Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı-Daşkənd əlaqələri: qardaşlıq, uğurlu perspektiv və müttəfiqlik...

Bakı-Daşkənd əlaqələri: qardaşlıq, uğurlu perspektiv və müttəfiqlik...

20.05.2026 [11:37]

İki ölkə arasında dinamik münasibətlər mövcuddur

Azərbaycan ilə Özbəkistan arasındakı münasibət dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinə söykənir. Xalqların, cəmiyyətlərin tarixi bağlılığı, oxşar ənənələr və milli-mənəvi dəyərlər iki ölkə arasında siyasi dialoqu da  yüksək dinamikası ilə fərqləndirir - liderlərin arasındakı səmimi dostluq münasibətləri, müxtəlif səviyyələrdə təmasların artırılması istiqamətində səylər, xüsusilə də qarşılıqlı intensiv səfərlər bu qardaşlığı daha da möhkəmləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etmək üçün Bakıya səfəri də məhz bu qardaşlığın, dostluğun növbəti nümunəsinə çevrildi. Qeyd edək ki, mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Dövlətimizin başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirib və qeyd edib ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir. Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğuladı və dəvətə görə təşəkkür edib.

Strateji əlaqələr inkişaf etdirilir...

2020-ci il Vətən müharibəsinin ardından Cənubi Qafqazda baş verən siyasi-iqtisadi transformasiyalar, yeni reallıqlar Özbəkistan ilə Azərbaycan arasındakı münasibətləri də yeni bir mərhələyə daşıyıb. Artıq hər iki ölkə mühüm ticari qovşağın aparıcı strateji ünvanlarına çevriliblər. Bakının təşəbbüsü ilə meydana çıxan yeni qitələrarası birləşdirici xətt - Zəngəzur dəhlizi (TRİPP) hər iki ölkənin gələcək inkişafında əsaslı rol oynayacaq. Bu gün dünyanın diqqət mərkəzinə düşən əsas tranzit xəttləri Türk axını üzərində bərqərar olub. Demək olar ki, bütün istiqamətlər üzrə yaradılan nəqliyyat qovşaqları Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya üzərindən hərəkətlilik qazanır. Bu, qarşıdakı zaman kəsiyində əlaqələri günü-gündən möhkəmlənən türkdilli dövlətlərin nəqliyyat imkanlarının diversifikasiyasına da yol açır. Bakı ilə Daşkənd arasında mövcud müsbət siyasi əlaqələr isə bu mərhələdə olduqca vacib bir nüansdır - iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənədlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”dir. Eləcə də, ötən ilin iyulunda Şavkat Mirziyoyevin Bakıya səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı” çoxvektorlu əlaqələri daha da gücləndirib. İki ölkə arasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planı (“Yol xəritəsi”)”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı” da imzalanıb. Bütün bunlar gələcək əlaqələrin daha yüksək səviyyəyə qaldırılması ilə bağlı mühüm iradəni özündə əks etdirir.

Qardaşlıq nümunəsi...

Bakı bu gün bütün dünyanın diqqətini özünə cəlb edib - postmüharibə dövründə sürətli bərpa prosesi, cəmisi bir neçə il ərzində Qarabağda həyata keçirilən abadlıq-quruculuq işləri hər kəsi heyran qoyur. Bunu ölkəmizdə olan bütün qonaqlar təsdiqləyir. Yeri gəlmişkən, görüş zamanı Özbəkistan Prezidenti də ölkəmizə hər səfərində inkişafın şahidi olduğunu deyərək Azərbaycanın Qarabağda yeni şəhərlər, kəndlər saldığını məmnunluqla vurğulayıb və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirib.

Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd edib. Bu xüsusda vurğulanıb ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirib.

Qeyd olunduğu kimi, qardaş Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə də öz töhfəsini verib. Belə ki, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bunun bariz nümunəsidir. 2023-cü ilin avqustunda açılış mərasimi olan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Bu məktəbin inşası qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Gələcək əməkdaşlığın konturları...

İkitərəfli əlaqələr həm də sabah üçün mühüm perspektivləri özündə əks etdrir. Bakı-Daşkənd əlaqələri həm siyasi, həm də iqtisadi platformalarda gücləndirilir. Xüsusilə, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu vasitəsilə aparılan səmərəli işbirliyinin böyük perspektivləri var. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” saziş 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanıb və hər iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanıb.

Mayın 18-də baş tutan görüşdə də dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirilib, onların icrasından məmnunluq ifadə olundu. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunulub. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq, bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

P. İSMAYILOV

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31