Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı Təşəbbüs Qrupu fəaliyyətini genişləndirir

Bakı Təşəbbüs Qrupu fəaliyyətini genişləndirir

24.07.2026 [10:18]

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib

Burkina-Faso Xarici İşlər Nazirliyi öz rəsmi “Facebook” səhifəsində Bakı Təşəbbüs Qrupu (BTQ) ilə imzalanmış Anlaşma Memorandumu barədə məlumat yayıb. Bakı Təşəbbüs Qrupundan verilən məlumata görə, sənəd 2026-cı il iyulun 11-də Bakı şəhərində Burkina-Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) və BTQ-nin icraçı direktoru Abbas Abbasov tərəfindən imzalanaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə qüvvəyə minib.

Memorandum tərəflər arasında elmi-tədqiqat, təlim, akademik mübadilə və strateji dialoq sahələrində uzunmüddətli əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir. Sənəd çərçivəsində ekspert, tədqiqatçı və s. mübadiləsinin təşkili, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, INHEI-nin tələbələri, diplomatlar və akademik heyəti üçün seminar, təlim proqramları, konfranslar və ekspert müzakirələrinin keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq INHEI-nin heyəti üçün aparıcı beynəlxalq məktəblər və tədqiqat mərkəzləri ilə əlaqələrin genişləndirilməsinə və peşəkar səriştənin artırılmasına yeni imkanlar açacaq. INHEI-nin baş direktoru Filip Sandvidi bildirib ki, BTQ ilə qurulan əməkdaşlıq Burkina-Fasonun ali rəhbərliyi tərəfindən irəli sürülən beynəlxalq tərəfdaşlıqların şaxələndirilməsi siyasətinə tam uyğundur və ölkənin diplomatik fəaliyyətinin beynəlxalq arenada gücləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayır. Sənəd BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktik əlaqələrin gücləndirilməsinə, Afrika ölkələrinin aparıcı tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına zəmin yaradacaq. BTQ-nin rəhbərliyi ilə yaradılmış Qlobal Cənub Gənclər Platforması bu istiqamətdə fəaliyyətin tərkib hissəsidir.

Əməkdaşlıq çərçivəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatlar və siyasət sənədləri hazırlanacaq, beynəlxalq təşkilatlar vasitəsilə geniş auditoriyaya çatdırılacaq. Memorandum, həmçinin Afrika ölkələrində keçirilən tədbirlərdə BTQ ekspertlərinin iştirakını, gənc tədqiqatçılar üçün isə mübadilə və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, BTQ fəaliyyət göstərdiyi 3 il ərzində dünyanın siyasi gündəmində demək olar ki, unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib. Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib. Bu baxımdan Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.

Təsadüfi deyil ki, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır. Fəaliyyət göstərdiyi üç il ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan 10-u BMT-nin müxtəlif qərargahlarında keçirilib. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, 10 əməkdaşlıq memorandumu imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurulub.

Ən böyük uğurlar sırasında paytaxtımızda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin - FID (fransızca: Front international de decolonisation) təsis edilməsini göstərmək olar. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsis qurultayında Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib regionu, Antil adaları qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak ediblər. Vahid cəbhənin yaradılması kolonizə edilmiş xalqların səylərinin birləşdirilməsi, həmrəyliyin gücləndirilməsi və birgə mübarizə aparması istiqamətində mühüm addımlardan biri kimi yadda qalıb.

Fəaliyyətində dekolonizasiya ilə yanaşı insan hüquqlarının müxtəlif aspektlərinə xüsusi önəm verən BTQ 2026-cı il iyunun 24-də ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Konqres binasında Qayıdış Hüququ mövzusunu müzakirəyə çıxararaq azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin beynəlxalq gündəmə daşınmasına start verib.

Təşkilat beynəlxalq qurumlar, akademik dairələr və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını davamlı şəkildə genişləndirməkdədir. BTQ-nin təşəbbüsü ilə müxtəlif regionlardan olan yerli xalqların nümayəndələri, milli azadlıq hərəkatları, parlament üzvləri, elm xadimləri, beynəlxalq ekspertlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları bir araya gəlirlər.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31