Avropada birinci!
02.05.2026 [11:59]
Azərbaycan idmançıları bu günlərdə daha bir möhtəşəm uğura imza atıblar. Belə ki, güləşçilərimiz Avropa çempionatında komanda hesabında çempion adını qazanıblar. Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Qəbuldakı çıxışındaTiranada keçirilən Avropa çempionatında güləşçilərimizin uğurunu dəyərləndirən dövlətimizin başçısı bildirib ki, bu qələbə bizim hamımızı sevindirdi. “Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Tiranada qızıl dubl
İdman dünyada xalqı, ölkəni tanıtmaq üçün ən yaxşı vasitələrdən biridir. Azərbaycan idmançıları hər dəfə beynəlxalq yarışlarda qalib gəldikdə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb bayrağımızı dalğalandırdıqda, himnimizi səsləndirdikdə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları sonsuz qürur hissi keçirirlər. Bu qələbələr doğma Azərbaycanımızın adına yazılır. Eyni zamanda, idmanın bu və ya digər növündə əldə olunan qələbələr böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu sahədəki uğurlar xüsusilə də gənc nəsildə vətənpərvərlik hissini gücləndirir, onları pis vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi keçirməyə sövq edir.
Tiranada baş tutan turnirdə Avropa birincisi olmaq da asan başa gəlməyib. Hazırda dünyada və Avropada güləş məktəbi kifayət qədər güclüdür və idmançılar arasında ciddi rəqabət var. Bu rəqabətdə Azərbaycan idmançılarının hamıdan üstün olduqlarını təsdiqləmələri ona dəlalət edir ki, ölkəmizin güclü güləş ənənələri bu gün də yaşayır və inkişaf edir. Hazırda idmanın bu sahəsi ilə məşğul olmaq üçün paytaxtda və regionlarda geniş imkanlar var. Gənclər bütün ölkə üzrə tikilib istifadəyə verilən Olimpiya İdman komplekslərində, güləş zallarında məşqlərə qatılmaq və öz ustalıqlarını artırmaq imkanlarına malikdirlər. Öz növbəsində güləşə olan böyük maraq seleksiya işini asanlaşdırır.
Qeyd edək ki, respublikamız Avropa çempionatında 25 güləşçi ilə təmsil olunub. Yarışlarda sərbəst güləş üzrə millimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq 152 xalla 6-cı dəfə Avropa çempionu adını qazanıb. Yunan-Roma güləşi üzrə millimiz isə 2 qızıl və 3 bürünc medalla komanda hesabında 133 xal toplayaraq Avropa birincisi olub. Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb. “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qalib xalq həm də idman uğurları ilə fəxr edir
İdmançıların əzmkarlığı öz yerində. Ancaq aydın məsələdir ki, məqsədyönlü siyasət, ardıcıl dövlət qayğısı olmadan böyük idmanda yaxşı nəticələr qazanmaq mümkün deyil. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Xüsusilə də qəbulda xatırladıldığı kimi, Milli Olimpiya Komitəsinə Prezident İlham Əliyevin rəhbərlik etməsi respublikamızda idmanın inkişafı üçün geniş imkanlar açıb. Prezident İlham Əliyevin idmançılarla görüşləri müntəzəm hal alıb. Onun diqqət və qayğısı sayəsində Azərbaycanda idman infrastrukturu təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Məhz bu qayğının nəticəsidir ki, idmançılarımız həm güləşdə, həm də digər sahələrdə yüksək nəticələr qazanırlar. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Xüsusilə də idmançılarımızın Olimpiya Oyunlarında uğurlu çıxışları respublikamızda idmanın inkişafına əyani sübutdur. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. İdmançılarımız sonuncu - “Paris - 24” 33-cü Yay Olimpiya Oyunlarında daha uğurlu nəticələr qazanmağa nail olublar. Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında 5-ci pillədə qərarlaşmaqla tarixi uğura imza atıb. Yekun nəticələrə görə, Azərbaycan son Olimpiya Oyunlarında dünya ölkələrinin sıralamasında 30-cu yerdə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana artan inamı
Azərbaycanın idmanda qazandığı uğurlar beynəlxalq səviyyədə də diqqətdən kənarda qalmır. Son illərdə dünya idman ictimaiyyətinin Azərbaycana böyük inam bəslədiyinin şahidiyik. Xatırladaq ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
Eyni zamanda, indiyədək Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Böyük uğurla keçən bu yarışlardan yalnız bir neçəsi barədə daha geniş bəhs etmək yerinə düşər. “Qoca qitə”nin tarixində 2015-ci ilin yayında ilk dəfə təşkil oluan Birinci Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi bizim üçün daimi qürur mənbəyi olaraq qalacaq. Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə etdi. Paytaxt Bakı 2016-cı ildən başlayaraq dünyada çox məşhur olan Formula-1 yarışlarına ev sahibliyi edir. Ötən ilin sentyabr-oktyabr aylarında isə ölkəmiz böyük uğurla III MDB Oyunlarına ev sahibliyi etdi. Prezident İlham Əliyev beynəlxalq səviyyəli yarışların ölkəmizdə keçirilməsinin önəminə diqqət çəkərək bildirib: “Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər”.
Ləyaqətli davranışı qorumaq həmişə vacibdir
İdman bir mübarizədir, kim güclüdürsə, o da qalib gəlir. Məşqlərdə Azərbaycan idmançılarına hər zaman bu prinsiplər aşılanır. Onlar da xalça üzərində, yaşıl meydanlarda daim xalqımızın ləyaqətli mübarizə ənənələrinə sadiq qalırlar. İdmançılarımız həmçinin cəmiyyətdə özlərini nümunəvi aparırlar, yekəxanalıq etmirlər.
Ancaq təəssüf doğuran haldır ki, beynəlxalq yarışlarda biz bir sıra hallarda idman qaydalarının pozulmasını, o cümlədən də hakimlərin Azərbaycan idmançılarına münasibətdə ədalətsiz qərarlar vermələrinin şahidi oluruq. Belə mənfi hallar nəticələrə təsir göstərir və məyusluq yaradır. “Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38

