Heydər Əliyevin təşəbbüsü, İlham Əliyevin tapşırığı ilə...
12.10.2022 [10:33]
1982-ci ildə məqbərəsi ucaldıldı
1992-ci ildə ermənilər tərəfindən dağıdıldı
2021- ci ildə bərpa edildi
Klassik şairimizin doğum günüdür
Bu gün - 1717-ci ilin oktyabrın 12-də görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Şairin əsl adı Pənahdır. Sonralar məktəbdar olduğu üçün Molla Pənah adı ilə tanınır. Artıq Şuşa şəhərinə köçərkən Vaqifin şairlik şöhrəti hər tərəfə yayılmışdı.
Əsrlər keçsə də, nəsillər dəyişsə də söz sərrafının misraları dillər əzbəri olaraq qalır, daim dodaqlarda səslənir, ürəklərdə özünə yer tapır. Onun irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Çünki Vaqifin şeirləri öz mənşəyini xalqdan, folklor qaynaqlarından, aşıq şeirindən alıb. Vaqif yaradıcılığında “Badi-səba, bir xəbər ver könlümə”, “Namə, gedər olsan yarın kuyinə”, “Bayram oldu”, “Gözlərin cəlladdır, baxışın yağı”, “Durnalar”, “Heyran olmuşam” və s. şeirləri xüsusi yer tutur.
Vaqif misralarının işığında
Vaqif Azərbaycan ədəbiyyatında yenilikçi, novator sənətkarlardan biridir. Vaqif xalq ədəbiyyatı ilə əruz vəznli klassik-romantik şeir arasındakı baryeri ortadan qaldırmaqla Azərbaycan ədəbiyyatını klassik əruz sistemindən çıxarıb modern dünya ədəbiyyatı səviyyəsinə qaldırdı.
Vaqif həm də Azərbaycan ədəbi dilinin yaradıcısıdır. Azərbaycan ədəbiyyatında XIII əsrdə Həsənoğlundan başlayaraq ana dilində şeirlər yazılsa da, dilçilərin də qeyd etdiyi kimi, Azərbaycan ədəbi dilinin banisi məhz Molla Pənah Vaqifdir. Həmin Vaqif ki, neçə yüzillik romantik şeir qəliblərini dağıtdı, qoşmanı yazılı ədəbiyyata doğmalaşdırdı, Azərbaycan ədəbiyyatında realizmi yaratdı.
Eyni zamanda, onu dövlət xadimi kimliyi ilə də tanıdıq. Əvvəlcə Qarabağ xanlığında eşik ağası, sonra baş vəzir kimi sarayda çalışıb, xanlığın siyasi həyatında, beynəlxalq əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayıb. Taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib.
Vaqifi bir xalq yaxşı başa düşürdü, bir də dostu Molla Vəli Vidadi... Onların arasındakı dostluq bağları o qədər güclü idi ki, bir-birinin sözündən inciməzdilər. Hətta “Vaqif -Vidadi deyişmələri” deyə tarixdə iz qoydular. Şairin həyata nikbin baxışını ifadə edən əsərləri içərisində onun Vidadi ilə deyişməsi daha səciyyəvidir. Birisi xalqın içindən, digəri saraydan olsa da, hər ikisi xalqa bağlı, xalqla nəfəs alırdı.
Danılmaz faktdır ki, xalq dilinə yaxın bir dillə yazmaqları, aşıq şeirinə üstünlük verməkləri hər iki sənətkarın ədəbi yolda qoşa addımladığının göstəricisi idi. Lakin Vaqifə xas olan bu nikbinlik bütün yaradıcılığı boyu davam etmir. 1797-ci ildə Şuşa qalasını işğal edən Qacar Vaqifi də zindana saldırır. Lakin Qacarın öldürülməsindən sonra Vaqif həbsdən çıxa bilir. Bu münasibətlə yazılan “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!” misrası ilə başlayan qəzəlində şair həmin məsələyə toxunur:
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!
Bu məqamda bir haşiyəyə çıxaq. Şair dostuna ünvanladığı “Bax” rədifli qəzəli bu gün öz aktuallığını qoruyur. Düşüncəyə qapılan, dərdə-sərə düşənlərin zikr etdiyi ilk misralardan birinə çevrilir. Həmişə gözəlləri şux qoşmalarla vəsf edən Vaqif ömrünün sonlarında bədbinliyə düşür, hər şeyin faniliyini və mənasızlığını dərk edərək bu şedevri qələmə alır:
Mən cahan mülkündə mütləq doğru halət
görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət
görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Beyəti-iqrari-imani-dəyanət görmədim.
Vaqif bu müxəmməsində yaşadığı mühitin və cəmiyyətin başdan-ayağa qədər haqsızlıq üzərində qurulduğunu kəskin ifşa edir.
Vaqifin oğlunu onun gözü qarşısında edam etdilər
Son şeirləri də göstərir ki, qəriblik, tənhalıq hissi M.P.Vaqif üçün də yad deyil, bəlkə də, dünyanın ən tənha şairlərindən biri elə Vaqifin özüdür. Tarixə nəzər salsaq görərik ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy Molla Pənah Vaqifin oğlunu onun gözü qarşısında edam etdirir, sonra da Vaqifi öldürtdürür. Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir. Məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir. Onun faciəli ölümündən sonra da şeirləri yaddaşlarda onilliklər ərzində dolaşmağa başlayır, sevilə-sevilə əzizlənir və təzədən yaddaşdan yazıya köçürülür.
1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı oldu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.
Lakin 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada Molla Pənah Vaqifin məqbərəsini, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeylərini dağıtdı.
2021-ci il avqustun 29-da isə Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər, görülən işlərlə tanış oldular.
Qeyd edək ki, məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

