Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / WUF13 çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları bir araya gəlib

WUF13 çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları bir araya gəlib

20.05.2026 [11:15]

İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası keçirilib

Bakı Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.

WUF13-ün məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal proseslərdə fəal iştirakını və xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir.

Artıq mayın 17-dən WUF13 çərçivəsində bir sıra tədbirlər baş tutub. Belə tədbirlərdən biri də İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclasıdır. İclasda dayanıqlı şəhərsalma, inklüziv urbanizasiya, iqlim dəyişikliklərinə davamlı şəhərlərin formalaşdırılması və vətəndaş cəmiyyətinin qərar qəbuletmə prosesində rolunun artırılması məsələləri müzakirə olunub. İclasda çıxış edən beynəlxalq mütəxəssis Gerrit Bloemberg bildirib ki, mənzil əlçatanlığı çox vaxt inkişafın göstəricisi kimi təqdim olunur: “Lakin kirayə depozitləri hələ də bir çox insan üçün əlçatmaz olaraq qalır. Bəzi hallarda isə sənədləri qaydasında olan evlər sökülür və həmin ərazilərdə əvvəlki sakinlərin ala bilməyəcəyi qiymətdə yeni mənzillər tikilir. Əsas diqqət qanuniliyə, ictimai marağa, yaşayışın təhlükəsizliyinə və adekvat alternativlərin təmin olunmasına yönəlməlidir. İkincisi, kompensasiya məsələsidir. Əksər hallarda verilən kompensasiya ailələrin həyatını yenidən qurması üçün kifayət etmir. İnsanlar evlərini, bizneslərini, məktəblərini, sosial əlaqələrini və illərlə formalaşmış icma bağlarını itirirlərsə, kiçik məbləğdə ödəniş ədalətli hesab oluna bilməz. Kompensasiya adekvat, şəffaf və insanların yaşayışını real şəkildə bərpa etməyə imkan verəcək səviyyədə olmalıdır. Üçüncüsü, hökumətlər bu prosesdə birbaşa iştirak etməlidir. Biz vətəndaş cəmiyyəti olaraq güclü səs ola bilərik, lakin köçürülmə ilə bağlı qərarları verən və icra edən tərəf əsasən dövlət qurumlarıdır. Buna görə də hökumətləri, yerli icmaları, vətəndaş cəmiyyətini və texniki tərəfdaşları birgə məsuliyyətə cəlb edən mexanizmlər yaradılmalıdır”.

Mino Harivelo Ramaroson isə bildirib ki, peşəkar şəhər planlaşdırıcıları və texniki mütəxəssislər mühüm işlər görsələr də, bəzi hallarda bu planlar yerli icmaların və insanların real ehtiyaclarını tam əhatə etmir. O qeyd edib ki, yerli idarəetmə orqanlarının və hökumətlərin inkişaf prosesini daha effektiv həyata keçirməsi üçün gücləndirilməsinə ehtiyac var: “Müzakirələrin yalnız söz olaraq qalmaması, real nəticəyə çevrilməsi üçün hansı maliyyələşdirmə mexanizmlərinin yaradılmalı olduğu da vacib məsələdir. Məqsəd yalnız danışmaq deyil, verilən vədləri əməli fəaliyyətə çevirməkdir. Mənzil məsələsi imtiyaz deyil, əsas hüquq kimi qəbul olunmalıdır. Bununla yanaşı, maliyyə resurslarının necə idarə olunmasına da diqqət yetirilməlidir. Dövlət investisiyalarının yerli insanların ehtiyacları ilə necə əlaqələndirildiyi mühüm əhəmiyyət daşıyır”.

Digər mütəxəssis Nduta Nkirote Mmbogori çıxışında qeyd edib ki, birbaşa maliyyələşdirmə vacibdir. “Burada olmaq mənim üçün böyük zövqdür. Biz, sadəcə, layihələrdən faydalanan tərəf deyilik. Suyu olmayan evlərdə yaşayan, klinikaya getmək üçün iki avtobus dəyişən və köçürülmə xəbərdarlıqlarından kənarda qalan insanlarıq. Hazırda bir çox yerli qruplar vəsaiti dolayı yolla alır və beynəlxalq QHT-lər 20 faiz inzibati xərc tutur. Buna görə də UN-Habitatı (BMT-nin Məskunlaşma Proqramı) yerli icmaları mənzil vəziyyətinin yaxşılaşdırılması, hüquqi yardım və mülkiyyət təhlükəsizliyi üçün birbaşa maliyyələşdirən sadələşdirilmiş qrant mexanizmlərinə keçməyə təşviq etməliyik. Bu yanaşma şəhər və milli mənzil strategiyalarında rəsmi töhfə kimi qəbul olunmalıdır. Məsələn, daşqına davamlı ev olsa belə, əgər klinikaya yol yoxdursa, bu ev tam faydalı sayılmır. Torpaq qeydiyyatı proqramı da o zaman uğursuz olur ki, qadınlar öz adlarına mülkiyyət qeydiyyatı edə bilmirlər. Bu əlaqələri ən yaxşı görənlər yerli təşkilatlardır. Həmçinin əlilliyi olan insanlar və yaşlılar üçün vəziyyətə baxaq: mənzil proqramlarının çoxunda - təxminən 95 faizində əlçatanlıq üçün ayrıca büdcə nəzərdə tutulmur”, - deyə o qeyd edib.

Sessiya müxtəlif ölkələrdən olan nümayəndələrin şəhərlərin gələcək inkişafı, sosial bərabərlik, əlçatan mənzil siyasəti və icmaların şəhər idarəçiliyində iştirakının əhəmiyyəti ilə bağlı fikirlərinin səsləndirilməsi ilə davam edib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31