Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bir tarixin izi ilə...

Bir tarixin izi ilə...

22.07.2026 [13:39]

36 il əvvəl, 22 iyul 1990-cı il...

Hazırda orta güc dövləti səviyyəsinə yüksələn, bütün dünyada böyük hörmət bəslənilən, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər yaradan, eyni zamanda, milli maraqlarını qətiyyətlə qorumağı bacaran müstəqil Azərbaycanın uğurlarının təməli 36 il bundan əvvəl məhz tarixin bu günündə yaşanan əlamətdar bir hadisə ilə qoyulub. Söhbət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il iyulun 22-də ulu diyara - Naxçıvana gəlişindən gedir.  Ulu Öndər Heydər Əliyev tarixin müxtəlif dönəmlərində respublikamızın və xalqımızın taleyində müstəsna önəm daşıyan addımlar atıb, qərarlar verib. Vətənin, xalqın ən çətin dönəmlərində nicat yolu arayıb tapmaq bu böyük şəxsiyyətin sanki bir alın yazısı idi.  Ulu Öndərin bəhs olunan tarixdə Naxçıvana gəlişi də bir qurtuluş məqamı idi.  Həm də yalnız Naxçıvan deyil, bütün Azərbaycan üçün xilas məqamı. İnkarolunmaz həqiqət odur ki, əgər Ulu Öndərin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı olmasaydı, respublikamızın bugünkü yüksəlişinə, tarixi zəfərlərimizə, işğaldan azad olunmuş ərazilərimizin böyük əzmlə bərpasına və yenidən qurulmasına da şahidlik etməyəcəkdik. Respublikamızın xilası, müstəqilliyimizin qorunması, eyni zamanda, bugünkü uğurlarımız məhz Heydər Əliyevin 36 il bundan əvvəl Naxçıvana dönuşü ilə başlayıb.

Naxələflər Heydər Əliyevin Bakıda qalmasına imkan vermədilər

Zamanında Azərbaycanın və şəxsən böyük siyasətçi Heydər Əliyevin keçmiş ittifaq üçün hansı faydaları verməsi barədə arxivlərdə çoxlu materiallar tapmaq mümkündür. Azərbaycan o respublikalardan idi ki, mərkəzi büdcədən heç nə almırdı, əksinə ittifaq büdcəsinin formalaşmasında mühüm rol oynayırdı. Respublikamız həmçinin İkinci Dünya müharibəsi illərində SSRİ-nin neft və neft məhsulları ilə əsas tədarükçüsü idi. Həmçinin keçmiş ittifaqda yüksək vəzifələr tutan Heydər Əliyev SSRİ-nin iqtisadi inkişafı üçün müstəsna önəm daşıyan bir sıra layihələrin həyata keçirilməsinə əvəzsiz töhfələr verib.

Lakin ötən əsrin səksəninci illərinin sonlarından etibarən keçmiş ittifaq məkanında geriyə dönüşü olmayan proseslər izlənilirdı. Rejim üçün ənənəvi olmayan bu proseslər fonunda müəyyən qüvvələr tərəfindən SSRİ-nin rəhbərliyinə gətirilən M.Qorbaçova bir “Heydər Əliyev fobiyası” hakim kəsilmişdi ki, bu da təsadüfi deyildi. M.Qorbaçov bütün ittifaq miqyasında böyük nüfuza malik siyasət nəhəngi Heydər Əliyevi özü üçün bacara bilməyəcəyi rəqib qismində dəyərləndirir və Onun Kremldən getməsi üçün əlindən gələn hər şeyi etməyə çalışırdı. Eyni zamanda, M.Qorbaçovun ətrafında cəmləşən erməni mafiyası da, necə deyərlər, odun üstünə yağ tökməklə özünün fitnəkar rolunu oynayırdı.

Təbii ki, aparılan siyasət təmiz və vicdanlı kadr olan Heydər Əliyevi qane edə bilməzdi. O, götürülən siyasi kursa etirazlarını SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefa verməklə ifadə etdi.

1990-cı ildə baş verən 20 Yanvar faciəsi M.Qorbaçovun rəhbərliyi altında mərkəzi hakimiyyətin Azərbaycana qarşı repressiv siyasətinin sonu deyildi. Heydər Əliyev müxtəlif kanallardan Kremldə respublikamıza qarşı daha müdhiş planlar hazırlandığı barədə məlumatlar almışdı. Buna görə də O, Azərbaycana qarşı hazırlanan məkrli planların qarşısını almaqdan ötrü həmin çətin vaxtlarda xalqı ilə bir yerdə olmağa qərar vermişdi. Elə Onun özünün də həyatı təhlükə qarşısında idi. Erməni - M.Qorbaçov mafiyası Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdi.

O dövrdə mərkəzi hakimiyyətin siyasi sifarişləri əsasında ittifaq və respublika miqyasında Heydər Əliyevə qarşı məqsədli kampaniyaya start verilmişdi. O cümlədən Heydər Əliyevin Azərbaycana qayıtmasına nail olmaq istəyənlər ciddi şəkilkdə təqiblərə məruz qalırdılar.  “Azərnəşr”in və “Yazıçı” nəşriyyatının direktoru, tanınmış naşir Əjdər Xanbabayev 1990-cı il mayın 30-da Bakıda öz avtomobilində güllələnərək qətlə yetirildi. Bu qətl birbaşa siyasi sifariş idi. Məqsəd də Heydər Əliyevi Azərbaycanda, necə deyərlər, siyasi dayaqdan məhrum etmək, Onu dəstəkləyən işıqlı ziyalılar arasında xof yaratmaq idi. Sonradan istintaq materialları əsasında da Xanbabayevin ölümündə gizli məqamlar aşkarlandı və onun qətlində keçmiş ittifaqın təhlükəsizlik orqanlarının əli olduğu təsdiqləndi.

Heydər Əliyevin bütün maneələrə baxmayaraq , 1990-cı il iyulun 20-də Bakıya gəlməsinə baxmayaraq, Onun  paytaxtda qalması əngəlləndi.  Buna səbəb isə Azərbaycanın o vaxtkı rəhbərliyinin isterikası idi. Respublika rəhbərliyində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslər Heydər Əliyevin Bakıya qayıtması ilə onlara etimadın azalacağını düşünürdülər. Naxələflər vəzifələrini qorumaq hərisliyi ucbatından Heydər Əliyevin Bakıda qalmasına imkan vermədilər.

Doğma diyar Naxçıvan onu duz-çörəklə qarşıladı...

Hər şeydə bir xeyir var, deyiblər. Heydər Əliyev də Bakıda qalmaq mümkün olmadıqda xoş xatirələri dolaşan Naxçıvana üz tutdu. Doğma diyar təyyarə ilə Naxçıvana gələn Heydər Əliyevi duz-çörəklə qarşıladı. O, bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi.  22 iyul 1990-cı il tarixində axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. İzdiham o qədər sıx idi ki, Heydər Əliyevin kürsüyə qalxması üçün polis işə qarışıb yol açmaq məcburiyyətində qalmışdı. İzdiham Heydər Əliyevin kürsüyə qalxmasını sürəkli alqışlarla qarşıladı. Böyük şəxsiyyət xəstə vəziyyətdə olduğu üçün isti, bürkülü havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi. Sonralar Heydər Əliyev Naxçıvan sakinləri ilə görüşü barədə xatirələrini bölüşərək belə deyirdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilməsə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

Azərbaycanın keçmiş “kommunist rejimi” kimi, 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı da Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən bərk əndişələnirdi. 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Lakin bu cəhdin də qarşısı qətiyyətlə alındı. Xalqının Ona olan sonsuz rəğbətindən, məhəbbətindən vəcdə gələn Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən qurultayında bunu çox təsirli şəkildə ifadə edərək deyib: “Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”

Naxçıvanda üçrəngli bayrağımızın ilk dəfə ucaldılması - bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir

Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

O dövrdə Heydər Əliyevin Naxçıvana və naxçıvanlılara böyük məhəbbətlə atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu.

Xalqla həmrəylik şəraitində Naxçıvanı xilas edən Heydər Əliyev növbəti mərhələdə - 1993-cü ildən sonra xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında davam etdirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi hakimiyyətinə qayıdan Heydər Əliyev aldığı müdrik qərarlarla xaosa, anarxiyaya, iqtisadi tənəzzülə son qoydu və Azərbaycan inkişafa istiqamətləndi.

Bu gün böyük siyasətçi Heydər Əliyevin parlaq ideyaları yenə də bir mayak kimi müstəqil Azərbaycanın həyatına işıq salır. Son 23 ildə Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasətin varisliyini təmin etməklə ölkəmizi müasir dövlət kimi uğurla inkişaf etdirir. Bu gün Azərbaycan zirvələrdədir, özünün keşməkeşli tarixinin ən yaxşı dönəmlərindən birini yaşayır, Vətən müharibəsində, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan parlaq qələbələr, eləcə də postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramının uğurla reallaşdırılması bizi qürurlandırır və Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir.  Bu gün quruculuğun, tarixin izlərinin bərpasının mərkəzinə çevrilən əziz Şuşamız çal-çağırlıdır. Artıq azad Şuşa mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Elə bu günlərdə tarixi şəhərimizdə IV Şuça Qlobal Media Forumu baş tutdu və Prezident İlham Əliyev Forumun tribunasından dünyaya öz mesajlarını çatdırdı...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31