/ / Müasir dünya siyasətinin güclü və nüfuzlu aktoru olan Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi surətdə möhkəmlənməkdədir
Müasir dünya siyasətinin güclü və nüfuzlu aktoru olan Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi surətdə möhkəmlənməkdədir
05.02.2013 [01:15]
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən növbəti “dəyirmi masa” Azərbaycanın xarici siyasət sahəsində ötən il əldə etdiyi nailiyyətlər və göstəricilərə, eyni zamanda, bu istiqamətdə cari ildə qarşıda duran vəzifələrə və gözləntilərə həsr olunub
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu milli aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal mərkəzə çevrilməkdədir.
Əlbəttə ki, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən il ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor oldu. Səmərəli xarici siyasətin fonunda əldə edilmiş ən böyük nailiyyətlərdən biri ölkəmizin 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT-nin Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv kimi quruma bir ay müddətində sədrlik etməsi oldu. Digər tərəfdən, ölkəmiz 2012-ci ildə bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdi, nüfuzlu beynəlxalq qurumlarda rasional təmsilçiliyini davam etdirməklə ikitərəfli və çoxtərəfli münasibətlərini möhkəmləndirməyə nail oldu. Ümumiyyətlə, bu cür mötəbər hadisələr və əhəmiyyətli nailiyyətlərin fonunda ötən ilin xarici siyasət göstəriciləri ekspertlər tərəfindən yüksək qiymətləndirilməkdədir.
Eyni zamanda, cari ildə də Azərbaycanın xarici siyasət strategiyasında mühüm hədəflər və prioritetlər müəyyənləşdirilib ki, bütün bunlar milli dövlətimizin müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişinin təmin olunmasına və dünya siyasətində mövqeyinin möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir. Məhz bütün bunları müzakirə etmək üçün “Yeni Azərbaycan” qəzeti “dəyirmi masa” keçirib. “Dəyirmi masa”da Milli Məclisin deputatları - AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva və politoloq Rasim Musabəyov iştirak ediblər.
- Cari il ərzində Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etdi. Səmərəli xarici siyasətin fonunda əldə edilmiş ən böyük nailiyyətlərdən biri ölkəmizin 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT-nin Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv qismində quruma sədrlik etməsi oldu. Ümumiyyətlə, bu cür mötəbər bir nailiyyətin fonunda cari ilin xarici siyasət göstəricilərini necə dəyərləndirirsiniz?
Aytən Mustafayeva: Əlbəttə ki, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT-nin Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilməsi və quruma sədrlik etməsi xarici siyasətimizin mühüm nailiyyəti kimi səciyyələndirilməlidir. Eyni zamanda, bu, Azərbaycanın beynəlxalq nüfuzunun aşkar göstəricisidir. Çünki 155 dövlətin dəstəyini qazanmaq, heç şübhəsiz, beynəlxalq müstəvidə etibarlı və nüfuzlu dövlət kimi tanınmaq deməkdir. Bu, eyni zamanda, ona dəlalət edir ki, Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu dövləti kimi çıxış etməkdədir, eləcə də, beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır.
Ümumiyyətlə, Azərbaycan xarici siyasət kursunda əməkdaşlıq etdiyi dövlətlərin mənafeyinə hörmət edən, bərabərhüquqlu əməkdaşlığa üstünlük verən dövlət kimi tanınır və bu, müstəqil milli dövlətlər tərəfindən təqdir olunur. Digər tərəfdən, dövlətimiz quruma sədrlik etdiyi dövrdə bir daha sübut etdi ki, Azərbaycan istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə, bütövlükdə, xarici siyasətində yalnız beynəlxalq hüquqa və özünün milli maraqlarına söykənir.
Rasim Musabəyov: Əlbəttə ki, Azərbaycan xarici siyasət sahəsində ötən il kifayət qədər uğurlar əldə etmişdir. Bununla yanaşı, mən cari ildə Azərbaycanın xarici siyasət sahəsində qarşısında duran hədəflərdən, eləcə də, mümkün risklərdən bəhs etmək istəyirəm. Çünki cari ildə beynəlxalq münasibətlərdə mürəkkəb proseslərin cərəyan edəcəyini proqnozlaşdırmaq olar, məhz bu kontekstdə baş verən proseslər Azərbaycana da müəyyən mənada təsir edəcək. Bu baxımdan, ilk növbədə, regional təhlükəsizlik məsələsinə toxunmaq və bu istiqamətdə mövcud olan mümkün risklərdən bəhs etmək istərdim. Birincisi, regional təhlükəsizlik baxımından ən böyük risk İranla bağlıdır. Hazırda İrana qarşı hərbi əməliyyatların keçirilməsinə dair təkidlər var ki, bu da öz növbəsində riskləri atıra bilər. Qeyd edim ki, ABŞ-da Barak Obamanın yenidən ölkə Prezidenti seçilməsi bu riskləri aşağı salır, amma hər halda, gərginlik davam edir və İranın ətrafında yaranmış mürəkkəb vəziyyət regiona təsir etdiyi kimi, Azərbaycana da müəyyən mənada təsir etmək potensialına malikdir.
Qeyd etmək lazımdır ki, xarici siyasətdə nəzərə alınması lazım olan məsələlərdən biri də Gürcüstanda baş verən hakimiyyət dəyişikliyinin Azərbaycan-Gürcüstan münasibətlərinə təsiridir. Gürcüstan üçün Azərbaycanla strateji münasibətlər mühüm əhəmiyyət daşıyır və düşünürəm ki, Bidzina İvanaşvili də öz xarici siyasətində bunu mütləq mənada nəzərə alacaq.
- Rasim müəllim, yeri gəlmişkən, regional təhlükəsizlik kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunmaq məqsədəmüvafiqdir...
Rasim Musabəyov: Öncə qeyd etmək istəyirəm ki, təəssüf ki, 2012-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olunmadı. Eyni zamanda, nəinki sülh danışıqlarını davam etdirməyə, həm də onu irəli aparmağa nail olunmadı, hətta deyərdim ki, mahiyyət etibarilə danışıqlar prosesi dayandı. Ötən ildə tərəflər arasında yüksək səviyyəli yalnız bir görüş keçirildi ki, bu da yanvar ayında Soçidə, Rusiya Prezidenti Dmitri Medvedevin iştirakı ilə baş tutdu. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də təmasları oldu, amma bu kontaktlar özünün konkret məhsuldarlığı ilə seçilmədi. Cari ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kifayət qədər intensiv danışıqların müşahidə olunacağını söyləyə bilmərəm. Rəsmi mövqeyimiz ondan ibarətdir ki, prinsipləri sonadək çeynəmək faydasızdır. Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin bəyanatında prinsiplərin əsas maddələri səsləndirilib. Səslənən hissəyə Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Astana sammitində müsbət cavab veriblər. Belə olan halda, konkret müqavilə imzalamaq lazımdır. Elə bir müqavilə imzalanmalıdır ki, burada tərəflərin atacağı addımların bütün ardıcıllığı öz əksini tapsın. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyi təkid edir ki, həmsədrlər konkret sülh müqaviləsini hazırlamağa başlasınlar. Hesab edirəm ki, həmsədrlər müqavilə ətrafında işlərini aparacaqlar.
Əlbəttə ki, münaqişənin həllinə mane olan və ya hər hansı bir irəliləyişin əldə olunmasını əngəlləyən faktor məhz Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan konkret olaraq konfliktin konservasiya olunmasını istəyir və yaxud gözləyir ki, 2015-ci ildə qondarma “soyqırımı” məsələsindən istifadə edərək nə isə qazanacaq. Ona görə də, işğalçı ölkə münaqişənin həllinə mane olmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Təbii ki, bu amil regional təhlükəsizliyə ciddi təhdid yaradır.
Bununla yanaşı, münaqişənin həlli məsələsi və Ermənistanın qeyri-konstruktiv mövqeyinin fonunda bir sıra digər faktorlar da mövcuddur ki, bunlar da regional təhlükəsizlik baxımından arzuolunmaz hal hesab olunur. Məsələn, Rusiya nəinki Ermənistanın lehinə müəyyən səylər göstərir, həm də bu ölkəni silahlandırır. Məhz bu faktor Ermənistanın mövqeyinin dəstəklənməsinə dəlalət etdiyindən işğalçı ölkənin iddialarını gücləndirir. Digər tərəfdən, ABŞ-da Dövlət Departamentinin rəhbəri vəzifəsinə ermənipərəst mövqeyi ilə seçilən Con Kerri gətirilir. Bütün bunlar ona dəlalət edir ki, bəhs edilən dövlətlər tərəfindən Ermənistana hansısa təzyiqlərin ediləcəyini demək olmaz. Eyni zamanda, Fransadan da hansısa irəliləyişi təmin edəcək mövqe və hərəkət gözləmək olmaz. Belə olan halda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən hansısa ciddi addım və impuls gözləməyə dəyməz.
Təbii ki, Azərbaycan münaqişənin həlli istiqamətində öz resurslarından maksimum surətdə istifadə edəcək və cari ildə də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ölkəmizin xarici siyasət prioritetləri sırasında yer alacaq.
Aytən Mustafayeva: Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə fikir səsləndirmək istəyirəm. Doğrudur, bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin həlli prosesində ciddi durğunluq yaranıb. Amma biz bu mərhələdə öz səylərimizi və aktivliyimizi davam etdirməliyik. Xüsusilə də hərbi, iqtisadi və hüquqi vasitələrlə yanaşı, digər sahələrdə də səylərin davam etdirilməsinə ehtiyac var. Məsələn, ötən il Prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdı. Sərəncamın 2.1 bəndində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları pozulmuş soydaşlarımızın hüquqlarının bərpası və dəymiş iqtisadi zərərin ödənilməsi ilə bağlı məsələ və müvafiq qurumlara tapşırıqlar əks olunub. İşğal nəticəsində Azərbaycana ciddi iqtisadi, ekoloji, mədəni və s. zərər vurulub və müvafiq qurumlar tərəfindən bu zərərin məbləğinin hesablanması və beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydada Ermənistandan bu zərərin ödənilməsinin tələb olunması gərəkdir. Doğrudur, bu gün blokada şəraitində yaşayan, ciddi sosial-iqtisadi problemlər içində olan Ermənistan işğal nəticəsində ölkəmizə dəymiş zərəri ödəmək qabiliyyətinə malik deyil. Amma işğalçı ölkə bu prosesə cəlb edilməlidir və müvafiq beynəlxalq qurumlar, beynəlxalq məhkəmələr bu istiqamətdə adekvat tədbirlər görməlidirlər. Digər tərəfdən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı məsələsi davamlı surətdə beynəlxalq ictimaiyyətin gündəliyində saxlanılmalıdır, özəlliklə də, Xocalı tribunalının yaradılması ilə bağlı aktivlik xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün beynəlxalq hüquqda kifayət qədər presedent mövcuddur. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər də xüsusilə təqdirəlayiq hal hesab edilir, zənnimcə, bu istiqamətdə Avropa ilə yanaşı, Asiyaya da yönəlik işlər davam etdirilməlidir.
- Azərbaycanın xarici siyasət strategiyasının səmərəliliyini təmin edən faktorlardan biri də balanslaşdırma siyasətidir...
Aytən Mustafayeva: Tamamilə doğrudur ki, balanslaşdırma siyasəti Azərbaycanın xarici siyasət strategiyasının səmərəliliyini təmin edən strateji faktorlardan biridir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu lokomotiv aktoruna çevrilib, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edilib. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış edib.
Balanslaşdırma siyasətinin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə yeni keyfiyyətdə uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişini təmin edən əsas kimi çıxış edib. Artıq Azərbaycan Cənubi Qafqazın siyasi güc mərkəzi və iqtisadi lokomotivi kimi regionun hərbi-siyasi təhlükəsizliyinin başlıca təminatçı subyekti qismində səciyyələndirilməkdə və dəyərləndirilməkdədir. Eyni zamanda, balanslaşdırma siyasəti Azərbaycanın müstəqil xarici siyasət kursunun başlıca göstəricisidir. Xarici siyasət sahəsində ötən il qeydə alınan göstəricilər də bunu deməyə əsas verir.
Rasim Musabəyov: Bir məsələni də qeyd edim ki, çoxşaxəli balanslaşdırılmış siyasət Azərbaycan üçün tam zəruridir və onu Heydər Əliyev formalaşdırıb. Balanslaşdırılmış siyasət heç də dondurulmuş vəziyyətdə qalmaq, heç bir yana tərpənməmək demək deyil. Balanslaşdırılmış siyasət o deməkdir ki, hər bir yeni mərhələdə Azərbaycan dəyişdikcə, gücləndikcə bəzi məsələlərə bir qədər fərqli yanaşa bilər. Azərbaycan ABŞ, Avropa, Türkiyə, Rusiya ilə də ayrı-ayrı çəkidə münasibətlər qurur və təbii olaraq, bu balans zaman keçdikcə dəyişir. Eyni zamanda, dünyada geosiyasi və geoiqtisadi vəziyyət dəyişir. Balanslı münasibətlər çərçivəsində Azərbaycan daha çox hansı istiqamətə yönələcəyini müəyyənləşdirməlidir. Münasibətləri bir-birindən ayrı şəkildə qurmağı bacarmalıyıq və bu balansı təmin etmək üçün çevik siyasətin davam etdirilməsi lazımdır.
- Rasim müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin həyata keçirdiyi siyasətdən bəhs edildi. Bu baxımdan, qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?
Rasim Musabəyov: Azərbaycan Ermənistanı regiondakı bütün iri layihələrdən kənarda saxlayır, işğalçı ölkəyə iqtisadi təzyiq göstərir. Biz müdafiə xərclərimizi artırmaqla təhlükəsizliyimizi möhkəmləndiririk. Ermənistan isə məcbur olur ki, Azərbaycanla ayaqlaşmaq üçün öz məhdud maliyyə imkanlarını sərf etsin. Bildiyimiz kimi, Azərbaycan hərbi xərclərə 3 milyard dollar vəsait ayırır. Orduya böyük həcmdə maliyyənin ayrılması həm də Ermənistana psixoloji təzyiqdir. Lakin hesab edirəm ki, müdafiə xərclərinə ayrılan vəsaitlə yanaşı, Ermənistana informasiya təzyiqinin göstərilməsi, işğalçı ölkəyə qarşı beynəlxalq təzyiqin artırılması üçün işlərin görülməsi üçün də böyük miqdarda maliyyə vəsaiti ayrılmalıdır. Ermənistana qarşı beynəlxalq informasiya təzyiqini düzgün qurmaq üçün geniş imkanlarımız var. Ermənilər informasiya məkanında hər cür uydurma, yalan məlumatlar yaymağa alışıblar. Son vaxtlar Azərbaycanın informasiya təbliğatını gücləndirməsi Ermənistanı və erməni lobbisini narahat etməyə başlayıb. Onların narahatlığını artırmaq lazımdır. Bunun üçün xüsusi proqram əsasında ayrıca maliyyə ayırmaq şərtilə işimizi qurmalıyıq. İndi beynəlxalq ictimaiyyət müharibə aparmağın əleyhinə çıxır, eləcə də, ikili standartlar sərgiləməklə sülh danışıqlarında nəticə əldə etməyə imkan verilmir. Lakin informasiya məkanında Azərbaycanın geniş imkanları var və şəraitdən tam istifadə edərək Ermənistanı daim təzyiq altında saxlamaq olar.
- Ötən ilin mühüm hadisələrindən biri də TANAP layihəsinin gerçəkləşdirilməsi istiqamətində müqavilənin imzalanması oldu...
Rasim Musabəyov: TANAP çox vacib bir layihədir. Bu layihəni gerçəkləşdirməklə, Azərbaycan Avropanın enerji bazarında mühüm bir oyunçu kimi çıxış etmək imkanı qazanacaq. Eyni zamanda, Azərbaycanı Türkiyə ilə birləşdirən çox vacib bir əlavə iqtisadi tel yaranır. TANAP layihəsi üzrə sazişin imzalanması 2012-ci ilin ən böyük uğurlarındandır. Bu, Azərbaycanın siyasi çəkisinə müsbət təsir göstərəcək. Transanadolu boru kəməri ilə nəql olunacaq qazın həcmi də Avropa üçün kifayət qədər böyük rəqəmdir. Layihədə nəzərdə tutulduğu kimi, 45 milyard kubmetr qazın nəql olunması ölkənin mühüm təbii qaz ixracatçısına çevrilməsi deməkdir.
Aytən Mustafayeva: Bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan TANAP layihəsinin həm təşəbbüskarıdır, həm də onu əsas maliyyələşdirənlərdəndir. Bu, Azərbaycan üçün ilk belə təcrübədir və imkanlarımızın nümayişidir. Bu layihə həm də Avropa üçün çox vacibdir. Layihədə nəzərdə tutulan kəmər başlanğıcını Asiyadan götürəcək, - yəni Azərbaycandan və layihəyə qoşulacağı təqdirdə Qazaxıstan da buraya daxil olacaq, - və kəmər Avropanın içərilərinədək uzanacaq. Bu, Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəmiz üçün siyasi və iqtisadi baxımdan əhəmiyyətli bir layihədir
- Aytən xanım, Azərbaycanın xarici siyasət strategiyasını təhlil edərkən toxunulması zəruri olan strateji məsələlərdən biri də Avroatlantik məkana inteqrasiya və müvafiq strukturlarla qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsidir. Bu barədə nə deyə bilərsiniz?
Aytən Mustafayeva: Avroatlantik strukturlarla qarşılıqlı əməkdaşlıq dedikdə, təbii ki, Azərbaycan üçün Avroatlantik məkana daxil olmaq, Avropa hüququnu, beynəlxalq hüququ mənimsəmək, bu yolla Azərbaycan qanunvericiliyini təkmilləşdirmək nəzərdə tutulur. Bu baxımdan, qanunvericiliyin bəzi sahələri üzrə hələ müəyyən işlər görülməlidir. Qeyd etmək lazımdır ki, 20 il ərzində Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində çox irəliləyişlər əldə olunub. Bu, bir həqiqətdir ki, Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunduğu ölkələrdəndir. Bu istiqamətdə ölkəmizdə həm qanunvericilik bazası təkmildir, həm də praktik baxımdan əhəmiyyətli işlər görülməkdədir. Lakin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində təkcə hüquqi əsasların mövcud olması yetərli deyil. Bu istiqamətdə sosial-hüquqi maarifləndirmə işi də düzgün qurulmalı və mütəmadi surətdə davam etdirilməlidir. Məhz buna görə də cəmiyyətimizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına dair maarifləndirmə işi sistemli surətdə aparılır, bu prosesdə ictimai təsisatlar və elmi-tədqiqat institutları fəal iştirak edir.
Beləliklə, həm dövlət, həm də ictimai institutlar səviyyəsində həyata keçirilən maarifləndirmə tədbirləri isə insan və vətəndaşların öz hüquqlarını anlaması və müdafiə etməsinə yardım edir. Belə bir nəticəyə gəlmək olar ki, bütün bunlar həm insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmini formalaşdırır, həm də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfələr verir
Son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri ölkəmizdə nümayişlər, kütləvi yığıncaqlar keçirmək, sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Bəzi mətbuat orqanlarında Azərbaycanda, xüsusilə də, sərbəst toplaşmaq azadlığı məsələsi ətrafında spekulyasiya yaratmağa çalışırlar. Ölkəmizdə mitinqlərin qabaqcdan ayrılmış yerlərdə keçirilməsinə lazımi imkan yaradılır. Amma bu gün insan hüquqlarının vətəni adlandırılan Avropanın özündə belə sərbəst toplaşmaq azadlığından ictimai asayişə və təhlükəsizliyə təhlükə yaradan hal kimi istifadə olunması qadağandır və yolverilməz hesab olunur. Ölkəmizdə insanlar sərbəst toplaşmaq azadlığından qanunla müəyyən olunmuş qaydada istifadə edə bilirlər. Bəzən bir sıra qüvvələr ölkəmizdə insanlar sərbəst toplaşmaq azadlığından istifadə edə bilməmələrini ifadə edirlər. Onlar müəyyən yer məhdudiyyətindən və s. şikayətlənirlər. Amma hesab edirəm ki, bu, sadəcə spekulyasiya və ya bəhanədir. Çünki əgər bir qurumun sosial bazası varsa və tərəfdarlarını arxasınca apara bilirsə, məhz o zamanməkanın heç bir fərqi və əhəmiyyəti yoxdur. Deməli, ciddi sosial baza problemi yaşayan qüvvələr özlərinin problemini ört-basdır etmək üçün “vətəndaşların sərbəst toplaşmaq azadlığından istifadə edə bilməmələri”nə dair manipulyasiya edirlər.
NURLAN QƏLƏNDƏRLİ
HÜLYA MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

