Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azad Füzuli: quruculuq əzminin parlaq nümunəsi

Azad Füzuli: quruculuq əzminin parlaq nümunəsi

16.10.2026 [13:26]

Meydanəli Yolçiyev

​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

17 oktyabr Azərbaycan tarixində şanlı Zəfərin təcəssümü olan əlamətdar günlərdən biridir. Füzuli şəhərinin işğaldan azad edildiyi bu tarix xalqımızın əzmini, Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin qətiyyətini nümayiş etdirir. Bu gün Füzuli yalnız hərbi Qələbənin rəmzi deyil, həm də işğaldan azad edilmiş ərazilərdə quruculuğun, dirçəlişin və doğma yurda qayıdışın parlaq nümunəsidir.

Füzulinin müasir tarixində ən ağrılı səhifələrdən biri 1993-cü il avqustun 23-də şəhərin və rayonun böyük hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı oldu. İşğal illərində bölgənin yaşayış məntəqələri dağıdıldı, tarixi və dini abidələrə ciddi ziyan vuruldu, minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qaldı. Rayon sakinləri müharibənin ağır nəticələri ilə üzləşdi, yüzlərlə insan şəhid oldu, əsir və itkin düşdü. Bütün bu çətinliklərə baxmayaraq, füzulililərin doğma torpağa qayıtmaq ümidi heç vaxt sönmədi.

2020-ci ildə başlanan Vətən müharibəsi Füzulinin taleyində yeni mərhələnin başlanğıcıdır. Azərbaycan Ordusunun peşəkarlığı, qəhrəmanlığı və yüksək döyüş qabiliyyəti sayəsində düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamları yarıldı. Oktyabrın 17-də Füzuli şəhəri və bir sıra kəndlər işğaldan azad edildi. Ümumilikdə, Vətən müharibəsi zamanı rayonun 62 yaşayış məntəqəsi azadlığına qovuşdu. Bu Qələbə Azərbaycanın hərbi gücünü nümayiş etdirməklə yanaşı, Qarabağda yeni həyatın başlanmasına yol açdı.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyənləşdirildi. Bu tarix hər il qəhrəman əsgər və zabitlərimizin fədakarlığını ehtiramla anmaq, milli birliyimizi və tarixi yaddaşımızı yaşatmaq baxımından xüsusi məna daşıyır. “Füzulinin azad olunmasına görə” medalının təsis edilməsi və döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçuların təltif olunması da bu qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindəndir.

Bu gün Füzulidə əsas diqqət dağıdılmış ərazilərin bərpasına, müasir infrastrukturun qurulmasına və əhalinin doğma yurda qayıdışına yönəlib. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında genişmiqyaslı quruculuq işləri aparılır. Avtomobil yollarının, enerji və su təsərrüfatı obyektlərinin yenidən qurulması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarını genişləndirib, iqtisadi və sosial həyatın canlanması üçün əlverişli şərait yaradıb.

Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin Füzuliyə köçürülməsi də ardıcıl şəkildə davam edir. 2023-cü ilin avqustunda başlanan bu proses doğma yurdda yeni həyatın qurulmasının əsas göstəricilərindəndir. 2026-cı il oktyabrın 1-dək şəhərə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Hər yeni ailənin öz evinə qayıtması onilliklər boyu davam edən həsrətin sona çatması və şəhərin əvvəlki həyat ritminə qovuşması deməkdir.

Füzulinin dirçəlişi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin də bariz nümunəsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına orta məktəbin inşa edilməsi iki qardaş xalq arasında dostluq və həmrəyliyin ifadəsidir. 2024-cü il martın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Bu layihələr Füzulinin bərpasına töhfə verməklə yanaşı, türk dünyasının qarşılıqlı dəstək ənənələrini də möhkəmləndirir. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Füzulidə minatəmizləmə tədbirlərinin davam etdirilməsi, insanların təhlükəsizliyinin təmin olunması və ərazilərin təsərrüfat dövriyyəsinə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir.

17 oktyabr – Füzuli şəhəri günü xalqımızın mübarizə əzmini, dövlətimizin gücünü və azad edilmiş torpaqlarda qurulan yeni həyatın uğurlarını özündə birləşdirir. Vaxtilə dağıntılarla üz-üzə qalan Füzuli bu gün müasir şəhərsalma layihələri, yenilənən infrastrukturu, məktəbləri və qayıdan sakinləri ilə gələcəyə doğru irəliləyir. Füzulinin dirçəlişi bir daha nümayiş etdirir ki, Azərbaycan üçün Zəfər azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, tarixi ədalətin bərpası və gələcək nəsillərə abad, firavan yurdun miras qoyulması ilə özünün əsl mahiyyətini tapır.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31