Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Sən şəhərlər gözəlisən...

Sən şəhərlər gözəlisən...

18.03.2022 [10:46]

Bakını vəsf edən bəstəkarlar və ölməz əsərləri

Müşfiqə BAYRAMLI

Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim və zəngin tarixi var. Coşqun Xəzərin sahilində yerləşməsi, amfiteatr quruluşunda inşa olunması, saysız-hesabsız tarixi-memarlıq abidələri və təkrarsız mənzərələri ilə insanların zövqünü oxşayır. Gündüzlər Günəşin, gecələr isə Ayın qoynunda rahatlıq tapan doğma şəhərimizin gözəlliyini tərənnüm edən çox saylı nəğmələr bəstələnib. Bu gün bir qisminin tarixçəsi haqqında qısa məlumat verməyə çalışacağıq.

Xəzərin qucağında yatıb dincələn Bakı

Günlərin birində şair Ənvər Əlibəyli Vasif Adıgözəlova Bakı haqqında gözəl bir şeir təqdim etdi. Bu şeir həmkarı Rəsul Rzaya məxsus idi. Vasif Adıgözəlov həmin misraları oxudu. Bir gün içində paytaxtımızı vəsf edən əsərlərdən birini bəstələdi. Bu əsəri XX əsr Bakısının epoxası kimi də qiymətləndirmək olar.

Xəzərimin sinəsi

Gah zil, gah da bəm olur.

Yarpaqların, güllərin

Niyə hərdən nəm olur?

Səndən ayrı düşəndə

Könlüm dolu qəm olur.

Mahnının bəstəkarı Vasif Adıgözəlov öz xatirələrində deyirdi: “Mahnını ifa edən kimi Rəsul çox sevindi. Dedim ki, Rəsul müəllim, şeirin sözlərindən irəli gəlir. Onun ilk ifaçısı Nərminə Məmmədova olsa da, mahnı ilk dəfədən məşhur olmadı”.

60-cı illərdə yaranan və o dövrün ruhunu özündə əks etdirən əsərə daha sonra Şövkət Ələkbərova müraciət etdi. Bəstə Şövkət xanımın ifasında ən yüksək zirvəsinə ucaldı. Böyük sənətkarın məlahətli səsi ilə bu mahnı yaddaşımızda əbədiləşdi. Hər misrasına öz səsi ilə mirvarilər düzdü. Bir sözlə, 3 rəssamın fırçasından gözəl bir tablo yarandı.

Bakı mövzusu Rəşid Behbudovun yaradıcılığında da xüsusi bir məhəbbətlə, sevgi ilə öz yerini almışdı. Şövkət xanımdan sonra bu bənzərsiz və ölməz əsərə görkəmli müğənni yeni bir nəfəs verdi.

Qucağında Xəzərin yatıb

         dincələn Bakı.

Qarı, çiskin, yağışı əyri,

         köndələn Bakı.

Hələ neçə küçəndə güllər

dəstələnməyib.

Hələ neçə nəğmənin xalı

         bəstələnməyib.

Şeirin elə bir misrası var ki, sözlərdəki nisgili, Vətənə həsrəti iliklərinə qədər hiss edirsən. Yazıçı Anar üçün isə o misralar bir başqa unudulmaz izlər qoymuşdu: “Ukraynada Azərbaycan mədəniyyət günləri keçirilirdi. Mən də getmişdim. O zaman atamın həyatında çətin bir dövr idi, xəstəxanada yatırdı. Konsert zamanı Rauf Adıgözəlov bu mahnını oxudu. Mahnıda belə bir misra var: “Yüz il ömür sürəydim, bir gün xəstələnməyib”. Bu misraları duyanda mən çox qəhərləndim. Ömürboyu bu an mənim yadımda qaldı”.

Yüz il ömür sürəydim,

Bir gün xəstələnməyib.

Yazaydım, yaradaydım,

Şah nəğməni mən, Bakı.

Oxuyaydım hər yanda onu ürəkdən, Bakı.

Bakı, əziz şəhər, mehriban diyar!

Bakı, əziz şəhər, mehriban diyar,

Sinəndə boy atıb oldum bəxtiyar,

Səndə ilk eşqimin yadigarı var.

Sən mənim söhbətim, şərəfim, şöhrətim,

Tükənməz dövlətim, əzizimsən,

Gözəl, Bakı!

Şeirin səsi var. Rəşid Behbudovun səsidir o səs. “Bəxtiyar” filmindəki şirin və könül oxşayan ifa ilə bu əsər ölməzlik qazandı. Səsi ilə dünyaları dolaşan sənətkar hər bir yerdə “Azərbaycan”, “Bakı” deyərək doğma yurdumuzu tərənnüm etdi. Nəğmə dolu ürəyində yaşatdığı Bakı sevgisini bu misralarla dinləyicilərinə çatdırdı:

Baxdıqca doymuram gözəlliyindən.

Şirin nəğmə qədər sevimlisən sən.

Hər yerdə, hər yanda deyəcəyəm mən.

Sən mənim söhbətim, şərəfim, şöhrətim,

Tükənməz dövlətim, əzizimsən,

Gözəl, Bakı!

Bakını vəsf edən bəstəkarların ön cərgəsində Tofiq Quliyevin də adı çəkilir. Görkəmli bəstəkarın şah əsəri bu gün də dillər əzbəridir. Sərhədləri aşan əsər hər zaman iftixar və qürur hissi ilə oxunulur və oxunulacaq:

Ürəyim səninlə edir iftixar,

Xəzərin qoynunda saldın buruqlar.

Qəlbimdə qəlbinin hərarəti var.

Sən şəhərlər gözəlisən, Bakı

Milli musiqi xəzinəmizə töhfələr verən paytaxtımızın şəninə yazdığı “Bakı haqqında mahnı” dinləyənləri ovsunlayır. Eləcə də “Telefonçu qız” kinofilmində səslənən melodiya bəstəkarlıq sənətində silinməz izlər qoyur:

Sən ana Xəzərimin sahilində,

Şən Bakı, şöhrətin var el dilində.

Səhərlərin aydın, təmiz,

Bir döyünür ürəyimiz.

Sən şəhərlər gözəlisən, Bakı.

Ey cavan, Bakı,

Mehriban, Bakı!

Musiqini dinlədikcə sanki Xəzərin coşqun dalğaları kimi şahə qalxırsan. Doğma Bakıya, dalğalı Xəzərə mənəvi tellərlə son dərəcə bağlı olan unudulmaz sənətkar Tofiq Quliyevin xatirələrindən...”Məni oxudan da, böyüdən də, insan edən də Bakı şəhəri olub. Ona görə də mən nə mahnı yazsam, orada hökmən Bakının adı çəkilir”.

Bax, necə göy Xəzərim ləpələnir.

Hər səhər sularına nur çilənir.

Böyük, əzəmətli şəhər,

Günəşli, qüdrətli şəhər.

Bakı, sabahın xeyir!

Ötən əsrin 70-ci illərində Azərbaycan estrada musiqisi tarixində çox böyük nüfuza malik, paytaxtımıza həsr olunan ən lirik məğmələrdən biri yarandı. Təsadüfi deyil ki, “Bakı, sabahın xeyir” mahnısı uzun illər Azərbaycan televiziya və radiosunda Bakı sabahının himninə çevrilərək paytaxt sakinlərini salamladı. İnsana nikbinlik  və xoşbəxtlik aşılayan mahnının müəllifi İslam Səfərlinin də qeyd etdiyi kimi, dinləyən hamı ürəkdən Bakı, sabahın xeyir dedirtdi:

Qayıdıb xoş güzərdən,

Günəş qalxır Xəzərdən.

Sevgilim keçən yerdən,

Bütün şəhər yeriyir

Bakı, sabahın xeyir!

Mahnının ilk ifaçısı Xalq artisti Yalçın Rzazadə mahnının tarixçəsi barədə danışarkən demişdi: “İslam Səfərli şəxsən mənə zəng edib şeiri oxumuşdu. Mən də bu şeiri Emin Sabitoğlu ilə bölüşdüm. Əsərin taleyi bir gecənin içində həll oldu”.

Ən nəhayət, “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə səslənən versiya Azərbaycan musiqi tarixində ən parlaq nümunələrdən biri kimi iz qoydu.

Hörükləri qaradır,

Qaşları ayparadır.

O bir aləm yardır,

Hamı ürəkdən deyir:

Bakı, sabahın xeyir!

Emin Sabitoğlunun çoxsaylı mahnılarının ifaçısı Flora Kərimova isə  əsərə ikinci bir nəfəs verdi. Bu nəfəs mahnının tarixinə ikinci ifa kimi daxil oldu. Əsərə möhürünü vuran sənətkarlardan sonra ona müraciət edib yenidən oxuyan müğənnilər isə demək olar ki, nəzərə çarpmadı.

Xumarlanır ləpələr,

Gülür mehriban şəhər.

Sevgilim səhər-səhər

Zər şəfəqdən don geyir,

Bakı, sabahın xeyir!.

Qara gözlü qıza bənzər

bizim Bakı gecələri

Bakının küçələrini, dənizini, sabahını vəsf edən musiqilərimiz çoxdur. Amma Bakının gecəsinə həsr olunan və simvolik himninə çevrilən əsər yeganədir. Ələkbər Ziyatay və Ələkbər Tağıyev qələminin məhsulu olan Bakı gecələrinin gözəlliyindən bəhs edən “Bakı gecələri”  adlı ecazkar əsər 60 ildir ki, aktuallığını itirmir. Bakı gecələrinin cazibəsini bizə çatdırır. 

Aylı gecə, doğma şəhər,

Ətrafına sal bir nəzər,

Yollarını nurla bəzər,

Bizim Bakı gecələri.

Əsər külək sərin-sərin

Qucağında göy Xəzərin.

Gözəlidir gecələrin

Bizim Bakı gecələri.

Baxmayaraq ki, Ələkbər Tağıyev Gəncədə doğulub boya-başa çatmışdı. O, Gəncəni də Bakını da çox sevirdi. Görünür, Bakıya sevgisi bir az daha çox imiş ki, nəticədə belə şah əsəri bizə miras qoyub getdi. Not bilməyən sənətkar əsəri vərəqə yox, ürəklərimizə köçürdü. Bu cür sənət əsərinin müəllifinə zamanında öz fəaliyyət bəstəkar deyilsə də, tarix ona əsl adını bəxş etdi.

Bəzən sakit həyatlıdır,

Bəzən toylu-büsatlıdır,

Göy göyərçin qanadlıdır

Bizim Bakı gecələri.

Xoş ətirli yaza bənzər,

Yüz nəğməli saza bənzər.

Qara gözlü qıza bənzər

Bizim Bakı gecələri.

Ələkbər Tağıyevin yaratdığı mahnılar konkret ifaçılar üçün nəzərdə tutulmuşdu. Bəstəkar öz ifaçısını son dərəcə dəqiqliklə seçib tapırdı. Bəstəkar “Bakı gecələri”ni Şövkət Ələkbərova ifasını nəzərdə tutaraq yazmışdı. Beləliklə, bu mahnı Şövkət Ələkbərovanın ifası ilə musiqisevərlərin yaddaşına möhürləndi.

Söhbətini şirin-şirin

Dinlər qoşa gəzənlərin,

Sirdaşıdır sevənlərin

Bizim Bakı gecələri.

Nəğməli şəhərimizin hər meydanı canlı tarixdir. Şəhərin istənilən küçəsindən sənətin ətrini, yaradıcılığın səsini duymaq mümkündür. Onun musiqi məktəbləri, konservatoriyası, universiteti neçə-neçə yaradıcı gəncləri yetirməkdə davam edir. Xəzər dənizi, İçəri Şəhəri, Qız qalası, Şirvanşahlar sarayı, “Qobustan” qoruğu və s. kimi zənginlikləri özündə cəmləşdirən bu şəhərin şəninə nə qədər mahnı bəstələnsə də, azdır.

Paylaş:
Baxılıb: 1658 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30