Heydər Əliyev
yeni azerbaycan logo

Qatil kimdir?

22.07.2023 [10:40]

Rünoske Akutaqavanın “Cəngəllikdə” novellası haqqında

Əvvəli ötən sayımızda…

Samurayın ruhu deyir ki, qadına yiyələnəndən sonra quldur ona təsəlli verməyə başlayıb, onu inandırmağa çalışıb ki, alçaqlığının səbəbi gəlinin gözəlliyinin ağlını başından almasıdır. Baş verənlərdən sonra Masaqonun əriylə əvvəlkitək yaşaması mümkün deyil, ən yaxşısı ona, yəni Tadzömaruya qoşulub getməkdir. Qadın başını qaldırıb quldura deyib ki, indən belə onu hara istəsə apara bilər. Ardınca Masaqo Tadzömaruya yalvarıb ki, Kanadzavanı öldürsün, çün qadın əri sağkən quldurla birgə ola bilməz. Quldur samuraydan soruşur ki, onunla necə davransın - öldürsün, yoxsa bağışlasın?

Əri tərəddüd elədiyi vaxtda qadın qaçmağa üz qoyur. Quldur onun dalınca cumsa da, qadını tapa bilmir. Onda Tadzömaru qılıncı, ox-yayı götürüb samurayı ağacdan açır, uzaqlaşıb gözdən itir. Samuray arvadının əlindən yerə düşmüş xəncəri götürüb sinəsinə saplayır. Son nəfəsdə duyur ki, kimsə ehmalca ona yaxınlaşdı. Gözünü açıb baxmaq istəsə də, göz qapaqları aralanmır, görünməz əl xəncəri onun köksündən dartıb çıxarır. Bu dəm samurayın ağzı qanla dolur, o, biryolluq yoxluğun zülmətinə qərq olur.

Bu da əbədi heçlikdən bir anlıq geri çağırılan mərhumun dedikləri.

Göründüyü kimi, qanlı hadisənin hər üç iştirakçısı qətli boynuna götürür. Müəllif bununla bizi onların səmimi ifadə verdiklərinə, yalan danışmadıqlarına, gerçəyi danmadıqlarına inandırmaq istəyir.

Bəs nədən bir hadisənin üç versiyası arasında bu qədər fərq var? Nədən bilək ki, bu qətli kim törədib?

***

Antik dövr fəlsəfəsində sofistika deyilən bir təlim vardı. Həyata baxışlarının skeptisizmi ilə seçilən sofistlər vahid, universal, dəyişməz həqiqətin varlığını inkar eləyirdilər. Sokratın, Platonun əsas tənqid hədəfi, başlıca opponenti də onlar olmuşdu. Sofist üçün dünyada hər gerçək nisbidir, həyat həqiqətlər anarxiyasıdır. Hər canlının öz zamanı olduğu kimi, hər məxluq kainata öz fiziki varlığının pəncərəsindən baxıb dünyanı bir ayrı formada gördüyü kimi hər insanın da öz marağı, öz tələbi, öz istəyi, qərəz, öz həqiqəti var. Heç bir universal meyar yoxdur, tək meyar insan özüdür. Heç kəs dünyanı, həyatı, hadisələri bir başqasının gördüyü kimi görmür.

Biz öz təcrübəmizdə də belə hallara çox rast gəlmişik - illər əvvəl baş vermiş hansısa hadisəni nağıl eləyən adamlar hərəsi o hadisəni bir cür, bir sayaq danışır. Necə ki, eyni bir obyekt yuxarıdan baxanda bir cür, yandan baxanda ayrı cür, aşağıdan baxandasa tamam başqa cür görsənir.

Akutaqavanın 1922-ci ildə - otuz yaşında yazdığı məşhur novellası da həyata belə bir relyativist baxışın məhsuludur. Versiyalar çox ola bilər, ancaq min il də keçsə, biz oxucular talesiz samurayı kimin öldürdüyünü bilə bilməyəcəyik. Ona görə yox ki, müəllif bu həqiqəti hansısa monoloqun, cümlənin, sətrin altında möhkəm gizlədib, ona görə ki, ondan ötrü belə bir vahid həqiqət ümumiyyətlə yoxdur. Heç müəllif özü də qatilin kimliyini bilmir; bilsəydi, potensial suçluları bir-birinə qarşı qoyar, onların əqli oyunlarından bizə tapmaca qurardı. İndiki halda bu əsər çözümü olmayan detektivdir, yəni detektiv deyil.

Bəziləri bu novellanın müəmmasını çözməyə çalışır, müəllifin dolayı yardımıyla qatilin izinə düşməyə cəhd göstərirlər. Bu, o halda olar ki, cinayət ortaqlarından heç olmasa biri suçunu boynundan atmağa, dilinin altında gizlənməyə çalışsın. Burada isə hər kəs eyni dərəcədə suçlu, eyni dərəcədə səmimi, eyni dərəcədə haqlıdır (yəni doğru-düzgün ifadə vermək baxımından). Əsl həqiqət, mütləq versiya isə ortada (heç qıraqda da) yoxdur. Olmayıb, olmayacaq!

***

Akutaqava özü də otuz beş illik ömrünü belə - skeptik cəhənnəmdə, şübhələr burulğanında, həqiqətsizlik girdabında keçirmişdi. Onun əsərlərində avtobioqrafik məqamlar çoxdur. “İdiotun həyatı” hekayəsi bu mənada olduqca xarakterikdir. Burada yazıçı öz ruhunun tərcümeyi-halını yazıb, həyatını düşüncələrinin prizmasından işıqlandırıb. Şarl Bodler haqqında essedə epiqraf gətirdiyim “İnsan ömrü Bodlerin bir misrasına dəyməz” kəlamı da bu əsərdəndir. Adını çəkdiyim hekayədə Akutaqava sevdiyi, təsirləndiyi müəlliflərin adını duatək zikr eləyir: Mopassan, Bodler, Strindberq, İbsen, Şou, Tolstoy, Nitsşe, Verlen, Qonkur qardaşları, Dostoyevski, Hauptman, Flober...

Eynən Mopassan kimi o da ömrü boyunca dəli olmaq qorxusuyla yaşamışdı - onun doqquz aylığında havalanan anası Rünoskenin on bir yaşı olanda bəlalı ömrünü balasına bağışlamışdı. Oğlan ana nəvazişi görməmişdi, bir gün özünün də ağlını itirəcəyi qorxusu müdam qara bulud kimi başının üstündə dolanmışdı. Allaha, ruha, əbədiyyətə inanmağa, dinə tapınmağa özündə güc tapmamışdı. Universal, dayanıqlı əxlaqa da inanmırdı, “heç bir əxlaq-zad yoxdur, yalnız əsəblər, sinirlər var” deyirdi. O, Budda dincliyinə möhtac pessimist şair, yapon nəsrini Avropa ədəbiyyatına qovuşduran misilsiz estet idi. Gödək ömründə təqribən yüz əlli novella yazmışdı.

Fəqət illər uzunu beynini yeyən demonik gəmiricilər ona rahatlıq vermir, təsəllini narkotik tərkibli dərmanlarda, keyidici maddələrdə tapırdı. Ölümündən azca qabaq - 1927-ci ilin iyun ayında qələmə aldığı “İdiotun həyatı” novellasında intiharın astanasında olduğunu, hətta buna ən azı bir dəfə cəhd göstərdiyini açıq-aşkar yazıb. Mənhus niyyətin icrası özünü çox gözlətmədi, həmin ilin 24 iyulunda qəbul elədiyi yüksək dozalı yuxu dərmanı onun əxlaqdan arınmış titrək sinirlərini əbədi dincə qoydu. Yapon ədəbiyyatının dahisi dəli olmaq qorxusundan belə asan, belə primitiv üsulla xilas oldu. Halbuki ədəbiyyat özü ən təsirli yuxu dərmanı, ən effektiv terapiyadır.

Fəxri Uğurlu

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31