Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan dili mənəvi sərvətimiz, milli kimliyimizdir

Azərbaycan dili mənəvi sərvətimiz, milli kimliyimizdir

01.08.2026 [12:25]

Hər il ölkəmizdə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin 2001- ci il 9 avqust tarixli Fərmanı ilə qeyd edilən bu tarixi gün ana dilimizin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsinin simvoludur. Müstəqil dövlətin rəsmi dövlət dili olan Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, tarixi yaddaşı və dövlətçiliyimizin əsas atributlarından biridir. Mənəvi dəyərlərimizi yaşadan, inkişaf etdirən, qədim və zəngin olan Azərbaycan dili xalqımızın ən böyük milli sərvəti olaraq nəsillər arasında əlaqə yaradan, onun varlığını yaşadan, mənəvi dəyərlərini qoruyan milli kimliyimizdir. Ona görə də doğma ana dilimizin qorunması, inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman yalnız milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm istiqamətini təşkil edir.

Respublikamızda dil siyasətinin formalaşdırılmasında, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi qorunmasında və inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin inkişafı, tətbiqi sahələrinin genişləndirilməsi, dövlət dili statusu qazanması uğrunda mübarizə aparmışdır. Onun uzaq məqsədlərə hesablanan siyasəti nəticəsində ana dilimizin dövlət dili statusuna yüksəlməsi mühüm tarixi hadisə olmaqla yanaşı,  milli dövlətçilik tariximizin qızıl səhifəsidir. Hazırda respublikamızda dövlət idarəçiliyinin bütün sahələrində rəsmi dövlət dili kimi Azərbaycan dilindən istifadə olunur. Çünki milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində rəsmi dövlət dilinin formalaşmasıdır. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyətli iradəsi hesabına 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi qeyd olunub. Eləcə də respublikamız siya-si müstəqillik qazandıqdan sonra Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına - Əsas Qanunumuza dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi Ulu Öndərin ana dilimizə rəsmi status verilməsi uğrunda apardığı çoxillik mübarizənin məntiqi nəticəsidir. Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin tək-milləşdirilməsi ilə bağlı sonralar verilən sərəncamlar dövlətimizin ana dilimizə çox böyük önəm verdiyini, ona həm dövlətçilik atributu kimi, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir.

Xüsusilə Prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı latın qrafikalı əlifbanın praktiki müstəvidə tətbiqində böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Xatırlayaq ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində baş vermiş ictimai-siyasi hadisələr iqtisadiyyatda və ölkə həyatının digər sahələrində ciddi çətinliklər yaratmaqla yanaşı, xalqın milli-mənəvi dəyərlərinin yaşamasında mühüm rolu olan  əlifba məsələsinin də müzakirəsini gündəmə gətirmişdi. Müstəqillik qazanmış ölkəmizdə elmi-mədəni, iqtisadi və siyasi cəhətdən ayrı düşmüş çoxsaylı türk xalqlarının əlaqələrini yaratmaq üçün ortaq latın əlifbasının qəbul edilməsi geniş müzakirələrə səbəb oldu. Əlifba problemlərini hərtərəfli  müzakirə etmək üçün Əlifba Komissiyası yaradıldı. Azərbaycan Əlifba Komissiyasının sədri görkəmli dilçi alim A.Qurbanov yeni əlifba layihəsinin müxtəlif variantlarını hazırlamış və bu variantları hazırlayarkən beynəlxalq təcrübəni əsas götürmüşdür. Komissiyanın sədri A. Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbanın layihəsini Azərbaycan dilinin səs sisteminə və digər xüsusiyyətlərinə uyğunluğunu nəzərə almaqla hazırlamışdır. Bundan sonra layihə Komissiyanın müzakirəsinə verilmişdir. Yeni əlifbaya keçmək məsələsində ilk mərhələdə tərtib olunmuş layihə ümumxalq müzakirəsinə verilmiş və  layihə yalnız əksəriyyət tərəfindən qəbul edildikdən sonra qanuniləşdirilmişdir. 1991-ci ilin 25 dekabrında Azərbaycan Respublikasının Ali Soveti “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi barədə qərar verib. Lakin müstəqilliyin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. H. Əliyev yazırdı ki, biz indi latın əlifbasına keçirik. Görürsünüz ki, keçmək də çətindir. Qərar qəbul olunub, ancaq biz latın əlifbasına keçə bilmirik. Mən göstəriş vermişəm və bütün dövlət sənədləri latın əlifbası ilə yazılır.

Prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllinə, beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesinin sürətləndirilməsinə və ölkədə milli dilin funksionallaşmasına təminat yaratdı. Fərmanda Azərbaycan əlifbasının keçdiyi yol xarakterizə edilərək vurğulanır: “1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsa-sında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi”.

Fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi qeyd edildi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində meydana çıxan problemlərin həlli istiqaməti müəyyənləşdirildi. Latın qrafikalı əlifbaya keçmək ideyası müstəqilliyin qorunmasında yeni bir mərhələ hesab edilərək Fərmanın 9-cu maddəsinin birinci bəndində yazılır: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun birinə qədər bütünlükdə latın qrafikasına keçməsini təmin etsin”.

Bununla da 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir.

Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı əlifbaya keçid prosesinin sürətləndirilməsində, qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllində bəhs edilən Fərmanın mühüm rolu olmuşdur. Bu Fərmanın tarixiliyi ondadır ki, Azərbaycan Respublikasının bütün dövlət-icra orqanlarını hərəkətə gətirdi, on illik tərəddüdlərdən sonra 2001-ci il avqustun 1-dən etibarən qəti olaraq latın əlifbasına keçid milli dövlətin inkişafını siyasi-ideoloji baxımdan yeni mərhələyə daşıdı.

Beləliklə, 2001-ci il avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman imzalandı. Həmin Fərmanda yazılır: “On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin”. Bununla da 9 avqust 2001-ci il tarixli Prezident Fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.

Beynəlxalq aləmə daha yaxın olan yeni latın qrafikasının qəbulu milli dəyərlərimizin daha geniş dairədə tanınmasına şərait yaratdı. Sonrakı proseslər Azərbaycan xalqının bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, Ümummilli Lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində apardığı strateji əhəmiyyətli siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər latın qrafikasının işləkliyini təmin etdi.

Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin bu gün qorunmasına və inkişafına daha böyük ehtiyacı var. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür”. Dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və dil siyasəti sahəsində qəbul olunmuş normativ hüquqi aktlar Azərbaycan dilinə dövlət səviyyəsində davamlı diqqət və qayğı göstərilməsinin təzahürüdür. Fasiləsiz inkişaf edən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənimsəmələri, qarşılıqlı informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, onu mənfi təsirlərə də məruz qoyur.  Ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyasının davamlı həyata keçirilməsi Azərbaycan dilində söz yaradıcılığı prosesinin istiqamətlərinə təsir edir. Sürətli texnoloji inkişaf, innovativ yeniliklər dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Bu anlayışların adlandırılması, Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsi terminoloji leksikanı  inkişaf etdirir. Müasir dövrdə ictimai-siyasi həyatda baş verən dəyişikliklər, texniki yeniliklər, inşaat və arxitektura vasitələrinin yeni konstruksiyaya tətbiqi bu sahədə anlayışların yaranmasına və terminlərin dinamik zənginləşməsinə təsir göstərir. Azərbaycan dilinin lüğət tərkibinin durmadan inkişafı, dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Elmin müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi, elmi əlaqələrin genişləndiyi bir zamanda, dünyada baş verən qloballaşma və inteqrasiya dövründə müxtəlif sahələrdə yeni terminlərin formalaşdırılması zərurəti yaranır. Bu  reallıq nəzərə alınaraq söz yaradıcılığı prosesinin tənzimlənməsi, lüğət tərkibinə yeni terminlərin daxil edilməsi istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında məqsədyönlü işlər aparılır. Uzun illər ərzində texnikanın bir çox sahələrinin sistemli şəkildə araşdırılması respublikamızda bu sahədə elmin inkişafına və yeni terminlərin yaranmasına təkan verir. Bu terminlərin Azərbaycan dilində ifadə edilməsi, qarşılıqlarının yaradılması və onların ədəbi dil qaydalarına uyğunlaşdırılması həm elm sahəsinin, həm də dilin tənzimlənməsinə imkan verir. Məhz buna görə də, elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinliklər aradan qaldırılır, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan terminlər üçün Azərbaycan dilində işlək qarşılıqlar hazırlanır, elmi bazanı özündə əks etdirə bilən lüğətlər tərtib olunur.

Müstəqillik illərində bütün sahələrdə olduğu kimi, dil sahəsində də məqsədyönlü siyasətin tarixi nəticələrindən biri kimi Azərbaycan dilinin dövlət dili olaraq geniş istifadə edilməsinə və latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə nail olunmuş, onun digər dillər arasında yaşaması və daha da təkmilləşməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Bu konseptual ideyaların həyata keçirilməsi sayəsində Azərbaycan dili beynəlxalq səviyyədə inkişaf edərək dünya dilləri ilə bir sırada yüksək diplomatik məclislərdə səslənir. Kompüter sistemindən istifadə edilərək Azərbaycan dilində daha çox internet resurslarının və tərcümə sistemlərinin tətbiq edilməsi, linqvistik texnologiyaların yaradılması  istiqamətində mühüm işlər aparılır. Lakin tarixən digər dillərdən alınmaların həddən artıq çox olması Azərbaycan dilinin işləkliyinə və saflığına mənfi təsir etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “dilimizə istər bilərəkdən, istərsə də bilməyərəkdən daxil olan xarici sözlər onu zənginləşdirmir və həmin sözləri işlətmək insanı daha savadlı göstərmir”. Ona görə bu gün Azərbaycan dilinin qorunması, hər sözün öz yerində istifadə edilməsinin vacibliyi  vurğulanmış, xarici sözlərdən həddindən artıq istifadənin dilə  mənfi təsir göstərdiyi xüsusilə diqqətə çatdırılmışdır. Hazırda qloballaşma dövründə universal kommunikasiya vasitələrinin güclənməsi dünyanın dil mənzərəsinə təsir edir. Sürətli iqtisadi inkişaf, elm və texnologiyanın tərəqqisi milli dillərin  qorunması  zərurətini yaradır. İlham Əliyevin qeyd etdiyi kimi: “dil sadəcə ünsiyyət vasitəsi deyil, o, bayraq, gerb və himn kimi dövlət rəmzləri ilə eyni səviyyədə dayanan, milli kimliyi və dövlətçilik düşüncəsini formalaşdıran mühüm dəyərdir”. 

Aparılan dil siyasətində milli dilə yalnız mədəni fenomen deyil, həm də milli təhlükəsizliyin və dövlətçilik strategiyasının ayrılmaz tərkib hissəsi kimi yanaşılır. Torpağımız kimi xalqımızın dilini də yad təsirlərdən qorumalı və gələcək nəsillərə ərməğan etməliyik. Çünki dilimizin qorunması və inkişafı milli varlığımızın və milli kimliyimizin yaşaması deməkdir. Azərbaycan müstəqil dövlətdir və bu dövlətin rəsmi dilinin qorunması dövlətlə yanaşı, hər bir azərbaycanlının vəzifəsidir, müqəddəs borcudur!

Sayalı Sadıqova,

Azərbaycan Respublikası Nazirlər

Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31