Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT Baş Assambleyasının 81-ci sessiyasında...

BMT Baş Assambleyasının 81-ci sessiyasında...

24.09.2026 [11:25]

Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının hər il keçirilən ənənəvi sessiyası dünya diplomatiyasının ən mühüm platformalarından biri kimi qəbul edilir. Müxtəlif ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələri burada beynəlxalq gündəmin əsas məsələlərini müzakirə edir, mövqelərini açıqlayır və ikitərəfli görüşlər keçirirlər. Xüsusilə qlobal təhlükəsizlik, münaqişələrin həlli, iqlim dəyişiklikləri, iqtisadi inkişaf, humanitar problemlər və yeni texnoloji çağırışlar kimi məsələlərin eyni diplomatik məkanda müzakirəsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Baş Assambleya yalnız çıxışlar tribunası deyil, həm də fikir mübadiləsi, dialoq və qarşılıqlı anlaşma üçün geniş imkanlar yaradan mühüm beynəlxalq platformadır. Bu il Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası da bu kimi mühüm uğurları ilə yadda qalır.

45 hökumət başçısı, 50 nazir, 11 vitse-prezident və bir vəliəhdin iştirak etdiyi müzakirələr...

Yetmiş bir dövlət başçısı, 45 hökumət başçısı, 50 nazir, 11 vitse-prezident və bir vəliəhdin iştirak etdiyi müzakirələrin ilk gününü ənənəvi olaraq Braziliya Prezidenti Luis İnasio Lula da Silva açıq elan edib. Daha sonra ABŞ Prezidenti Donald Tramp çıxış edib. ABŞ Prezidenti ümumi müzakirələrdə çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunub. Tramp həllinə nail olduğunu bildirdiyi münaqişələr sırasında Azərbaycan ilə Ermənistan arasındakı uzunmüddətli münaqişəni də qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib. “Azərbaycan Prezidenti bildirdi ki, Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu, heç kimin mümkün hesab etmədiyi əsl möcüzə idi”, - deyə ABŞ Prezidenti bildirib.

ABŞ Prezidenti əlavə edib ki, həllinə töhfə verdiyi münaqişələrdə iştirak edən ölkələrin demək olar hamısı ona təşəkkür məktubu göndərib.

ABŞ Prezidentinin Prezident İlham Əliyevdən sitat gətirməsi, mühüm bir tribunadan Azərbaycan nümunəsini bütün dünyaya təqdim etməsi olduqca vacib bir məqamdır. Bu, Prezident İlham Əliyevin regional və qlobal miqyasda sülhə, təhlükəsizliyə verdiyi töhfələrin, sabitliyin qorunması və inkişafın təmin edilməsi yönündə addımlarının, münaqişələrin bitirilməsi və normal münasibətlərin qurulması müstəvisində fəaliyyətinin yüksək şəkildə dəyərləndirilməsidir. Prezident Trampın iştirakı ilə 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbacanın sülh təşəbbüsünün təsdiqlənməsi Cənubi Qafqazda yeni bir reallıq yaradıb. Sülhün müəllifi olan Azərbaycan isə bu gün bütün dünyaya nümunə təqdim edir - 30 illik münaqişəni sona yetirən, ədaləti və beynəlxalq hüququ təmin edən, bölgə üçün sülh, rifah və inkişaf vəd edən strateji yol xəritəsi hazırlayan dövlətin nümunəsini...

Tramp BCM-in bütün üzv dövlətlərini təşkilatdan çıxmağa çağırıb

Donald Tramp çıxışında həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bütün üzv dövlətlərini təşkilatdan çıxmağa çağırıb. O, həmçinin məhkəməni “nəzarətdən çıxmış bir qurum” və “pislik edən bir qrup insan” adlandırıb. O qeyd edib ki, Vaşinqton ABŞ hərbçilərinin “saxta, anti-Amerika tribunalına” çıxarılmasına icazə verməyəcək. “Mən bütün Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri bu nəzarətdən çıxmış quruma üzvlüklərini dərhal və rəsmi olaraq ləğv etməyə çağırıram”, - deyə Tramp bildirib.

Donald Tramp həmçinin Ukraynadakı müharibə ilə bağlı fikirlərini bölüşüb. BMT Baş Assambleyasındakı çıxışı zamanı Donald Tramp Ukraynadakı müharibənin tezliklə bitəcəyini gözlədiyini açıq şəkildə bildirib. Ağ Ev rəhbəri vurğulayıb ki, Amerika Birləşmiş Ştatları bu məsələ ilə bağlı Rusiya və Ukrayna rəhbərliyi ilə sıx əməkdaşlıq edir. O, əlavə edib ki, bu münaqişə çoxlarının düşündüyündən daha tez həll olunacaq.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı məsələyə də toxunub. Jurnalistlərin suallarını cavablayan Tramp bildirib ki, İranla görüş çox yaxşı keçdi. ABŞ Prezidenti bildirib ki, İranla görüş təxminən üç saat davam edib. Tramp tərəflər arasında yaxın zamanda daha bir görüşün keçirilməsinin planlaşdırıldığını da qeyd edib.

Ceyhun Bayramov İƏT Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sessiya çərçivəsində ümumi müzakirələrinin rəsmi açılışında iştirak edib, bir sıra mühüm görüşlər keçirib. Ümumi müzakirələr aktual qlobal və regional çağırışlar ətrafında fikir mübadiləsi aparmaq, həmçinin sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə dünya liderlərini və üzv dövlətlərin nümayəndələrini bir araya gətirir.

Ceyhun Bayramov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Hüseyn Ömər ilə görüşüb. Görüşdə Azərbaycan-Cibuti münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər yüksəksəviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilib.

Nazirlər, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etməyə hazırlığı və qarşıdakı İƏT sədrliyi ilə bağlı məsələlər də müzakirə olunub.

Bundan başqa, Azərbaycanın xarici işlər naziri İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnatsio Kassis ilə görüşüb. Tərəflər Azərbaycan-İsveçrə münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edərək, müntəzəm siyasi dialoqun davam etdirilməsinin və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər davamlı qarşılıqlı əlaqələrin və konstruktiv beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Ceyhun Bayramov həmçinin, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib. Nazir Azərbaycanın mübahisənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyib. Ceyhun Bayramov, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi baxımından Hindistan ilə Pakistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Banqladeş ilə Azərbaycan arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələblərindən azadetmə haqqında saziş

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə İran arasında ikitərəfli və çoxtərəfli gündəlik, həmçinin regional proseslər nəzərdən keçirilib. Nazirlər davamlı yüksəksəviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar. Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib, diplomatiya və dialoqun, eləcə də sülh və sabitliyin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti, Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə də görüşüb. Görüş zamanı BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov və Xəlilur Rəhman “Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələblərindən azadetmə haqqında Saziş”i imzalayıblar. Sənəd rəsmi təmasların inkişaf etdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın əhatə dairəsinin genişləndirilməsinə dəyərli töhfə olacaq.

Kolumbiya ilə saziş imzalanıb...

Sessiya çərçivəsində Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri, Baş nazirin müavini Anita Orban ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan-Macarıstan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri, eləcə də regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmçinin Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb. Görüşdə Azərbaycan-Kolumbiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Nazirlər iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər. İki ölkə arasında “Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalanıb. Saziş Azərbaycan və Kolumbiya arasında əlaqələrin hüquqi və institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Pakistan, Ukrayna və Sinqapurun XİN başçıları ilə görüş...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb. Görüşdə Azərbaycan-Sinqapur münasibətlərinin gündəliyində duran cari məsələlər və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşviqi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ticarət və investisiya, rəqəmsal transformasiya və innovasiya, nəqliyyat və logistika, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib. Sinqapur vətəndaşları üçün 2026-cı il 1 avqust tarixindən tətbiq edilən vizasız rejimin qarşılıqlı səfərlərin, biznes əlaqələrinin və turizmin inkişafı baxımından yaratdığı yeni imkanlar vurğulanıb.

Sessiya çərçivəsində Ceyhun Bayramov Ukraynalı həmkarı Andrey Sibiqa ilə də görüşüb. Görüş zamanı ikitərəfli gündəlik, regional və beynəlxalq təhlükəsizlik mühitində baş verən proseslər, eləcə də sülh və sabitliyin təşviqi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazirlər davam edən geosiyasi proseslər, beynəlxalq hüququn prinsiplərinə riayət olunmasının əhəmiyyəti və münaqişələrin həllində konstruktiv dialoqun rolu barədə fikir mübadiləsi aparıblar. Təhlükəsizlik çağırışlarının həlli və davamlı sülhün təşviqi istiqamətində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.

Xarici işlər naziri C.Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə də görüşüb. Nazirlər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərini nəzərdən keçirib, iki ölkə arasında mühüm siyasi dialoqu vurğulayıblar. Tərəflər beynəlxalq platformalarda milli maraq doğuran məsələlər üzrə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Ceyhun Bayramov Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib

Nazir Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə də görüşüb. Tərəflər strateji tərəfdaşlıq gündəliyini, o cümlədən siyasi dialoq, enerji əməkdaşlığı, Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi, bərpaolunan enerji layihələri, həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat və bağlantı məsələlərini müzakirə ediblər. Nazirlər eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və regional proseslər barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib. Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilib ki, “Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir. Əlaqələndirmə, enerji, ticarət və investisiya sahələri də daxil olmaqla, əməkdaşlığın daha da gücləndirilməsinə ümidvarıq”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30