Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tənhalıqdan qurtuluş

Tənhalıqdan qurtuluş

20.01.2026 [09:31]

Orxan Pamukun “Qara kitab” romanı haqqında

əvvəli ötən sayımızda

Əslində, Qalibin soraqladığı Röyadan çox Cəlaldır, ona elə gəlir ki, Cəlalın sirrinə varsa, Röyanı da tapacaq, çünki Cəlal haradadırsa, Röya da mütləq oradadır. Başqa sözlə, hədəf Cəlalın kimliyinə bürünüb Cəlala çevrilmək, dünyaya Cəlal Salikin gözüylə baxmaqdır; Röya isə, adından (yuxu, arzu, xəyal) göründüyü kimi, bu yolda onun ilham pərisidir.

***

Əsərdə həm detektiv, fantastik, həm məhəbbət, həm tarixi-fəlsəfi, həm də sosial-siyasi roman elementlərinə bolluca rast gəlinsə də, zənnimcə, “Qara kitab” ilk növbədə səyahət, macəra romanı qəlibində yazılıb. Bunu deyəndə yalnız İstanbulun bugününə, keçmişinə səyahəti nəzərdə tutmuram - bunlar məsələnin görünən tərəfidir; söhbət Qalibin əvvəlcə öz ömrünə, oradan yola çıxmaqla Cəlalın həyatına səyahətindən, o səyahətdə başına gələn macəralardan gedir. Qalib öz səfərində gerçək İstanbuldan çox xəyalındakı sirli-sehirli, bir az sevimli, bir az qorxulu, bir az fantastik, bir az melanxolik İstanbulun küçələrini dolaşır. Bu səyahətdə ona Cəlalın yazıları bələdçilik eləyir. Qalib İstanbulun dərinliklərinə daldıqca Cəlalın da ömrünün içərilərinə doğru irəliləyir, İstanbula səyahətlə Cəlalın ömrünə səyahət sinxron qaydada baş verir.

İstanbul bu romanda sadəcə məkan, yalnızca fon deyil; İstanbul “Qara kitab”ın əsas qəhrəmanlarından biri, bəlkə də birincisidir. Şərqlə Qərbin qovuşuğunda yerləşən qədim, möhtəşəm şəhər bu kitabda canlı orqanizm kimi nəfəs alır, işarələrlə danışır, xəyala dalır, düşünür, xatırlayır. Qalibin gözüylə baxsaq, qəhrəmanların uşaqlığının keçdiyi Şəhriqəlb apartmanı deyilən nəsil evi - İstanbulun beşiyi, ayrı-ayrı zamanlardan, cürbəcür dəblərdən xatirə qalmış məişət əşyalarının bir-birinə qarışıb dolaşdığı Ələddinin dükanı - şəhərin qara (yaddaş) qutusu, Bədii Ustanın manekenlərini saxladığı zirzəmi, yaxud dərdli ziyarətçilərin öz sevgi qəziyyələrini söylədiyi gecə pavilyonu - şəhərin qaynar gündüz həyatından, işıqlı, aydın rasional zonasından sıxışdırılıb çıxarılmış şüuraltısı, Bosfor boğazının dibi isə İstanbul adlı mürəkkəb orqanizmin heç bir ağıla, məntiqə tabe olmayan şüursuzluq zonası, minillik cəhənnəmidir. Yazıçı personajının gözüylə İstanbulu qədim əlyazmasıtək, sirli kitabtək oxuyur, şəhəri gizli mətn kimi qat-qat açıb sətir-sətir çözür. Orxan Pamuk yaradıcılığına dərindən bələd olan şair-ədəbiyyatşünas Qismət Rüstəmov “Qara kitab” haqqında danışdığı müsahibəsində bu məsələlərə belə aydınlıq gətirir: “Pamukun əsərində Qalibdən daha çox əsas obraz İstanbuldur, çünki biz romanda Qalibdən də çox İstanbulun müxtəlif hallarıyla tanış oluruq, bütün roman boyu adamların ruhi vəziyyətini, qərarlarını İstanbul müəyyənləşdirir... Bədii Ustanın düzəltdiyi manekenləri görmək üçün yer altına enmək - cəhənnəmin, Süleymaniyyə məscidinin minarəsinə qalxmaq - cənnətin analogiyasıdır”.

Romanın “Boğazın suları çəkildiyi zaman” adlı ikinci fəslində (Cəlal Salikin köşə yazısında) Bosforun suyunun quruması, yerində nəhəng bir çuxurun qalması kimi fantastik mənzərə təsvir olunur. O çuxur İstanbul tarixinin cəhənnəmi, sivilizasiyanın batırdığı qaranlıq yaddaşıdır. Boğazın suyu çəkiləndə təhtəlşüurun o nəhəng saxlancından həm Bizans epoxasına, həm Osmanlı dövrünə, həm də cümhuriyyət tarixinə dair cürbəcür artefaktlar, əşyayi-dəlillər üzə çıxır, şəhərin gizli tarixi faş olur, bir-birinə sarmaşıb-dolaşıb yaşını, sayğınlığını itirmiş cinayətkar zamanların, arsız, günahkar əməllərin üstü açılır. O zamansız, dibsiz təhtəlşüurda Bizans-Osmanlı savaşı, xanədanlıq-cümhuriyyət qovğası yoxdur, bunlar sivil, mədəni dünyaya aid fərqlərdir. Həm də təkcə fərqlər yox, sivilizasiyanı mərhələdən-mərhələyə adladan alabəzək örtüklər, millətləri, adətləri, inancları bir araya gətirən mədəniyyət qovuşaqlarıdır.

***

Eynən İstanbulun özü kimi “Qara kitab” da Şərqlə Qərbin kəsişdiyi, qovuşduğu məqamda qərar tutub. Romanda həm Şərq, həm də Qərb ədəbiyyatına, incəsənətinə, tarixinə saysız-hesabsız göndərmə, istinad var. Əsər özünəməxsus bir mədəniyyət ensiklopediyasıdır, bu kitabı oxuyub anlamaq üçün çoxlu müəllifdən, çoxlu da kitabdan xəbərdar olmalısan. Romanın Şərq qaynaqları arasında ən çox Fəridəddin Əttar, Mövlana Cəlaləddin Rumi, Şeyx Qalib, eləcə də Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin timsalında hürufilik təriqətinin, Qərb qaynaqları arasında Aligyeri Dante, Edqar Po, Fyodor Dostoyevski, Marsel Prust, Ceyms Coys, Xorxe Borxesin adı çəkilir, ayrı-ayrı məqamlar, epizodlar bu klassiklərin yaradıcılığıyla dialoq, yaxud da onlardan təsirlənmək kimi yozulur.

Zatən Orxan Pamukun ən böyük ustalığı da elə bu cür unikal calağa, sintezə nail olmasındadır, yoxsa onun romanlarının nə dili, nə üslubu, nə də forması Avropanı təəccübləndirə bilərdi - qoca qitə ona qədər belə yaradıcı hoqqaları çox görmüşdü. Pamukun dünya miqyasında uğur qazanmasının başlıca sirri onun Şərq-müsəlman mistik poeziyasının, klassik sufi ədəbiyyatının fəlsəfi məzmununu modern Qərb romanının qiyafəsinə büküb Şərqlə Qərbin misilsiz bir calağını yarada bilməsindədir - eynən İstanbulun özü misalı “Qara kitab” da xristian sivilizasiyasıyla müsəlman sivilizasiyasının sintezindən yaranmış möhtəşəm mədəniyyət abidəsidir.

Qərb ədəbiyyatının damarına Şərq kodları yeritmək kimi bir incəsənət proseduru ilk dəfə yerinə yetirilməsə də, Pamukun bəxti bir də onda gətirdi ki, onun apardığı əməliyyat Avropa romançılığının ideya-məzmun sarıdan qıtlıq çəkdiyi, mənəvi-ruhani böhran keçirdiyi bir çağa düşdü. Acgöz burjua mühitində saxta etiketlərlə, riyakar kübar qaydalarla, snobizm ədalarıyla tərbiyələnmiş insanlara klassik eşq düsturu, qədim məhəbbət formulu əsasında hazırlanmış sevgi iksirinin, ilahi meyin resepti, əlbəttə, maraqlı gəldi - şair demiş, insan hər yerdə insandır, bu səbəbdən də hər yerdə, hər zaman saf ünsiyyətə, təmənnasız dostluğa, fədakar eşqə susaya bilər.

Orxan Pamuk bu boşluğu vaxtında duydu, çünki özü də ilk növbədə Avropa adamıydı, Qərb mədəniyyətinin təsiri altında böyümüşdü, Şərq mədəniyyətinə də elə Qərbdən baxırdı. Sufi ədəbiyyatını nisbətən gec kəşf eləmişdi, bir müsahibəsində boynuna alırdı ki, Mövlananın “Məsnəvi”sindəki pritçaları oxuyanda çox təəccüblənib: bu pritçalar necə də Borxesin hekayələrinə bənzəyirmiş! Halbuki Şərq adamı ayrı cür deyərdi; Şərq adamı Borxesin pritçalarını oxuyanda təəccüblənərdi ki, bunlar necə də sufilərin hekayətlərinə bənzəyir.

davamı növbəti sayımızda

F.UĞURLU

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31