Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Dünya Müharibəsi ehtimalı...

Yeni Dünya Müharibəsi ehtimalı...

19.07.2024 [10:40]

Qlobal qarşıdurma riskləri get-gedə artır 

Ukrayna - Rusiya müharibəsinin arxada qalan iki ildən artıq dövrü hərbi əməliyyatlarla yanaşı, siyasi prosesləri də gərginləşdirdi. Zaman-zaman ortaya çıxan nüvə ritorikası, geniş sanksiyalar paketləri, qütbləşmə təhdidi və bu kimi situasiyalar qlobal qarşıdurma risklərini artırır. Bu isə öz növbəsində qlobal müharibə deməkdir - başqa sözlə, III Dünya müharibəsi ehtimalı artmaqdadır. Bu məsələ bir çox siyasətçilər, hətta dövlət xadimləri və rəhbərləri tərəfindən müzakirə predmetinə çevrilir. Mütəmadi dəyişən beynəlxalq siyasi kombinasiyalar isə özlüyündə bir reallığı tam şəkildə ortaya qoyur - qlobal təhlükəsizlik və geniş anlamda sülh məsələsi məcburən ikinci plana adladılır. Macarıstanın sülhpərvər mövqeyinin Aİ tərəfindən sabotaj edilməsi, Qərbin sülh məsələsində baryer yartmaq üçün ard-arda etdiyi cəhdlər, hətta qlobal qarşıdurmanın sərhədlərinin genişləndirilməsi uğrunda aparılan fəaliyyət bunu deməyə əsas verir...

Verilən qərarlar sülhü təşfiq etmir...

Ötən əsrdə yaşanan iki dünya müharibəsinin acı nəticələri hələ də həm yaddaşlardan, həm də dünya xəritəsindən silinməyib. Xüsusilə, II Dünya müharibəsinin dünyaya vurduğu psixoloji-mənəvi zərbələr hələ də xatırlanır. Maraqlıdır ki, bundan daha çox əziyyət çəkən məhz Qərb, konkret desək, Avropa olmuşdu. Müharibənin real nəticələrini bir kənara qoysaq, bütün Avropa məkanı böyük əziyyətlə və böyük zaman kəsiyində yeni özünübərpa prosesi adladı. Dağıdılan şəhərlər, mədəni inkişafın bir neçə onillik gecikməsi, hətta beynəlxalq münasibətlər sisteminin təmərküzləşməsi üçün gərəkən illər bunu təsdiqləyir - nəzərə alsaq ki, qarşı - qarşıya durmuş hərbi güclərin hazırki arsenalı daha geniş və yeni texniki parametrlərə əsaslanır, budəfəki dağıntıların və qurbanların miqyası haqda indidən faciəvi proqnozlar vermək mümkündür.

Təəssüfləndirici haldır ki, dünya ölkələrinin qlobal qarşıdurmanın bir addımlığında dayanması bütün kriteriyalar üzrə təsdiqlənməkdədir. Son dövrlərdə Qərbin tutduğu mövqeyə radikal ştrixlərin əlavə olunması bunu deməyə əsas verir. Xüsusilə, Ukraynaya yardımın həm maddi, həm təchizat, həm texniki səviyyəsi genişləndikcə, bu amil özünü daha qabarıq hiss etdirməkdədir. Təsadüfi deyil ki, NATO-nun Vaşinqton sammitində verilən qərarlar heç də sülh və təhlükəsizlik parametrləri ilə uyğunluq təşkil etmədi - əksinə, daha yüksək təchizatın Kiyevə təslim edilməsi, üstəlik hava hücumunun genişlənmə imkanlarının tanınması yəqin ki, miqyası da böyüdəcək.

Dünya müharibəsinin hazırlıq mərhələsi...

Yeri gəlmişkən, Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar da bu məsələyə toxunub. O bildirib ki, bir növ 3-cü Dünya Müharibəsi başlayıb: “Müharibə dediyimiz 3 mərhələdən ibarətdir. Hazırda hazırlıq mərhələsindəyik”.

Dünyanın, xüsusilə Avrasiyanın yeni dönəmdə ən strateji imkanlara malik hərbi-siyasi aktorlarından sayılan rəsmi Ankaranın aparıcı hərbi simalarından birinin ifadə etdiyi bu fikirlər vəziyyətin ciddiliyini sübut edən arqumentdir. Yeni dünya düzəninə siyasi-iqtisadi imkanları ilə müdaxilə etmək imkanlarından geri düşmüş bir sıra ölkələr bu və ya digər şəkildə “qlobal idarəetmə ansamblı”ndan kənarda qalmamaq üçün müharibə yolunu seçir. Məsələn, artıq aylardır ki, Fransa Ukrayna-Rusiya müharibəsi kontekstində özünün hərbi imkanlarından daha böyük idd?alarla çıxış etməkdədir. Canlı qüvvə yardmı və ya hərbi hücum avadanlıqları göndərmək kimi avantürist təkliflər Avropanın praqmatik düşüncəli dövlət başçıları tərəfindən bloklanır - hətta, təkzib edilir. Hər kəs düşünür ki, qlobal qarşıdurmada Qərbin Ukraynanı dəstəklədiyi qədər qarşı tərəfin də maraqlarından çıxış edəcək qüvvələr peyda olacaq və bu birmənalı şəkildə istisna edilmir. Uzaq Şərqdən, ta ki Avropanın mərkəzinə qədər siyasi parçalanma daha böyük problemlər yaradacaq. Burada məsələyə yalnız siyasi və ya hərbi müstəvidə yanaşma sərgiləmək doğru deyil - məsələn, iki il öncə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edən, özü üçün alternativ enerji mənbələri axtarışına çıxan Avropanın yaşadığı çətinliklər göz önündədir. İndiki halda, vəziyyətin daha da dramatikləşməsi daha kritik risklərə yol aça bilər - bundan ən çox əziyyət çəkəcək coğrafiya isə birmənalı şəkildə Qərb, konkret Avropa olacaq.

Yeni situasiya yarana bilər

Hulusi Akarın “hazırlıq mərhələsindəyik” fikrinin altındakı şifrə həm də  bu qlobal qarşıdurmanın qarşısının alınması imkanlarının tükənmədiyini ortaya qoyur. Başqa sözlə, beynəlxalq aləmin məsələ ilə bağlı soyyuqanlı davranış sərgiləməsi ehtimalı hələ də öz aktuallığını qorumaqdadır - xüsusilə, Macarıstanın Aİ-yə sədrliyi dönəmi sülh üçün əsl stimul ola bilər. Eyni zamanda, bəzi siyasi analitiklərin proqnozuna görə, dünya müharibəsi v? ya qlobal qarşıdurmanın yeni mərhələsi payızdan sonra - dekabr ayında daha real şəkildə təhlil edilə bilər. Məhz həmin dövrdə həm beynəlxalq siyasi situasiyada bəzi oturuşmalar öz həllini tapacaq ki, burada da ən aparıcı ünsür kimi ABŞ-da keçiriləcək prezident seçkiləri diqqətə alınır. Nəzərə almaq gərəkir ki, yeni dönəm prezidentlik üçün seçim marafonuna qatılmış respublikaçıların namizədi Donald Trampın və komandasının Rusiya-Ukrayna müharibəsinə baxışı hazırki iqtidardan fərqlidir. Ən azından Ukraynaya genişmiqyaslı dəstək məsələsində daha ehtiyatlı davranış tələb edən iddiaçı tərəfin düşüncəsinə görə, ABŞ-ın bu mübarizədə açıq tərəf olması həm dövlət maraqları, həm də maddi mənafe baxımından Vaşinqton üçün sərfəli sayıla bilməz. Onlar daha çox müharibənin inkdiki şərtlər üzrə dondurulmasının və beynəlxalq qanunvericilik müstəvisində masa arxasında müzakirəsinin tərəfdarı kimi çıxış edirlər. Qeyd edək ki, bu təklif və ya mövqe Avropa məkanında da bəzi ölkələr tərəfindən bu və ya digər şəkildə dəstəklənir.

Nüvə ehtimalı...

Dünya müharibəsi ehtimalı son olaraq göz önünə qarşı tərəflərin təhdidlərinə diqqət yetirməyi də tələb edir. Burada isə nəzərə çarpan ən əsas detal nüvə təhlükəsi məsələsidir. Müharibə başlayan gündən etibarən Qərbin kəskin bəyanatlarına qarşı özünün nüvə imkanlarını “təqdim edən” Kreml kompakt hücuma qarşı müdafiə strategiyasını müəyyənləşdirmiş kimi görünür. Düzdür, rəsmi Moskva bu iddiaları, nüvə silahından istifadə ehtimallarını təkzib etsə də, son müdafiə şansı kimi bu variantı dəyərləndirməyəcəyini də söyləmək olmaz. Nüvə məsələsinin hətta “müzakirə mövzusu”na çevrilməsi belə ondan istifadənin mümkünlüyünü  şərtləndirir. Tərəflərdən hansının bu addımı atacağından asılı olmayaraq, nüvə silahından istifadə bütün dünyanı qarşı-qarşıya qoyacaq. Nəticə isə yəqin ki, heç kimin xeyrinə olmayacaq... Nüvə döyüşlərinin qalibi olmur...

 P.İSMAYILOV

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31