Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kinomuzun öz dili yoxdur

Kinomuzun öz dili yoxdur

06.06.2026 [08:59]

Fikirləşib bu dili tapmaq lazımdır.

Fikirləşmək üçün yazılı və şifahi irsimiz OXUNMALIDIR. Necə oxunma və necə oxut(dur)ma məsələsi hələ də sualdır. Bəlkə təhsilin, elmin, mühitin, Mədəniyyət-2040 konsepsiyasının qarşısında duran ev tapşırığıdır?

Çətin və həyati əhəmiyyətli məsələdir. Çünki kinonun sehri hələ də mədəniyyətə, ideologiyaya öz təsir gücünü itirməyib. Bir vaxtlar, guya Ədəbiyyatın yerini tutacaqdı, olmadı, amma özünə yer elədi. Fəqət, Hollivud dövri-məzhəkəsi göstərdi ki, əsl kino “müəllif kinosu”dur.  Ortaya ekran əsəri çıxarmaq üçün də Müəllif olmalıdır. Mədəniyyətimiz belə müəllifləri qaranlıqda şam işığı ilə axtarmaqdadır. Tapılmasa, özünü göstərə bilməsə, Tarkovski, Stanislavski, Nuri Bilgə Ceylan və digər bu kimi məşhuri-cahan adlara heyranlıq yolunda yamsılamaların davam etdirilməsi labüddür...

Yamsılama dil tapmaq deyil. Bənzətmə, təsirlənmə, öyrənmə və tətbiqetmə də yaxşıdır, amma o da dil tapmaq sayılmır. Kinomuz bu yamsılama əsasları üzərində qurulub - yaxşı nümunələrlə zəngindir, di gəl, öz dili yoxdur. Ona görə ki, Dil identikdir və bu özünəməxsusluq mədəniyyətimizin təməl qatındadır, üzə çıxmaq üçün vaxtını gözləyir. Qayda isə belədir: kim nə deyir desin, kinonun dili içəridə axtarılmalıdır, Biləcəridən o yandakılar yad dillərdədir, heç vaxt bizimki olmayacaq...

Biz də eyni smart telefonla “Tiktok çəkirik”, onlar da. Nəticə çox fərqlidir. Mənzərədən tutmuş şərhlərə, klimat və mədəni atmosferədək tamam başqa dünyalardır. Gələcəkdə kinonu da Ədəbiyyat kimi Sİ (Süni İntellekt) “yazacaq”. Bircə identik dil tapmaq məsələsi olmayacaq. O dil ki, ilanı yuvasından çıxara, ruhu göylərə qaldıra bilər. Bəlkə, gənc rejissorlarımız irsimizi əxz etməlidir? Ədəbiyyatımızı sevməlidir?

Lakin irsi əxz edib sevmək kifayət deyil. Ədəbiyyatı da çox sevsə, gənc rejissor ədəbi irsin inteqral təsirinə necə düşərsə, elə bilər dünya ancaq Füzulidən, ya da “Yanıq Kərəm”dən ibarətdir. Halbu ki, mədəniyyət şifrələrimiz daha dərindədir. Onu tapmaq üçün təkcə irsəheyranlıq, irsəsədaqət, təəssübkeşlik və digər bu kimi “eqosentrik” çəhdlər dadımıza çatmayacaq.

OXUNMALI olanı necə tapmaq, kimə və necə oxut(dur)maq - budur sual. Mədəniyyət-2040 konsepsiyasının bətnində yerləşdirilməli hüceyrələrdən biri də bu olmalıdır, bəlkə?

Məqsəd Nur

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30