Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Mərkəzində “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb

Heydər Əliyev Mərkəzində “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb

22.06.2013 [09:27]

İyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb.
AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində Endi Vorhol Muzeyinin təmsilçiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək bildirib ki, fəaliyyətə başlamasından ötən qısa müddət ərzində Mərkəzdə artıq bir neçə sərgi təşkil edilib, eləcə də burada bir sıra möhtəşəm tədbirlər keçirilib. Bizim əsas məqsədimiz ölkəmizi dünyada tanıtmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, mədəniyyətimizi təbliğ etmək və təbii ki, dünya mədəniyyətinin ən yüksək nümunələrini Azərbaycanda nümayiş etdirməkdir. Artıq ölkəmizin simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin binasında Ümummilli liderin anadan olmasının 90 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyi də fəaliyyətə başlayıb. Həmçinin burada təşkil olunmuş “Azərbaycan inciləri” sərgisində qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti haqqında geniş məlumat verilir. “Mini Azərbaycan” sərgisi də Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda buradakı fotosərgilər də çox böyük maraq doğurur.
Müasir incəsənətin həyatımızda böyük rol oynadığını deyən Mərkəzin direktoru bu istiqamətdə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda yaradılan Müasir İncəsənət Muzeyinin fəaliyyətini xüsusilə vurğulayıb. Natiq “YARAT!” Müasir İncəsənət Məkanının müvafiq istiqamətdə fəaliyyətini də diqqətə çatdırıb. Bildirib ki, cari ildə 55-ci Venesiya Biennalesində Azərbaycan və “YARAT!” Müasir İncəsənət Məkanının pavilyonları çox yüksək nailiyyətlər əldə ediblər. Azərbaycan pavilyonu Venesiya Biennalesi tərəfindən 5 ən möhtəşəm pavilyon sırasına daxil edilib. Bütün bu nailiyyətlər nəzərə alınaraq məhz Heydər Əliyev Mərkəzində müasir incəsənətin banisi olan XX əsrin məşhur rəssamı Endi Vorholun “Həyat, ölüm və gözəllik” mövzusunda sərgisinin təqdim edilməsi qərara alınıb. Bu sərginin mədəniyyətlərarası dialoqun yaradılmasında, müxtəlif mədəniyyətlərin, o cümlədən müasir incəsənət nümunələrinin təbliğində və yaşadılmasında əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.
Bildirilib ki, Heydər Əliyev Mərkəzi bu gün elm, təhsil, mədəniyyət və digər istiqamətlərdə yerli və beynəlxalq səviyyəli müxtəlif layihələri həyata keçirməklə bu sahələrin öyrənilməsinə və inkişafına xidmət göstərir.
Bu gün isə Heydər Əliyev Mərkəzi bütün sənətsevərləri müasir rəssamlığın məşhur nümunələri ətrafında toplayıb. Bu sərgi Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin bir-birinə qovuşması, xalqlar arasında dialoqun yaranması istiqamətində uğurlu layihələrindən hesab oluna bilər.
Sərgidə 100-ə yaxın əsərin nümayiş etdirildiyini deyən Anar Ələkbərov bu işin təşkilində böyük əməyi olan Endi Vorhol Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Mərkəzin direktoru Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya bütün bu layihələrin hazırlanmasında, əsərlərin Azərbaycana gətirilməsində göstərilən dəstəyə görə xüsusi minnətdarlığını ifadə edib, layihəyə bilavasitə nəzarət edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.
Endi Vorhol Muzeyinin direktor müavini Patrik Mur rəssamın Azərbaycanda, Heydər Əliyev Mərkəzində ilk dəfə keçirilən sərgisini təqdim etməkdən məmnunluğunu və ziyarətçilərin bu sərgidən zövq alacağına ümidvar olduğunu bildirib.
Sərginin kuratoru Cianni Merkurio bu tədbirin Azərbaycanda keçirilməsini mədəniyyət sahəsində əlamətdar hadisə adlandırıb. O, möhtəşəm Heydər Əliyev Mərkəzində Endi Vorholun sərgisində iştirak etməsindən böyük şərəf duyduğunu deyib. Vurğulayıb ki, bu Mərkəz gələcəkdə bir çox mühüm layihələrə ev sahibliyi edəcək və Bakını müxtəlif mədəniyyətlərin kəsişdiyi bir nöqtəyə çevirəcək.
Modern incəsənətin məşhur nümayəndələrindən olan Endi Vorholun Azərbaycanda ilk dəfə keçirilən sərgisində rəssamın 100-dək əsəri və qısa filmləri yer alıb. Sərgidə rəssamın portretlər, avtoportretlər silsiləsindən rəsmləri, eləcə də “Güllər” (Flowers), “Kamuflyaj” (Camuflaje), “Sonuncu şam yeməyi” (The Last Supper), “Dua edən kişi əlləri” (Male hand Praying), “Elektrik stulu” (Electric Chair) və digər dünya şöhrətli əsərləri nümayiş olunur. Sərgi təkcə Endi Vorhol haqqında deyil, eyni zamanda, avanqard film, pop-art barədə geniş məlumat əldə etməyə imkan verir.
Əsərlərinin orijinallığı, hər bir incəsənət nümunəsinə özünəməxsus üslubda yanaşma tərzi olan Endi Vorholun Heydər Əliyev Mərkəzində sərgilənən əsərləri maraqlı kompozisiyada təqdim edilir. Bu kompozisiya görkəmli rəssamın “Həyat, ölüm və gözəllik” fəlsəfəsini daha yaxından tanımağa, əsərlərin hər birində rəssamın daxili dünyasını görməyə imkan verir.
Endi Vorholun əsərlərini dünyanın bir çox muzeylərində təqdim edən Endi Vorhol Muzeyinin geniş səyyar sərgi proqramı var. Muzeyin 1996-cı ildən etibarən 40 ölkədə təşkil etdiyi sərgiləri 10 milyondan çox ziyarətçi izləyib.
Endi Vorhol 1928-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində anadan olub. O, ekletika üslubu ilə 1960-cı və 1970-ci illər amerikan mədəniyyətinin simvolu sayılır. Endi Vorhol rəssam kimi fəaliyyət göstərməklə yanaşı, həm də reklam illüstratoru, heykəltəraş, kinoprodüser, videorəssam, reklam direktoru, televiziya prodüseri, kinoaktyor, model, novella müəllifi, filosof, dramaturq, jurnal redaktoru, qrafik dizayner, fotoqraf, musiqi prodüseri, pop ulduzların meneceri olub.
Endi Vorhol 1987-ci il fevralın 22-də vəfat edib.
Bakıda açılmış “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi sentyabrın 9-dək davam edəcək.
Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi burada nümayiş olunan əsərlərin dəyərinə görə indiyədək Azərbaycanda nümayiş etdirilmiş sərgilərdən ən qiymətlisidir.

Paylaş:
Baxılıb: 1223 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31