baş verir”.

Həkim qeyd edib ki, bütün bu cür xəstəlikləri el arasında qrip adlandırırlar: “Amma əslində, bu, qrip deyil, müxtəlif mənşəli kəskin respirator xəstəliklərdir. Bu xəstəliklər soyuqdəymə xəstəlikləridir. İnsanlar bəzən bunu keçirirlər və ondan sonra müxtəlif ağırlaşmalar qalır. Qrip infeksiyası daha çox bu vaxtlar artır. Əslində, qrip virus infeksiyasıdır. Bu, karantin infeksiyalar qrupuna aiddir və Ümumdünya Səhiyyə Təşkilatının raportu ilə həmin infeksiyalar barədə əhaliyə məlumat verilir və epidemiyası ilə bağlı əhali mütləq məlumatlandırılır. Qalan hallarda isə, söhbət kəskin soyuqdəymələrdən gedir. Bu baxımdan, əhali bunu nəzərə almalıdır”.

Uşaqlar və qrip...

Davamlı isti havadan sonra temperaturun soyuması uşaqlar arasında da mövsümi xarakter daşıyan infeksiyaların yayılmasına şərait yaradır. Odur ki, payız və qış aylarında uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. Onun yayılmasına soyuq havalarla yanaşı, həm də uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması şərait yaradır. Məhz bu səbəbdən virus infeksiyalarına daha çox məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında rast gəlinir. Həmin infeksiyaların yayılmasına əsas səbəb kollektiv yerlərdə qripi törədən adeno, rino, rota, para qrip kimi yüzlərlə virusların olmasıdır. Qrip virusları hər yaş qrupundan olan uşaqlarda rast gəlinən və ağır fəsadlarla nəticələnə bilən xəstəliklərə aid edilir.

Pediatr Ramilə Əliyeva bildirib ki, uşaqlar arasında qripə yoluxma riski böyüklərə nisbətdə daha çoxdur. Uşaq orqanizminin daha həssas olması, immun sisteminin tam formalaşmaması, böyümə və inkişaf proseslərinin davam etməsi, maddələr mübadiləsinin sürətlə getməsi, orqan və toxumaların qan təchizatı ilə zənginliyi virusların və bakteriyaların inkişafına şərait yaradaraq uşaqlarda xəstələnmə riskini artırır.

Həkimin sözlərinə görə, uşaqlarda mövsümü qriplərin ümumi oxşar kliniki əlamətləri ilə yanaşı, törədicilərindən asılı olaraq fərdi xüsusiyyətləri də var: “Belə ki, ümumi qrip simptomları ilə yanaşı, rotavirus törədicisi qusma və ishalla, adenovirus zamanı konyuktivit, rinovirus tonzilit, sinusit kimi əlamətlərlə də özlərini büruzə verir. Qrip ilk növbədə ağırlaşmaları ilə təhlükəlidir. Həmin ağırlaşmalar sırasına pnevmoniya, meningit və ensefalit, miozit, otit, rinit, sinusit və bronxit aiddir. Premorbit fonu - raxit, hipotrafiya, anemiya və s. olan erkən yaşlı uşaqlarda və bronxial astma, revmatik qızdırma, ürək damar xəstəlikləri kimi xroniki xəstəlikləri olan uşaqlarda qripin fəsadlaşması erkən müşahidə edilərək daha qısa zamanda kəskin ağırlaşmalarla nəticələnə bilər”.

R.Əliyeva qeyd edib ki, qripi öz axarına buraxmaq, evdə müalicə etmək və ələlxüsus da xəstəliyin öz-özünə keçməyini gözləmək olmaz. Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür: “Hər bir valideyn uşaqlarda qripin əlamətlərinin olduğunu, hansı həkimə müraciət etməyi və profilaktik tədbirləri bilməlidir. Valideynlərlə daimi olaraq maarifləndirilmə işi aparılmalı, uşaqları fəsilə uyğun olaraq geyindirmələri, vitaminlərlə zəngin keyfiyyətli qida ilə qidalandırmaları, gigiyenik qaydalara riayət etmələri başa salınmalıdır. Tətbiq olunan müalicə patogenetik və simptomatik olmalıdır. Medikamentoz müalicə mütləq həkimin göstərişinə uyğun aparılmalıdır. Özünümüalicə ağır fəsadlara yol aça bilər”.

Virusla əlaqəni tamamilə kəsməyin mümkünsüz olduğunu bildirən pediatr kütləvi toplanma yerlərindən uzaq olmağı məsləhət görüb: “Virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır. Bu səbəbdən uşaqların həmin mühitə getməsi virusun sürətlə yayılmasına səbəb olur. Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə, bağçaya göndərilməsin. Profilaktik tədbirlər kimi uşağın təcrid olunması yoluxma ehtimalının azaldılmasına səbəb ola bilər. Bu zaman mümkün qədər uşaqların immun sisteminin möhkəmləndirilməsinə, xüsusən də qidalanmasına fikir verilməlidir”.

R.Əliyeva bildirib  ki, qrip zamanı əlavə qoruyucu tədbirlərə ehtiyac var. Buraya virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otağın havalandırılması, əllərin tez-tez yuyulması, antiseptik yuyucu vasitələrlə otaqların müntəzəm təmizlənməsi aiddir: “Bununla yanaşı, qripə qarşı immunizasiya prosesi mövsümü qrip başlamazdan əvvəl aparılmalıdır. Vaksinlərlə immunizasiya infeksiyanın yayılmasından öncə aparılmalıdır ki, xəstəliyin epidemik yayılma dövrünə qədər vətəndaşlarda yeridilmiş preparata qarşı immun cavab formalaşsın. Peyvənd vurulmuş şəxsin bədənində anticisimlər 12-15 gündən sonra aşkarlanır. Qrip virusu praktik olaraq hər il mutasiya etdiyi üçün ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər uşaq cari mövsümdə qripə yoluxubsa, bu, o demək deyil ki, virusun başqa ştamı ilə qarşılaşsa, vəziyyət bir də təkrarlanmayacaq. Ona görə də qrip əleyhinə peyvəndləməni hər il aparmaq lazım gəlir. Hər mövsüm üçün qrip peyvəndi istehsal olunur, bunlara Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən proqnozlaşdırılan qripin faktiki ştamları daxildir”.

Həkim diqqətə çatdırıb ki, mövsüm dəyişikliyi uşaqlarda həm də allergik xəstəliklər üçün trigger faktoru olaraq xəstəliklərin kəskinləşməsinə təkan vermiş olur: “Belə ki, allergik xəstəliklər ilin bütün fəsillərində olmasına baxmayaraq, bəzi allergiyalar mövsümi xarakter daşıyır. Allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər. Uşaqların sağlamlığına diqqət etmək, qrip və respirator virus infeksiyalarının profilaktikası üçün tövsiyələri həyata keçirmək sağlamlığı qorumağa və uşaqların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir”.

Paylaş:
Baxılıb: 940 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31