Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yüksəksəviyyəli münasibətlərin yeni səhifəsi

Yüksəksəviyyəli münasibətlərin yeni səhifəsi

04.02.2026 [11:15]

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığın yeni gündəliyini müəyyənləşdirir

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri ölkələrimiz arasında yüksəksəviyyəli iqtisadi münasibətlərin inkişafına töhfə verməklə müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanların əsasını qoyub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüş zamanı vurğulandığı kimi Azərbaycan-BƏƏ ikitərəfli əlaqələri strateji tərəfdaşlığa əsaslanır, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişaf edir. BƏƏ-nin dünya miqyaslı nəhəng korporosiayaları Azərbaycanda uğurla fəaliyyət göstərir.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələri ilə yanaşı, qeyri-neft sektorunun bütün istiqamətlərini də əhatə etməkdədir. Bu ölkənin nəhəng investoru  “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya 2 il əvvəl istifadəyə verilib. “Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Xəzərdə yeni neft anlaşması

Səfər çərçivəsində Azərbaycan və BƏƏ Prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənədin imzalanması isə enerji tərəfdaşlığının yeni nüminəsi hesab edilə bilər.

Qeyd edək ki, BƏƏ şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında da əlaqələr intensiv xarakter alıb. Ötən ilin noyabrında SOCAR ilə BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm daşıyır. Dünya neft-qaz sənayesində tanınmış korporasiyalardan olan “Dragon Oil” Xəzər dənizində də istismar fəaliyyəti sahəsində təcrübə qazanıb. Xəzərin Türkmənistan sektorundakı 19-cu blokda neft-qaz quyusunda kəşfiyyat işləri apardıqdan sonra gündəlik 20 min barel neft hasil etmək üçün yatağın sınaq mərhələsində çalışan ərəb şirkəti “Türkmennebit” konserni ilə sıx əməkdaşlıq qurub. “Türkmennebit” və “Dragon Oil” arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, BƏƏ şirkəti “Çələkən” bloku yaxınlığında üç perspektivli yatağın işlənməsində ilk işlərə başlayıb. Bu baxımdan, “Dragon Oil”in Xəzər dənizində neft-qaz hasilatındakı təcrübəsi SOCAR-la əməkdaşlıq üçün də əhəmiyyət daşıyır.

SOCAR və BƏƏ-nin “Crescent Petroleum” şirkəti arasında da enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq nəzərdə tutulur. Həmçinin, Dövlət Neft Şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkəti arasında neft və neft-kimya məhsullarının logistikası üzrə əməkdaşlıq perspektivləri diqqətdə saxlanılır.

SOCAR BƏƏ şirkətləri ilə əməkdaşlığı artırır

SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında da sıx münasibətlər mövcuddur. Bir müddət əvvəl tərəflər kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.  “ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah isə vurğulayıb ki, son dövrlərdə BƏƏ ilə intensivləşən iqtisadi münasibətlər fonunda enerji infrastrukturu, “yaşıl enerji”, investisiyalar, ağıllı texnologiyalar, mədən sənayesi və digər sahələrdə birgə əməkdaşlıq və qarşılıqlı investisiyaların cəlb edilməsi daha da aktual mövzuya çevrilib.

Ərəb şirkətlərinin SOCAR və Energetika Nazirliyi ilə daha da möhkəmlənən əlaqələrində yeni enerji və hidrogen emalı, “yaşıl enerji” istehsalı məsələləri ön planda dayanır və praktiki addımlar atılmaqdadır. 

Ərəb şirkəti ölkəmizdə “ağıllı qaz” modelini quracaq

SOCAR-ın BƏƏ şirkətləri ilə əlaqələrinin digər istiqaməti metan qazının və qalıq yanacağın həcmlərinin azaldılması, bərpaolunan enerji və “ağıllı qaz” texnologiyalarının tətbiqi və digər sahələri nəzərdə tutur. Bir neçə ay əvvəl əldə edilmiş razılığa əsasən,  BƏƏ-nin “Esyasoft Holding” LTD şirkəti ilə “ağıllı qaz” şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb ki, layihənin əsas məqsədi qabaqcıl “ağıllı qaz” idarəetmə sistemi texnologiyalarının Azərbaycanda tətbiqini nəzərdə tutur. BƏƏ şirkəti Azərbaycan ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq üçün SOCAR-a dəstək verəcək. Layihə 2,5 milyon “ağıllı sayğac”ın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon dollar sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, “ağıllı təzyiq” və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın (Digital Solutions Lab) yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların “hökumət buludu”nda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək.

Beləliklə, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ölkələr arasında qardaşlıq, dostluq üzərində qurulmuş əlaqələrin yüksək səviyyəyə çatmasına, imzalanmış çoxsaylı sənədlər isə iqtisadi-siyasi əməkdaşlıq proqramlarının həlledici mərhələyə daxil olmasına imkan yaradacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28