Məkkə sazişinə üzv dövlətlərin vacib görüşü...
02.09.2026 [08:54]
Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasının keçirilməsi bunun göstəricisidir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə üçtərəfli strateji və müdafiə əməkdaşlığı mexanizminin formalaşdırılmasına başlayıb. Avqustun 31-də İstanbulda üç ölkə arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasının keçirilməsi bunun göstəricisidir. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin iştirak etdiyi görüşdə beynəlxalq təhlükəsizlik, müdafiə imkanlarının inkişaf etdirilməsi, üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması, müdafiə sənayesində birgə istehsal, tədqiqat və inkişaf əməkdaşlığının genişləndirilməsi, terrorla mübarizədə birgə səylərin gücləndirilməsi məsələləri müzakirə olunub.
Regional təhlükəsizlik nizamında dəyişikliklər...
İclas zamanı komitənin müəyyən edəcəyi birgə fəaliyyət istiqamətləri üzrə işləri əlaqələndirəcək katibliyin və digər mexanizmlərin çərçivəsinin müəyyənləşdirilməsi, qarşıdakı dövrdə atılacaq addımlar üzrə yol xəritəsinin hazırlanması qərara alınıb. Məkkə Birgə Müdafiə Sazişinin regionda təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsinə, məsələlərə əməkdaşlığa əsaslanan təhlükəsizlik yanaşması ilə baxılmasına və qarşıdurma əvəzinə əmin-amanlıq və rifahın prioritet seçilməsinə yönəldiyi vurğulanıb.
Xatırladaq ki, ölkələr arasındakı “Birgə Müdafiə Sazişi” avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən Məkkədə imzalanıb. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regionda və beynəlxalq aləmdə artan qeyri-sabitlik fonunda ortaq məsuliyyət və regional sahiblənmə anlayışı ilə imzalanan sənəd regional və qlobal miqyasda təhlükəsizlik, sülh, sabitlik və rifahın təşviq edilməsini, həmçinin birgə çəkindirmə imkanlarının artırılmasını hədəfləyir.
Ümumiyyətlə, Məkkə sazişi regional təhlükəsizlik nizamında dəyişikliklərdən xəbər verir. Böyük dövlətlərin öhdəliklərinin getdikcə daha seçici xarakter aldığı, münaqişələrin əhatə dairəsinin isə sürətlə genişləndiyi bir şəraitdə regional dövlətlər daha böyük məsuliyyəti öz üzərinə götürür, kollektiv çəkindirmə arxitekturasının yaradılması istiqamətində addımlar atırlar. Ankara, Ər-Riyad və İslamabadın atdığı addımlar bu yeni qlobal tendensiyanın bir hissəsidir. Birgə səylərin məqsədi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın strateji imkanlarını genişləndirmək, həssaslığını azaltmaq və xarici siyasət sahəsində təsir imkanlarını artırmaqdır.
Türkiyənin iştirakı müttəfiqliyi gücləndirəcək
Ankara hesab edir ki, Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sahəsində əməkdaşlıq yalnız bu ölkələrin öz təhlükəsizliyinə deyil, bütün regionda sülh və sabitliyin təmin olunmasına, eləcə də təhdidlərin qarşısının alınması imkanlarının artırılmasına mühüm töhfə verəcək. Saziş müdafiə nazirləri, xarici işlər nazirləri və Baş Qərargah rəislərinin iştirakı ilə mexanizmlərin yaradılmasını, ən yüksək səviyyədə koordinasiyanın həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlığa komanda-qərargah və səhra təlimləri ilə başlanacaq, sonrakı mərhələlərdə isə bu əməkdaşlıq quru, dəniz və hava qüvvələrinin, hava hücumundan müdafiə vasitələrinin və pilotsuz sistemlərin iştirakı ilə birgə təlimlərə çevriləcək.
Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığın prioritet istiqamətləri sırasına pilotsuz sistemləri, radioelektron mübarizəni və süni intellektlə dəstəklənən sistemləri də daxil edir. Lakin sazişə yalnız üç ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi kimi baxılması natamam yanaşma olardı. Nəzərə alaq ki, Məkkə sazişi beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin dərinləşməsinə cavabdır. Belə ki, böyük dövlətlərin, xüsusilə ABŞ-ın təhlükəsizlik sahəsində öhdəlikləri daha seçici xarakter alıb, regional münaqişələr isə risk və çağırış zonasını formalaşdırır. Bu baxımdan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın “ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlamır” sözləri, eləcə də üç ölkənin “regionda eskalasiyanın yeni mərhələlərinin qarşısını almağa çalışdıqlarını” bildirməsi diqqətçəkən məqamdır. Saziş göstərir ki, müasir dünyada orta güclər dəyişən beynəlxalq nizama uyğunlaşmağa, güc elementlərini birləşdirməyə və strateji manevr imkanlarını genişləndirməyə çalışırlar.
Əsas məsələ Ankara, Ər-Riyad və İslamabadın siyasi iradəsinin nə dərəcədə institusional və operativ potensiala çevriləcəyi, eləcə də razılaşmanın real münaqişə və böhran şəraitində necə həyata keçiriləcəyidir. Xüsusilə, Türkiyənin üzvlüyü alyansın müdafiə qabiliyyətlərini daha da gücləndirəcək və ona əlavə geosiyasi təsir göstərəcək. Beynəlxalq ekspertlər də hesab edirlər ki, Ankaranın bu alyansa qoşulması Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasına təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Digər vacib məqam odur ki, Türkiyə son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir.
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir. Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi 2024-cü ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.
Bu baxımdan, Ankaranın Pakistan-Səudiyyə Ərəbistanı hərbi alyansına qoşulması Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli təsir göstərəcək.
Sazişə yeni ölkələr qoşula bilər
Nəticə etibarilə, mövcud vəziyyət orta güclərin əhəmiyyətini artırır. Onlar böyük aktorları təkbaşına əvəz edə və ya qlobal güc balansını tamamilə yenidən qura bilməzlər. Lakin hərbi, iqtisadi, diplomatik və texnoloji imkanlarını birləşdirərək regional nizamın formalaşdırılmasında daha səmərəli rol oynaya bilərlər. Orta güclərin potensialı onların böyük dövlətlərə bərabər olmasından deyil, konkret sahələrdə nəticələr əldə etməyə imkan verən alətlərə malik olmalarından irəli gəlir. Beləliklə, Məkkə sazişi faktiki olaraq üç ölkə arasındakı münasibətləri ümumi strateji təməl üzərində birləşdirib. Sazişin əsl əhəmiyyəti müxtəlif güc elementlərinin vahid çəkindirmə sistemi çərçivəsində birləşdirilməsindən ibarətdir. Üstəlik, çəkindirmə yalnız hərbi potensialdan deyil, siyasi iradənin nüfuzundan və birgə fəaliyyət göstərmək bacarığından da asılıdır.
Üçtərəfli müdafiə sazişinin əhatə dairəsinin Misir kimi ölkələrin cəlb edilməsi ilə genişləndirilməsi bu cür təşəbbüslərin əhəmiyyətini daha çox artıracaq. Bu baxımdan Türkiyənin xarici işlər naziri Hakan Fidanın avqustun 13-14-də Qahirəyə səfəri diqqət çəkir. Səfər zamanı digər məsələlərlə yanaşı, regionda təhlükəsizlik mövzusu da müzakirə olunub. Bütün bunlar göstərir ki, yaxın gələcəkdə Misirin də Məkkə sazişinə qoşulması ehtimalı yüksəkdir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14

