Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Erməni Yefrem İrana necə “xan” oldu?

Erməni Yefrem İrana necə “xan” oldu?

11.11.2022 [10:41]

Böyük Sabirin də adını çəkdiyi Yefrem

Davtyan Səttar xanı necə satıb...

İranın “erməni sevgisi” yeni bir hal deyil. Elə ermənilərin də İranın əli ilə etdikləri az deyil. Səbəb isə... Məqsədləri, hədəfləri bir nöqtədə uzlaşır - Azərbaycana və azərbaycanlılara qarşı nifrət, kin, ədavət...

Bu amil bizim ədəbiyyatımızda da öz əksini tapıb. Məsələn, böyük Mirzə Ələkbər Sabirin “Nədir, ayə, yenə üsyanları iranlıların” şerində bir bənd diqqəti cəlb edir:

Bundan əvvəl bu gözəl ölkədə canlar var idi,

Yaxşı-yaxşı qocalar, adlı cəvanlar var idi,

Şahı haq zilli bilən sevgili xanlar var idi,

İndi Yefremlər olub xanları iranlıların,

Dərhəqiqət pis imiş qanları iranlıların!

Kimdir böyük Sabirin şerində yer alan “Yefrem xan”? Bu sualın cavabını tapmaq üçün kiçik bir araşdırma apardıq...

Xəyanətin mayası...

Yefrem Davtyan (1868-1912) əslən Azərbaycan ermənisi idi. Yelizavetpol quberniyasının Barsum kəndində doğulmuşdu. Gənc yaşlarında tez-tez İrana müəmmalı səfərlər edən Davtyan buradakı erməni lobbisi ilə yaxın əlaqələr qurmuşdu.

1880-ci illərin sonunda Yeprem erməni lobbisinin qərarı ilə Türkiyə sərhədinə köçdü və burada özünə quldur dəstəsi təşkil edərək Osmanlı imperiyasının Muş, Sasun və Van ərazilərinə xain basqınlar təşkil etdi. 1890-cı ilin sentyabrında isə Yefrem ələ keçdi. Sarqis Kukunyan adlı quldurun hazırladığı əməliyyat planının uğursuzluğu nəticəsində Davtyanın dəstəsi, o cümlədən özü Qars bölgəsində kazak patrulu tərəfindən həbs edildi.

1892-ci ildə Osmanlı sultanının tələbi ilə Saxalinə sürgün edilən Yefrem oradan erməni qruplaşmalarının köməyi ilə qaça bildi. 1896-cı ilin payızında Bakıya gələrək oradan Təbrizə getdi. Həmin vaxt artıq onun başçılığı altında Osmanlıya qarşı quldur basqınları təşkil edən dəstənin də bir çox üzvü İranda məskunlaşmışdı.

Mirzə Melkum xanın “himayəsi” - İranda erməni nüfuzunu artırmaq planı

Yefrem Davtyanın “İran macərası” isə daha rəngarəng olur. Belə ki, bütün situasiyalarda özünün xeyrini güdmək üçün fürsət axtaran erməni məkri burada da özünü göstərir. 1897-ci ilin iyulun 24-də Yefrem “Vardan” ləqəbli Qarabağ ermənisi Sarkis Mehrabyanın quldur dəstəsinin tərkibində qanunsuz olaraq sərhədi keçir və Türkiyənin Xanəsor vadisinə - kürd məzrik tayfasının yaşadığı ünvana hücum təşkil edirlər. Bu tayfanın başçısı Osmanlı “Həmidiyyə” Süvari Alayının polkovniki Şərif bəy idi. Vardanın əmri ilə Məzrik tayfasına qarşı böyük qətliam həyata keçirilir, tayfanın bütün kişi üzvləri öldürülür. Yefrem Davtyan bu qətliamda xüsusi fəallığı ilə seçilir. Beləliklə, Yefrem Davtyan İrandakı erməni lobbisinin tanınmış bir üzvünə çevrilir. Həmin dövrün “Rusiyanın səhəri” qəzetinin yazdığına görə, Davtyan bir müddət Ənzəli-Tehran dəmir yolunda işləyir. O, İranda yaşayan erməni lobbisinin tanınmış üzvü Mirzə Melkom xanın (etnik erməni, əsl adı Ovsep Melkumyan) pərəstişkarı kimi onunla da əlaqələr yaradır. “Böyük Ermənistan” ideyasının mühüm təbliğatçılarından olan Mirzə Melkum xan ermənilərin regiona yerləşdirilməsi üçün mühüm işlər görürdü. Yefrem Davtyan isə onun siyasi fikirlərini bölüşürdü. Məhz Mirzə Melkum xanın “tövsiyəsi” ilə 1905-ci ildə İran Məşrutə Hərəkatına qoşulan Yefrem Rəşt və Təbrizdə Daşnaksütyun partiyasının şöbələrini də təsis edir. Birinci Dünya Müharibəsi illərində Rusiya Ordusunun 1-ci Erməni Könüllü Alayının 1-ci rotasının gələcək komandiri Maxluto Smbat Boroyan Yefremin “yetirmələrindən” idi. 1906-1907-ci illərdə Yefrem Rəşt Erməni Kollecinin Qəyyumlar Şurasının üzvü seçilir. O, Rəştin “erməniləşdirilməsi” üçün əlindən gələni əsirgəmirdi. Hətta gizli sui-qəsdçi dəstəsi də bu işdə ona yardım edirdi. Belə ki, əslən azərbaycanlı olan tanınmış siyasi xadimlərə məhz Davtyanın əli ilə sui-qəsdlər təşkil edilirdi.

Xain planın Ənzəli ştrixləri - erməni məkri Səttar xanı da aldatdı

1908-ci ilin oktyabrında Yefrem Ənzəli şəhərində “Paylak” erməni Komitəsini yaratdı. O, bu xətlə Qafqazdan bu limana sursatların çatdırılmasını təşkil edirdi. Bu yolla isə yüzlərlə erməninin İrana keçməsinə şərait yaratmışdı. Tezliklə Yefrem Ənzəli limanının meriyası üzərinə Ermənistan İnqilabi Federasiyasının bayrağını qaldırdı. 1909-cu ilin fevralında isə Yefrem Rəşt şəhərinin inqilab komitəsinin sədri seçildi. Rəştdə böyük erməni qruplaşması yaradan Yefrem Davtyan Məşrutə inqilabı başlanan zaman Təbrizə gəlib Səttar xana qoşulur, tezliklə onun etimadını qazanır. Məşrutəçilər sırasında Məhəmmədəli şahın qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak edir. Rəştdə və İranın bir sıra yerlərində Səttarxan tərəfdarlarını öz sıralarında birləşdirən “Səttar komitəsi” adlı qurumun yaradılmasında fəallıq göstərir. Təbii ki, onun bu işdə də özünün xüsusi marağı vardı. “Səttar komitəsi”nə erməniləri cəlb edən Yefrem burada özünün nüfuzunu qaldırır. Amma o nə Bağır xan, nə də Səttarxan kimi tarixi şəxsiyyətə çevrilə bilmir. Buna onun erməni məkri imkan vermir... Bu haqda bir az sonra...

Tehran polisinin yeni rəisi Yefrem xan inqilabçılara divan tutur

21 may 1912-ci ildə “Rusiyanın səhəri” qəzeti yazırdı; “Qəzvin 21 aprel

1909-cu ildə alındı. 1909-cu il iyulun əvvəllərində Yefrem xanın başçılıq etdiyi fədailər Tehran ətrafına çatdı və cənubdan yaxınlaşan bəxtiyari milisləri ilə birləşdi. Fars kazak briqadası ilə ikigünlük döyüşdən sonra 1909-cu il iyulun 13-də fədailər və bəxtiyarilər paytaxt Tehrana daxil oldular. Məhəmmədəli Şah Qacar taxtdan salındı. Fövqəladə Ali Şura onun 14 yaşlı oğlunu taxt-taca oturtdu və 30 iyul 1909-cu ildə Yefrem xan Tehran polisinin rəisi təyin edildi. Məhəmmədəli şah Rusiyaya mühacirət edib Odessada məskunlaşdı”.

Beləliklə, 1909-cu ilin noyabrında II çağırış Məclis öz işinə başladı. Məclis artıq xan titulu almış Yefremi Tehran polisinin rəisi vəzifəsinə təsdiqləyir. Yefrem isə özünün məkrli planını bu dəfə “polis rəisi” çətiri altında həyata keçirməyə başlayır. İslahat adı altında ermənilər Tehran polisinə yerləşdirilir. Ardından isə Məşrutə İnqilabında iştirak edən, başqa sözlə, “Yefremi xan edən” azərbaycanlılara qarşı repressiyalara start verilir - erməni Yefrem həyatını bütövlükdə azərbaycanlılara qarşı “mübarizəyə” həsr edir.

Erməni xəyanəti yenidən iş başında - Yefrem Səttar xana qarşı

Yefrem mövqelərini möhkəmləndirərək Tehranın polis rəisi olandan sonra Səttar xanın əleyhdarlarından birinə çevrilir. 1909-cu ildə Səttar xan və Bağır xanın başçılığı ilə Tehrandakı Təbriz mücahidləri hakimiyyəti xalqın zərərinə çıxarılacaq qərarlardan çəkindirmək üçün silahlarını təhvil verməkdən boyun qaçıranda İkinci İran məclisi onların tərksilah olunmasını Yefrem xana həvalə edir. Üç min nəfərlik hökumət qoşunu ilə Səttar xanın düşərgə saldığı Atabəy parkını mühasirəyə alan Yefrem İran əhalisinin “Sərdari-milli” adlandırdığı milli hərəkat başçısından təslim olmağı tələb edir. Rədd cavabı aldıqdan sonra bir neçə top və onlarla pulemyotdan Atabəy parkını atəşə tutmaq əmrini verir. İran mənbələrinin məlumatına görə, dörd saat davam edən atışma nəticəsində mücahidlərdən 300 nəfər həlak olur, Səttar xan özü isə ayağından ağır yaralanır. “Sərdari-milli” və tərəfdarları vəziyyətin çıxılmazlığını gördükdən sonra silahı yerə qoymaq qərarına gəlirlər. Həyatının sonrakı illərini ev dustağı kimi yaşayan Səttar xan aldığı həmin yaradan da vəfat edir. Beləliklə, Yefrem sonralar soydaşları tərəfindən Şimali Azərbaycanda da həyata keçirilən azərbaycanlılara qarşı soyqırımı siyasətinin öncüllərindən biri kimi “tarixə düşür”. Məhz Yefremin türk düşmənçiliyini nəzərdə tutan Sabir onu özlərinə “xan” yapan iranlıların korafəhmliyindən və nadanlığından ürək ağrısı ilə söz açmışdı.

Yefrem İrana da xəyanət edir

21 may 1912-ci ildə “Rusiyanın səhəri” qəzeti yazırdı: “1910-cu ildə Yefrem xan İranda bütün polis qüvvələrinə rəhbərlik edirdi. Bir sıra ordu birləşmələri də onun tabeliyinə keçmişdi. Ümumilikdə, o, 60 döyüşə rəhbərlik etdi. İran müvəqqəti hökuməti ona sərdar (marşal) rütbəsi verdi. Onun ordusunun əsgərlərinin əksəriyyəti ermənilərdən ibarət idi”.

Amma qanı, canı xəyanətdən yoğrulmuş Yefrem İrana qarşı da satqınlıq yolunu seçir. Yefremin şah rejiminə qarşı “mübarizədəki” fəaliyyəti çar Rusiyası  üçün də faydalı olur - bu, İrana qoşun yeridilməsi və sonradan ölkənin Rusiya və Böyük Britaniyanın təsir dairələrinə bölünməsi üçün bəhanə yaradır. Daşnaksütyun partiyası isə bundan çox narahat idi. Qərb Bürosu dərhal İrandakı partiya komitəsinə müvafiq göstərişlər göndərir. Yefrem onları Rusiya paytaxtından gələn “göstərişlərə” əməl etdiyinə inandırmağa çalışsa da, buna nail ola bilmir - partiya Yefremin rusiyapərəst mövqeyini yenidən nəzərdən keçirmək qərarına gəlir. Güman edilirdi ki, Qərb bürosu Yefremin Həmədan üzərinə irəliləməsinə qəti şəkildə qarşı çıxır. Elə Həmədan səfəri də onun sonunu gətirir - Yefrem Davtyan 1912-ci il mayın 6-da Həmədan şəhərinə yaxın Suridzə kəndi ərazisində Qacar tərəfdarı olan kürd dəstəsi ilə döyüşdə öldürülür.

Xaos “qəhrəmanı”, yoxsa satqınlıq simvolu?

İstər farslar, istərsə də ermənilər indinin özündə də xaos və anarxiya dövrünün “xadimlərindən” olan Yefremi milli qəhrəman sayırlar. Erməni şairi Avetik İsaakyan hələ “xalqlar dostluğunun” rəsmi siyasi doktrina sayıldığı sovet dövründə İranda yaranmış dərəbəylik və hakimiyyətsizlikdən istifadə edərək üzvü olduğu Daşnak partiyasının məkrli niyyətlərini həyata keçirmək istəyən soydaşına mədhiyyə yağdıraraq yazırdı: “Şah Abbasların və Ağa Məhəmməd xanların atlarının dırnaqları altında Ermənistan xarabazarlığa dönmüşdü. Yefrem və onun cəsur döyüşçüləri isə Şah Abbasların məzar torpaqlarını öz atlarının nalları altında kül kimi havaya sovuraraq, sülhün, qardaşlığın və bərabərliyin bərpasına səy göstərmişdilər”.

S.T.Stepanyanın 2005-ci ildə Sankt-Peterburqda nəşr olunan “Artsax-Qarabağ ensiklopediyası” kitabında isə Yefrem Davtyan Qarabağ ermənilərinin “milli qəhrəmanları” siyahısına daxil edilib.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31