Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub

Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub

22.06.2026 [12:26]

İyunun 22-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirə bu il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov son illərdə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və əldə edilmiş nəticələr barədə danışıb. Bildirib ki, keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin daha da artırılması yeni yanaşmaların tətbiqini zəruri edir. Bu məqsədlə qəbul edilmiş 2026–2030-cu illər üçün Dövlət Proqramı kənd təsərrüfatının yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd kimi çıxış edir. Proqram aqrar sahədə intensiv istehsal modelinə keçidin sürətləndirilməsini, emal və ixrac imkanlarının genişləndirilməsini, eləcə də ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini nəzərdə tutur.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib ki, Dövlət Proqramının icrası regionlarda istehsal infrastrukturunu gücləndirəcək, müasir texnologiyaların tətbiqini və fermerlərin bazarlara çıxış imkanlarını genişləndirəcək. O qeyd edib ki, suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaq konsolidasiyası və rəqəmsal idarəetmə həllərinin tətbiqi məhsuldarlığın artırılmasına töhfə verəcək. Salyan rayonunun torpaq konsolidasiyası üzrə pilot ərazi kimi seçildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, saxlama, emal və logistika infrastrukturunun inkişafı aqrar sektorda dayanıqlı inkişafı və fermer gəlirlərinin artımını dəstəkləyəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, Şirvan-Salyan iqtisadi rayonunun aqrar və akvakultura potensialının reallaşdırılmasında su ehtiyatlarının səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. O, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması, yeni suvarma kanallarının çəkilməsi və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Bildirilib ki, proqram çərçivəsində rəqəmsal monitorinq, dəqiq su uçotu və fermerlərin maarifləndirilməsi prioritet istiqamətlərdən olacaq.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun aqrar sahədə mövcud vəziyyəti barədə məlumat verib. Bildirib ki, Biləsuvar pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində ölkənin aparıcı rayonlarından biridir. Aqroparkların fəaliyyəti və müasir suvarma sistemlərinin tətbiqinin istehsalın səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyini qeyd edən icra başçısı əlavə edib ki, Dövlət Proqramı mövcud potensialın daha səmərəli reallaşdırılmasına və istehsal imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Müşavirədə Biləsuvar, Hacıqabul və Neftçala rayonlarından olan fermerlər və sahibkarlar təsərrüfatlarının mövcud vəziyyəti və ümumi inkişaf istiqamətləri barədə məlumat veriblər. Onlar kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılmasına müsbət təsir etdiyini deyiblər.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunmasında mərkəzi və yerli icra orqanlarının əlaqələndirilmiş fəaliyyətinin, eləcə də özəl sektorun fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Dövlət Proqramı regionlarda kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın yüksəldilməsinə və emal imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30