Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi addımlar atılır

Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi addımlar atılır

21.06.2013 [01:28]

Prezident İlham Əliyev: Biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik
Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir.
Bu gün Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərib.
Ümumiyyətlə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla vətəndaşların məşğulluğunun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu sahə kənd yerlərində yoxsulluğun azaldılmasına da əsaslı təsir edir.
Qeyd edək ki, kənd təsərrüfatında əsas məhsul istehsalının ikinci və üçüncü rüblərə təsadüf etməsinə baxmayaraq, bu ilin ilk rübündə sözügedən sahədə artım 4,8 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, cari ilin aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 262,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 23,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 18,8 min hektar sahədə dən üçün qarğıdalı, 55,6 min hektar sahədə kartof, 52,6 min hektar sahədə tərəvəz, 19,1 min hektar sahədə pambıq çiyidi, 18,5 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 6,3 min hektar sahədə dən üçün günəbaxan və 766 hektar sahədə tütün əkilib.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 2,5 faiz artaraq 141,1 min tona, süd istehsalı 5,8 faiz artaraq 557,9 min tona, yumurta istehsalı 15 faiz artaraq 442,3 milyon ədədə çatıb, ötən ildəkindən 29,2 faiz çox və ya 2411 ton yun qırxılıb. Bitkiçilik məhsullarından 41,5 min ton və ya 14 faiz çox tərəvəz, 5,2 min ton, yaxud 18,9 faiz çox kartof istehsal edilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9,8 faiz, heyvandarlıq məhsulları istehsalı 4,6 faiz artıb.
Bütövlükdə, kənd təsərrüfatı sahəsində ümumi məhsuldarlığın ötən ilə nisbətən artacağı gözlənilir. Belə ki, keçən il kənd təsərrüfatı sahəsində artım dinamikası 6,2 faiz təşkil edib, bu il də bu göstəricinin 6 faizdən çox olacağı proqnozlaşdırılır. Çünki Azərbaycanın kənd təsərrüfatında bir neçə il ərzində iki dəfəlik artıma nail olmaq üçün yetərincə imkan və potensial mövcuddur. Bu, həm bitkiçilik, həm də heyvandarlığa aiddir. 2020-ci ilə qədər olan dövrü əhatə edəcək aqrar sahədə yeni strategiyaya uyğun olaraq, ölkədə kənd təsərrüfatının 2020-ci ilə qədər 2 dəfə artırılması planlaşdırılır.
Etibarlı ərzaq təminatı ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtidir
Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər bu kimi hallar əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətinin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Bu baxımdan Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Yeri gəlmişkən, 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, kənd təsərrüfatı ilə bağlı ərzaq təhlükəsizliyi məsələləri ön plandadır: “Biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Mən bu hədəfi bir neçə il bundan əvvəl qarşıya qoymuşam və biz bu hədəfə doğru uğurla irəliləyirik. Azərbaycanda çox güclü ixrac potensialı yaradılmalıdır”.
Ümumiyyətlə, ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Müstəqillikdən sonra ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsinə olan diqqəti daha da artıb. 2001-ci ildə qəbul edilən “Azərbaycan Respublikası Ərzaq Təhlükəsizliyi Proqramı”, 2004-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və nəhayət 2008-ci ildə qəbul edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın prioritet məqsədlərindən ən əsası ölkədə ərzaq təhlükəsizliyinin təminatı olub.
Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında vacib təkan rolunu oynayıb. Dövlət Proqramında ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulub. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə də əsaslı islahatlar reallaşdırılıb.
Ötən ilin göstəricilərinə görə əsas ərzaq məhsulları üzrə daxili tələbatın ödənməsi aşağıdakı kimi olub: ət və ət məhsulları 92 faiz səviyyəsində, quş əti 88, yumurta 96, bitki yağları 70, kərə yağı 50, süd və süd məhsulları 73, taxıl 65, üzüm 94 faiz, kartof istehsalı təxminən 100, bostan məhsulları 100, meyvə-giləmeyvə 126, tərəvəz 99, duz 71 faiz səviyyəsində olub. Cari il üçün isə analoji olaraq göstəricilərin 95, 93, 100, 75, 52, 78, 70 (50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində 100 faizə çatacaq), 96, 100, 104, 130, 108, 75 faiz təşkil edəcəyi nəzərdə tutulub.
Hazırda iribuynuzlu heyvanların sayı 2,7 milyondan çoxdur
Kənd təsərrüfatı naziri İsmət Abbasovun verdiyi məlumata görə, hazırda Azərbaycan yalnız taxıl və ət məhsullarına olan tələbatını daxili imkanları hesabına tam ödəyə bilmir. Ət və taxıl məhsullarına olan tələbatın 20-25 faizi idxal hesabına ödənir. Artıq 2,8 milyon ton taxıl istehsal olunub və 2015-ci ilə kimi idxalın sıfıra endirilməsi əsas prioritetlərdəndir. Məqsəd həm də 2015-ci ildə ət və taxıl məhsulları üzrə də ixrac potensiallı ölkəyə çevrilməkdir.
Qeyd edək ki, hazırda Azərbaycanda ətə olan tələbat 345 min tondur ki, bunun da 263 min tonunu (80 faizi) yerli istehsal təşkil edir. Ölkədə ət istehsalını artırmaq üçün yem bazalarının yaradılması da vacibdir. Bunun üçün əvvəlcə ölkədə otlaqlar bərpa edilməli və gələcəkdə heyvanların ota olan tələbatı ödənilməlidir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2015-ci ilə kimi Azərbaycanda 4 yem bazası yaradılacaq. Bazaların tikintisi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək. Hazırda respublikada yaşıl yemə olan tələbat 2 milyon tona çatır (Azərbaycanda 1 milyon 357 min hektarda qış, 570 min hektarda isə yay otlaqları var). Amma bu gün ölkədə 50 min tonluq yem bazası mövcuddur. Bunun üçün hazırda ölkədə eroziyaya uğramış torpaqların bərpası üzrə işlər həyata keçirilir. Növbəti illərdə yem bazalarının sayını 5-ə çatdırmaq mümkündür.
Hazırda Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,7 milyondan çoxdur. Bundan əlavə, bir neçə ildir ölkəyə iribuynuzlu damazlıq heyvanlar idxal olunur və bu ilin payız aylarında Azərbaycana 3,5-4 min yüksək məhsuldar damazlıq heyvanlar gətirilməsi nəzərdə tutulub. Həmçinin, Azərbaycanda süni mayalanma proqramı həyata keçirilir ki, bu da damazlıq işinin inkişafına səbəb olacaq. Proqramın genişləndirilməsi istiqamətində maliyyə və digər tədbirlər həyata keçirilməkdədir.
İri fermer təsərrüfatlarının yaradılması ölkəni taxıl idxalından azad edəcək
Strateji əhəmiyyətli taxıl istehsalına gəlincə isə, hazırda Azərbaycanda taxıl istehsalının ən azı 2,8 milyon ton olacağı proqnozlaşdırılır. Lakin buna baxmayaraq, idxalın labüdlüyü bu sahədə islahatların aparılmasını zəruri edir. Xüsusilə də, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətlərinə təsir edə bilər. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb etdiyindən bu istiqamətdə xüsusi tədbirlər həyata keçirilir. Məsələn, respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışının təşkilində də ciddi struktur dəyişiklikləri baş verib, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu ambar kompleksləri tikilib, bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, əkin sahələrinin genişləndirilməsi, əkin sahələrinə xidmət göstərmək məqsədilə yeni aqroservis müəssisələri yaradılır. Ötən ildə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, kənd təsərrüfatı sektoruna güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılıb, su təminatı və meliorativ tədbirlər görülüb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməyib və bu sahədə sabitliyə nail olunub.
Bildirək ki, bütövlükdə, Azərbaycanda 4,5 milyon hektar ərazi kənd təsərrüfatına yararlı sayılır. Amma əkinə yararlı torpaqların cəmi 30 faizi, yəni, 1 milyon 583 min hektarından istifadə olunur. Bu baxımdan ölkə ərazisində məhsuldarlığın artırılması üçün fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulub. İri təsərrüfatlar üçün dövlət ehtiyat fondundan torpaqlar xüsusi olaraq seçilir. Çünki suvarılma ilə bağlı problemləri olan, şoranlaşmış və digər yararsız torpaqların əkinə cəlb olunması ilə məhsuldarlığı artırmaq mümkün olmayacaq.
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə iri fermer təsərrüfatlarının yaradılması üçün ümumilikdə 200 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub ki, bu da iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 70 min hektar, 2013-2020-ci illərdə isə bu məqsədlə daha 130 min hektar ərazi ayrılacaq. Birinci mərhələdə nəzərdə tutulan 70 min hektar torpaq sahəsi Saatlı, Sabirabad, Biləsuvar, Beyləqan rayonları ərazisində yerləşir. Qeyd edək ki, birinci mərhələdə ayrılan torpaq sahələridir ki, orada kanallar, meliorasiya-irriqasiya sistemini həyata keçirmək üçün şərait var.
İkinci mərhələdə isə əkin dövriyyəsinə 130 min hektar torpaq daxil olacaq. Bu torpaqlar Qax, Şəmkir, Saatlı, Sabirabad, eləcə də Yevlax rayonundan Kür çayına paralel istiqamətdə çəkiləcək yeni Şirvan kanalı boyunca olan torpaqlar (burada təqribən 70 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək), həmçinin, Araz çayının yeni çəkiləcək qolu boyunca olan İmişli, Neftçala və Lənkəran ərazilərindəki torpaqlar daxildir. Hazırda sözügedən torpaqların istifadəsi üçün əsas görüləcək iş onların suvarma sistemi ilə təmin olunmasıdır. Ekspertlərin fikrincə, suvarma və meliorasiya problemləri həll olunduqca, əkin sahələri kimi istifadə olunacaq torpaqların sahəsi də genişləndiriləcək.
Dövlət başçısının iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tapşırığına əsasən 2012-ci ildə Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılıb.
Aqrar sahədə güclü ixrac potensialı yaradılır
Ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı rəqabət qabiliyyətli məhsulların istehsalını stimullaşdırır. Bu baxımdan dövlətin əsas hədəflərdən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsi olub. Çünki kiçik və orta sahibkarlığın inkişafı həm də dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biridir. Buna görə də, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti yaradılıb. Ötən illər ərzində dövlət büdcəsindən Azərbaycanda sahibkarlığın inkişafına ayrılan vəsaitin həcminin ilbəil artırılması bir daha göstərir ki, sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Bu sahəyə dövlət qayğısı ilbəil artır və 2012-ci il bu baxımdan istisna olmayıb.
Həmçinin, ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilən 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisələridir. Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu və Ağstafa Aqroservis müəssisəsi fəaliyyətə başlayıb.
İmişlidə “Kraun KO” taxıl anbarı kompleksi, “Araz” damazlıq quşçuluq fabriki, Tərtərdə süd emalı zavodu, Bərdədə çörək istehsalı müəssisəsi, Qəbələ rayonunda heyvandarlıq-südçülük kompleksi, “Aspi Winery” üzüm emalı zavodu da belə obyektlər sırasındadır.
Qarşıda duran vəzifələrdən biri isə rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaqdır. Qeyd edək ki, Azərbaycan son 4 ildə marqarin ixracını 54 faiz artırıb. 2012-ci ildə ümumi dəyəri 37 milyon ABŞ dolları olan marqarin məhsullarını ixrac edib. 2008-ci illə müqayisədə Azərbaycan marqarin ixracından əldə etdiyi gəlirə (13 milyon dollar) görə MDB məkanında yalnız Ukrayna (117 milyon dollar) və Rusiyadan (81 milyon dollar) geri qalır.
Beləliklə, ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Hazırda kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir.
SEVİNC

Paylaş:
Baxılıb: 1508 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31