Bakıya dəstək, Parisə kəskin etiraz
30.07.2026 [09:54]
Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmağa çalışmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim hüququnu tanımalıdır
Fransanın hələ də əl çəkmək istəmədiyi müstəmləkəçilik siyasətinə qarşı növbəti etirazlar Qvadelupadan və Saint Martin adasından gəlib. Bu günlərdə Qvadelupada fəaliyyət göstərən “MIR Guadeloupe” təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Jan-Pyer Fransa hakimiyyətinin Dənizaşırı ərazilərlə bağlı müstəmləkəçi siyasətinə qarşı genişlənən beynəlxalq hərəkatı və dekolonizasiya çağırışlarını “daxili işlərə qarışma” kimi təqdim etmək cəhdlərinə sərt cavab verib. O, Fransa Prezidenti Emmanuel Makrona, Fransa Milli Assambleyasının deputatı Nikolas Metzdorfa və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə məktublar ünvanlayıb. Bakı Təşəbbüs Qrupundan (BTQ) verilən məlumatda qeyd olunub ki, məktublarda Fransa parlamentarilərinin Azərbaycanın Dənizaşırı ərazilərin dekolonizasiyasının başa çatdırılması ilə bağlı mövqeyini “müdaxilə” kimi qələmə vermələri qətiyyətlə rədd edilir. Həmçinin Fransa və Niderland tərəfindən 2 hissəyə bölünərək faktiki işğal altında saxlanılan Saint Martin adasının azadlığı uğrunda barışmaz mübarizə aparan nüfuzlu “ONESXM” təşkilatı Azərbaycana dəstək ifadə edən bəyanat yayıb. Təşkilat Fransa Milli Assambleyasının 3 deputatının Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə dəstəyini hədəf alan ittihamlarını qətiyyətlə rədd edib. Müstəqillik hərəkatı tərəfdarları fransız parlamentarilərin Azərbaycan Prezidentinin fikirlərini “Fransanın daxili işlərinə qarışmaq” kimi qələmə vermələrinə sərt reaksiya göstəriblər.
Azərbaycanın beynəlxalq hüquqa, ədalət və demokratiya prinsiplərinə əsaslanan ardıcıl siyasəti
Azərbaycan beynəlxalq hüquq, ədalət və demokratiya prinsiplərinə istinad etməklə dünyada müstəmləkəçiliyin hər hansı bir formada təzahürünə qarşı ardıcıl mübarizə aparır. Paytaxtımızda sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı (QH) çərçivəsində təsis olunan Bakı Təşəbbüs Qrupu (BTQ) Afrikada, Dənizaşırı ərazilərdə hələ də ağır müstəmləkə əsarəti altında inləyən xalqların ümid yerinə çevrilib. BTQ qısa müddətdə müstəmləkəçiliyə qarşı milli səviyyədə mübarizə aparan təşkilatların koordinasiyalı fəaliyyətini təşkil etməyə, problemləri BMT müstəvisinə çıxarmağa nail olub.
Azərbaycanın, o cümlədən də Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyə qarşı sistemli şəkildə mübarizə aparması hələ də sümürmə siyasətindən əl çəkməyən bəzi Qərb dövlətlərinin xoşuna gəlmir. Ölkəmiz hədəf seçilir, BTQ-yə qarşı qərəzli kampaniyalar aparılır. Burada dünyaya demokratiya dərsi keçmək cəhdlərində bulunan Fransanın canfəşanlığını xüsusi qeyd edə bilərik. Yelisey Sarayı respublikamızın azadlıq mübarizəsinə qalxan xalqlara dəstək verməsini “Fransanın daxili işlərinə qarışmaq” anlamında təqdim etməklə ölkəmizin ünvanına heç bir əsası olmayan iddialar səsləndirir və qərəzli yanaşmalar sərgiləyir. Təzadlı mənzərə yaranır: Müstəmləkəçilik keçmişin eybəcər qalığıdır. Dünya ona “yox” deyir. Azadlıq, qardaşlıq, bərabərlik, demokratiya şüarlarını özünə deviz seçən Fransa isə axına qarşı gedir, mütərəqqi bəşəriyyətin istəyini görməzdən gəlir və bütün bunlar azmış kimi, əzilən, hüquqları tapdanan, sərvətləri talanan, milli kimliyinə qəsd edilən xalqların yanında dayanan Bakı nədə isə ittiham olunur. Məntiq haradadır? Ədalətsizliklə, milli-dini-irqi ayrı-seçkiçiliklə necə barışmaq olar? Heç bir halda Bakının davranışlarını “Fansanın daxili işlərinə qarışmaq” anlamında təqdim etmək doğru yanaşma deyil. Bu, rəsmi Parisə başucalığı gətirmir, Yelisey Sarayının imicinə qara kölgə salır. Müstəmləkəçiliyə qarşı mübarizə aparmaq insan haqlarını müdafiə etmək deməkdir və Bakı öz ədalətli mübarizəsindən heç vaxt geri çəkilməyəcək. Təbii ki, burada azadlıq mübarizəsinə qalxan xalqların mövqeyi əsasdır. Qvadelupadan BMT-yə ünvanlanan məktubun məzmunundan da göründüyü kimi, onlar mövqelərində və seçimlərində qətidirlər - səslərinə səs verən Bakını dəstəkləyir, zülmü, əsarəti davam etdirmək niyyətində olan Parisə isə kəskin etirazlarını bildirirlər. Məktubda vurğulanır ki, hər hansı dövlətin müstəmləkə idarəçiliyi altında olan ərazilərin statusunu beynəlxalq hüquq kontekstində gündəmə gətirməsi Fransanın daxili işlərinə qarışmaq deyil. Əksinə bu, BMT üzvlərinin müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü kollektiv öhdəliyin ifadəsidir.
Yelisey Sarayına, Milli Assambleyaya tarixə dair ciddi xatırlatmalar
Fransanın ağır müstəmləkəçilik siyasətinin əsası 500 il bundan əvvəl qoyulub. Əslində, dünya bu gün Fransanın yüzilliklər ərzində nəzarətində saxladığı coğrafiyalarda - Afrikada, Dənizaşırı ərazilərdə mədəni izlər buraxdığına, bu yerlərə tərəqqi gətirdiyinə, xalqların siyasi, milli-mədəni muxtariyyətinə dəstək göstərdiyinə, iqtisadi inkişafa töhfə verdiyinə şahidlik etməli idi. Beş yüz il ötəndən sonra müstəmləkə ərazilərində bunların heç biri yoxdur. Fransa bu yerlərə yaxşı heç nə gətirməyib. Yalnız sümürməçiliklə, sərvətləri talamaqla məşğul olub, davamlı şəkildə xalqların milli kimliyinə qəsd etməyə çalışıb.
Yelisey Sarayının bu kimi bəd əməlləri unudulmur və heç vaxt da unudulmayacaq. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, rəsmi Paris müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq qınaqları da qəbul etmək istəmir. Qvadelupalı siyasi fəal rəsmi Parisə xatırladır ki, Yeni Kaledoniya və Fransa Polineziyası bu gün də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısındadır. Buna görə də həmin ərazilərin müstəmləkə statusunun beynəlxalq səviyyədə müzakirə edilməsini “xarici müdaxilə” adlandırmaq hüquqi və siyasi baxımdan əsassızdır. Bu ərazilərin vəziyyəti hər il BMT-nin C-24 Komitəsi və Baş Assambleyanın Dördüncü Komitəsi çərçivəsində nəzərdən keçirilir.
Məktublarda Fransanın Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının guya könüllü şəkildə Fransaya birləşməsi barədə iddiaları da ifşa olunur. Bildirilir ki, 1946-cı ildə qəbul edilən departamentləşdirmə qanunu həmin xalqların iştirakı olmadan, heç bir referendum və birbaşa ümumxalq səsverməsi keçirilmədən Fransa parlamenti tərəfindən birtərəfli qaydada qəbul edilib. Bir il sonra bu ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılması da rəsmi Parisin birtərəfli qərarı əsasında həyata keçirilib. Beləliklə, Fransanın istinad etdiyi “azad seçim” heç vaxt həmin xalqların iradəsi ilə təsdiqlənməyib.
J.Jan-Pyer Fransanın hüquqi bərabərlik haqqında bəyanatlarının Dənizaşırı ərazilərdəki real vəziyyətlə ziddiyyət təşkil etdiyini də konkret faktlarla göstərir. Rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi Qvadelupa və Martinikdə metropol Fransa ilə müqayisədə yüksək olaraq qalır. Antil adalarında xlordekon adlı zəhərli pestisidlə çirklənmənin yetkin əhalinin 80 faizindən çoxuna təsir etdiyi, bu hadisənin Fransa məhkəmələri tərəfindən belə “sanitar qalmaqal” kimi tanındığı vurğulanır.
BMT-nin C-24 Komitəsinə ünvanlanan məktubda Yeni Kaledoniya və Fransız Polineziyasına BMT missiyasının göndərilməsi və müstəqillik seçiminin verilməsi tələb olunur. Eyni zamanda, Fransadan Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının 1947-ci ildə hansı hüquqi əsaslarla BMT siyahısından çıxarıldığı barədə hesabat istənilməsi, bu xalqların beynəlxalq hüquq baxımından ayrıca xalq statusunun tanınması və öz müqəddəratlarını təyin etmək üçün referendumların keçirilməsi təklif edilir.
Fransa beynəlxalq öhdəliklərini yerinə yetirməli, xalqların “azad seçim” hüquqlarını tanımalıdır
Fransa BMT-nin əksər konvensiyalarına qoşulan dövlətdir. Ancaq belə görünür ki, BMT konvensiyalarına qoşulmaq rəsmi Paris üçün formal səciyyə daşıyır, çünki reallıqda bu ölkə beynəlxalq hüquqa hörmətlə yanaşmır. Qvadelupadan E.Makrona göndərilən məktubda Parisə açıq çağırış edilir: dekolonizasiya hüququnun legitimliyini mübahisələndirmək əvəzinə, Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün Dənizaşırı ərazilərin sakinlərinin ayrıca xalq statusu tanınmalı, Yeni Kaledoniya və Fransız Polineziyasında BMT-nin himayəsi altında real öz müqəddəratını təyinetmə prosesi başlanmalı, Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasında isə 1946-cı ildən bəri keçirilməyən referendumlar nəhayət təşkil edilməlidir.
“Qvadelupa xalqının səsi Azərbaycanın qaldırdığı dekolonizasiya gündəliyi və Bakı Təşəbbüs Qrupunun formalaşdırdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatır. BTQ müxtəlif qitələrdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ayrı-ayrı mübarizələrini vahid beynəlxalq siyasi və hüquqi gündəlik ətrafında birləşdirir, onların mövqelərinin BMT səviyyəsinə daşımasına imkan yaradır”, - deyə məktublarda vurğulanır. Qvadelupadan ünvanlanan bu məktublar rəsmi Parisə verilən növbəti aydın cavabdır: müstəmləkəçilik “daxili iş” adı altında gizlədilə bilməz. Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim, müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.
Saint Martin adasından Parisə ünvanlanan aydın mesaj
Saint Martin adasını təmsil edən “ONESXM” təşkilatının yaydığı bəyanatda vurğulanıb ki, müstəmləkəçilik və xalqların öz müqəddəratını təyin etməsi Fransanın daxili işi sayıla bilməz. Bu məsələlər beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinin 1-ci maddəsi (xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsipi) və BMT Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi müstəmləkə idarəçiliyinə son qoyulmasını tələb edən 1514 saylı qətnaməsi (“Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə”) ilə tənzimlənir. Bu baxımdan, assosiasiya müstəmləkə idarəçiliyindən əziyyət çəkən xalqların səsini dünyaya çatdıran Bakı Təşəbbüs Qrupunun missiyasını tamamilə legitim, qanuni və təqdirəlayiq hesab edir.
Yeni Kaledoniya və Fransız Polineziyası kimi bölgələrin hələ də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında qaldığını xatırladan “ONESXM” təşkilatı rəsmi Parisin “fransız təbəəliyi” adı altında apardığı siyasətin real bərabərsizliyi və yerli xalqların fundamental hüquqlardan məhrum edilməsini gizlədə bilmədiyini vurğulayaraq, Saint Martində xalqa tam müstəqillik üçün “bəli”, yaxud “xeyr” seçimi veriləcək rəsmi referendumun dərhal təşkil olunmasını tələb edir.
“ONESXM” Assosiasiyasının bəyanatı bir daha göstərir ki, Parisin təhdid, təzyiq və “daxili işlərə qarışma” bəhanəsi dekolonizasiya tələblərini susdurmağa qadir deyil. Karib hövzəsindən Sakit okeanadək Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlar öz səslərini məhz Bakı Təşəbbüs Qrupunun yaratdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatdırır, mövqelərini uzlaşdırır və qlobal həmrəylik nümayiş etdirirlər. Bakı Təşəbbüs Qrupu bu mübarizəni ayrı-ayrı ərazilərin lokal etirazı çərçivəsindən çıxararaq beynəlxalq dekolonizasiya gündəliyinin mühüm istiqamətlərindən birinə çevirir. “ONESXM”in mövqeyi Parisə ünvanlanan aydın mesajdır: Müstəmləkəçilik dövrü başa çatmalı, xalqların azad seçim və öz müqəddəratını təyinetmə hüququ isə heç bir siyasi təzyiq, təhdid və manipulyasiya ilə əngəllənməməlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35

