Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zədələri sağaldan qəhrəmanlar...

Zədələri sağaldan qəhrəmanlar...

20.05.2026 [08:50]

Travmatoloqların peşə bayramıdır

Dünyada milyonlarla insan yol-nəqliyyat hadisələri, istehsalat qəzaları, məişət zədələri, idman travmaları, yanıq halları və müxtəlif növ zədələnmələr nəticəsində ciddi xəsarətlər alır. Bəzi hallarda isə həmin travmalar insanın həyatını birdəfəlik dəyişdirərək əmək qabiliyyətinin itirilməsinə, ağır əlilliyə və hətta ölümə səbəb olur. Yeri gəlmişkən, bu gün travmatoloqların peşə bayramıdır. Belə ki, hər il mayın 20-si Ümumdünya Travmatologiya Günü kimi qeyd olunur.

Travmatologiyanın tarixi isə olduqca maraqlı və qədim dövrlərə gedib çıxır. Arxeoloqların müxtəlif bölgələrdə apardıqları qazıntılar zamanı aşkar etdikləri insan skeletləri və qədim tibbi alətlər göstərir ki, insanlar minilliklər əvvəl belə sınıqları bərpa etməyə, yaraları sağaltmağa və ağır zədələrin nəticələrini aradan qaldırmağa çalışıblar. Hətta bəzi tapıntılar qədim cərrahların kəllə sümüyü üzərində mürəkkəb əməliyyatlar apardıqlarını və xüsusi üsullarla sınıqları bitişdirdiklərini sübut edir.

“Travmatoloji məntəqə”

Travmatologiya tibbin müxtəlif sahələri ilə əlaqədardır. Bu elm zədələnmiş bədənin və ya orqanın həmin hissəsini, xəstənin ümumi vəziyyətini, xroniki xəstəlikləri, əks göstərişləri və.s araşdırır. Septik, irinli, yanıq cərrahiyyəsi, neyrocərrahiyyə, flebologiya, hematologiya və digər tibb sahələri travmatologiya ilə sıx bağlıdır.

Adi insanlarda travmatologiya ilk növbədə dayaq-hərəkət sistemindəki xəsarətlərlə assosiasiya olunur. Bu da təsadüfi deyil. “Travmatoloji məntəqə” sözünü çoxları eşidib, bəziləri isə hətta orada olublar. İnsanlar həmin məntəqələrə yıxılma, zərbəalma nəticəsində əl-ayaqda çıxıq, sınıq, əzik və digər xəsarətlər baş verəndə müraciət edirlər. Bu baxımdan, travmatologiya, dayaq-hərəkət sistemi xəstəliklərinin qarşısının alınması və müalicəsi ilə məşğul olan müvafiq tibb sahəsi - ortopediya ilə sıx bağlıdır. Təsadüfi deyil ki, bu sahədə çalışan həkimlərin ixtisası ortoped-travmatoloq adlanır.

Travmatologiyada inqilabi yeniliklər

Müasir travmatologiya artıq yüksək texnologiyalarla təchiz olunmuş, insan həyatını saniyələr içində xilas etməyə qadir olan mürəkkəb və inkişaf etmiş bir elm sahəsinə çevrilib. Çünki bu gün həkimlər kompüter tomoqrafiyası, maqnit-rezonans müayinəsi, süni implantlar, titan lövhələr və robotik cərrahiyyə üsulları vasitəsilə əvvəllər mümkünsüz hesab edilən əməliyyatları uğurla həyata keçirirlər. Beləliklə, ağır travma alan insanların yenidən normal həyata qayıtmasına kömək edirlər.

Bununla yanaşı, mütəxəssislər hesab edirlər ki, ən yaxşı müalicə travmanın ümumiyyətlə baş verməsinin qarşısını almaqdır. Məsələn, təhlükəsizlik kəmərindən istifadə etmək, uşaqları nəzarətsiz qoymamaq, yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, hovuz və dənizlərdə diqqətli davranmaq kimi sadə tədbirlər bəzən bir insanın həyatını xilas edən ən vacib addıma çevrilə bilir.

Ölkəmizdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 1946-cı il martın 11-də hərbi hospitalın bazasında yaradılıb. İnstitutda Poliklinika, Təcili və təxirəsalınmaz tibbi yardım, Ortopediya, Travmatologiya, Əl cərrahiyyəsi və yaralar, Uşaq travmatologiyası və ortopediyası, Artroplastika və artroskopiya, Radiologiya, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Fizioterapiya, Laboratoriya və sair şöbələr fəaliyyət göstərir. Müəssisədə elmi istiqamətdə Metodik təşkilat və Elmi-tibbi informasiya şöbələri mövcuddur.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31