Seçki saxtakarlığı makronizmi xilas etməyəcək
04.07.2024 [10:30]
Bir vaxtlar özünün qabaqcıl ənənələri ilə Avropada mayak kimi göstərilən Fransa hazırda tamamilə fərqli baxış bucağından diqqət çəkir. Etiraf olunur ki, Makron Fransanın tarixində ən uğursuz dövlət başçısıdır və makronizm bu ölkəni sözün əsl mənasında dərin quyunun dibinə salıb. Belə bir qənaətin formalaşmasına isə Yelisey Sarayının həm xarici, həm də daxili siyasətdə üzləşdiyi fiasko səbəb olub. Hazırda ölkə bir növ təlatümlər sınağına çəkilir. Son günlərdə isə rəsmi Paris həm də seçki böhranı ilə üzləşib.
200-dən çox namizəd seçki marafonunu niyə tərk edib?
Bu günlərdə Fransa mətbuatında verilən məlumatlara görə, növbədənkənar parlament seçkilərinin ikinci turuna keçən iddialılardan 218-i öz namizədliyini geri götürüb. O cümlədən solçu “Yeni Xalq Cəbhəsi”dən 121, “Respublika uğrunda Birlikdə” prezident koalisiyasından 60 və digər partiyaların bir neçə namizədi ikinci turda iştirakdan imtina ediblər.
Fransa qanunvericiliyinə görə, birinci turda qalib gəlmək üçün namizədlər 50 faizdən çox səs toplamalı və səslərin sayı dairə üzrə qeydə alınan seçicilərin ümumi sayının ən az 25 faizini təşkil etməlidir. Əlli faizlik baryeri keçə bilməyən namizədlər seçkilərin iyulun 7-nə planlaşdırılan ikinci turunda iştirak etməli olacaqlar.
Sual yaranır: Bəs seçkilərin həlledici ikinci turuna saylı günlər qaldığı bir ərəfədə 200-dən çox iddialı niyə öz namizədliklərini geri götürərək seçki marafonundan çıxıblar? Analitiklər bunun iddialıların öz istəkləri ilə baş vermədiyi qənaətini önə çəkirlər. Həqiqətən də, yüzlərlə iddialının onlar üçün açılan şans pəncərəsini əvvəlcədən bağlamaları inandırıcı görünmür. Analitiklər bunun daha çox dərəcədə Yelisey Sarayının siyasi texnologiyası olduğu fikrində israr edirlər. Bununla bağlı şübhələri həm də hakim komandanın üzvlərinin verdikləri açıqlamalar gücləndirir. Fransanın baş naziri Qabriel Attal daha əvvəl bildirib ki, “Birgə Respublika Naminə” prezident koalisiyasının 60-a yaxın namizədi parlament seçkilərinin ikinci turunda səslərini solçulara vermək və sağçıların qələbəsinin qarşısını almaq üçün yarışdan kənarlaşdırılacaq. Makron komandasının önəmli fiqurunun bu açıqlaması sirlər pərdəsini açır, namizədlərin hansı səbəbdən seçki marafonundan geri çəkilmələrinə aydınlıq gətirir.
İkinci tur ərəfəsində saxtakarlığa əl atılması da səbəbsiz deyil. Məsələ burasındadır ki, bu günlərdə Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən seçkilərin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəlib.
Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası, üçüncü yeri 20,76 faiz səslə Makronun koalisiyası, dördüncü yeri isə 6,56 faiz səslə respublikaçılar tutub. Digər siyasi qüvvələr isə seçicilərin yalnız 3,67 faizinin etimadını qazanıb.
Seçkilərin birinci turunun nəticələrinə görə, “Milli birlik” parlamentdə 39 deputatla, “Yeni Xalq Cəbhəsi” 32 deputatla, Makronun koalisiyası cəmi iki deputatla, respublikaçılar bir deputatla, digər partiyalar isə iki deputatla təmsil olunacaqlar.
Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir. Bundan əvvəlki seçkilərdə Makronun koalisiyasını Milli Assambleyada cəmi 250 deputat təmsil edirdi. Buna görə də bu və ya digər qanunun qəbulu zamanı koalisiya dəstək üçün digər partiyaların təmsilçilərinin səsini almaq üçün dəridən-qabıqdan çıxmaq, hətta hansısa sövdələşmələrə getmək məcburiyyətində qalırdı.
Bax elə indiki məqamda Yelisey Sarayının qərəzli siyasi texnologiyasını işə salması da Milli Assambleyaya seçkilərin birinci turunun Makron üçün uğursuz olan nəticələri ilə bağlıdır. Aparılan rəy sorğularında ikinci turda Makronun qurduğu koalisiyanın daha acınacaqlı məğlubiyyətə uğrayacağı təsdiqlənir. Bu gün Fransada sağçıların üstün mövqeyə çıxmasının əsas baiskarı da elə Makronun özüdür. Məhz onun yürütdüyü siyasət hakim elitaya inamı sarsıdıb. Yol verilən boşluqlar ölkə boyunca radikalizmin, İslamofobiyanın, irqçiliyin önə çıxmasına imkan verib. Buna görə də Makron seçkilərdə uğursuzluq zolağına düşməsinin əsas səbəbini özündə axtarmalı, buna görə heç kimi günahlandırmamalıdır.
Makron üçün sonrakı peşimançılığın faydası yoxdur
Seçkilərin ikinci turunda məğlubiyyət Fransada Makron erasının sonunu gətirəcək. Düzdür, ölkə qanunvericiliyinə görə Makron istefaya getmədən növbəti seçkilərə qədər vəzifəsinin icrasını davam etdirə bilər. Ancaq bu, yalnız nəzəri cəhətdən mümkündür. Hakim komandanın yeni formalaşacaq parlamentdə zəruri səs çoxluğuna nail olması mümkünsüz görünür. Bu isə praktiki müstəvidə Makronun istefasını zərurətə çevirəcək. Onu da vurğulayaq ki, birinci turda daha çox sayda səs toplayan “Milli Birlik” partiyasının lideri Marin Le Pen artıq hakimiyyət iddialarını gizlətmir. O, dövləti idarə etməyin məhz onun partiyasının haqqı olduğunun anonsunu verib. Mari Le Pen partiyasının Fransada hakimiyyəti ələ almağa hazır olduğunu bildirib. Proseslərin bu tərzdə irəliləməsinin fərqində olan Makron ikinci turdan əvvəl vəziyyəti öz xeyrinə dəyişmək qərarına gəlib və qərəzli texnologiyanın işə salınmasına göstərişlərini verib.
Yelisey Sarayının məkrli texnologiyası da makronizmi xilas edə bilməyəcək. Seçkilərdəki məğlubiyyət xalqın Makron komandasına inamsızlığının, bütövlükdə, makronizmin iflasının göstəricisidir. Makron indiyədək baş verənlərdən nəticə çıxartmalı idi. Makronizmin iflasının əlamətləri “Sarı jiletlilər”in üsyanında, fermerlərin ölkəni bürüyən peyin inqilabında, iqtisadiyyatın geriləməsində, pensiya islahatlarına qarşı başlanan etirazlarda görünürdü. Makronun müstəmləkə siyasətini sərtləşdirməsi Afrikada, dənizaşırı ərazilərdə Fransaya qarşı nifrəti pik həddə çatdırıb, ölkə sərvətlərini taladığı ərazilərdə mövcudluğunu sürətlə itirməkdədir. Artıq Avropa İttifaqı daxilində də Fransanın diqtələri eşidilmir və rəsmi Parisin hegemonluq iddiaları təpkilərlə qarşılanır. Makronizm, həmçinin Fransanın Cənubi Qafqaz siyasətinin sonunu gətirib. Bütün bunlar iflasın əlamətləridir, Makron! Mənfur seçki saxtakarlığı ilə bu dalğanı dayandırmaq, selin qarşısını almaq sadəcə, mümkün deyil.
Xatırladaq ki, Makron üçün pis ssenari daha əvvəl keçirilən Avropa Parlamentinə seçkilərdəki məğlubiyyətlə başlayıb. Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində, Makronun revanş cəhdi idi. O, ümid edirdi ki, daxili seçkilərdə koalisiyası qalib gələcək və bununla da sağçıların Avropa Parlamentinə seçkilərdəki qələbəsinə kölgə salmaq mümkün olacaq. Ancaq Milli Assambleyaya son seçkilər bir daha təsdiqlədi ki, Makron qənaətində yanılıb. İndi o, parlamentin aşağı palatasını buraxmasının və Milli Assambleyaya növbədənkənar seçkilər təyin etməsinin peşimançılığını çəkir. Ancaq sonrakı peşimançılığın nə faydası var?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

