Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın qlobal iqlim gündəliyinə sarsılmaz sadiqliyi

Azərbaycanın qlobal iqlim gündəliyinə sarsılmaz sadiqliyi

08.10.2026 [10:07]

Hazırda qlobal iqlim böhranı və onun yaratdığı fəsadlarla mübarizə bütün dünyanı qayğılandıran əsas çağırışlardan biri qismində çıxış edir. Bu baxımdan Fici, Tuvalu və Avstraliya hökumətlərinin beynəlxalq  ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən unikal Pre-COP Liderlər Tədbirini təşkil etmələri böyük aktuallıq daşıyır. Tədbir iştirakçıları Bakı COP29-un irsini qarşıdakı əsas qərarlarla əlaqələndirmək və Azərbaycanda qurulan dinamikanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci Sessiyasının (COP31) uğurla keçirilməsinə aparan yolu birbaşa dəstəkləməsini təmin etmək üçün bir araya gəliblər.

Təşəbbüs Azərbaycanda da təqdirlə qarşılanıb. Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına ünvanladığı müraciətində ölkəmizin iqlim çağırışlarına həssas yanaşmasına diqqqət çəkərək vurğulayıb: “COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, Azərbaycan davamlılığın təmin edilməsinə və qlobal iqlim gündəliyinin irəlilədilməsinə sarsılmaz sadiqliyini nümayiş etdirərək bu yüksəksəviyyəli tədbirə qoşulur. COP tədbiri ilə bağlı təcrübəmiz iqlim fəaliyyətinin nə təxirə salına, nə də təcrid olunmuş şəkildə həyata keçiriləcəyini bir daha təsdiqlədi”.

Kiçik ada dövlətləri üçün ekzistensial təhdid

Qardaş Türkiyənin ev sahibliyi ilə keçiriləcək COP31 öncəsi 2026-cı il Pre-COP Liderlər Tədbirinin Sakit okean regionunda yerləşən və kiçik ada dövlətləri olan Tuvalu və Ficidə keçirilməsi rəmzi məna daşıyır. Qlobal iqlim böhranından bütün ölkələr təsirlənirlər. Həmçinin Azərbaycan da bu sırada yer alır. Xəzər dənizinin sularının sürətlə geri çəkilməsini müşahidə etmək çox kədərlidir. Bundan başqa, respublikamızın su ehtiyatları məhdud olmaqla yanaşı, həm də qeyri-bərabər paylanıb, tez-tez təkrarlanan daşqınlar fəsadlara səbəbb olur...

Lakin dünyadakı və Azərbaycandakı reallıq fonunda kiçik ada dövlətlərinin (SIDS)  vəziyyəti daha ağırdır. Kənardan bu qəbildən olan ölkələrin hər tərəfdən su ilə əhatə olunması müəyyən mənada cəlbedici, romantik görünə bilər. Bu ölkələrdə gündəlik həyat isə fərqlidir. Qlobal istiləşmənin nəticəsi olaraq okeanlarda suyun səviyyəsinin artması kiçik ada dövlətlərini olum, ya qalım dilemması ilə qarşı-qarşıya qoyur və onlar üçün ekzistensial təhdid yaradır. Təzadlı məqam ondan ibarətdir ki, kiçik ada dövlətlərinin sənaye fəaliyyəti zəifdir və onların iqlim dəyişmələrinə təsirləri, demək olar ki, yoxdur. İnkişaf etmiş ölkələrin güclü sənaye inkişafının nəticəsi olaraq meydana çıxan qlobal iqlim böhranının qurbanları isə məhz onlardırlar. Bu, beynəlxalq birlik üçün ciddi məsuliyyət yaradır. Bəhs olunan məsələ ilə bağlı ölkəmizin mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev “İnkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək ümumi məsuliyyətimiz olmaqla yanaşı, heç bir dövlətin diqqətdən kənarda qalmamasını təmin etmək uğrunda yönəlmiş mənəvi borcumuzdur”, - deyə vurğulayıb.

Azərbaycan COP29-da kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdi

Azərbaycan hər zaman qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar edir. O cümlədən respublikamız 2024-cü ilin noyabr ayında yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 çərçivəsində kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkməyə və bu xüsusda geniş müzakirələr aparılmasına daha effektiv maliyyələşmə mexanizminin yaradılmasına nail oldu. Xatırlatmaq yerinə düşər ki,  COP29-dan əvvəl Baham adaları, Tonqa və Tuvalu liderlərinin iştirakı ilə Bakıda görüş keçirilmiş və kiçik ada dövlətlərinin ehtiyaclarını əks etdirən Bakı Kommunikesi qəbul olunmuşdur. Bundan başqa, 2024-cü il noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti təşkil edilmişdir. Yeri gəlmişkən, tədbirdə Azərbaycan Prezidenti inkişaf etmiş bütün ölkələri, xüsusilə də müstəmləkə keçmişi olan ölkələri inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə mübarizədə dəstək olmaq üçün töhfələrini əhəmiyyətli dərəcədə artırmağa çağırdı.

Öz növbəsində bütün dünyada geniş əhatə dairəsinə malik humanitar diplomatiya həyata keçirən Azərbaycan kiçik ada dövlətlərinə davamlı dəstək göstərir. “Dünyada ən çox fəlakətlə üzləşən bir sıra ölkələrə qasırğaların, zəlzələlərin və daşqınların təsirlərinin azaldılmasında dəstək verdik. Həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini dəstəklədik. İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin Təhsil Qrantı Proqramımızdan faydalanması onların vətəndaşlarına Azərbaycandakı universitetlərdə təhsil almasına imkan yaratdı.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə dayanıqlılığını artırmaq üçün daha bir mühüm addım olaraq, 2024-cü ildə Azərbaycan və Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir”, - deyə dövlətimizin başçısı bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31