Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Almaniya arasında yeni dövr

Azərbaycan və Almaniya arasında yeni dövr

24.07.2026 [12:35]

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan-Almaniya münasibətləri ilə yanaşı, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin də təqdimatı kimi dəyərləndirilir. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, həmçinin Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək və geniş tərkibdə görüşlərində iki ölkənin münasibətlərinin gələcəyi ilə bağlı səsləndirilən fikirlər, təbii ki, ötən dövr ərzində atılan addımlara, möhkəm təmələ əsaslanır. Aparılan danışıqlar və imzalanan sənədlər göstərdi ki, Bakı ilə Berlin artıq əməkdaşlığı təkcə iqtisadi maraqlar çərçivəsində deyil, həm də regional təhlükəsizlik, enerji siyasəti, nəqliyyat-logistika və Avrasiyanın geosiyasi gələcəyi kontekstində dəyərləndirirlər.

Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamənin imzalanması oldu. Bu sənəd münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirərək enerji, sənaye, investisiya, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, elm və innovasiya kimi istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın yol xəritəsini formalaşdırdı. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı imzalanmış Birgə Bəyannamə iqtisadi diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin bəyanatının əsas siyasi mesajı qarşılıqlı etimada söykənən münasibətlərin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsidir. Azərbaycanın xarici siyasət kursunda Almaniya Avropa İttifaqının aparıcı dövləti, siyasi və iqtisadi güc mərkəzi kimi xüsusi əhəmiyyət daşıyır. Almaniya isə Azərbaycanı Cənubi Qafqazın sabitlik yaradan, etibarlı enerji tərəfdaşı və Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağı kimi qiymətləndirir. Berlin görüşləri zamanı bu yanaşmaların qarşılıqlı şəkildə təsdiqlənməsi münasibətlərin strateji xarakter aldığını göstərdi.

Son illər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, həmçinin regional sabitliyin və əməkdaşlığın təşviqində oynadığı rol Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Almaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqelərinin daha da möhkəmlənməsinə, Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm addım kimi dəyərləndirilir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsi uğurlu xarici siyasətinin nəticəsidir: Münasibətlərində qarşılıqlı hörmət və maraq prinsiplərinə xüsusi önəm verən Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi, uğurları ilə diqqətdədir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts mətbuata bəyanatında bildirdi ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın tarixi bir dövr yaşadığını xüsusi qeyd edən cənab İlham Əliyev Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxqütblü və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini, ölkəmizin qlobal enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik sahələrində etibarlı tərəfdaş kimi nüfuzunun artmasını şərtləndirir.

Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol idi. Son illərdə Azərbaycan təbii qaz ixracını ardıcıl şəkildə genişləndirərək Avropa ölkələrinin etibarlı enerji tərəfdaşına çevrilib. Berlin danışıqlarında qeyd olunduğu kimi, artıq Almaniya da Azərbaycandan təbii qaz alan ölkələr sırasındadır. Bu fakt təkcə iqtisadi əməkdaşlığın deyil, həm də siyasi etimadın göstəricisi hesab olunur. Enerji təhlükəsizliyi bu gün Avropa üçün milli təhlükəsizlik məsələsinə çevrildiyi şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənir.

Beləliklə, Prezidentin Almaniyaya səfərindən, aparılan danışıqlardan Avropa ölkələrinə bir daha bəlli oldu ki, İlham Əliyev konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan dövlətlər üçün strateji əhəmiyyət daşıyır.

Məhz bu faktlar təsdiq edir ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra isə regionda yaranacaq sabitlik Azərbaycanın gücünü, potensialını və imkanlarını daha da artıracaq.

Şövqi Həsənov,

YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31