Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azad Şuşada dünya mediası ilə açıq dialoq

Azad Şuşada dünya mediası ilə açıq dialoq

14.07.2026 [10:07]

Şuşa Qlobal Media Forumu mühüm platformaya çevrilib

Hazırda Azərbaycan mühüm bir aktor kimi regional və qlobal miqyasda yüksək fəallıq nümayiş etdirir və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsini hədəfləyən müxtəlif təşəbbüslər irəli sürür. O cümlədən respublikamız son illərdə dünya gündəliyinin mühüm məsələləri ilə bağlı aktual müzakirələrin aparıldığı ayrı-ayrı beynəlxalq platformalara uğurla ev sahibliyi edir ki, bunlardan biri də ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumudur.

Qeyd edək ki, 2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. 2023-cü ildən etibarən bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilir. Dünən uca dağlar qoynunda qərar tutan azad Şuşada Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu işinə başlayıb.

I forumdan IV forumadək keçilən yol

I Şuşa Qlobal Media Forumu 2023-cü il iyulun 21-də “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı təşkil olunub. İlk forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən forumda tanınmış və nüfuzlu beynəlxalq media rəhbərləri, ekspertləri müasir dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, yeni informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və “feyk nyus”la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər. Eyni zamanda, forumda Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü irəli sürülüb.

2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak edib. Forum çərçivəsində müxtəlif mövzularda 4 panel sessiya təşkil olunub.

Sayca üçüncü forum 2025-ci il 19-21 iyul tarixlərində Xankəndi və Şuşa şəhərlərində keçirilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzularını əhatə edən III Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak ediblər. Forum çərçivəsində 3 panel sessiya, “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüş təşkil olunub.

Ümumilikdə, 81 ölkədən 600-ə yaxın media rəhbərini, jurnalisti, eksperti və rəsmi şəxsi bir araya gətirən I, II və III forumlarda informasiya təhlükəsizliyi, media savadlılığı, süni intellekt, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq media əməkdaşlığı kimi aktual məsələlər müzakirə olunub.

İyulun 13-14-də baş tutan IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Foruma dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxslər qatılıb. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də beynəlxalq təşkilatların nümayəndələri təmsil olunur. Panel müzakirələrdə medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi mühüm mövzuların müzakirələri aparılır.

Mühüm dialoq məkanı...

Yuxarıda sadalanan statistik göstəricilər Şuşa Qlobal Media Forumunun artıq mühüm beynəlxalq platformaya çevrildiyini təsdiqləyir. Azad Şuşadan seçilən mövzularla bağlı dünyaya çox vacib mesajlar verilir və bu mesajlar transmilli mediada geniş şəkildə işıqlandırılır. Həmçinin dünyadakı beyin mərkəzlərinin Şuşa Qlobal Media Forumuna marağı getdikcə artır.

Şuşa Qlobal Media Forumunun artıq ənənəyə çevrilən mühüm xüsusiyyətlərindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin tədbir çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını açıq formatda cavablandırmasıdır. Forumda dövlətimizin başçısı ilə beynəlxalq media arasında birbaşa dialoq üçün fürsətlər yaranır. Müxtəlif ölkələri və aparıcı media qurumlarını təmsil edən jurnalistlər regionda baş verən siyasi proseslər, Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, regional təhlükəsizlik, enerji siyasəti və digər aktual məsələlərlə bağlı suallarını Prezident İlham Əliyevə birbaşa ünvanlayırlar.

Açıq sual-cavab formatı informasiyanın vasitəçilər olmadan çatdırılmasına, jurnalistlərin hadisələr barədə ilkin mənbədən dolğun məlumat əldə etməsinə imkan yaradır. Bu isə Azərbaycanla bağlı obyektiv informasiyanın beynəlxalq auditoriyaya çatdırılmasına, ölkənin mövqeyinin daha geniş şəkildə təqdim edilməsinə xidmət göstərir. Forum çərçivəsində səsləndirilən fikirlər sonradan dünyanın aparıcı media qurumlarında geniş işıqlandırılır, beynəlxalq ekspert dairələrində müzakirə olunur və qlobal informasiya məkanında böyük rezonans doğurur. Prezident İlham Əliyev Forumun artıq beynəlxalq media ictimaiyyəti üçün mühüm dialoq məkanına çevrildiyini vurğulayaraq deyib: “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Turizm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31