Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parlamentin iclasında...

Parlamentin iclasında...

02.05.2026 [11:18]

Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıb

Mayın 1-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Əvvəlcə spiker Sahibə Qafarova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət dövlətimizi beynəlxalq birliyin nüfuzlu bir üzvünə çevirib: “Biz xarici siyasətimizdə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutur, beynəlxalq qurumlarla konstruktiv iş birliyini inkişaf etdiririk”. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq mexanizmlərini həmişə konstruktiv dialoq platforması kimi nəzərdən keçirib. Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır, qitənin enerji təhlükəsizliyinə böyük töhfə verir. Strateji infrastruktur layihələrin reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yolunda atılan addımlar, regional sabitliyin təmin edilməsində fəal iştirak ölkəmizin beynəlxalq münasibətlər sistemində məsuliyyətli və konstruktiv rol oynadığını təsdiq edir.

S.Qafarova: Vətən müharibəsindən sonra təşkilat ölkəmizə qarşı 13 qətnamə qəbul edib

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin möhkəm təmələ əsaslandığını və zəngin potensiala malik olduğunu diqqətə çatdıran Milli Məclisin sədri təəssüflə qeyd edib ki, ölkəmizdə və regionumuzda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurur: “Bu proses uzun illərdir ki, davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır. Bu sənədlər real vəziyyəti əks etdirmir və çox vaxt Azərbaycanın qanuni maraqlarının pozulmasına yönəlib. Görünən budur ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır. Avropa demokratiyasını təmsil etmək iddiasında olan bu qurumun Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobbi qruplarının və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur”.

S.Qafarova xatırladıb ki, bir neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərində böhran ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnmişdi. 2015-ci ildə Azərbaycan parlamenti Avropa Parlamentində Azərbaycan barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına cavab olaraq bu təşkilatla qarşılıqlı əlaqəni dayandırmağa məcbur olmuşdu. Milli Məclis Avropa Parlamentindən tələb etmişdi ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin. Bu qərar qəbul edildikdən sonra Avropa Parlamenti  ikitərəfli dialoqu bərpa etmək məqsədi ilə bir sıra addımlar atıb, o cümlədən öz deputatlarından ibarət səlahiyyətli nümayəndə heyətini Azərbaycana göndərmişdi. Avropa Parlamentinin bu səylərindən sonra Milli Məclis əməkdaşlıq maraqlarını əsas tutaraq 2016-cı ilin sentyabr ayında münasibətlərin bərpasına dair qərar qəbul etmişdi.

Spiker təəssüflə qeyd edib ki, ötən 10 il  Avropa Parlamentinin Azərbaycan əleyhinə hərəkətlərdən əl çəkmək niyyətində olmadığını göstərib: “İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Avropa Parlamentinin Azərbaycana qarşı təxribatlarının intensivliyinin artmasına gətirib çıxardı. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Bütün bunlar həmin qurumun əslində hansı meyarlar əsasında fəaliyyət göstərdiyinin əsas sübutu sayıla bilər”. Şübhə yoxdur ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozub, eyni zamanda, konstruktiv dialoq və əməkdaşlıq perspektivlərinə sarsıdıcı zərbə vurub. Bu da aydındır ki, təşkilatın nümayiş etdirdiyi yanaşma regionda sülh və sabitlik yaradılmasına yönələn səylərə maneçilik törətməyə yönəlib”. S.Qafarova Milli Məclisin  Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qalmayacağını diqqətə çatdırıb.

Məsələ ilə bağlı çıxış edən millət vəkilləri də Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib və bu təşkilatla əməkdaşlığın dayandırılmasını təklif ediblər.

Təşkilat Ermənistanın 30 illik işğalına səssiz qalıb 

Müzakirələrdən sonra Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Qərarda bildirilib ki, Milli Məclis xarici ölkə parlamentləri və beynəlxalq parlament təşkilatları ilə əlaqələrində sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutur, parlament dəyərlərinə və ortaq maraqlara əsaslanan açıq, səmimi və konstruktiv dialoqu təşviq edir: “Təəssüflər olsun ki, Avropa Parlamentinin qeyd olunan prinsipləri inkar edən destruktiv mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneəyə çevrilib. Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşıb. Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilib”.

Qeyd olunub ki, Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin bu münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək, əməkdaşlığı yenidən bərpa edib. Buna baxmayaraq, Avropa Parlamenti öz vədlərinə əməl etməyib, özünün anti-Azərbaycan siyasətini, böhtan və qarayaxma fəaliyyətini ardıcıl surətdə davam etdirib. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu fəaliyyəti daha geniş vüsət alıb. Prezident İlham Əliyevin müəyyən etdiyi sülh gündəliyinin onun siyasi iradəsi və qətiyyəti sayəsində uğurla reallaşdırılması və tarixi Vaşinqton razılaşmaları ilə nəticələnməsi, dövlət başçısının sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət edən təşəbbüslərinin beynəlxalq səviyyədə dəstək qazanması bu qurumun anti-Azərbaycan ritorikasını daha da gücləndirib”, - deyə qərarda vurğulanıb.

Diqqətə çatdırılıb ki, bu gün demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycanofob və islamofob düşüncənin ardıcıl surətdə ifadə olunduğu struktura çevrilib. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Təşkilat həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir.

Deputatlar Avronest PA-nın tədbirlərinə qatılmayacaq

Bütün bunları nəzərə alaraq, Milli Məclis Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılmasını qərara alıb. Eyni zamanda, bu qərarla Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına da son qoyulur. Qərarda, həmçinin vurğulanıb ki, Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın. 

Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan  qanun layihələrini də müzakirə ediblər. Əvvəlcə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol” təsdiqlənib. Deputatlar eyni zamanda, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”u da qəbul ediblər.

Hər iki məsələyə edilən dəyişikliklərin əsas mahiyyətini mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentlə bağlı məhkəmə qərarlarının tanınması və icrası mexanizmi ilə bağlı məsələlər təşkil edir. Beləliklə, bu yeniliklər dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirəcək, xüsusilə də uşaqların maddi təminatı ilə bağlı qərarların digər ölkələrdə daha asan və effektiv icrasına imkan yaradacaq.

Sonra iclasın gündəliyində olan digər qanun layihələri də qəbul olunub.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31