Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mavi suların qəhrəmanları!

Mavi suların qəhrəmanları!

25.06.2026 [08:28]

25 iyun Dünya Dənizçilər Günüdür

Dənizçilər tarix boyu ən cəsarətli və dözümlü peşə sahiblərindən biri hesab olunublar. Günlərlə, həftələrlə, bəlkə də aylarla su yolçuluğu edən bu peşə sahibləri bəzən su kimi sakit, bəzən dəniz kimi coşqunluqları ilə seçilirlər. Bu sahənin vacibliyini nəzərə alan İMO (Beynəlxalq Dəniz Təşkilatı) 2011-ci ildən başlayaraq hər il 25 iyun tarixinin Dünya Dənizçilər Günü kimi qeyd olunması təklifini irəli sürüb.

Mavi suların yolçuları dünya iqtisadiyyatının inkişafında da böyük rol oynayırlar. Belə ki, dünya ticarətinin təxminən 90 faizi dəniz vasitəsilə həyata keçirilir. Yəni geyimimizdən tutmuş, məişətdə istifadə etdiyimiz elektron əşyalara, hətta çörəyin hazırlanması üçün lazım olan taxıla qədər demək olar ki, əksər zəruri tələbat malları ünvanlarına gəmilərlə daşınır. Təbii ki, təlatümlü dənizləri, okeanları aşan gəmiləri idarə edən dənizçilər bu mənada böyük zəhmət çəkərək, vacib bir missiyanı yerinə yetirirlər.

Xəzərin sahilində formalaşan dənizçilik mədəniyyəti

Azərbaycan qədim dövrlərdən etibarən Xəzər dənizinin sahilində yerləşməsi səbəbindən dənizçilik ənənələrinin formalaşdığı mühüm məkanlardan biri olub. Burada yaşayan insanlar həm ticarət əlaqələrinin genişləndirilməsi, həm də balıqçılıq və yük daşımalarının həyata keçirilməsi məqsədilə müxtəlif növ qayıq və gəmilərdən istifadə edərək dənizlə sıx bağlı həyat sürüblər. Tarixi mənbələr göstərir ki, Azərbaycan ərazisində dənizçilik fəaliyyətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Xəzər dənizi boyunca yerləşən yaşayış məntəqələri arasında ticarət əlaqələrinin inkişafı nəticəsində yerli əhali dəniz yollarından səmərəli şəkildə istifadə etməyi bacarıb. Bu isə regionun iqtisadi və mədəni inkişafına mühüm təsir göstərib.

XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi ilə dəniz nəqliyyatına olan tələbat daha da artıb. Neft və neft məhsullarının daşınması üçün xüsusi gəmilər istifadəyə verilib və nəticədə Azərbaycan Xəzər hövzəsinin əsas gəmiçilik mərkəzlərindən birinə çevrilib. Xüsusilə, Bakı limanının fəaliyyəti region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Müxtəlif istiqamətlərə hərəkət edən yük və sərnişin gəmiləri vasitəsilə Azərbaycan beynəlxalq ticarət marşrutlarının vacib iştirakçılarından biri olub.

Sovet dövründə Azərbaycan gəmiçiliyi daha da inkişaf etdirilib, yeni gəmiqayırma və gəmitəmir müəssisələri yaradılıb, peşəkar dənizçi kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilib. Beləliklə, ölkənin dənizçilik sahəsi Xəzər dənizinin ən güclü nəqliyyat sistemlərindən birinə çevrilib.

Dənizçilərimizin əməyi yüksək qiymətləndirilir

Müstəqillik illərində Azərbaycanın dənizçilik sektoru müasir texnologiyalarla təchiz olunub, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən gəmiçilik şirkətləri formalaşıb. Ölkənin tranzit imkanlarının genişlənməsi ilə əlaqədar olaraq Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu gün Azərbaycan dənizçilik sahəsində zəngin tarixi irsini müasir inkişafla birləşdirərək regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Azərbaycan dənizçiləri isə yüzilliklər boyu formalaşmış peşə ənənələrini yaşadaraq ölkənin iqtisadi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynamağa davam edirlər.

Ölkəmizdə dənizçilik tarixi yalnız gəmilər və limanlarla məhdudlaşmır, eyni zamanda xalqımızın zəhmətkeşliyini, cəsarətini və yeniliklərə açıq olmasını əks etdirən mühüm bir irs kimi bu gün də gələcək nəsillərə örnək olmağa davam edir.

Hazırda da ölkəmizdə dənizçilik sahəsinin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə çalışan insanların sosial rifahının yüksəldilməsi, peşə nüfuzunun artırılması və dəniz nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Dənizçi Günü” ölkəmizdə də qeyd olunur. 2014-cü il iyunun 19-da Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə - “Dənizçi günü” peşə bayramı təsis olunub. Ölkə başçısı müxtəlif çıxışlarında Azərbaycan dənizçilərinin ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığını vurğulayıb, onların əməyi yüksək qiymətləndirilib.

Bundan başqa, Prezidentin müxtəlif sərəncamları ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) kapitanları, mexanikləri və liman işçiləri orden və medallarla təltif olunub. Onların bir çoxu isə nəqliyyat sektorunun inkişafında xidmətlərinə görə “Əməkdar nəqliyyat işçisi” kimi fəxri ada layiq görülüb.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30