Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Post-konflikt şəhərsalmasında Azərbaycan modeli: WUF13 və qlobal trendlər

Post-konflikt şəhərsalmasında Azərbaycan modeli: WUF13 və qlobal trendlər

20.05.2026 [10:40]

2024-cü ilin noyabrında COP29-un uğurlu təşkilindən sonra bu dəfə ölkəmiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkili ilə qlobal tədbirlərin nümunəvi məkanı kimi gündəmdədir. Əgər birinci tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mühüm qlobal tədbir idisə, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum – WUF) 21-ci əsrdə sürətli şəhərləşmənin gətirdiyi problemləri, dayanıqlı şəhər mühitinin qurulmasını və inklüziv məskunlaşmanı müzakirə etmək üçün yaradılmış dünyanın ən nüfuzlu beynəlxalq tədbiridir.

WUF ideyası XX əsrin sonlarında qlobal miqyasda şəhər əhalisinin sayının sürətlə artması və idarəolunmaz şəhərləşmə (urbanizasiya) proseslərinin ekoloji, sosial və iqtisadi böhranları stimullaşdırması kontekstində meydana çıxmışdır. Dövlətlərin təkbaşına bu miqyaslı problemlərin öhdəsindən gələ bilməyəcəyi aydın olduğundan, ideyanın kökündə təkcə hökumətlərin deyil, həm də yerli icmaların, QHT-lərin, memarların, alimlərin və özəl sektorun bir araya gəldiyi açıq və inklüziv bir platforma yaradılması dayanırdə. Forum rəsmi olaraq 2001-ci ildə BMT tərəfindən təsis edilmiş, onun ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə keçirilmişdir. Klassik və rəsmi BMT konfranslarından fərqlənən Forum hər iki ildən bir fərqli qitədə və ölkədə təşkil olunur və burada dövlətlər məcburi bəyannamələr imzalamaqdan ziyadə, təcrübə mübadiləsi, innovativ şəhər həlləri və şəbəkələşmə üzərində fokuslanırlar.

Forum illər keçdikcə kiçik bir ekspert görüşündən on minlərlə insanın qatıldığı nəhəng qlobal hərəkata çevrilmişdir. BMT-nin maliyyələşdirdiyi, 20 ildən bir keçirilən və dövlətlərarası rəsmi sammitlər olan, nəticə kimi üzv dövlətlərin imzaladığı və qlobal şəhərsalma siyasətini müəyyən edən, hüquqi-siyasi öhdəlik yaradan rəsmi sənədlərin qəbul edildiyi UN-Habitat konfranslarından fərqli olaraq, iki ildən bir baş tutan WUF sessiyaları ideyaların, rəqəmsal innovasiyaların və təcrübələrin bölüşüldüyü açıq müzakirə məkanı olub, sonunda dövlətlər tərəfindən imzalanması məcburi olan hər hansı bir beynəlxalq müqavilə və ya bəyannamə qəbul edilmir.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışındakı iştirakı və çıxışı dövlət başçısının Azərbaycanın qlobal humanitar platformalarda artan rolunu, işğaldan azad edilmiş ərazilərdəki bərpa modelini və ekoloji transformasiya strategiyasını ortaya qoyan konseptual və çoxistiqamətli bir nitq kimi diqqəti cəlb etdi. Prezident çıxışının elə giriş hissəsində Bakının qlobal tədbirlər mərkəzinə çevrilməsini rəqəmlərlə əsaslandırdı. 182 ölkədən 45 mindən artıq qeydiyyatdan keçmiş iştirakçının olması bu Forumun tarixdəki ən böyük şəhərsalma tədbirlərindən biri olduğunu göstərməklə bərabər, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 da nəzərə alınmaqla, Azərbaycanın ekologiya və dayanıqlı inkişaf sahəsində qlobal gündəliyi müəyyən edən aparıcı ölkələrdən birinə çevrildiyini göstərir. Xatırladaq ki, COP29-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olan 197 ölkənin nümayəndə heyətləri iştirak etmiş, həmin ölkələrdən ümumilikdə 76 min nəfər iştirakçı rəsmi qeydiyyatdan keçmiş, konfransın açılış mərasiminə 80-dən çox dövlət və hökumət başçısı qatılmışdı.

Əgər 24 il bundan əvvəl ilk WUF sessiyasında (Keniya) 1200 nəfər iştirak etmişdisə, bu il ölkəmizin paytaxtı Bakının ev sahibliyi ilə keçirilən 13-cü sessiyada tarixi rekord müşahidə olundu: 182 ölkədən 45 mindən çox qeydiyyata alınmış iştirakçı Forumun işində hibrid şəkildə (üzbəüz və onlayn) təmsil olunur. Qeyd edək ki, indiyədək ən çox iştirakçı 2016-cı ildə Ekvadorun paytaxtı Kitoda keçirilən WUF8-də müşahidə olunmuşdu: lakin 8-ci sessiyada qeydə alınmış iştirakçı fəallığı (30 min nəfər) həmin sessiyanın 3-cü Habitat konfransı ilə birləşdirilməsinin nəticəsi kimi ortalığa çıxmışdı.

Azərbaycan son illərdə bu qlobal şəbəkədə çox aktivdir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə (Ağdam, Füzuli, Şuşa və s.) həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri ilə, habelə Bakı şəhərsalma forumları vasitəsilə ölkəmiz Polşa (WUF11) və Misir (WUF12) sessiyalarında geniş nümayəndə heyəti və xüsusi pavilyonlarla təmsil olunmuş, öz milli yenidənqurma modelini dünya ictimaiyyətinə təqdim etmişdir.

Bu baxımdan WUF13-ün iştirakçı statistikası Forum tarixinin mütləq rekordu olub, qlobal miqyasda çox ciddi bir hadisədir. Bu tarixi rekordun arxasında həm qlobal geosiyasi-texnoloji trendlər, həm də Azərbaycanın beynəlxalq platformadakı spesifik statusu ilə bağlı fundamental səbəblər dayanır. Azərbaycanın qısa müddət öncə COP29 kimi nəhəng bir qlobal iqlim sammitinə uğurla ev sahibliyi etməsi, ölkənin loqistika, təhlükəsizlik və qonaqpərvərlik infrastrukturunun ən yüksək səviyyədə olduğunu dünyaya sübut etdi. Beynəlxalq birlik Bakını artıq qlobal konsensusların və irimiqyaslı humanitar-ekoloji qərarların qəbul edildiyi neytral və etibarlı dialoq mərkəzi kimi qəbul edir. Başqa sözlə, COP29-la güclənən beynəlxalq dialoqun “Bakı effekti” və beynəlxalq etimadla səciyyələnən müsbət reputasiya 182 ölkənin tərəddüd etmədən Bakı sessiyasına nümayəndə heyəti göndərməsinə rəvac verib. Bundan başqa, dünyanın bütün qitələrindən gələn şəhərsalma ekspertləri, memarlar, dövlət və hökumət rəsmiləri üçün Azərbaycan hazırda planetin ən maraqlı və unikal “canlı şəhərsalma laboratoriyası”dır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhərlərin müasir “Ağıllı Şəhər” və “Yaşıl Enerji” zonası konsepsiyaları ilə sıfırdan qurulması təcrübəsi dünya şəhərsalma tarixində analoqu az olan bir prosesdir. Post-konflikt urbanizasiyası, məcburi köçkünlərin mülki cəmiyyət prinsipləri əsasında öz doğma yurdlarına inklüziv qayıdışı (Böyük Qayıdış Proqramı) qlobal münaqişələrdən əziyyət çəkən bir çox region üçün (məsələn, Yaxın Şərq, Afrika və s.) əvəzsiz bir model rolunu oynayır. İştirakçılar həm də bu yeni real təcrübəni yerindəcə öyrənmək üçün Bakıya, sözün əsl mənasında, axın ediblər.

Bundan başqa, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və iqlim böhranı, içməli su qıtlığı, rəqəmsal bərabərsizlik kimi problemlər şəhərləri sınağa çəkir. WUF13-ün hibrid formatının (həm fiziki, həm də onlayn) rəqəmsal imkanlarının maksimum dərəcədə təkmilləşdirilməsi, inkişaf etməkdə olan və uzaq ada dövlətlərindən (Latın Amerikası, Okeaniya) olan mütəxəssislərin də foruma əlçatanlığını təmin edir. Başqa sözlə, coğrafi məhdudiyyətlər rəqəmsal texnologiyalarla uğurla dəf edilir. Bakı özünün coğrafi və mədəni körpü statusunu doğruldaraq həm Şərq və Qərb, həm də Şimal və Cənub sivilizasiyalarının kəsişməsində, Orta Dəhliz logistik marşrutunun mərkəzində yerləşir. Bu coğrafi mövqe Asiya, Avropa və Yaxın Şərqdən olan iştirakçılar üçün Bakını əlçatan bir nöqtəyə çevirir. Eyni zamanda, Bakının özünün tarixi memarlıqla (İçərişəhər) futuristik şəhərsalma elementlərini (Alov qüllələri, Heydər Əliyev Mərkəzi və s.) sintez edən unikal şəhər mühiti, foruma qatılan memar və urbanistlər üçün vizual və praktik ilham mənbəyidir.

Ən nəhayət, WUF13-ün yalnız dövlət rəsmilərinin konfransı olmaması, rəqəmsal texnologiya şirkətlərinin, tikinti nəhənglərinin, insan hüquqları müdafiəçilərinin və QHT-lərin bərabərhüquqlu platformasına çevrilməsi iştirakçı motivasiyasını artırdı. Sessiya çərçivəsində post-konflikt urbanizasiyası və dayanıqlı yenidənqurma, iqlim dəyişikliyi şəraitində “yaşıl və ağıllı” şəhərlər (Smart&Green Cities), süni intellekt və rəqəmsal innovasiyaların şəhər idarəçiliyinə inteqrasiyası, hamı üçün əlçatan mənzil və inklüziv şəhər cəmiyyəti, şəhərlərin davamlı maliyyələşdirilməsi və yerli investisiyalar, elə cə də yerli siyasət, qanunvericilik və multilaterizm kimi mövzuların və bu istiqamətlər üzrə bir çox alt mövzuların müzakirəsinin nəzərdə tutulması göstərir ki, müasir şəhərsalma artıq sadəcə binaların tikilməsi deyil; o, texnologiyanın, ekologiyanın, insan hüquqlarının və iqtisadiyyatın bütöv bir vəhdətidir. Bakı sessiyası bu mövzuları birləşdirərək növbəti 20 ilin qlobal şəhər xəritəsini formalaşdırır.

Azərbaycan Prezidenti öz çıxışında yalnız dövlət başçısı kimi deyil, eyni zamanda qurucu lider, ziyalı-vətəndaş və əsl tarixçi kimi Bakı şəhəri ilə yanaşı ayrı-ayrı bölgələrimizin də tarixi və müasir simasını müəyyən edən maddi-mədəni irsimizi tədbir iştirakçılarına ən yüksək səviyyədə təqdim edərək, xalqımızın bəşəriyyətin tarixi-mədəni xəzinəsinə mühüm töhfələr verdiyini qürurla söylədi. Dövlət başçımız sivilizasiyalar arasında yerləşən məkan kimi Bakının İçərişəhər (qədimlik), XIX əsr Avropa memarlığı və 15 kilometrlik müasir dənizkənarı bulvarı birləşdirməsini şəhərin Şərqlə Qərbin vizual qovşağı funksiyasını uğurlu şəkildə daşıması kimi ifadə etdi. Digər tərəfdən, müasir şəhərsalmanın ən böyük dilemmalarından olan tarixi irsin qorunması ilə müasirləşmə arasındakı balansı orijinal bir bənzətmə ilə izah edərək Formula 1 yarışının Bakı Qran-Prisinin dar qala divarları ilə sürətli treki birləşdirməsi nümunəsi üzərindən idarəçilərə aydın mesaj verdi: inkişafda və insanların həyat şəraitinin yaxşılaşdırılmasında cəsur, tarixi irsin toxunulmazlığında isə ehtiyatlı olmaq. Prezident, həmçinin, bütün nəsillər üçün qarşıda duran vəzifəni də diqqətə çatdırdı: “Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək”.

Azərbaycan liderinin öz çıxışında azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq və şəhərsalma ilə bağlı məsələlərə geniş yer ayıracağı tamamilə gözlənilən və təbii oldu. “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir”, – deyən Prezident İlham Əliyevin nitqinin ən mühüm siyasi və strateji hissəsi də məhz bu məsələ oldu. Ağdamın dağıdılma miqyasını atom bombası fəsadları ilə müqayisə edən dövlət başçısı bu dağıntının 30 illik məqsədyönlü bir vandalizm (söküntü və talan) nəticəsi olduğunu vurğuladı. “Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri” öz tarixi yurdlarını azad etdikdən sonra burada cəmi təxminən 5 il ərzində artıq 70 kilometr uzunluğunda tamamlanmış tunellər, nəzərdə tutulan 500 körpüdən 435-nin inşası, 3 beynəlxalq hava limanı, su anbarları, elektrik stansiyaları, asflat yollar və bir sıra digər zəruri infrastruktur layihələrini həyata keçirməklə xalqımızın tarixən daşıyıcısı olduğu qurub-yaratmaq xislətini bəyan etdi. Azad edilmiş ərazilərdə artıq 85 mindən çox azərbaycanlının məskunlaşması və infrastrukturla paralel olaraq sənaye zonaları vasitəsilə məşqulluğun təmin edilməsi, Böyük Qayıdış Proqramının fundamental insan hüquqlarının (öz torpağında yaşamaq hüququ) bərpasına xidmət etdiyini nümayiş etdirir.

Azərbaycan Prezidenti öz çıxışında ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş ekoloji transformasiya və yaşıl konsepsiya çərçivəsində görülən işlərdən də geniş bəhs etdi. Paytaxt Bakının 180 illik neft sənayesi keçmişindən qalan ekoloji fəsadların aradan qaldırılması, vaxtilə tamamilə çirklənmiş “Qara şəhər” ərazisinin müasir ekoloji memarlıq nümunəsi olan “Ağ şəhər”ə çevrilməsi, Bibiheybət və Böyükşor gölünün təmizlənməsi layihələri uğurlu yaşıl keçid nümunələri kimi təqdim olundu. Son 20 ildə Bakıda 100-dən çox parkın yaradılması, mikromobilliyə, metro şəbəkəsinə və elektrik avtobuslarına keçid, paytaxtın gələcəkdə “ağıllı və ekoloji təmiz” şəhər konsepsiyasına uyğunlaşdırıldığını, Azərbaycanın ətraf mühitin qorunması sahəsində böyük layihələr həyata keçirdiyini və bu siyasəti davam etdirməkdə qətiyyətli olduğunu göstərir.

Beləliklə, Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışı Azərbaycanı dünyaya sadəcə enerji resursları olan ölkə kimi deyil, həm də tarixi irsini qoruyan, ekoloji fəsadları uğurla neytrallaşdıran və müharibədən sonrakı yenidənqurmada beynəlxalq standartlar tətbiq edən bir dövlət kimi təqdim edir. “Şəhərsalma və Memarlıq İli” elan edilən 2026-cı ildə bu Forumun keçirilməsi, ölkənin daxili inkişaf prioritetləri ilə qlobal trendlərin tam üst-üstə düşdüyünü nümayiş etdirir. İştirakçı ölkə və insan sayı ilə bağlı göstəricilər isə sübut edir ki, WUF13 sadəcə növbəti bir BMT tədbiri deyil. Bu, Azərbaycanın qlobal intellektual və innovativ mərkəz kimi qəbul edilməsinin, şəhərlərin gələcək taleyinin rəqəmsal və insani ssenarilərinin məhz Bakıda yazılmasının tarixi təsdiqidir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31