Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qurtuluş günündən ordu quruculuğuna doğru

Qurtuluş günündən ordu quruculuğuna doğru

21.06.2013 [01:27]

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra Azərbaycanda nizami ordu quruculuğuna start verildi
Məlum olduğu kimi, xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünü növbəti hərbi paradla qeyd etməyə hazırlaşır. Xalqımız həm də bu günlərdə Milli Qurtuluş Gününün 20-ci ildönümünü qeyd etdi. Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra Azərbaycanda nizami ordu quruculuğuna start verildi.
Bildiyimiz kimi, müstəqilliyin ilk illərində respublikamız olduqca çətin sınaqlarla üz-üzə qalmışdı. Həmin vaxt ölkəni bürüyən xaotik durum silahlı birləşmələrdə özünü daha qabarıq göstərirdi. Daha dəqiq desək, həmin dövrdə Azərbaycana hücum edən Ermənistanın hərbi təcavüzünün qarşısını ala biləcək, ölkənin etibarlı müdafiəsini təmin edəcək nizami ordu yox idi. Azərbaycanın, xalqın aqibətindən narahatlıq duymayan xəyanətkar ünsürlər tabeliklərində olan hərbi hissələri sərhədləri qorumaq əvəzinə, ölkənin içərilərindəki hakimiyyət çəkişmələrində iştiraka yönləndirirdilər. İşğalçılara müqavimət göstərən əsas qüvvələr isə könüllülərdən ibarət pərakəndə dəstələr idi. Belə bir vəziyyətdə silahlı qüvvələrdə fərarilik, oğurluq, rüşvətxorluq və digər hallar geniş yayılmışdı.
Silahlı qüvvələrimiz bu acınacaqlı vəziyyətdən məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra çıxa bildi. Ümummilli liderimiz Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv etdi, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. 1994-cü il mayında elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə başlanıldı. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyunun Silahlı Qüvvələr Günü kimi, 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə isə 18 avqustun Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı kimi qeyd olunması varislik prinsipinə sadiqlikdən irəli gəlirdi. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim Ulu öndərin diqqət mərkəzində idi. Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Ümummilli lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı.
Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu var. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Eyni zamanda, Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması dövlətin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla davam etdirir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. 20 ilə yaxın bir müddətdə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib.
Ölkənin təhlükəsizliyini təmin edən bütün müddəalar bir sıra hüquqi sənədlərlə yanaşı, qəbul olunmuş Hərbi Doktrinada öz əksini tapıb. Sözügedən sənəddə torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünə təhlükə törədən faktorlar sadalanır. Mövcud təhlükələri aradan qaldırmaq üçün isə ölkənin hərbi potensialından səmərəli istifadə olunur, ordunun strateji və taktiki hazırlıq məsələləri yüksək səviyyədə həyata keçirilir, döyüş qabiliyyəti yüksəldilir.
Hüquqi islahatlara paralel olaraq ordunun maddi-texniki bazasının genişləndirilməsi də diqqət mərkəzindədir. Ordu quruculuğu sahəsində görülən işlər çərçivəsində hərbçilərin peşəkarlıq səviyyəsi artırılır, yeni növ silah-sursat, hərbi texnika alınır. Bunlarla yanaşı, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, ordunun döyüş qabiliyyətinin artırılması üçün əsaslı tədbirlər görülüb. Digər tərəfdən, demək olar ki, hər il keçirilən hərbi təlimlər artıq ənənəvi hal alıb. Hərbi sahənin inkişafına göstərilən diqqətin göstəricisi olaraq bu sahəyə ayrılan vəsaitin həcmi dəfələrlə artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2013-cü ildə bu məbləğ 3,7 milyard dollar təşkil edib. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inkişaf etmiş ölkələrdən müxtəlif mürəkkəb əməliyyatları yerinə yetirən yüzlərlə adda dəzgah və avadanlıq alınıb. Azərbaycan həm də öz hərbi sənayesini inkişaf etdirir ki, bu da ölkəmizin hərbi məhsullar istehsal etməsinə imkan verir. Müdafiə Sənayesi Nazirliyi tabeliyində müdafiə təyinatlı məhsullar istehsal etməklə Azərbaycan öz ordusunu gücləndirməklə bərabər, dünyada da istehsalçı ölkə kimi tanınmağa başlayıb.
Nəticədə, bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirməklə, həm də işğal altında olan torpaqlarını istənilən yolla azad edə biləcəyini həm işğalçı Ermənistana, həm də dünyaya nümayiş etdirir. Güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1212 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31